İranın martın 5-də Naxçıvan Muxtar Respublikasına, o cümlədən Beynəlxalq Hava Limanına və Şəkərabad kəndi yaxınlığındakı məktəb ərazisinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum etməsi Cənubi Qafqazda ən təhlükəli hərbi təxribatlarından biri kimi tarixə yazıldı. Azərbaycanın dövlət sərhədlərinə qarşı törədilən bu hücum sadəcə lokal sərhəd insidenti deyil, həm də İran hakimiyyətinin regional siyasətdə nə qədər riskli və avantürist bir yol seçdiyini sübut edən nümunədir. Bu hücum İranın uzun illər ərzində Azərbaycana qarşı sərgilədiyi qeyri-səmimi və düşmənçilik mövqeyinin növbəti təzahürüdür. Bir dövlətin suveren ərazisinə, xüsusən də mülki infrastruktura dronlarla zərbə endirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin, dövlətlərin ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Mülki şəxslərin xəsarət alması və ictimai təhlükəsizliyin təhdid altına düşməsi bu addımı “təsadüfi” izahlarla pərdələməyi imkansız edir. İran qəribə şəkildə hücumu təkzib etsə də, hadisə yerindən yayılan görüntülər, mülki şəxslərin yaralanması və dövlət qurumlarımızın rəsmi bəyanatları hücumun real olduğunu sübut edir.
Azərbaycanın rəsmi mövqeyi bu hücumu çox sərt şəkildə qınadı. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında İranın addımını açıq şəkildə terror aktı adlandırdı və bəyan etdi ki, Azərbaycanın ərazisinə qarşı həyata keçirilən bu hücum cavabsız qalmayacaq. Prezidentimiz vurğuladı ki, İranın pilotsuz aparatlarının Naxçıvanda mülki obyektləri, hava limanının terminalını və digər infrastrukturu hədəfə alması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Dövlət başçısı həmçinin İran rəhbərliyindən rəsmi izahat və üzr tələb olunduğunu, bu hücuma görə məsul olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməli olduğunu diqqətə çatdırdı: “Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Dövlət başçısının bu bəyanatı Azərbaycanın İranın təxribatçı hərəkətlərinə qarşı tutduğu qətiyyətli, hüquqi və prinsipial mövqeyi ifadə edən ən yüksək səviyyəli siyasi mesajdır. Prezident İran rəhbərliyi qarşısında konkret və yerinə yetirilməsi zəruri olan üç şərt qoyur: izahat, üzr və cəzalandırma. Rəsmi Tehran bu təcavüzün hansı səbəblə və kimin göstərişi ilə baş verdiyini mütləq açıqlamalıdır. Dövlət səviyyəsində ediləcək üzr, qarşı tərəfin öz səhvini və ya məsuliyyətsizliyini etiraf etməsi deməkdir. Bu, sadəcə diplomatik ritorika deyil, hüquqi tələbdir. Hücumu planlaşdıran və icra edən şəxslərin cəzalandırılması gələcəkdə oxşar halların qarşısının alınması üçün ən təsirli mexanizmdir. Prezidentin bu məqamı xüsusi vurğulaması Azərbaycanın öz ərazi bütövlüyünü və hər bir qarış torpağının təhlükəsizliyini qorumaqda nə qədər həssas və qətiyyətli olduğunu dünyaya göstərir. Ona görə də rəsmi Bakı haqlı olaraq İrandan bu insidentin araşdırılmasını, izahat verilməsini və gələcəkdə belə halların təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görülməsini tələb edir.
İran hakimiyyəti anlamalıdır ki, Azərbaycan müstəqil və suveren bir dövlətdir və onun təhlükəsizliyi heç bir kənar qüvvə tərəfindən təhdid edilə bilməz. Dövlət başçısı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan bu növ təcavüzkar hərəkətləri cavabsız qoymayacaq və dövlətin suverenliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcək. Naxçıvanın hədəf seçilməsi də təsadüfi deyil. Bu bölgəyə hərbi təcavüz faktiki olaraq bölgənin hüquqi-siyasi balansına qarşı yönəlmiş təxribatdır və İranın bu addımı təkcə Azərbaycana yox, bütövlükdə regional təhlükəsizlik memarlığına meydan oxumaq cəhdidir. Bu hücum İranın beynəlxalq hüquq prinsiplərini kobud şəkildə tapdalaması və regionda sülhə qarşı yönəlmiş məsuliyyətsiz siyasətin birbaşa nəticəsidir.
Prezident İlham Əliyev iclasda xüsusilə qeyd etdi ki, Azərbaycan İran əleyhinə heç bir hərbi əməliyyatda iştirak etməyib və etməyəcək. Bakı dəfələrlə Tehrana təminat verib ki, Azərbaycan ərazisi heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Buna baxmayaraq, İranın Azərbaycanın ərazisinə pilotsuz aparatlarla hücum etməsi nə diplomatik etikaya, nə də dövlətlərarası münasibətlərin elementar normalarına sığır: “Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir”.
