Birinci əfsanə
Bu əfsanəyə
görə, vaxtilə Sasani hökmdarı Abşerona hücum edib Bakını mühasirəyə alır. Düşmənin
təzyiqi gündən-günə artır. Sasani hökmdarı şəhər əhalisinin dərhal təslim olmasını
tələb edir. Əks təqdirdə o, şəhəri dağıdıb yerlə-yeksan edəcəyini bildirir.
Əhali həyəcanla
ağsaçlı atəşgah kahinin yanına gəlib ondan qan tökülmədən şəhəri təslim etməyi tələb
edir. Bunları görən üzü günəş kimi parıldayan gözəl qız müqəddəs məbədə yaxınlaşıb
onunla vidalaşır. Sonra düşmənin iqamətgahına tərəf yollanır. Qızın alovlu siması
müqəddəs məbədin şüaları altında parıldayaraq atəşpərəstlərin qəlbini işıqlandırır,
onlara xilas olmaq ümidi verir. Atəşpərəstlərin müqəddəs məbədindən gələn qız şəhəri
mühasirə edən hökmdarın sarayı qarşısında görünür. Hökmdar qızı görən kimi onun
gözəlliyinə heyran olur. Atəş qızı da hökmdara aşiq olur.
Heç bir qüvvə
onu bu fikirdən geri döndərə bilmir. Bir tərəfdə eşq və məhəbbət, digər tərəfdə
vətənpərvərlik! Biri digərinə qalib gəlməli idi. Ya müqəddəs məbəd qarşısında verdiyi
vədə xain çıxmalı, ya sevdiyi hökmdarı öldürməli idi. Ortalıqda uzun müddət sükut
hökm sürür. Hökmdar qızla uzun söhbətdən sonra şirin yuxuya gedir. Qıza demək istədiyi:
"Səni sevirəm” sözləri onun dodağında quruyub qalır... Səhər açılır...
Atəşpərəstləri
müqəddəs oda sitayiş etməyə çağıran neflərin məlahətli sədaları hökmdarın sarayında
qalmış qızı yuxudan oyadır. Vətəni təhlükədən xilas etmək haqqında məbəd qarşısında
öhdəsinə götürdüyü vəzifə onun yadına düşüb həyəcanlandırır. Xəzərin sahilində yaşayan
və ondan kömək gözləyən əhali gözü qarşısında dayanır. Dənizin dalğalarının gurultusuna
qoşulan həmvətənlərinin nalələri onun vücudunu sarsıdır. Qız bir an içərisində öz
eşqini ayaqları altına alaraq odlu qılıncını yuxuda olan hökmdarın boynuna endirir.
Daha sonra odlu qılıncı öz sinəsinə sancır, canını xalqının və vətəninin nicatı
uğrunda fəda edir. Qızın qəlbinin dayanması ilə alovlu siması da sönür. Hər tərəfi
qaranlıq və sükut bürüyür. Baş kahin və atəşpərəstlər də dua oxumağı dayandırırlar.
Birdən şiddətli tufan qopur. Dənizin dalğaları gurultu ilə sahilə toxunaraq uzaqlarda
qığılcımlar görünməyə başlayır. O, öz canını vətən yolunda fəda etmiş qızın ruhunun
guya bağışlanmasını tələb edirdi.
Əfsanəyə görə,
bu qığılcım atəşpərəstləri öz ətrafına toplayıb onların ürəklərini işıqlandırır.
Onlar həmin vaxtdan etibarən Xəzərin sahilində yüksələn odlar məbədini həlak olmuş
qızın şərəfinə Qız qalası adlandırırlar.
İkinci əfsanə
Qız qalası
vaxtilə Xəzərin lap sahilində yerləşirmiş. Onun mavi ləpələri qalanın bünövrəsindəki
qayalara toxunurmuş. Hər gün axşam gün batandan sonra bir cavan qız öz sevgilisi
ilə görüşmək üçün şəhərdən çıxıb qala divarı yanındakı qaya üzərində dayanarmış.
Oğlan Bakı körfəzinin şərq tərəfində yerləşən indiki Zığ ərazisində yaşayırmış.
Dənizin dalğaları iki sevgilinin görüşünə mane ola bilmirmiş. Sevgi oğlanın qollarına
qüvvət verir, o, sanki quruda addımlayırmış kimi Xəzərin dalğalarını aşaraq özünü
hər axşam sahildə dayanan qıza çatdırırmış.
Lakin bir
gün oğlan qıza diqqət etdikdə onun o qədər də gözəl olmadığını görür. Buna görə
gəncin ürəyinə şübhə qonur, eşqi və sevgisi sönməyə başlayır. O, evinə qayıtmaq
istədikdə daha qollarındakı əvvəlki gücü duymur. Bir qədər üzdükdən sonra yorulub,
nəhayət, suda boğulur. Qız oğlanın öldüyünü biləndə dəniz sahilindəki hündür qalanın
başına çıxır və özünü oradan suya atır. Sonralar həmin qala xalq dilində Qız qalası
adlanır.
"Azərbaycan”