Gənclərin postkolonial gələcəyin formalaşdırılmasında fəal iştirakı qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Panth Punjab” layihəsinin sədri Akashdeep Singh bildirib.
O qeyd edib ki, bu mövzu ətrafında aparılan müzakirələr xüsusilə aktualdır, çünki bir çox hallarda müxtəlif dövlət və siyasi strukturlar tərəfindən gənclərin, eləcə də müəyyən icmaların səslərinin beynəlxalq müstəvidə ifadə imkanları məhdudlaşdırılır. Belə platformalar gənclərin öz baxışlarını bölüşməsi və qlobal diskussiyalarda iştirak etməsi üçün nadir və dəyərli imkan yaradır.
Akashdeep Singh vurğulayıb ki, müxtəlif regionlarda yaşayan gənclər postkolonial reallıqların təsirlərini fərqli formalarda hiss edirlər və bu kontekstdə onların öz kimliklərini, baxışlarını və perspektivlərini ifadə etməsi xüsusi əhəmiyyət daşıyır: “Gənclər yalnız gələcəyin liderləri deyil, həm də bu gün baş verən proseslərin aktiv iştirakçılarıdır. Onların iştirakı olmadan daha ədalətli və balanslı gələcəyin qurulması mümkün deyil”.
Onun sözlərinə görə, belə beynəlxalq forumlar müxtəlif icmalar arasında dialoqun genişlənməsinə, təcrübə mübadiləsinin aparılmasına və ortaq yanaşmaların formalaşdırılmasına xidmət edir. Bu cür müzakirələr müxtəlif regionlardan olan gənclərin bir araya gələrək öz problemlərini, çağırışlarını və perspektivlərini bölüşməsi üçün mühüm platformadır.
A.Singh əlavə edib ki, gənclərin beynəlxalq müstəvidə daha geniş təmsil olunması və onların səsinin eşidilməsi postkolonial dövrdə daha inklüziv və ədalətli münasibətlər sisteminin formalaşmasına töhfə verə bilər.
Sonda o, belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edərək, Forumun təşkilinə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib.