25 Iyun 2022 02:47
339
İQTİSADİYYAT

Azərbaycan 2025-ci ildən buğda ixracatçısına çevrilə bilər

 

Məlumdur ki, hazırda dünyanı narahat edən əsas məsələlərdən biri Rusiya-Ukrayna qarşıdurması üzündən buğda ixracında yaranan çətinliklərdir. Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdir ki, ölkəsinin buğda ixrac edə bilməməsi səbəbindən Şimali Afrikanın bir çox dövlətlərində taxıl ehtiyatı tükənib. O, həmçinin bəyan etmişdir ki, qlobal ərzaq böhranı Rusiya-Ukrayna müharibəsi davam etdikcə qalacaq.

Ukraynanın dövlət başçısı ölkəsinin hazırda dünya bazarına 22-25 milyon ton həcmində taxıl ixrac etmək imkanı olduğunu bildirmişdir. Cari ilin biçinindən sonra isə bu rəqəm 75 milyon tona çata bilər. İndi əsas məsələ bu məhsulun ixrac olunması üçün yaranmış problemlərin aradan qaldırılmasıdır. Odessa limanı mühasirədə olduğu üçün taxıl əsasən dəmir yolu ilə daşınır ki, bu da kifayət etmir.

İndi keçək ölkəmizə. Məlum olduğu kimi və çox təəssüf ki, Azərbaycan ərzaqlıq buğda ilə özünü tam təmin edə bilmir. Yerli istehsalla ərzaqlıq buğdaya olan tələbatın az bir hissəsini qarşılamaq mümkündür. Ölkəmizdə istehsal edilən təxminən 1,8 milyon ton buğdanın keyfiyyət baxımından heç də hamısı ərzaqlıq istifadə üçün yararlı deyil. Bu üzdən biz ildə təxminən 1 milyon 200 min - 1 milyon 300 min ton buğda idxal etməyə məcburuq. Onu isə əsasən, Rusiya və Qazaxıstandan idxal edirik. Mütəxəssislər bu məhsulun qiymətinin bahalaşması ilə əlaqədar hər iki ölkədə daha çox məhsul istehsal olunacağını bildirirlər. Deməli, bizim buğda idxalında problemimiz olmayacaq. Ancaq idxal həm asılılıq yaradır, həm də ölkədən valyuta axınına səbəb olur. Təbii ki, hər iki hal ölkəmiz üçün əlverişli deyil.

Dövlət səviyyəsində taxıl məhsullarının daxili bazarda bahalaşmasının qarşısını almaq üçün mütəmadi tədbirlər görülür. Məsələn, buğda ixracatçısı olan sahibkarlara müxtəlif güzəştlər edilir ki, mümkün qədər çörək və digər un məmulatlarının qiymətləri qalxmasın. Hazırda ölkədə çörək və digər un məhsullarının qiymətlərinin münasib olması da bununla bağlıdır. Lakin bu, müvəqqəti xarakter daşıyan tədbirlərdir, problemi kökündən həll etmək lazımdır.

Bu həllin əsas yolu istehsalı artırmaqdır. Bunun üçün isə taxıl istehsalçısı olan fermerlərə dövlət dəstəyi gücləndirilməlidir. Çünki bütün kənd təsərrüfatı məhsulları kimi buğda əkini də risk altında olur, yəni iqlim dəyişikliyi üzündən fermerin ciddi ziyana düşmək ehtimalı var. Buna görə də onun etibarlı qarantı olmalıdır. Son dövrlər bu istiqamətdə görülən işlər təqdirəlayiqdir. Dövlət aqrar sektorda fəaliyyət göstərən fermerlərə məhsulların sığorta olunmasında böyük dəstək verir. Hazırda aqrar sığorta mexanizminin tətbiqi sayəsində ölkə üzrə əkinəyararlı 287 min hektar torpaq sahəsi sığortalanıb. Bu, ölkə üzrə ümumi əkin sahələrinin 15, buğda və arpa əkin sahələrinin 30 faizi deməkdir. Amma, göründüyü kimi, bu, aşağı rəqəmdir. Ona görə də həmin  istiqamətdə tədbirlər genişləndirilməlidir.

