01 Aprel 2023 01:48
1153
SİYASƏT
A- A+

Ziyalıların böyük himayədarı

 

Tarixinin müxtəlif taleyüklü mərhələlərində xalqları ağır sınaqlardan çıxarmaq vəzifəsi həmişə müvafiq dövrlərin böyük şəxsiyyətlərinin üzərinə düşüb. Təsadüfi deyil ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. 
Xalqımız da müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, Heydər Əliyev şəxsiyyəti ilə hər zaman fəxr edəcək, onu qürur hissi ilə xatırlayacaq. 
Gələcəyimizin naminə Heydər Əliyev siyasətinin fəlsəfi mahiyyətini açıb göstərmək, onu yaşatmaq və nəsillərə ötürmək olduqca vacib və əhəmiyyətlidir. Çünki  Heydər Əliyevin siyasi, dövlətçilik və milli ideologiya ilə bağlı baxışları, fəlsəfi-nəzəri irsi Azərbaycan ictimai-siyasi fikrinin inkişafına təsir edir və xüsusi mərhələ təşkil edir. Heydər Əliyevin gərgin zehni və fiziki əməyinin, uzaqgörənliyinin nəticəsində Azərbaycanın ictimai-siyasi, iqtisadi mənzərəsi önəmli şəkildə dəyişdi. 
Dövlətçilik ənənələrimiz sübut edir ki, ölkəmizin ərazisində mövcud olmuş qədim dövlətlər də, orta əsrlərdəki böyük imperiyalar da, müstəqil dövlət qurumları olan xanlıqlar da, respublikalar da, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Sovet Sosialist Respublikası, bugünkü müstəqil Azərbaycan da milli dövlətçiliyin ayrı-ayrı müstəqil təzahürləridir. Bu dövlətlər həm də böyük vahid tarixi prosesin ayrı-ayrı hissələrini təşkil edir. 
Azərbaycan xalqı dünya tarixinə Cavanşir, Babək, Şəmsəddin Eldəgiz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah kimi qüdrətli, nurlu əməllər sahibi olan şəxsiyyətlər bəxş etmişdir. Heydər Əliyev bu görkəmli şəxsiyyətlərin qəhrəmanlıqlarını "vətənpərvərlik məktəbi, vətənin bütövlük, birlik təcəssümü" kimi səciyyələndirir, onların həyat və fəaliyyətlərinin xalqımızın vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirdiyini, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirdiyini göstərirdi. 
Qətiyyətlə deyə bilərik ki, 14 iyul 1969-cu il tarixdə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə xalqımızın tarixi üçün yeni epoxa başlandı. Ədəbi ictimai-siyasi mühit canlandı. Heydər Əliyevin Azərbaycan KP Mərkəzi Komitəsinin Plenumundakı çıxışı SSRİ-nin siyasi elitasında şok effekti yaratdı. İlk dəfə idi ki, kommunist rejiminin rəhbərlərindən biri, müttəfiq respublikanın rəhbəri olan şəxs sosializm quruluşunun problemlərindən danışaraq onu tənqid edirdi. O, neqativ hallara qarşı mübarizənin vacibliyini bildirirdi. Xarici radiostansiyalar Heydər Əliyevin çıxışını tirajlayaraq SSRİ-ni tənqid edirdilər. Bu həmin dövr idi ki, Aleksandr Soljenitsının əsərləri xaricdə çap edilirdi. 1969-cu ildə Soljenitsının adı Nobel nominantları sırasına salınsa da, o, bu mükafatı ala bilmirdi, çünki bədii məziyyətindən başqa A.Soljenitsının əsərlərindəki siyasi çalarlar daha mühüm yer tuturdu. 
