MİDA-nın ötən seçimlərdə nəticələri ləğv olunan evlərini də vətəndaşlar ala biləcəklər
2016-cı ildən Prezident İlham Əliyevin fərmanı ilə "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin vətəndaşlara güzəştli şərtlərlə satılması davam etdirilir. Vətəndaşların sosial və məişət şəraitlərinin yaxşılaşdırılmasında, həmçinin mənzillə təminatında xüsusi əhəmiyyət kəsb edən bu layihə çərçivəsində aztəminatlı ailələrin güzəştli mənzillərə sahib olmaq imkanı yaranır. "Elektron hökumət" portalı üzərindən "Güzəştli mənzil" sistemi ilə vətəndaşlar elektron qaydada mənzilləri seçib ala bilirlər.
442 mənzil üçün seçimlər ləğv edilmişdir
Xatırladaq ki, martın 30-da MİDA-nın Yasamal Yaşayış Kompleksində yerləşən 442 mənzilində seçimlər edilərkən bir sıra şübhəli hallar aşkarlanmışdı. Müəyyən edilmişdir ki, bəzi istifadəçilər tərəfindən sistemi sürətləndirmək və olduqca qısa zaman kəsiyində prosesləri tamamlamaq üçün qeyri-qanuni yollara əl atılıb.
Əlbir olan bir qrup şəxs "Güzəştli mənzil" informasiya sisteminə daxil olaraq onlara müraciət edənlərin güzəştli şərtlərlə mənzil almaları üçün xüsusi proqram təminatlarından yararlanaraq qanunsuz müdaxilələr ediblər. Bu üsulla seçimlər zamanı 6-10 saniyə ərzində mənzillərin satışı başa çatıb.
Dövlət Təhlükəsizlik Xidmətinin apardığı araşdırmalardan sonra məlum olmuşdur ki, 60 faizdən çox, yəni 300 mənzilin satışı qeyri-qanuni yollarla həyata keçirilib. Məhz bu səbəblə də bütün seçim prosesinin nəticələri ləğv edilmişdi. Bu işdə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək məsuliyyətə cəlb edilmişdirlər.
Hüquqi proseslər başa çatdıqdan sonra Mənzil İnşaatı Dövlət Agentliyindən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində satışa çıxarılan 442 mənzilin yenidən seçimlərinin həyata keçiriləcəyi haqqında məlumat verilmişdi.
Satış 15 sentyabrdan başlayacaq
Beləliklə, Yasamal rayonu, Xarici dairəvi yolu "6" ünvanında yerləşən MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə ötən seçimdəki mənzillərlə birlikdə ümumilikdə 815 güzəştli mənzil satışa çıxarılır.
Agentliyin yaydığı məlumatda qeyd edilir ki, mənzillərin satışı 15 sentyabr 2022-ci il saat 11:00-da başlayaraq 22 sentyabr 2022-ci il saat 11:00-a qədər davam edəcək. "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 sentyabr 2022-ci il saat 11:00-da başlayacaq və 22 sentyabr 2022-ci il saat 11:00-dək davam edəcəkdir.
Məlumat üçün bildirək ki, agentliyin təqdim etdiyi mənzillərin satış qiyməti həmin ərazidəki orta bazar qiymətindən aşağıdır. Vətəndaşlar mənzilləri həm öz vəsaiti hesabına ödəniş üsulu ilə, həm də ipoteka kreditindən istifadə etməklə əldə edə bilərlər. "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin güzəştli ipoteka krediti vasitəsilə 3 ildən 30 ilədək müddətdə aylıq ödəmək imkanı yaradılır.
Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqludurlar. Mənzillər sahiblərinə tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə təhvil verilir.
Aydan XƏLİLOVA,
"Azərbaycan"