Azərbaycan dünyada neft-qaz ölkəsi kimi ad-san qazanmaqla yanaşı, iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirmək üçün də böyük potensiala malikdir. Ölkədə qeyri-neft sektorunun inkişafı bir sıra zəruri şərtlərdən irəli gəlir. Bunlar dövlət büdcəsinə daxilolmaların tarazlaşdırılması, regionların inkişaf etdirilməsi, ixrac sektorunun formalaşdırılması və digər şərtlərdir.
Son illər respublikada qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənmiş, yeni istehsal sahələri yaradılmış, idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma səviyyəsi yüksəlmiş, ixrac qabiliyyəti artmışdır.
Qeyri-neft sektorunun inkişafını daha da sürətləndirmək üçün bu sahəyə birbaşa xarici investisiyalar cəlb etməklə daxili istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi və yerli məhsullarla özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, qeyri-neft sektorunun ixrac imkanlarının artırılması - bunlar Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində strateji məqsədlər kimi müəyyən edilmişdir.
Göründüyü kimi, dövlətimiz hələ xeyli əvvəl təbii resurslardan istifadə edərək iqtisadiyyatı şaxələndirməyi, neftdən asılılığı minimuma endirməyi qarşıya prioritet kimi qoymuşdur. Bunun nəticəsidir ki, indi qeyri-neft sektorunun kənd təsərrüfatı, turizm, nəqliyyat, İTK, tikinti sektorlarında nəzərəçarpan nailiyyətlər əldə olunur.
Deyilənlərə misal olaraq cari ilin əvvəlindən qeyri-neft sektorunun bir neçə sahəsində görülən işləri, qazanılan nailiyyətləri Dövlət Statistika Komitəsinin təqdim etdiyi fakt və rəqəmlərlə çatdıraq. Əvvəla qeyd edək ki, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 1,2 faiz azalmış, qeyri-neft-qaz sektorunda 0,2 faiz artmışdır.
Qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd təsərrüfatında ümumi məhsul real ifadədə keçən ilin yanvar-mart ayları ilə müqayisədə 1,1, o cümlədən heyvandarlıqda 0,9, bitkiçilikdə 5,5 faiz artım əldə edilmişdir. Aprelin 1-nə kimi 119,2 min hektar sahədə yazlıq bitkilər əkilmişdir. İlin birinci rübü ərzində heyvandarlıqda quş əti də daxil olmaqla ət istehsalı 1,8 faiz artmışdır.
Ölkənin nəqliyyat sektorunda da işlər ahəngdar gedir. Üç ayda 56,6 milyon ton və ya keçən ilin birinci rübünə nisbətən 1,2 faiz çox yük, 508,5 milyon (7,7 faiz çox) sərnişin daşınmışdır. Yüklərin 60,9 faizi avtomobil, 28,4 faizi boru kəməri, 7,2 faizi dəmir yolu, 3,4 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır. Sərnişinlərin isə 88,8 faizi avtomobil, 10,5 faizi metro, qalanları digər nəqliyyat növlərindən istifadə etmişlər.
İnformasiya və rabitə müəssisələri bu ilin yanvar-mart aylarında 931,7 milyon manat məbləğində xidmət göstərmişlər. Bu da keçən ilin həmin dövrünə nisbətən 9,2 faiz çoxdur.
Sənaye sektorundakı mənzərəni də bir neçə sahənin timsalında təqdim edək. Emal sənayesində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalı 10, tütün məmulatlarının istehsalı 23,2, içki istehsalı 1,3 faiz artmışdır. Bu sahələrin əsas məhsullarından olan duru bitki yağlarının, siqaret və pivələrin istehsalında artım müşahidə edilmişdir.
Toxuculuq sənayesi, geyim, dəri və ayaqqabı istehsalı sahələrində vəziyyət necədir? Burada xüsusilə toxuculuqda və geyim istehsalında qazanılan nailiyyət nəzərə çarpır - artım müvafiq olaraq 33,3 və 9,4 faizdir.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində buraxılan məhsulun həcmi 439,1 milyon manat təşkil etmişdir. Burada əczaçılıq məhsullarının istehsalı 45,4 faiz artsa da, digər məhsulların istehsalı azalmışdır.
Tikinti materiallarının istehsalında artım müşahidə olunur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artım 12,4 faizdir. Beton yığma tikinti konstruksiyalarının və əhəngin istehsalında rəqəmlər bu göstəricidən xeyli yüksəkdir - 38,3 və 24,6 faiz.
Sənayenin qeyri-neft sahəsində metallurgiyanın özünəməxsus yeri var. Rəqəmlər bu sahə barədə nə deyir? Metallurgiya sənayesi məhsullarının istehsalı 7,6 faizi artmış, hazır metal məmulatlarının istehsalı 16,8 faiz azalmışdır. Sahədə keçən ilin eyni dövründə olduğundan çox alüminium məmulatları və armatur buraxılmışdır.
Ölkənin tikinti sektorunda da böyük canlanma var. Belə ki, cari ilin yanvar-mart aylarında sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2025-ci ilin ilk 3 ayı ilə müqayisədə 14,9 faiz çox investisiya yönəldilmişdir. Qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi üstünlük təşkil etmişdir.
Bu ilin əvvəlindən "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası, Sumqayıtda Güzgü Vərəqələrin İstehsalı Zavodu, karton və qutu taralarının istehsalı müəssisəsi, "Abşeron" Batereya Enerji Saxlanc Mərkəzi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi istifadəyə verilmişdir. İstismara daxil olan yeni müəssisə və obyektlər sırasında Qarabağda və Şərqi Zəngəzurda tikilənlərin xüsusi önəmi var. Belə ki, ötən aylarda Ağdərə rayonunda "Qozlukörpü" Su-Elektrik Stansiyası, Xocalı rayonunda Soyqırımı Memorialı və digər obyektlər istifadəyə verilmişdir.
Prezident İlham Əliyevin 2025-ci il sentyabrın 22-də Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətində vurğulanıb ki, 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7 faiz artmış və onun ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlmişdir: "Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artmışdır. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir".
Son rəqəmlər də göstərir ki, qeyri-neft-qaz sektorunda istehsal artmaqda davam edir.
Flora SADIQLI,
"Azərbaycan"