 Bu çıxış Heydər Əliyevin siyasi karyerası üçün böyük təhlükə yaradırdı. Lakin Heydər Əliyev bu təhlükələri göz önünə alaraq gerçəklikləri ortaya qoyurdu. Məhz bu idi Heydər Əliyev fenomenini başqalarından fərqləndirən səciyyəvi xüsusiyyət. Dövləti idarə etməyə belə cəsarətli çıxışla başlayan Heydər Əliyev öz siyasi fəaliyyəti dövründə həyat kredosuna sadiq qaldı, gerçək kimliyindən imtina etmədi. Bir əqidəyə namusla xidmət etdiyini kommunist ideyalarına inandığını etiraf etdi. Lakin sonralar bu ideyanın yanlış olduğunu, SSRİ-nin imperiya olduğunu da səmimiyyətlə etiraf etdi. Heydər Əliyevin respublikaya birinci hakimiyyəti dövründə məhz başqa müttəfiq respublikalardan fərqli olaraq dissident hərəkatı yaranmadı, çünki  ziyalıları sovet imperiyasının repressiya çarxlarının altından qoruya bildi. Bu onun siyasi bacarığının, milli düşüncəsinin və təəssübkeşliyinin nəticəsi idi. Gəlin o dövrün siyasi gerçəkliklərinə və tarixi xronologiyasına nəzər salaq. 
Heydər Əliyev hakimiyyətə gəlməsindən cəmi 4 ay sonra (2 noyabr 1969-cu il) Bakı Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsinə nail olur. Burada Heydər Əliyev Azərbaycan dilində çıxış edir. Müttəfiq respublikaların rəhbərlərinin əksəriyyətinin rus dilində danışmasına baxmayaraq, Heydər Əliyevin ana dilində ziyalılar qarşısında çıxış etməsi onun milli düşüncəsindən irəli gələn strateji hədəflərə söykənən bir jest idi. Bu, Heydər Əliyevin milli dil siyasəti ilə bağlı gələcəkdə həyata keçirəcəyi doktrinanın ən vacib komponenti idi. Heydər Əliyev çıxışında deyir ki, yarım əsrdir universitet bilik məşəlini uca tutur, vətənə, xalqa fədakarlıqla xidmət edir. Azərbaycanın bu birinci ali məktəbi doğma xalqın mənəvi dirçəlişində, onun iqtisadiyyatının və mədəniyyətinin tərəqqisində elə böyük, elə nəcib rol oynamışdır ki, universitetin 50 illiyi əsl ümumxalq təntənəsinə çevrilib. 
Ulu Öndər qeyd edir ki, Azərbaycan xalqının tarixində birinci ali məktəbin yubileyi çox mühüm hadisədir. Onun ictimai əhəmiyyəti Azərbaycanın dövlət hüdudlarından çox-çox kənara çıxır. Bakıda universitet Azərbaycan xalqının həyatının ağır günlərində yaradılmışdır. Çünki 1919-cu ildə Azərbaycanın ictimai-siyasi dairələrində universitet açmaq haqqında məsələ müzakirə olunduqda bəziləri şəkk gətirib deyirdilər ki, bu iş baş tutmayacaq, yaxşısı budur gəncləri xarici ölkələrin tanınmış universitet mərkəzlərində təhsil almağa göndərək. Bu gün həmin inamsızlara deyə bilərik ki, dörd qitənin elçiləri təhsil almaq üçün Azərbaycana gəlirlər. Azərbaycanın ali məktəblərində dünyanın 27 xarici ölkəsinin gəncləri təhsil alır.

