1988-ci il fevralın 28-29-da Sumqayıtda erməni
xüsusi xidməti və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) tərəfindən iğtişaşlar
həyata keçirildi, talanlar edildi. İki gün davam edən ajiotajda erməni mənşəli Azərbaycan
vətəndaşları ilə yanaşı, 6 nəfər azərbaycanlı həlak oldu.
Təəssüflər olsun ki, bu gün də erməni millətçiləri
bu hadisələrlə bağlı Azərbaycana qara yaxmaqla məşğuldurlar.
Bu məsələyə Prezident İlham Əliyev Sumqayıtın
70 illiyi ilə bağlı tədbirdəki çıxışında da xüsusi toxundu və bir daha bəyan etdi
ki, Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi: "Biz bunu açıq deməliyik.
Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə
vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki,
Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz
hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan
və onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup
aparırdı, yəni, tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri,
üzləşmələr sübut etmişdi ki, həmin o Qriqoryan erməni xalqının nümayəndələrini qətlə
yetirmişdir. O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək
üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır.
On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona
görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən
istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır
və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir. Mən dəfələrlə bunu
demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ
münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi”.
Talanın
arxa planda qalmış təşkilatçıları axtarılmayıb
O dövrdə hadisələrin nədən baş verdiyi, bunu
planlaşdıranların, təşkilatçıların kim olması barədə dərin bir müəmma var idi və
sanki gizli bir əl bütün bu izləri asanlıqla silirdi. Ən birinci müəmma talanların
başlanmasının səbəbkarı və sübut olunmuş faktlara əsasən talan zamanı bilavasitə
6 nəfəri şəxsən öldürmüş "Paşa” ləqəbli Eduard Robertoviç Qriqoryan adlı erməni
idi. Onun Dağlıq Qarabağdan gəlmə ermənilərlə əlaqələri, əlində ermənilərin yaşadığı
evlərin siyahısının olması, talan üçün cinayətkarlardan ibarət qrupu təşkil etməsi,
ajiotajı mümkün qədər nümayişkaranə həyata keçirməyə cəhd göstərməsi haqda cinayət
materiallarında kifayət qədər faktların olmasına baxmayaraq, istintaq onları araşdırmayıb.
İstintaq həm də talanın arxa planında qalmış, amma istintaq əlamətləri bəlli olan
təşkilatçılarını axtarmağa cəhd göstərməyib, hətta onları ört basdır etməyə də çalışıb.
Bu da məlumdur ki, SSRİ DTK-sında Qriqoryan
və digər təşkilatçılar haqda məlumatlı olublar...
Sumqayıt
boru-prokat zavodunun DTK-dan olan erməni kuratorunun iğtişaşla birbaşa əlaqəsi
vardı
İğtişaşlarda
bir məqam xüsusi olaraq diqqəti cəlb edir: Eduard Qriqoryanın və eyni zamanda həyat
yoldaşı Rita Qəhrəmanyanın işlədikləri Sumqayıt boru-prokat zavodunun DTK-dan olan
kuratoru da Sergey Ohanesyan adlı erməni idi. O, 1986-cı ildə Moskvadan Sumqayıta
təyinat almışdı. İstintaqa məlum idi ki, küçədə və avtovağzalın yanında cinayətkar
qruplar üçün naməlum şəxslər tərəfindən müxtəlif nömrəsiz maşınlarda daş parçaları,
eyni həcmdə kəsilmiş armaturlar gətirib və bunlar xeyli erməninin işlədiyi boru-prokat
zavodunda kəsilib hazırlanaraq Qriqoryanın qardaşı Albert və başqa bir yerli olmayan
erməninin köməyi ilə adamlara paylanılıb.
Təsadüfi deyil ki, məhz Sergey Ohanesyan
Sumqayıt boru-prokat zavodundan qaynaqlanan talana hazırlıq haqda məlumatların gizlədilməsində
əsas rol oynayıb və buna görə məsuliyyət həm də onun üzərindədir. Bu məqam Sumqayıt
hadisələrində erməni və DTK izlərinin bütün istiqamətlərdə kəsişdiyini göstərən
çoxsaylı nümunələrdən yalnız biridir.
Sumqayıt
iğtişaşlarında erməni Kamo müəmması...
Məsələ ilə bağlı əldə olunan arxiv sənədləri
də sübut edir ki, Qriqoryanın şəxsiyyəti və hərəkətləri SSRİ DTK-sına tam məlum
idi.
