ABŞ-də Amerika Azərbaycanlı Qadınlarının Birinci Forumu keçirilib. Tədbir Virciniya ştatında fəaliyyət göstərən Amerika Azərbaycanlı Qadınlar təşkilatının təşəbbüsü və Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, forumda qadınların liderlik potensialının gücləndirilməsi, mədəni kimlik, icmalararası dialoq, diaspor daxilində güclü şəbəkənin yaradılması mövzularında geniş müzakirələr təşkil olunub, zəngin təcrübə və müasir ideyalar ətrafında fikir mübadiləsi aparılıb.
Amerika Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Lala Ragimova qeyd edib ki, forumun məqsədi ABŞ-də yaşayan azərbaycanlı qadınların, eyni zamanda, digər icma nümayəndələrinin bir-birinə güclü dəstək platformasının yaradılması, qadınların liderlik bacarıqlarının inkişafı, mentorluq imkanlarının genişləndirilməsi və icmalar arasında dərin əlaqələrin qurulmasıdır.
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Azərbaycan qadınlarının zəngin və qürurverici inkişaf tarixindən bəhs edib, dünyada qadın liderliyinin uğurlu nümunələri sırasında Azərbaycan qadınlarının da adının yer aldığını, dövlət idarəçiliyi, humanitar diplomatiya sahəsində səmərəli fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.
Forum çərçivəsində liderlik, mədəni kimlik, icmalararası dialoq, qadınların peşəkar inkişafı və şəbəkələşmə mövzularında panel müzakirələri təşkil olunub.
Tədbirin sonunda qadınlar üçün mentorluq proqramının təsis edildiyi elan olunub.