 

SSRİ-də disidentlik hərəkatı - Soljenitsın, Saxarov və Rostropoviç

 

Soljenitsın 1962-ci ildə sovet lideri Nikita Xruşşovun razılığı ilə Stalin repressiyalarından bəhs edən "İvan Denisoviçin həyatında bir gün" adlı ilk romanını nəşr etdirdi. Onun Sovet İttifaqında nəşr olunan sonuncu əsəri 1963-cü ildə "Matryonanın yeri" idi. Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra sovet hakimiyyəti Soljenitsını yazmağa davam etməkdən çəkindirməyə çalışdı. Onun 1966-cı ildə "Xərçəng şöbəsi", 1968-ci ildə "Birinci dairədə", 1973-cü ildə nəşr olunan "Qulaq arxipelaqı" əsəri sovet rejiminin ciddi etirazlarına səbəb oldu. Nəhayət, 1974-cü ildə Soljenitsın sovet vətəndaşlığını itirdi və təyyarə ilə Qərbi Almaniyaya getdi və geri qayıtmadı. O, 1976-cı ildə ailəsi ilə birlikdə ABŞ-yə köçdü və burada yazmağa davam etdi.
SSRİ-də ikinci tanınan dissident Andrey Dmitriyeviç Saxarov idi. Sovetlər hakimiyyəti Saxarovun fikirlərini zərərli sayaraq ona qarşı repressiyalar həyat keçirirdilər. Saxarova görə, kapitalist dövlətlərlə iqtisadi və siyasi sahədə əməkdaşlıq normal sayılmalıdı. Bu isə kommunist ideologiyasına uyğun deyildi. Saxarov 1975-ci ildə Nobel sülh mükafatı ilə təltif olunmuş, lakin SSRİ hökuməti onu 1986-cı ilə qədər ölkə içində sürgündə saxlayır. O, həmçinin  SSRİ-nin Əfqanıstana qoşun yeritməsinə qarşı olmuşdu. Nikita Xuruşşov A.Saxarov haqqında  KQB-də ayrıca qovluq açdırmış və onun əleyhinə kompromatlar toplamışdı. 
                

Heydər Əliyevin Rostropoviçlə görüşü

 

Bakıda doğulan məşhur violonçel ifaçısı Mstislav Leopoldoviç Rostropoviç zadəgan nəslindən idi. Rostropoviç sovet ideologiyasının ən təhlükəli illərində belə sərhədsiz, siyasi təsir və təzyiqlərdən azad sənət adamı, sərbəst fikir azadlığı olan və sovet ideologiyasına zidd demokratik ideyaları çəkinmədən səsləndirən insan idi. 1970-ci ildə Rostropoviç sovet ideologiyasının təqiblərinə məruz qalmış yazıçı A.Soljenitsına öz evində sığınacaq vermişdi. Soljenitsınla dostluq münasibətləri və digər dissidentlərə verdiyi dəstək səbəbindən Rostropoviç hakimiyyətin qəzəbinə tuş gəlmişdi. O, konservatoriyanı tərk etməli olur. Nəhayət, Rostropoviç ailəsi ilə birgə 1974-cü ildə Sovet İttifaqını tərk edərək ABŞ-yə yollanır. Tezliklə vətənində musiqi fəaliyyətinə qəti qadağa tətbiq olunur və 1978-ci ildə sovetlərin mədəni azadlığa qoyduğu məhdudiyyətlərə qarşı kəskin çıxışlarına görə sovet vətəndaşlığından məhrum edilir.
1 may 1997-ci ildə Bakıda Heydər Əliyev Rostropoviçin yubiley görüşündə bu barədə maraqlı fikirlər səsləndirir. Jurnalistin "Məlumdur ki, Rostropoviç dissident olan vaxtlar Siz DTK-nin generalı idiniz. Bu, sizin onunla münasibətlərinizə nə dərəcədə təsir göstərirdi? Ola bilsin ki, siz o vaxtlar onun müqəddəratında müəyyən dərəcədə iştirak edirdiniz... Daha bir sual: Belə bir fikir var ki, SSRİ-də yenidənqurmaya məhz DTK başlamışdı" suallarına Heydər Əliyev diqqətəlayiq cavab verir: "Bəli, mən DTK-nin generalı olmuşam. Bu, doğrudur. Bəziləri bunu həmişə mənim bioqrafiyamın mənfi səhifəsi kimi qələmə verməyə çalışırlar. Hesab edirəm ki, mənim bütün bioqrafiyam müsbətdir. Mən öz bioqrafiyamın bir sətrindən də imtina etmirəm və keçmişdə mənim həyatımda nə olmuşsa, hamısı ilə fəxr edirəm. Mən cavan yaşlarımdan Kommunist Partiyasının üzvü olmuşam, dövlət təhlükəsizliyi orqanlarında olmuşam, burada uzun illər ərzində xidmət etmişəm, burada dövlət təhlükəsizliyi naziri, general olmuşam. Bunların hamısı olubdur. Lakin 1969-cu ilin iyul ayında məni Azərbaycan KP MK-nin birinci katibi seçdilər, Rostropoviç isə 1974-cü ildə dissident olmuşdur. Nə deyə bilərəm? Azərbaycanın Dövlət Təhlükəsizliyi Komitəsində işlədiyim dövrdə də, respublikaya rəhbərlik etdiyim 14 il ərzində də Azərbaycanda dissidentlər olmayıbdır. Soruşa bilərsiniz: niyə? Dissidentlər olmağına olmuşdur, amma biz onları dissident hesab etmirdik. Yəni onları dissidentlik halına gətirib çıxarmırdıq, sadəcə olaraq, dissidentlər axtarmırdıq".

