21 Aprel 2026 08:55
166
CƏMİYYƏT
A- A+
"Uşaqdır", - deyib yan keçməyək

"Uşaqdır", - deyib yan keçməyək


Son vaxtlar yeniyetmələrlə bağlı baş verən faciələr bizdən övladlarımıza münasibətdə daha ayıq olmağı tələb edir


Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birində baş verən qanlı hadisə dünyanı sarsıtdı. Bu dəhşətli hadisəni eşidənlər ilk anlarda elə zənn etdilər ki, yəqin təhsil ocağına hansısa terrorçu və yaxud quldur dəstəsi silahlı hücum edib. Amma sonradan məlum oldu ki, 10 nəfərin ölümünə, 20 nəfərin yaralanmasına səbəb olan bu qanlı hadisəni həmin məktəbin 8-ci sinif şagirdi İsa Aras Mersinli törədib. 

Məktəbə silahla daxil olan İsa Aras  sinif otaqlarına doğru atəş açıb. Atəş səslərindən sonra şagirdlər və müəllimlər güllələrə tuş gəlməmək üçün qorxu və vahimə içində müxtəlif istiqamətlərə qaçıblar. Yeniyetmə qatil planlaşdırdığı terror aktını amansızlıqla həyata keçirdikdən sonra intihar edib, həyatına son qoyub.

Belə qanlı hadisələri ilk dəfə deyil ki, eşidirik. Təəssüflər olsun ki, bu cür dəhşət doğuran hadisələr dünyanın müxtəlif ölkələrində tez-tez baş verir. Ən yüksək təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, onun qarşısını almaq mümkün olmur. Terrorçular müxtəlif yollar və vasitələrdən istifadə edərək çirkin məqsədlərinə çatırlar. Heç bir günahı olmayan insanları hədəfə alaraq amansızcasına qətlə yetirirlər. 

Yeniyetmələrin, gənclərin belə qanlı hadisələr, amansız qətllər törətdiklərini eşidəndə hamımızı cavabı çətin tapılan suallar düşündürür. Düşünürük ki, görəsən, ömürlərinin ən gözəl çağlarını yaşayan uşaqlar, yeniyetmələr hansı səbəbdən belə dəhşətli, tükürpərdən hadisələr törədirlər. Onları buna məcbur edən nədir, hansı hisslərdir. Ömürlərinin başlanğıc çağlarında olan uşaqlarda, yeniyetmələrdə bu cür qəddarlıq, bu cür amansızlıq necə, niyə və haradan yaranır? Bu işdə günahkar kimdir, cəmiyyətmi, ailəmi? Yoxsa elə hər ikisi!

Qanlı hadisə baş verəndən sonra yayılan ilkin məlumatlarda qeyd olunurdu ki, insanlara hücum edib atəş açan şagird məktəbə bel çantasında gizlətdiyi silahlarla daxil olub. Onun çantasında silahlar və  bu silahlardan atəş açmaq üçün dolu patron daraqları da var imiş. İsa Aras məktəbə daxil olan kimi 5-ci sinif şagirdlərinə atəş açıb. Sual olunur ki, məktəblidə silah haradandır, onu necə əldə edib. Bu silah onun nəyinə lazımdır? Axı o, məktəbə oxumağa gəlib, insan öldürməyə yox. Bu sualın cavabı özünü çox gözlətmədi. Verilən xəbərlərə görə, qanlı hadisəni törədən şagirdin atası Uğur Mersinli  keçmiş polis müfəttişi işləyib. Silahlar da ona məxsus olub. Atası silahları övladına etibar edib, amma onu nəzarətsiz qoyub. Hətta o da məlum olub ki, ata oğlunu hədəfə düzgün atəş açmağı öyrətmək üçün poliqona da aparıb. 

Bəlkə də silaha maraq, atəş açmağa həvəs də İsa Arasda həmin günlərdən oyanıb. Beləcə, valideyn nəzarətsizliyi, məsuliyyətsizliyi ucbatından bu cür qanlı hadisələrin bünövrəsi qoyulub. Əgər valideyn uşağını nəzarətsiz qoymasaydı, onda silaha qarşı həvəs oyatmasaydı, heç belə bir faciə də baş verməzdi. Həyatda belə hadisələrin baş verməsinə səbəb həmişə daha çox valideyn səhlənkarlığı olur.

