Bakı Qərbin Dubayı, Dubay Şərqin Bakısıdır
Şəhərsalma insan cəmiyyətinin inkişafında mühüm rol oynayan prosesdir. Bu, yalnız yeni binaların və infrastrukturların inşası deyil, eyni zamanda şəhərin funksional, estetik və sosial tələblərə uyğun şəkildə planlaşdırılmasıdır. Müasir şəhərlər sürətli iqtisadi inkişaf və əhali artımı fonunda planlaşdırma məsələlərinə daha çox diqqət yetirirlər.
Bakı və Dubay şəhərləri bu baxımdan maraqlı nümunələrdir. Hər iki şəhər enerji və maliyyə resurslarından istifadə edərək qısa müddətdə iqtisadiyyatda, eləcə də şəhərsalma və memarlıq sahəsində ciddi irəliləyiş əldə edib. Şəhərsalma prinsiplərinin tətbiqi bu şəhərlərin simasını müəyyənləşdirib və onların urbanizasiyadan dolayı inkişaf istiqamətini formalaşdırıb. Şəhərsalma şəhərin funksional bölgələrə bölünməsi, ictimai məkanların təşkili, nəqliyyat şəbəkələrinin qurulması və ətraf mühitin qorunması kimi aspektləri də əhatə edir.
Bu kontekstdə Bakı və Dubay şəhərsalma işlərini planlı şəkildə, müasir memarlıq layihələri və iqtisadi resursların infrastruktura yönəldilməsi əsasında həyata keçirir. Hər iki şəhərdə iqtisadi və inzibati mərkəzlər şəhərin əsas bölgələrində yerləşir və inkişafın qalan hissəsinə nümunə olur. Bakı neft-qaz gəlirlərini, Dubay isə neft gəlirləri ilə yanaşı, həm də qlobal investisiyaları şəhərsalma layihələrinə yönəldərək infrastrukturun sürətli inkişafını təmin edib. Göydələnlər, ticarət mərkəzləri və memarlıq nümunələri Bakının və Dubayın görünüşünü dəyişdirib. Eyni zamanda ictimai məkanların təşkili, müasir nəqliyyat şəbəkələrinin qurulması və ekoloji tarazlığın qorunması şəhərsalmanın ayrılmaz hissəsi kimi bu şəhərlərin inkişafını daha funksional və komfortlu hala gətirib. Bakı bulvarı yerli sakinlərə və turistlərə geniş istirahət imkanları təqdim edir və şəhərin dəniz mənzərəsini daha gözəl göstərir. Dubayda isə Miracle Garden, Dubai Marina və Æumeirah Beach Park kimi istirahət mərkəzləri şəhər sakinlərinə və ziyarətçilərə açıq havada əyləncə və təbiət təcrübəsi yaşadır, urbanizasiyanın sosial aspektlərini ön plana çıxarır.
Sadalanan bu oxşarlıqlara baxmyaraq Bakının da, Dubayın da şəhərsalma və urbanizasiya prosesində müəyyən fərqlər mövcuddur. Bakı tarixi şəhər mərkəzi və memarlıq irsi ilə zəngindir, Dubay isə qısa müddətdə müasir, qeyri-adi və rekord layihələr üzərində inkişaf edib. Dubay daha sürətli və planlı şəkildə, böyük və görkəmli layihələr əsasında formalaşıb. Bakı isə tarixə və qədim tikililərə hörmətlə yanaşaraq tədricən modernləşmə yolu seçib. Məsələn, Dubayda hündürlüyü 828 metr olan Bürc Xəlifə dünyanın ən hündür binası olaraq möhtəşəm şəhər mənzərəsini, Palm Æumeirah isə xurma formalı süni ada kimi lüks həyat və dəniz istirahətini təqdim edir. Yeri gəlmişkən, Dubayın görkəmli memarlıq simvollarından olan Bürc Xəlifənin tikilmə tarixçəsi də çox maraqlıdır. Onun ərsəyə gəlməsi üçün 6 il zaman sərf olunub və burada hər gün 12 min fəhlə çalışıb. Göydələn 80 kilometr uzaqlıqdan görünür, lakin bu nəhəng binanın ən yüksək mərtəbəsindən günəşin batmasını izləmək daha gözəldir. 2010-cu ildə açılışından bir qədər əvvəl Bürc Dubay (hərfi mənada Dubay Qülləsi) adlanırdı, sonralar Əbu-Dabi əmiri və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə ibn Zayed Əl Nəhayanın şərəfinə binanın adı Bürc Xəlifə adlandırıldı.