17 oktyabr 1988-ci ildə Azərbaycan DTK-nın
Sumqayıt şəhər şöbəsinin rəisi podpolkovnik V.N.Lebedev Eduard Qriqoryanın törətdiyi
əməllər və Qarabağdan gəlmiş ermənilərlə görüşdüyü haqda Azərbaycan SSR DTK-nın
ozamankı sədri İ.İ.Qorolevskiyə məxfi məktub göndərir. Məktubda deyilirdi: "Eduard
Robertoviç Qriqoryan bu ilin fevralında Sumqayıt şəhərində baş vermiş kütləvi iğtişaşların
təşkilatçılarından və fəal üzvlərindən biri olub. Dindirmə zamanı Qriqoryanın qrupunun
üzvləri ifadə veriblər ki, talan və qətllər başlamazdan əvvəl o, erməni millətindən
olan şəxslərlə görüşüb, onlardan narkotik təsirli həblər alıb və sonra bunları qrup
üzvlərinə paylayıb. Həbsdə olan Qriqoryan belə bir fikirlə yaşayır ki, həyat yoldaşı
vasitəsilə Dağlıq Qarabağdakı əlaqələrini fəallaşdırsın və özünün istintaqdakı davranışı
ilə bağlı onlara məlumat versin. Odur ki, Qriqoryan haqda istintaqın materiallarını,
o cümlədən onun təşkilatçı rolu haqda sübutları aşkarlamağı, eyni vaxtda Qarabağ
komitəsinin Sumqayıt hadisələrində iştirakı
məsələsini dərindən öyrənmək üçün Ermənistan SSR DTK-sı və DTK-nın Dağlıq Qarabağ
Muxtar Vilayəti şöbəsi ilə koordinasiyada əməliyyat-istintaq qrupu yaratmağı məqsədəuyğun
hesab edirəm”.
Bununla Lebedev də talanı məhz ermənilərin
təşkil etdiyini təsdiqləyir.
Qriqoryan qrupunun üzvləri də onun tanımadıqları
Kamo adlı erməni ilə görüşdüyünü hələ 1988-ci ildə bildirmişdilər. Qrup üzvü həbsxanada
olan Nizami Səfərov deyib ki, fevralın 27-də kafedə yığışdıqları gün və fevralın
28-i talana başlamazdan əvvəl də Eduard Qriqoryan Kamo ilə görüşüb: "Biz yenə orada
görüşdük. Mən Kamonu gördüm. Onlar yenə təkbətək danışdılar. Sonra Edik əlində kağızla
qayıtdı. Orada familiyalar, ünvanlar var idi”.
Göründüyü kimi, SSRİ DTK-sı Eduard Qriqoryan
və digər təşkilatçılar haqda hər şeyi bilirdi, amma bütün bu yazışmalar DTK-nın
ən yuxarı eşelonlarında laqeydliklə qarşılanırdı. DTK təşkilatçıları axtarmaq niyyətindən
uzaq idi. Halbuki talanın məhz təşkilatçılarının üzə çıxarılması iş bölgüsünə görə
DTK-nın üzərinə düşürdü. Təşkilatçıların araşdırılması üçün Pavel Kondratyeviç Xodenkovun
və Aleksey Alekseyeviç Xripkovun rəhbərliyi ilə 16 nəfərdən ibarət qrup da yaradılır.
Təşkilatçılarla
bağlı bütün sorğular cavabsız qalırdı...
SSRİ prokurorluğunun Sumqayıt hadisələrini
araşdıran istintaq qrupunun üzvü Niyazi Vəlixanov məlumat verib ki, Eduard Qriqoryanın
əlaqələrinin müəyyən edilməsi üçün o vaxt həm istintaq, həm də əməliyyat tapşırıqları
verilirdi, istintaq hərəkətləri aparılırdı: "Yenə də bu əməliyyat tapşırıqları həmin
o işlə məşğul olan qrupa göndərilirdi. Lakin DTK-nın Sumqayıta ezam etdiyi şəxslər
təşkilatçılarla bağlı istintaqçıların qaldırdıqları məsələləri araşdırmırdılar.
Və sorğular cavabsız qalırdı”. Həmin sorğulara təxminən belə cavablar alınırdı:
"Tərəfimizdən aparılan çevik tədbirlər nəticəsində həmin kəslərin müəyyənləşdirilməsi
mümkün olmadı”.