Araşdırma zamanı o da məlum olub ki, bu cinayətin kökündə həm də internetdə yayımlanan, uşaqların psixologiyasını pozan müxtəlif döyüş oyunları dayanır. Valideynlərinin dediklərinə görə, dünyanı sarsıdan bu dəhşətli cinayəti törədən İsa Aras belə filmlərə çox baxırmış. Bu döyüş filmləri onda insanlara atəş açmağa, qan tökməyə, zorakılığa həvəs oyadırmış. Onun valideynləri övladlarının belə zərərli oyunlara aludə olmalarının qarşısını almaqda acizlik göstəriblər, buna biganə yanaşıblar. Qətliamı törədən şagirdin internetdə yayımlanan hərəkətlərinə diqqətlə fikir verəndə elə ilk andan aydın görünür ki, onun psixoloji problemi var. Sən demə, məktəblini poliqona atəş açmağa yox, həkimə aparmaq lazımdır. Belə olmayanda son nəticədə qanlı bir olay baş verir. 

İnformasiya agentliklərində yayılan məlumatlara görə, qətliamı törədən 14 yaşlı İsa Aras Mersinlinin hadisədən bir gün əvvəl VPN vasitəsilə məşhur "Discord" tətbiqində hücumu açıq şəkildə anons edib. Yazdığı mesajlara diqqət yetirəndə onun psixoloji problemlərinin olduğu qənaətinə gəlmək mümkündür: "Lənət olsun! Bunu bu gün edə bilərəm". "5-ci və 6-cı sinif şagirdləri otaqda hazır dursa, işim daha asan olardı". "Atam məni boğub öldürməyə çalışdı. Bu gün tamamilə yorğunam". "Evdə təkəm, indi manifestimi bitirib bir az yatacağam". "Daha sonra bu dünyaya nə qədər yorğun olduğumu, nələrə qadir olduğumu göstərəcəyəm".

Qanlı cinayəti törədən məktəblinin atası keçmiş polis zabiti Uğur Mersinli dindirilmək üçün saxlanılıb. Amma bu saxlanılma, dindirilmə nəyi həll edəcək, nəyi geri qaytaracaq. Artıq onun oğlu dünyanı sarsıdan dəhşətli hadisəni törədib. Heç bir günahı olmayan uşaqları, müəllimini gülləbaran edib. Özünün də oxuduğu təhsil ocağını qana boyayıb. Bu dəhşətli hadisədə övladlarını itirmiş insanların kədər dolu çöhrəsinə, yaşı axan gözlərinə baxmaq mümkün deyil. Onların ah-naləsi, ağlaşma səsləri, hayqırtıları yeri-göyü lərzəyə gətirir.

Dəhşətli hadisə zamanı həlak olanlardan biri də 55 yaşlı riyaziyyat müəllimi Ayla Kara olub. O, özünü sevimli şagirdlərinin qarşısına atıb onları qatilin güllələrindən qoruyarkən ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, müəllimi xilas etmək mümkün olmayıb. Onun faciə zamanı göstərdiyi fədakarlıq cəmiyyətdə böyük rezonans doğurub. Ayla Kaya şagirdlərini sevən, onların yolunda ölümə getməyə hazır olan bir müəllim nümunəsi göstərib.

Bu hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident! Əziz Qardaşım. Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla, çox sayda insanın həlak olması və yaralanması xəbərini dərin sarsıntı və kədər hissi ilə qarşıladıq. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, uşaqlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyirik".

Türkiyədə baş verən bu qanlı hadisə cəmyyətə, insanlara dərs olmalıdır. Həmişə görmüşük ki, uşaqları teatra, konsertə, təbiətin qoynuna gəzintiyə apararlar. İsa Aras Mersinlinin atası isə onu poliqona aparır, atəş açmağa öyrədir. Həm internetdəki döyüş oyunları, həm də canlı-canlı olaraq silahlardan atəş açması isə onu cinayət törətməyə, qan tökməyə həvəsləndirir. Bütün hallarda günah, məsuliyyət cinayətkarın valideynlərinin üzərinə düşür.

Uşaqların bu cür qanlı hadisələri törətməsinin qarşısının alınması üçün onların  tərbiyəsi istiqamətində illərin sınağından çıxmış metodlar tətbiq olunmalıdır. Valideynlər uşaqların bütün hərəkətlərini nəzarətdə saxlamalı, onlar üçün zorakılıqdan uzaq mühit yaradılmalıdır. Kahramanmaraşdakı qanlı hadisədən yalnız Türkiyə deyil, bütün dünya dərs götürməlidir. Yeniyetmələrin düzgün tərbiyə olunması üçün sistemli profilaktik tədbirlər görülməlidir. Baş verən bu və ya digər hadisələr bir daha onu göstərir ki, erkən yaşda zorakılığa məruz qalan, qəddar mühitdə böyüyən uşaqlar gələcək həyatlarında aqressiv davranışlara və cinayət hərəkətlərinə meyilli olurlar. Həm uşaqların, həm də cəmiyyətin gələcəyini qorumaq üçün bütün zəruri tədbirlər vaxtında həyata keçirilməlidir. Valideynlər övladlarını internet oyunlarından və başqa zərərli vərdişlərdən qorumalıdırlar. 