Bakı şəhəri isə Alov Qüllələri ilə yanaşı, Heydər Əliyev Mərkəzi, "SOCAR Tower" və "Port Baku Towers" kimi nəhəng və müasir tikililəri ilə də diqqət çəkir. Heydər Əliyev Mərkəzi qeyri-adi dizaynı ilə şəhərin mədəni simasını zənginləşdirir, "SOCAR Tower" və "Port Baku Towers" isə iqtisadi və biznes mərkəzlərinin formalaşmasına xidmət edir. "Four Seasons" Hotel Baku və digər müasir komplekslər şəhərin panoramasına lüks və müasir bir görünüş qatır. Bu tikililər urbanizasiya prosesində Bakının sürətli modernləşməsini və şəhər landşaftının dəyişməsini simvolizə edir, həmçinin şəhərin həm tarixi, həm də müasir memarlıq harmoniyasının qorunmasına imkan yaradır. Bir amili xüsusi vurğulamalıyıq ki, Dubay səhralıq mühitində su resursları və infrastruktur məsələlərinə fokuslanır, Bakı isə Xəzər dənizi sahilində nisbətən rütubətli mühitə uyğun şəhərsalma aparır.
Təqdim etdiyimiz müqayisə göstərir ki, şəhərsalma prinsipləri oxşar əsaslara söykənsə də, hər şəhərin inkişaf modelində fərqli prioritetlər və strategiyalar özünü göstərir. Bu yanaşmaların hər iki şəhərin urbanizasiya prosesinə necə təsir etdiyini isə daha yaxından müşahidə etmək mümkündür. Bakı və Dubayda qısa müddətdə tikilən yeni yollar, körpülər, metro şəbəkəsinin genişlənməsi və ticarət mərkəzləri sürətli urbanizasiyanın əsas göstəriciləridir. Bu şəhərlər enerji resurslarının yaratdığı iqtisadi imkanlardan istifadə edərək qısa müddətdə müasir memarlıq, geniş infrastruktur və qlobal iqtisadi əlaqələr baxımından böyük inkişaf yolu keçib. Dubayda şəhər planlaşdırması zamanı böyük ticarət və əyləncə mərkəzlərinin inşası iqtisadi cəlbediciliyi artırıb, Bakı isə həm tarixi, həm də müasir məkanların balansını qoruyaraq urbanizasiyanın sosial aspektlərinə diqqət göstərib.
Bununla yanaşı, sürətli urbanizasiya hər iki şəhərdə müəyyən problemlər yaradıb. Əhalinin sürətli artımı, nəqliyyat sıxlığı, ekoloji problemlər və sosial infrastrukturun genişləndirilməsi kimi məsələlər urbanizasiya prosesinin əsas problemləri hesab olunur. Qeyd edək ki, urbanizasiyanın Bakıya və Dubaya qazandırdığı təcrübə göstərir ki, düzgün iqtisadi strategiya və planlaşdırma nəticəsində istənilən şəhər qısa müddətdə regional və qlobal mərkəzə çevrilə bilər.
Bakı və Dubayın təcrübəsi göstərir ki, şəhərsalma və urban inkişaf yalnız iqtisadi imkanlarla deyil, həm də tarixi, sosial və ekoloji aspektləri nəzərə alaraq planlaşdırıldıqda həm funksional, həm də estetik cəhətdən uğurlu nəticələr əldə etmək mümkündür. Bu müqayisə digər şəhərlərə inkişaf və şəhərsalma strategiyalarını müəyyənləşdirmək üçün faydalı nümunə ola bilər.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"