"Azəri Mərkəzi Şərqi" layihəsi ilə 300 milyon barel neftin hasil olunacağı proqnozlaşdırılır
Cənubi Qafqazın lider dövləti kimi Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal layihələr bu gün dünyanın enerji xəritəsini dəyişir. Hər il yeni-yeni uğurlara imza atan Azərbaycanı əbəs yerə Avropanın enerji təhlükəsizliyinin təminatçılarından biri adlandırmırlar.
Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr tam müstəqil siyasətin bəhrəsidir desək, yanılmarıq. Azərbaycan artıq həm də dünyanın qlobal çağırışlarına cavab olaraq "yaşıl enerji" sahəsində böyük layihələr həyata keçirir və onun yaxın illərdə Avropa ölkələrinə ixracını planlaşdırır.
Ulu Öndər Heydər Əliyev tərəfindən "Əsrin müqaviləsi" ilə əsası qoyulan yeni neft strategiyası uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə ardıcıl işlər görülür. Belə ki, Xəzər dənizində yeni neft platformaları quraşdırılır. Dövlət başçımız bu layihələrin həyata keçirilməsinə böyük önəm verərək təməlqoyma və açılış mərasimlərində iştirak edir. Belə tədbirlərdən biri də aprelin 4-də reallaşdı. "Azəri Mərkəzi Şərqi" platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimini də uğurlu strategiyanın tərkib hissəsi kimi qiymətləndirmək olar.
"Azəri-Çıraq-Günəşli" tərəfdaşlarının növbəti investisiya layihəsi
Öncə onu vurğulayaq ki, ACE layihəsi üzrə tikinti işlərinə 2019-cu ildə başlanılıb və iş həcminin 85 faizi artıq tamamlanıb. Layihənin pik dövründə tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb edilib.
6 milyard dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barel neft hasilatını təmin edə biləcək qurğular daxildir. İstismar müddətində isə 300 milyon barel neftin hasil olunacağı proqnozlaşdırılır.
Mərasimdə layihə üzrə görülən işlər barədə Azərbaycan Prezidentinə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və "Azəri Mərkəzi Şərqi" layihəsinin Baş direktoru Nil Filips məlumat verərək bildirdilər ki, layihə üzrə yekun investisiya qərarı 2017-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının növbəti böyük investisiya qərarıdır.
Layihə çərçivəsində dənizdə suyun dərinliyinin təxminən 140 metr olan sahəsində - "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG "Faza 2" sualtı ixrac kəmərlərinə qoşulacaq.
Platformadan ilk neftin gələn il əldə olunacağı gözlənilir
"Azəri Mərkəzi Şərqi" platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19 min 600 tondur.
Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində "Azfen" şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib. Hazırda tikinti işlərinin və istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqların artıq 95 faizi tamamlanıb. Üst modulların tikinti işlərinin kulminasiya nöqtəsi Xəzərdə bp-nin ilk dəfə icra etdiyi "qaldırma və sürüşdürmə" əməliyyatı olub. Bu əməliyyat zamanı iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə "Azəri Mərkəzi Şərqi" platformasının üst tikililər blokunun üzərinə yerləşdirilib. Həmçinin platforma Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək.
Beləliklə, idarəetmə mexanizminin də avtomatlaşdırılması, innovativ tətbiqlər dövlətimizin həyata keçirdiyi böyük layihələrdə yeni, beynəlxalq standartlara uyğun texnologiyalardan istifadə etdiyinə daha bir sübutdur.
Platformada tikinti işlərinin və istismar sınaqlarının 2023-cü ilin ikinci rübündə tamamlanacağı gözlənilir və bu işlər tamamlandıqdan sonra "Azəri Mərkəzi Şərqi" platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün birinci quyunun qazılmasına başlanılacaq.
Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirən neft kəməri
2023-cü il üçün Azərbaycanda neft hasilatının 31,2 milyon ton səviyyəsində olması proqnozlaşdırılır. Valyuta daxilolmalarında əsas paya malik olan neft və neft məhsullarının ixracı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan neft sahəsində həyata keçirilən layihələrin davamlılığı Azərbaycanın valyuta gəlirlərini artırır. Dünya bazarında neftin qiymətinin artmasının da ölkəmiz üçün müsbət tərəfləri xüsusi qeyd olunur. Azərbaycan Avropanın əsas enerji tərəfdaşlarından biridir, xüsusən Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Son iki ildə müxtəlif Avropa ölkələri ilə imzalanmış müqavilələr də bunu sübut edir.
Hazırda Azərbaycan Avropanın enerji təminatında açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunur. Bu, ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır.
Bu prosesi dəyərləndirən Prezident İlham Əliyev deyir ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişib. Çünki Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkməklə yeni rekordlara imza atıb.
Əminliklə söyləyə bilərik ki, Prezident İlham Əliyevin enerji diplomatiyası və bu istiqamətdəki bütün layihələri ölkənin iqtisadi potensialını gücləndirir, eləcə də neft-qaz sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilməsinə real imkan yaradır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"