Sumqayıt şəhərinin keçmiş güc strukturları
əməkdaşlarının bir neçəsi faktiki olaraq 28 fevral hadisələrinin istintaq və əməliyyat
yolu ilə təhqiqindən kənarlaşdırılsa da, müəyyən etmişlər ki, şəhərdə özlərini
"Qafandan qovulmuş azərbaycanlılar” kimi təqdim edən 20-25 nəfərlik təxribat qrupu
fəaliyyət göstərib. Bu barədə onlara hətta bəzi zərərçəkmiş ermənilər də məlumat
veriblər. Həmin məlumatlar SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna çatdırılsa
da, naməlum səbəblərdən yoxlanılması təşkil edilməmiş və nəticəsiz qalmışdır.
Bütün
izlər Yerevana, Daşkəndə və Moskvaya qədər uzanaraq oralarda itir...
Bundan əlavə, DTK-nın Sumqayıt şəhər şöbəsi
tərəfindən hadisələrin əsas təşkilatçılarından və icraçılarından biri olan Eduard
Robertoviç Qriqoryan barəsində məlumat SSRİ DTK-nın Sumqayıt hadisələri üzrə əməliyyat
sahəsinə rəhbərlik edən Yevgeni Popova çatdırılsa da, o buna şübhə ilə yanaşmış,
milliyyətcə erməni olan şəxsin öz soydaşlarına qarşı cinayət törətdiyinə inanmadığını
demişdir. Martın əvvəllərində DTK-nın Sumqayıt şöbəsinin rəisi Vladimir Lebedev
onu çağıraraq Eduard Qriqoryan barədə məlumatın doğru çıxdığını və artıq həbs olunduğunu
bildirmişdir. Eduard Qriqoryanın hadisələrdə iştirakı və onun əlaqələrinin müəyyən
edilməsi üçün qeydiyyat-əməliyyat işi açılmış, əməliyyatın gedişində Qriqoryanın
əslən qarabağlı, milliyyətcə erməni olan Osipov və ya Osipyan soyadlı bir "həmkarı”
ilə söhbətlər aparılmışdır. Sonradan Osipovun (Osipyanın) Özbəkistan SSR ərazisində
yerləşən islah-əmək müəssisəsində cəza çəkməsi barədə məlumat alınıb və bu ölkənin
müvafiq orqanlarına sorğu göndərmək qərarına gəlinmişdir. Lakin SSRİ DTK-dan gəlmiş
nümayəndələr həmin sorğunu müxtəlif bəhanələrlə imzalamaqdan və göndərməkdən imtina
etmişlər.
Ümumiyyətlə, istintaq materiallarında təşkilatçılarla
bağlı bütün izlər Yerevana, Stepanakertə (Xankəndi), Daşkəndə və Moskvaya qədər
uzanaraq oralarda itir...
SSRİ
DTK-nın sabiq sədr müavini Sumqayıtdakı iğtişaşların qarşısını almaqdan boyun qaçırır...
Sumqayıt hadisələrinin törədilməsində sovet
rəhbərliyinin hansı dərəcədə maraqlı olduğu göz qabağındadır. Bu şəhərdə güc strukturlarının
kifayət qədər hərbi və silahlı qüvvələri olduğu halda hadisələrin qarşısının alınması
üçün də lazımi tədbirlər görülməmiş, bununla bağlı hətta SSRİ DTK-nın sabiq sədr
müavini Filip Denisoviç Bobkov Sumqayıtda olarkən ona müraciət etdikdə bildirmişdir
ki, hadisələrin qarşısını almaq barədə əmr verməyə yalnız SSRİ rəhbərliyinin səlahiyyəti
var.
SSRİ Baş Prokurorluğunun istintaq qrupu isə
yalnız iğtişaşların icraçıları ilə maraqlanmış, cinayətin təşkilatçılarının müəyyən
edilməsi istiqamətində obyektiv iş aparmamış, çox vaxt təşkilatçılar qismində azərbaycanlıları
məsuliyyətə cəlb etməyə çalışmış, beləliklə, əməliyyat tapşırıqlarının nəticələri,
demək olar ki, kölgədə qalmışdır.
Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ
Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə həmin kütləvi iğtişaşlarla
əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış
beş cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi və istintaqın
aparılması prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin
müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə
edildi...
Yasəmən MUSAYEVA,
"Azərbaycan”