Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında (ÇXR) işgüzar səfərdədir.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, səfərin məqsədi ÇXR-in Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət İdarəsi ilə birbaşa əlaqələrin qurulması, həmin nazirlikdə, Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları Mühəndislik Universitetində və Çinin minatəmizləmə avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmış bir sıra şirkətlərində görüşlərin keçirilməsidir.
Səfər çərçivəsində ilk görüş Çin Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin baş direktoru Sun Xiaobo ilə olub. Görüşdə ölkəmizin ÇXR-dəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov da iştirak edib.
Görüş zamanı ötən il aprelin 23-də Prezident İlham Əliyevin ÇXR-ə dövlət səfəri çərçivəsində Pekində hər iki ölkənin rəhbərləri arasında imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” çərçivəsində ANAMA ilə ÇXR-in Xarici İşlər Nazirliyi arasında imzalanan “Humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun icrası, eləcə də digər əməkdaşlıq məsələləri ətrafında danışıqlar aparılıb.
Baş direktor Sun Xiaobo imzalanan sənədin iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ olduğunu qeyd edərək bildirib ki, humanitar minatəmizləmə fəaliyyəti Azərbaycanın müharibədən sonrakı bərpa və yenidənqurma prosesində mühüm rol oynayır. Çin tərəfinin Azərbaycanın minatəmizləmə səylərini dəstəkləməyə, həmçinin bu sahədə əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
Vüqar Süleymanov ÇXR-in ölkəmizdə minatəmizləmə fəaliyyətinə töhfəsinə görə qarşı tərəfə təşəkkür edib və həmin addımın Azərbaycanın mühüm humanitar missiyasında dost ölkənin həmrəyliyinin göstəricisi olduğunu qeyd edib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çin dövlətinə məxsus müdafiə sənayesi kompleksi olan NORINCO (China North Industries Group Corporation) şirkətinin sərgi mərkəzinə baş çəkib, daha sonra şirkət rəhbərliyinin iştirakı ilə geniştərkibli görüş keçirib.
Sərgi mərkəzində minatəmizləmə sahəsində istehsal olunan müxtəlif avadanlıqlar, o cümlədən mexaniki minatəmizləmə maşınları, partlayıcı sursatların zərərsizləşdirilməsi üçün istifadə edilən robotlar, mina aşkarlayan dronlar və digər texnoloji həllər nümayiş etdirilib. Şirkətin mütəxəssisləri təqdim olunan avadanlıqların texniki xüsusiyyətləri və tətbiq imkanları barədə geniş məlumat verib, Azərbaycan nümayəndə heyətinin suallarını cavablandırıblar.
Belə sərgilərə səfərlər minatəmizləmə sahəsində qabaqcıl təcrübənin araşdırılması və innovativ yanaşmaların tətbiqinə şərait yaradır.
Görüşdə səfərin tərəflər arasında əməkdaşlığın başlanması və gələcək tərəfdaşlıq imkanlarının araşdırılması baxımından mühüm ilkin addım olduğu vurğulanıb.
Səfər həm də Azərbaycanın üzləşdiyi mina problemi və onun aradan qaldırılması sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər barədə ÇXR-in və orada fəaliyyət göstərən yerli şirkətlərin ətraflı məlumatlandırılmasına və bununla da problemə beynəlxalq diqqətin artırılmasına müsbət təsir göstərəcəyinə ümid bəsləməyə əsas verir.
Qeyd edək ki, bu səfər 9-13 mart tarixlərini əhatə edir.