Bəlkə də həm də bu səbəbdən cari il ölkə üzrə buğda əkinlərinin sahəsində azalma olmuşdur. Belə ki, ötən il 608,5 min hektar sahədə payızlıq buğda əkilmişdisə, bu il məhsul üçün əkin sahələri 6,4 min hektar azalaraq 602,1 min hektara düşmüşdür. Lakin yazlıq buğda əkinləri keçən ilkindən 2,2 dəfə çox olmaqla 4,2 min hektar təşkil edir. Bununla belə, ölkənin cari ildə özünü təmin edəcək qədər  keyfiyyətli buğda istehsalı real görünmür. Ona görə də bu istiqamətdə İsraillə sıx əməkdaşlığa başlanıb. İsrail mətbuatının yazdığına görə, iki ölkənin birlikdə həyata keçirməyə hazırlaşdığı böyük layihə 2025-ci ildən etibarən Azərbaycanın buğda ixracatçısına çevrilməsinə hesablanıb.

Artıq neçə gündür ölkədə taxıl biçilir. Xatırladaq ki, bu il ölkədə 1 milyon 19 min 934 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 606 min 338 hektarı buğda, 413 min 596 hektarı arpa sahələridir. Aran rayonlarında arpa biçini optimal müddətdə başa çatıb. Hazırda həmin bölgələrdə buğda biçininə start verilib.

Biçinə 1000-ə yaxın taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində "Aqroservis" ASC-nin yerli bölmələrinin 417, fiziki və hüquqi şəxslərin isə 569 kombaynı iştirak edir. ASC tərəfindən hazırda biçin gedən rayonlara biçin aparılmayan dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə kombaynlar dislokasiya olunub.

"Aqroservis"in kombaynları ilkin mərhələdə sahəsi 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. Rayonların kombaynlara tələbatının öncədən müəyyənləşdirilməsi, texnikaların biçindən əvvəl tələbata uyğun şəkildə rayonlarda dislokasiya edilməsi, "Aqroservis" ASC tərəfindən sosial biçin siyasətinin həyata keçirilməsi ötən illərdəki kimi, bu il də biçin prosesində texnika ilə təminatda problem olmayacağını söyləməyə əsas verir.

Qayıdaq yazının əvvəlində toxunduğumuz məsələyə. Cari ilin yanvar-may aylarında Azərbaycan xaricdən 355 min 625 ton buğda idxal edib. Dövlət Gömrük Komitəsindən verilən xəbərdə qeyd edilir ki, bu, ötən ilin eyni dövründəkindən 36,6 min ton azdır. Lakin həcm ifadəsindəki azalmaya baxmayaraq, buğda üçün xaricə ödədiyimiz pul artıb. Belə ki, 2021-ci ilin yayında 392 min ton buğdaya 99,8 milyon dollar ödəmişdiksə, bu ilin eyni dövründə 355,6 min tona 124 milyon dollardan yuxarı vəsait xərclənib. Beləliklə, aydın olur ki, ötən il buğdanın bir tonunu 254,4 dollara almışdıqsa, bu il 348,8 dollara almalı olmuşuq.

Buğda idxalının azaldılmasının bir yolu da məhsuldarlığın artırılmasından keçir. Bunun üçün ilk növbədə daha məhsuldar toxum sortlarından istifadə edilməlidir. Eyni zamanda becərmədə müasir standartlar tətbiq olunmalıdır. Ölkəmizdə hazırda buğda istehsalı hər hektardan 31-32 sentnerdir. Dünyanın inkişaf etmiş ölkələrində bu rəqəm 70-80 sentnerdir. Həmin göstəricinin 90 sentnerə çatmasına nail olan ölkələr də var. Biz belə ölkələrin qabaqcıl təcrübələrindən istifadə edib məhsuldarlığı artırmaqla tələbatımızı ödəyə bilərik. Bu, yeganə və əsas yoldur.  

 

Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video