10 Aprel 2023 23:57
1149
Səfərlər
A- A+

Astanada Heydər Əliyev küçəsi açılıb  YENİLƏNİB - 2

 

Aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev açılış mərasimində iştirak ediblər.

Mərasimin aparıcısı dedi:

- Azərbaycan ilə Qazaxıstan arasında diplomatik, mədəni, sosial, siyasi və iqtisadi münasibətlər ilbəil möhkəmlənir. Qazaxıstan Respublikası Prezidentinin tapşırığına əsasən, paytaxtın ən iri küçələrindən birinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı verilib. Azərbaycanda tərəqqi və genişmiqyaslı quruculuq işləri bu böyük insanın rəhbərliyi ilə başlayıb. Yeni məkan və oradakı memarlıq elementləri qardaş dövlətlər arasında möhkəm və bir-birini qarşılıqlı zənginləşdirən əməkdaşlığın rəmzidir.

Heydər Əliyevin şərəfinə adlandırılmış küçə firavanlaşan Yesil rayonunda yerləşir. Dördzolaqlı küçə Ulu Dala prospekti ilə kəsişir. Küçənin uzunluğu 1400 metrdir. Heydər Əliyev küçəsində dərin mənalı bir monument ucaldılıb. Bu memarlıq nümunəsinə daxil olan elementlər türk köklərinin ortaqlığını, mədəni dəyərlərin yaxınlığını və Azərbaycan xalqına hörməti vurğulayır. Monumentin üzərindəki QR-kodu skanlamaqla Heydər Əliyevin həyatı haqqında daha çox məlumat əldə etmək olar.

Hörmətli xanımlar və cənablar, gəlin, bir-birimizi bu əlamətdar bayram, Qazaxıstanın və Azərbaycanın həyatında mühüm hadisə münasibətilə təbrik edək.

x x x

Dövlət başçıları “Heydər Əliyev küçəsi” sözləri yazılan lövhənin üzərindən ağ örtüyü götürdülər.

x x x

Sonra mərasimdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dedi:

- Bu hadisənin xüsusi rəmzi mənası var. Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Astanada onun adını daşıyan yeni küçəni açmaqla biz bu nəcib işə mühüm töhfə veririk. Bu, Azərbaycan xalqının böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir.

Bu küçə Astana gənclərini və qonaqlarını cəlb edən yerdir. Küçə boyunca dünyada ən böyük sferik bina olan “Nur Aləm”, Astana Balet Teatrı, Mərkəzi Botanika bağı, habelə şəhərin ən iri ticarət-əyləncə mərkəzi kimi mühüm obyektlər yerləşir.

Qeyd etmək istəyirəm ki, bu küçənin açılışı Qazaxıstanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş bir sıra mühüm tədbirlərə start verəcək. O cümlədən bu gün “Qazaxıstan” telekanalında Heydər Əliyevin zəngin həyat yolu haqqında “Görkəmli həyat” adlı sənədli filmin premyerası olacaq. Rəmzi haldır ki, Heydər adının tərcüməsi “irəlidə gedən” deməkdir. Heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, Heydər Əliyev dinamik inkişaf edən müasir Azərbaycanın memarıdır. Son dərəcə mürəkkəb dövrdə ölkəyə rəhbərlik edən Heydər Əliyev çoxəsrlik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna rol oynayıb. Onun müdrik rəhbərliyi ilə Azərbaycanda dərin siyasi və sosial-iqtisadi islahatlar həyata keçirilib. Bu mürəkkəb, enişli-yoxuşlu yolu qət edən ölkə irəliyə doğru böyük sıçrayış edib, dünya birliyinin nüfuzlu üzvünə çevrilib. Əslində Heydər Əliyevin adı Azərbaycanın əsl rəmzi olub. Heydər Əliyevin həyat yolu millətə fədakarcasına xidmətin parlaq nümunəsidir. Müasirləri Heydər Əliyevi yüksək insani keyfiyyətlərinə, prinsipiallığına, dürüstlüyünə, ədalətliliyinə görə qiymətləndirirdilər.

Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin təşəkkülünə və möhkəmlənməsinə Heydər Əliyev çox qiymətli töhfələr verib. Biz yaxşı xatırlayırıq, o, qazaxlar haqqında həmişə səmimi sözlər deyir, bizim soykökümüzün və irsimizin ortaq olmasını vurğulayırdı. Heydər Əliyev deyirdi ki, xalqlarımızın dərin tarixə gedib çıxan kökləri qazax və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərin əsasıdır. Həm qazaxlar, həm də azərbaycanlılar üçün tarix mürəkkəb olub. Lakin bütün çətinliklərə baxmayaraq, xalqlarımız həmişə bir-birini dəstəkləyib, həmişə hiss edib və başa düşüblər ki, onlar eyni köklərə mənsubdurlar. Bu sözlər 1997-ci il iyunun 10-da deyilib. Ölkələrimiz arasında müasir möhkəm və ahəngdar qarşılıqlı münasibətlər bu sözləri təsdiq edir. Bu münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir.

Hörmətli İlham Heydər oğlu, Siz öz dahi atanızın quruculuq işini ləyaqətlə davam etdirirsiniz. Sizin nüfuzlu, güclü liderliyinizlə Azərbaycan tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Dövlətlərimiz arasında hərtərəfli əməkdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Fürsətdən istifadə edib əməkdaşlığımızın inkişafında mühüm mərhələ olan bu səfərinizə görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim.