 

"Gülüstan" poeması və Bəxtiyar Vahabzadə

 

Azərbaycanda da ötən əsrin 60-70-ci illəri milli hisslərin coşduğu bir dövr idi. Heydər Əliyevin rəhbər kimi ana dilində danışması, ziyalıları himayə etməsi milli hissləri daha da coşdururdu. 
Xalq şairi Bəxtiyar Vahabzadənin 1958-ci ildə Şəkinin "İpəkçi" qəzetində çap olunan  "Gülüstan" poemasında milli azadlıq və müstəqillik ideyaları aşılanırdı. Poema getdikcə populyarlıq qazanır və əl-əl gəzirdi. Heydər Əliyevin hakimiyyəti dönəmində "Gülüstan" poeması həddindən artıq geniş yayılmışdır. Artıq Bəxtiyar Vahabzadənin həbs edilməsi məsələsi Azərbaycan SSR-nin DTK-də müzakirə edilirdi. Heç kimə sirr deyildi ki, respublikanın Dövlət Təhlükəsizlik Komitəsi yerli hakimiyyətdən çox SSRİ-nin rəhbərliyinin maraqlarına xidmət edir, öz kampitensiyasına aid olan məsələdə heç kimə güzəştə getmirdi. Xüsusi ilə qeyri-ruslara qarşı daha amansız idilər. Sovet ideologiyasının əleyhinə gedən rus disidentlərinə belə heç bir güzəşt edilmirdi. Yuxarıda Soljenitsın və Saxarov, eləcə də Rostropoviç nümunəsinə diqqət etmək kifayətdir ki, ovaxtkı mənzərə gözləriniz önündə canlansın.     
Heydər Əliyev özü bu hadisələri belə xarakterizə edir: "Mən Dövlət Təhlükəsizlik Komitəsində işləyən zaman Bəxtiyar Vahabzadənin həbs olunması məsələsi meydana çıxmışdı. O vaxtı mən onu xilas etdim. Mən qoymadım o həbs olunsun. Nəinki qoymadım, onunla dəfələrlə söhbət apardım. Ona öz məsləhətlərimi verdim. Hamısı onun xatirindədir. Belə bir insan o vaxtları böyük bir fəlakət qarşısında idi. Nəyə görə? Heç bir cinayəti yox idi. Nəyə görə? Ona görə ki, o, millətini sevirdi. Millətin qayğıları haqqında yazılar yazırdı, şeirlər yazırdı. "Gülüstan" poeması yazmışdı. Ondan ötrü onun həbs olunmaq məsələsini qoymuşdular. Xəlil Rzanı həbs etmək məsələsini qoymuşdular." 
Azərbaycan Prezidenti Heydər Əliyev Xalq şairi Bəxtiyar Vahabzadəyə 75 illik yubileyi münasibətilə göndərdiyi təbrik məktubunda qeyd edir: "Vətənlə, xalqla, ana dilimizlə qırılmaz tellərlə bağlı olan hər bir misranızdakı hikmət ölkəmizin müstəqilliyi uğrunda vətənpərvər mübarizlərin yetişməsində böyük rol oynamış və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bir örnək olmuşdur. Siz yüksək ideallar tərənnüm edən poeziyanızla millətin birliyinə, ləyaqətinə ehtiram hissləri aşılamış və onların təntənəsi uğrunda səbirlə, yorulmadan, ardıcıl mübarizə aparmısınız". 
Rusiyalı araşdırmaçı tarixçi Nikolay Zenkoviç "Heydər Əliyev. Tale yolları" adlı avtobioqrafik əsərində bu barədə yazır: "Azərbaycan  ərazilərini çar generalları silah gücünə qanlı çarpışmalarda zəbt etmişlər. Heydər Əliyev xidməti məlumatı oxuyur, gözlərinə inanmırdı. "Aranı qarışdıranlar" tanınmış tarixçilər M.İsmayılov, S.Əliyarov idilər. Xüsusən təəccüblü idi ki, hamı üçün sanki aydın olan bu faktları təkzib edən alimlər arasında Böyük Vətən müharibəsinin iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun da adı vardı. Qalmaqal universitet divarlarından kənara yayılmışdır.  Kommunist Partiyasının Mərkəzi Komitəsinə və DTK-yə müraciət edən "xeyirxahlar" tələb edirdilər ki, həmin alimlərə, xüsusən də Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadova qarşı ən sərt tədbirlər görülsün. Bu ideoloji təxribata gözyummaq olmaz! Beş il əvvəl Azərbaycanın Rusiya tərkibinə könüllü daxil olmasının yubileyi ilə əlaqədar təntənəli tədbirlər keçirilmiş, respublikanı "Lenin" ordeni ilə təltif etmişdilər, indi isə gözlənilmədən belə bir xoşagəlməz hadisə baş verib. Əliyev "aranı qarışdıranlarla" söhbət etdi. Onlar tarixi mənbələr, o cümlədən Rusiya arxivlərindən olan sənədlər göstərdilər. Qaynaqlar sübut edirdi ki, alimlər doğru danışırlar. Heydər Əliyev tapşırıq verdi ki, bu işi elmi mübahisələrə aid edərək bağlasınlar".