Ümumiyyətlə, Tehranın ABŞ və İsraillə olan qarşıdurmasını qonşu dövlətlərə yönəltməsi narahatedici tendensiyadır. İranın hazırkı rejimi ətrafındakı ölkələrə qarşı aqressiv və idarəolunmaz addımlar atmaqla regionda gərginliyi maksimum həddə çatdırır. Ərəb dövlətlərinin son dövrlər intensiv raket və pilotsuz uçuş aparatları vasitəsilə hücumlara məruz qalması bu vəziyyətin ciddiliyini göstərir. Bir müddət öncə ehtimal edilirdi ki, daxili böhran yaşayan rəsmi Tehran Azərbaycan və Türkiyəni də hədəfə ala bilər. Lakin rasionallıq çərçivəsində belə bir addımın atılması absurd və məntiqsiz hesab olunurdu. Buna baxmayaraq, Türkiyənin Hatay bölgəsinə və Azərbaycanın Naxçıvan Muxtar Respublikasına edilən PUA hücumları molla rejiminin beynəlxalq hüququ və real vəziyyəti gözardı etdiyini təsdiqlədi.
Azərbaycanın hərbi əməliyyatlarda neytral mövqe tutmasına baxmayaraq, belə bir addımın atılması rəsmi Tehranın bölgədə sabitliyi pozmaqda maraqlı olduğunu aşkara çıxarır. Ölkəmiz daim regiondakı genişmiqyaslı münaqişələrdə neytral və təmkinli mövqe nümayiş etdirib. Bakı nə İran-ABŞ gərginliyinin, nə də Yaxın Şərqdə cərəyan edən digər böhranların tərəfi olub. Əksinə, Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, regional problemlər yalnız qarşılıqlı dialoq və əməkdaşlıq çərçivəsində həll edilməlidir. Buna baxmayaraq, Tehranın Azərbaycana qarşı bu cür aqressiv davranışları İranın reallıqlardan daha çox, süni siyasi qorxularla hərəkət etdiyini göstərir.
Bu hücum həm də İranın daxili siyasi sistemindəki dərin çatların nəticəsi kimi qiymətləndirilə bilər. İranın dövlət idarəçiliyində ciddi nüfuza malik olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) uzun illərdir ki, regional siyasətdə əsas hərbi amil kimi çıxış edir. Bu qurumun hərbi, iqtisadi və siyasi rıçaqlarının geniş olması zaman-zaman dövlət siyasətinin daha radikal və destruktiv məcraya yönəlməsinə şərait yaradır. Naxçıvana qarşı reallaşdırılan bu hücum da avantürist yanaşmanın təzahürü kimi görülür. Əks halda, Azərbaycanın ABŞ və İsrailin İrana qarşı hərbi addımlarında iştirak etmədiyi və heç bir dəstək vermədiyi bir şəraitdə, Naxçıvan aeroportunun hədəfə alınması tamamilə anlaşılmaz və qəbuledilməzdir.
İranın bu təxribatı Azərbaycanın regiondakı artan nüfuzunu, Zəngəzur dəhlizinin açılması perspektivini və ölkəmizin müstəqil xarici siyasət kursunu həzm edə bilməməkdən irəli gəlir. Bu, həm də Türk dünyasının güclənməsinə qarşı qısqanclıq və regional oyunçu kimi nüfuzunu qorumaq üçün göstərilən hikkəli bir cəhddir. Bu narahatlıq bəzən destruktiv xarakter alaraq, Tehranın Bakıya qarşı “qırmızı xətlər” çəkmək cəhdləri və hətta təxribatçı addımları ilə müşayiət olunur. Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı da bu gərginliyin bariz nümunələrindən idi. Terrorçunun layiqli cəzasına çatdırılması İranın xoş niyyəti deyil, məhz Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin nəticəsi idi.
Nəticə etibarilə, rəsmi Tehranın bu destruktiv xətti onun regional siyasətdəki uğursuzluqlarını pərdələmək cəhdindən başqa bir şey deyil. İran hakimiyyəti anlamalıdır ki, Azərbaycanla münasibətləri gərginləşdirmək, dövlət sərhədlərini və suverenliyi hədəf almaq Tehranın özünə qarşı çevrilən bumeranq effekti yaradır. Tarixi reallıqlar və regiondakı qüvvələr nisbəti göstərir ki, Bakıya qarşı aparılan şər-böhtan kampaniyaları və ya hərbi təxribatlar Azərbaycanın müstəqil xarici siyasət kursunu zəiflədə bilməz. Əksinə, belə addımlar rəsmi Bakını öz təhlükəsizlik sistemini daha da gücləndirməyə, müttəfiqlik münasibətlərini dərinləşdirməyə və regional təhlükəsizliyin qarantı kimi mövqeyini möhkəmləndirməyə vadar edir. Məhz Bakının prinsipial siyasətinin və qətiyyətinin nəticəsidir ki, İran tərəfi Prezidentimizin sərt bəyanatından dərhal sonra təxribatın araşdırılacağını dedi. Sülh və sabitlik istəyən Azərbaycan üçün diplomatik kanallar hər zaman açıqdır, ancaq dövlətimiz öz təhlükəsizliyini qorumaq üçün hər hansı bir güzəştə getmək niyyətində deyil.
Asif ƏSGƏROV,
Milli Məclisin deputatı