Bu gün bizim çoxşaxəli əməkdaşlığımızın bundan sonrakı inkişafına təkan verən çox mühüm sənədlər imzalanıb. Qazaxıstan ilə Azərbaycan arasında müttəfiqlik, tərəfdaşlıq münasibətlərinin parlaq və ümidverici gələcəyi var. Buna görə də əsla şübhə yoxdur ki, biz bundan sonra da dövlətlərimizin xalqlarına xidmət məsələsində vahid mövqelərdən çıxış edəcəyik. Diqqətinizə görə sağ olun.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

- Hörmətli Kasım-Jomart Kemeleviç, əziz dostlar.

Mənim Qazaxıstana səfərim sona yaxınlaşır. Qonaqpərvərliyə, səmimi qəbula, mənə və bizim nümayəndə heyətinin üzvlərinə xoş münasibətə və bu gün səfər çərçivəsində bu gözəl, mən deyərdim, tarixi mərasimdə iştirak etməyimizə görə Prezident Tokayevə bir daha təşəkkürümü bildirmək istəyirəm.

Hər bir azərbaycanlı kimi məndən ötrü də Heydər Əliyevin adı çox əzizdir. Təkcə ona görə yox ki, o, mənim atamdır, həm də ona görə ki, bu insan müasir müstəqil Azərbaycanın ən çətin dövründə xalq tərəfindən dəvət edildi və ən ağır dövrdə ölkəyə rəhbərlik etdi. Heydər Əliyev haqqında danışarkən onun Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrü də xatırlamamaq olmaz, bu dövr də quruculuq, inkişaf dövrü idi. O vaxt - ötən əsrin 60-cı illərinin sonundan 80-ci illərinin əvvəlinə qədər Azərbaycan onun rəhbərliyi ilə sosial-iqtisadi inkişafa görə SSRİ miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Sonra Moskvada Sov.İKP MK-nın Siyasi Bürosunun – sovet dövlətinin ali məşvərət orqanının üzvü qismində və hökumətin sədrinin birinci müavini vəzifəsində işlədiyi dövr olub. O vaxt Heydər Əliyev əslində keçmiş SSRİ-nin xalq təsərrüfatının bir sıra ən mühüm sahələrinə rəhbərlik edirdi.

Həyatının müəyyən dövründə o, haqsızlığa, təzyiqlərə məruz qalırdı. Ona qara yaxılır, böhtan atılırdı. Lakin Azərbaycan xalqı ona həmişə inanırdı və ən çətin dövrdə - Azərbaycan xalqının gələcəyi məhz onun kimi insanlardan asılı olanda o, ölkəyə rəhbərlik etdi və Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi. Təəssüf ki, o vaxt məhz bu barədə söhbət gedirdi, çünki daxili ziddiyyətlər ölkəni didib-parçalayırdı, vətəndaş müharibəsi tam sürətlə gedirdi, eyni zamanda, Azərbaycan torpaqları əlaltından işğal edilirdi. Bu ən mürəkkəb dövrdə Heydər Əliyev Azərbaycana rəhbərlik etdi və mahiyyət etibarilə xalqımızın sonrakı bəlalarının və faciələrinin qarşısını aldı. Onun Prezident vəzifəsində olduğu 10 il – 1993-2003-cü illər sabitlik, inkişaf və Azərbaycanın gələcək sıçrayışı üçün təməl qoyulması dövrü oldu.

Heydər Əliyev bizə onun işlərini davam etdirməyimizi vəsiyyət edib. Onun əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Biz onun xatirəsinə, vəsiyyətlərinə sadiqik, onun bütün tapşırıqlarını şərəflə yerinə yetirmişik. Bu gün, Ulu Öndərin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb.

Kasım-Jomart Kemeleviç dedi ki, Heydər Əliyev qardaş qazax xalqına xüsusi münasibət və sevgi bəsləyirdi. Bu, həqiqətən belədir, mən bunun şahidiyəm. O, qazaxların ənənələrini, adətlərini yaxşı bilir, qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəsləyir, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətləndirirdi. O, Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir. Biz bu gün beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq.

Bu gün səfərimi başa çatdıraraq Qazaxıstan Prezidentinə və xalqına bir daha təşəkkürümü bildirmək, Qazaxıstan xalqını və Prezident Kasım-Jomart Kemeleviçi sosial-iqtisadi inkişaf, Qazaxıstanın beynəlxalq nüfuzunun möhkəmlənməsi yolunda qazanılmış böyük nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Bu gün Qazaxıstan, - bu barədə bu gün mətbuat konfransında danışmışam, - dünya birliyinin nəzərində böyük nüfuza malikdir, beynəlxalq məsələlərdə mühüm rol oynayır. Qazaxıstanın irəli sürdüyü və reallaşdırdığı təşəbbüslər sözün geniş mənasında Avrasiya məkanında etimad tədbirlərinin, sülhün möhkəmlənməsinə yönəlib. Biz də dostlar, qardaşlar kimi sizin uğurlarınıza ürəkdən sevinirik.

Bu gün biz müttəfiqlik səviyyəsinə çatmış əməkdaşlığımızın möhkəmləndirilməsinə dair sonrakı addımları müəyyənləşdirdik. Biz müttəfiqlərik, biz qardaşlarıq, biz dostlarıq. Bugünkü mərasim bizim münasibətlərimizin sarsılmazlığına, qardaşlığımıza və qarşılıqlı hörmətimizə daha bir sübutdur. Heydər Əliyevin xatirəsinə bu cür münasibətə, dostluğa, qardaşlığa görə Prezidentə və bütün qazaxıstanlı qardaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. Sağ olun.

x x x

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Heydər Əliyev küçəsində yerləşən Botanika bağında ağac əkdilər.

Daha sonra dövlət başçıları şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət etdilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video