 

Əbülfəz Elçibəy: "...öz-özümə boynuma da almışam ki, səhv etmişəm"

 

Eks-prezident Əbülfəz Elçibəyin Heydər Əliyev haqqında fikirləri bu mövzuda maraq doğurur.  Əbülfəz Elçibəy: "Deyirdim ki, bu quruluş dağılacaq" (Bakı, Gənclik, 1992) adlı kitabında 70-ci illərdə rus dilinin geniş yayılması ilə əlaqədar tənqidi fikirlərini səsləndirməsi ilə bağlı müsahibəsində Heydər Əliyevin həmin dövrdəki xidmətlərindən danışır. 
Əbülfəz Elçibəy sovet rəhbərliyini və Heydər Əliyevi necə tənqid etməsindən danışır: "Sonra Sovet İttifaqını idarə edənlərin hamısının yaşlı, oturuşmuş, savadsız, intellektual səviyyəsiz adamlar olduğunu (Brejnevdən tutmuş Qrişinədək) deyirdim. Hətta Heydər Əliyevin özünü də. Məsələn, Heydər Əliyevin Azərbaycanda nə üçün dövlət başçısı ola bilməyəcəyini belə əsaslandırırdım ki, o, güclü savad almayıb (onda belə düşünürdüm), Dövlət Təhlükəsizliyi Komitəsinin məktəbini qurtarıb. DTK haqqında da o zaman eşitmişdim ki (xaricdə olan bir azərbaycanlının yazısı idi), Göbbels qəddarlıqda Sovet İttifaqı "Kaqebe"sində (bu cür ifadə etmişdi) işləyən adicə bir serjantın əlinə su tökməyə layiq deyil. Yəni bu sistem belədir - qəddarlıq sistemidir. Bunu hamı görürdü. Mən də düşünürdüm ki, Heydər Əliyev də burada böyüyüb. Eşitmişdim ki, 25 il yaxasında zəhər gəzdirən kəşfiyyatçılardandır. Deyirdim ki, bu adam həyatda ağır yollar keçib, ölümlə üz-üzə gəlib, bəlkə lap adam da öldürüb; ondan humanist başçı ola bilməz. Doğrudan iddiam bu idi. Ancaq etiraf edirəm ki, onun savadının nə səviyyədə olduğunu o zaman düzgün bilməmişdim. Mən fikirləşirdim ki, o, Tarix fakültəsini qiyabi qurtarıb. Deyirdim ki, Tarix fakültəsində ona dərs deyən müəllimlərin səksən faizi savadsızdır, onu özü də qiyabi qurtarıb - onun nə savadı ola bilər?"
Ə.Elçibəy sonra Heydər Əliyevin güclü şəxsiyyət olmasını etiraf edərək söyləyir: "Amma mən bil-mirdim ki, Heydər Əliyev xüsusi məktəb keçib. Sonradan gördüm ki, onun çox möhkəm yaddaşı və yüksək qabiliyyəti var. Mən həbsxanaya getdim, həbsxanada da onun əleyhinə oldum, çıxandan sonra da bir-iki il onun əleyhinə idim. Sonralar ki onun bəzi çıxışlarını, bəzi manevrlərini gördüm, inandım ki, o, çox idraklı adamdır, çox güclü şəxsiyyətdir, onun güclü şəxsiyyət olduğunu qəbul etdim. Doğrudan da, etiraf edirəm ki, Heydər Əliyevin təqribən 6 il, 7 il əleyhinə danışdığım halda sonradan elə olub ki, 6 il, 7 il də onu tərifləmişəm, öz-özümə boynuma da almışam ki, səhv etmişəm..." 
Ə.Elçibəy həmçinin deyir: "Mən Heydər Əliyevin güclü şəxsiyyət olması, onun güclü məlumat, fenomenal yaddaş sahibi olması haqqında fikrimdə indi də qalıram. Özü də, çox qəribədir ki, bu sözləri mən demirəm - onun ovaxtkı rəqibləri də elə onda mənimlə razılaşmayıb deyirdilər ki, Əliyevin fenomenal yaddaşı var, savadlı adamdır. Öz düşmənləri bunu etiraf edirdilər".   

