“İctimai proseslər media müstəvisində” mövzusunda III Forum işini panel sessiyalarla davam etdirir.
AZƏRTAC xəbər verir ki, Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərovanın moderatorluğu ilə keçirilən panel sessiyada “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi mövzusu müzakirə olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Metin Hüseynov qeyd edib ki, 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması zamanın çağırışlarına cavab verən düşünülmüş qərardır. Bu qərar yalnız bir təqvim ili ilə məhdudlaşmır, Bakının şəhərsalma siyasətində yeni mərhələnin, sistemli və beynəlxalq standartlara inteqrasiya olunan inkişaf modelinin davamıdır. Bakıda keçiriləcək WUF13 buna bariz nümunədir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli işğaldan azad olunmuş ərazilərdə 705 tarix-mədəniyyət abidəsinin Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dövlət qeydiyyatına alındığını diqqətə çatdırıb. O vurğulayıb ki, işğal dövründə bu ərazilərə fiziki giriş mümkün olmadığı üçün siyahılar əvvəlki arxiv materialları əsasında tərtib edilsə də, torpaqlarımız azad olunduqdan sonra bölgədə monitorinqlər aparılıb. Nəticədə isə 575 abidənin vəziyyəti artıq tam qiymətləndirilib.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov vurğulayıb ki, bu günə kimi 175 ölkədən 24 mindən artıq şəxs WUF13-də iştirak üçün qeydiyyatdan keçib və qeydiyyat hələ də davam edir. “İnanırıq ki, bu rəqəm tədbirə qədər artacaq. Eynilə media nümayəndələrinin qeydiyyatı da davam edir. Artıq həm yerli, həm xarici olmaqla 800-dən artıq media nümayəndəsi qeydiyyat üçün müraciət edib.
Həmçinin tədbirin əsas məkanında, Bakı Olimpiya Stadionunda WUF13 Media Mərkəzi fəaliyyət göstərəcək. Mərkəzdə media nümayəndələri üçün hər cür şərait yaradılacaq", - deyə E.Rəsulov bildirib.
Panel sessiya müzakirələrlə davam edib.