Ölkəmizə gəldikdə isə, uşaqların böyüməsi, tərbiyə olunması istiqamətində müntəzəm olaraq zəruri addımlar atılır, mühüm işlər görülür, vacib sənədlər qəbul edilir. Uşaqların təhsil alması, oxuması, gələcəkdə cəmiyyətdə öz yerlərini tutması üçün bütün əlverişli şərait yaradılır. Gələcəyimiz olan uşaqlar uğurla həyata keçirilən dövlət uşaq siyasəti sayəsində ölkəmizə layiqli vətəndaşlar kimi böyüyürlər. Uşaqların böyüməsi, tərbiyə olunması, həmçinin başqa hüquq və vəzifələri Azərbaycan Prezidenti İlham Əliyevin 3 mart 2026-cı ildə imzaladığı "Uşaq hüquqları haqqında" qanunda da öz əksini tapmışdır. 

Yazını hazırlayarkən Bakıdakı 286 saylı orta məktəbin 9-cu sinif şagirdinin mübahisə zəminində sinif yoldaşına ağır xəsarət yetirdiyi barədə məlumat yayıldı. Həm bu, həm də bir neçə ay öncə "İdrak" liseyində baş verən məlum hadisə bir daha biz böyüklərdən onu tələb edir ki, "uşaqdır" deyib yanlarından etinasız keçməyək, övladlarımıza qayğımız kimi diqqəti də azaltmayaq, onlara münasibətdə ayıq olaq, təhsil aldıqları məktəblə əlaqəni zəiflətməyək, kimlərlə oturub-durduqlarına nəzarət edək. Əks halda bu cür faciələr bizi qara kabus kimi müşayiət etməkdə davam edəcək. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər

10:13
21 Aprel

Pulu qazanmaq çətindir, yoxsa xərcləmək 

10:05
21 Aprel

Qəsəbəmiz yağış yağanda keçilməz olur

10:00
21 Aprel

Leysanın fəsadları qısa zamanda aradan qaldırıldı

09:55
21 Aprel

Su ötürücülərinin tikintisi mərhələlərlə həyata keçiriləcək

09:53
21 Aprel

Çiçəkləri sevməyi, yaşıllığı qorumağı öyrənməliyik 

09:50
21 Aprel

Qocalma prosesini ləngitməyin yeni yolu araşdırılır

09:45
21 Aprel

Vacib mövzularda keçirilən tədbirlər bizi maarifləndirir

09:45
21 Aprel

Lerikdə doğuldu, Bakıda ali təhsil aldı, indi sorağı Almaniyadan gəlir

09:40
21 Aprel

Yaponiyada təlim zamanı tank partlayıb, azı iki hərbçi həlak olub

09:37
21 Aprel

Keçmiş məcburi köçkün: Doğma el-obama dönüşüm mənim üçün böyük qürur mənbəyidir

09:36
21 Aprel

Ağdam sakini: Allaha şükür edirəm ki, uzun illər çəkdiyimiz yurd həsrəti sona çatdı

09:35
21 Aprel

Keçmiş məcburi köçkün: Ağdama qayıtmaq mənim üçün böyük xoşbəxtlikdir

09:35
21 Aprel

Müqəddəs Məryəm Ananın Dua Örpəyi Kilsəsi

09:35
21 Aprel

“Böyük Qayıdış” davam edir: Ağdam şəhərinə daha 92 ailə yola salınıb

09:34
21 Aprel

Nazir: Macarıstana “Drujba” kəməri ilə neft tədarükü bu gün bərpa oluna bilər

09:33
21 Aprel

Gürcüstan DTX-nin illik hesabatlnda Azərbaycan ilə əməkdaşlıqdan da bəhs olunur  

09:32
21 Aprel

Tofiq Musayev: Azərbaycan Afrika ölkələrinin TŞ-də təmsilçiliyinin artırılması fikrini dəstəkləyir

09:31
21 Aprel

ABŞ Prezidenti: İran blokada səbəbindən gündə 500 milyon dollar itirir

09:30
21 Aprel

Tovuzda Aprel şəhidinin anım günü keçirilib

09:30
21 Aprel

Əraqçi: ABŞ-nin hərəkətləri danışıqlar prosesinə mane olur

09:29
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!