 

Heydər Əliyev ziyalıları qoruyurdu!

 

Ə.Elçibəy etiraf edir ki, Heydər Əliyev milli görüşlü ziyalılara dövlət mükafatı verməklə həm həmin elm sahəsini inkişaf etdirir, həm də həmin şəxsləri qoruyurdu: "O zaman bir çox şeylərin - vətənpərvərliyin, milləti sevməyin hələ ana xətləri tamam qırılmamışdı, qalırdı, onu müdafiə edirdilər. Yəni hiss edirdin ki, bu millət özünü müəyyən qədər qoruyur, ziyalısı onu müdafiə edir (ya gizli, ya açıq şəkildə), özünüqoruma duyğusu qüvvətlidir.
Birincisi, Azərbaycan dilinin təbliğatı genişlənirdi. Azərbaycan dili müəllimləri kitablar buraxırdılar, hər yerdə çıxış edirdilər. Heydər Əliyevin ən böyük işlərindən biri bu idi. Azərbaycanda iki şeyi görəndən sonra Əliyevə münasibətim dəyişməyə başladı. Birincisi, ilk dəfə olaraq bir neçə dilçi alimə (yeddi nəfərdi, ya altı nəfərdi) bir yerdə dövlət mükafatı verdirdi. Azərbaycan  dilçilərinin nüfuzu qalxır və onlar toxunulmaz olurlar. Axı millətin təfəkkürünü inkişaf etdirməyə dilçilər başlayır. Bu baxımdan mükafatın çox xeyri oldu. Mükafat verilən kimi dilimizin işlədilməsi genişlənməyə başladı. Bu, çox təbiidir; o zaman eləydi - nəyə mükafat verilsəydi, həmin sahə inkişaf etdirilməliydi. Bu, Heydər Əliyevin xidməti idi".
Akademik Ziya Bünyadovun "Azərbaycan Atabəylər dövləti" əsərinə dövlət mükafatı verdirməsi… 
Bu da o deməkdi ki, vaxtilə Ziya Bünyadova "millətçi", "şovinist" deyə hər cür damğalar vururdular və indi o, alimi bütün hücumlardan qorudu, yəni siz ermənilər ki həmişə Ziyaya "millətçi" deyirdiniz, indi alın - o, dövlət mükafatı laureatıdır. Vaxtilə Heydər Əliyev Ziya Bünyadovu tənqid etmişdi. Ermənilər bundan istifadə edib yazırdılar ki, hətta Azərbaycan KP MK-nin birinci katibi belə onu tənqid edib və Ziyanı beləcə vururdular. Bu mükafatdan sonra isə ermənilər təzədən yazdılar ki, Heydər Əliyev millətçidir - o, millətçi Ziya Bünyadova dövlət mükafatı verdirib. 
Bax bu şəkildə hiss olunurdu ki, hamı öz vətənini, millətini istəyir, ancaq sadəcə olaraq, bunun müdafiə formalarını bilmir, hərə bir cür, öz bacardığı kimi müdafiə edir. Bu, bir xətt idi. Həmçinin Ə.Elçibəy etiraf edir ki, yetmişinci illərdə Azərbaycanda dissidentlik olmayıb.  

 

İlk "İstiqlal" ordeninin təqdim olunması

 

"Dövlətimiz müstəqil dövlətdir, formalaşır. Onun özünün yüksək mükafatları var. Ən yüksək mükafat təsis olunub - bu, "İstiqlal" ordenidir. Kimə birinci çatmalıdır bu orden? Mən bir neçə aydır bu haqda düşünürəm. Çox götür-qoy eləmişəm və xeyli müddət bundan qabaq belə qərara gəlmışəm ki, bu orden bax bizim şəxsiyyətlərimizə çatmalıdır. Şəxsiyyətlərimiz birinci növbədə buna layiq görülməlidirlər. Buna görə də dünən mən fərmanlar verdim, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə hörmətli şairimiz Bəxtiyar Vahabzadə, hörmətli şairimiz Məmməd Araz və çox hörmətli şairimiz, mərhum Xəlil Rza bu ordenlə təltif edildilər. Güman edirəm ki, mən doğru addım atmışam və hesab edirəm ki, xalqımız, ictimaiyyətimiz bunu yaxşı qarşılayacaq. Mən artıq bu gün aldığım məlumatlardan hiss eləyirəm ki, bunu yaxşı qarşılayacaqlar. Ona görə də sizi təbrik eləyirəm, Məmməd Araz, səni təbrik eləyirəm, Bəxtiyar, səni təbrik eləyirəm. Sizin uzun illər həqiqətən xırda-xırda, misra-misra, damcı-damcı yaratdığınız əhvali-ruhiyyə Azərbaycan xalqını gətirib bugünkü vəziyyətə çıxartdı".
Heydər Əliyev Azərbaycanın görkəmli ziyalıları Bəxtiyar Vahabzadəni, Məmməd Arazı və Xəlil Rza Ulutürkü məhz milli azadlıq hərakatındakı xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif etdi. 4-cü ordeni Mirvarid Dilbaziyə verərkən onun Azərbaycan ədəbiyyatındakı xidmətlərini nəzərə almaqla siyasi palitranı obyektiv dəyərləndirdi. 
         

Rəsulzadə ailəsi ilə görüş 

 

Heydər Əliyevlə Rəsulzadə ailəsinin görüşü barədə böyük siyasi xadimin nəvəsi Əməkdar rəssam Rais Rəsulzadənin fikirləri maraqlıdır. Heydər Əliyevlə görüşlərini xatırlayan R.Rəsulzadə deyir ki, 1991-ci ildə atası ilə Bakıda Şəhidlər xiyabanını ziyarət edərkən təsadüfən Ulu Öndərlə görüşüblər: 
"Yanında jurnalistlər var idi. Özü də girəcəkdə idi, müsahibə verirdi. Onların hamısını araladı, düz bizim yanımıza gəldi. Atamla salamlaşıb dedi ki, siz Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərsiniz? Atam dedi, bəli. Heydər Əliyev dedi ki, mən sizi bir dəfə televizorda görmüşəm. Necəsiniz? Nə var, nə yox? Eşitmişdim problemləriniz var. Səhhətiniz nə yerdədi? Atam da dedi ki, necə olacaq, "xalq düşməni" damğasını atmışam, gəlmişəm bura. Heydər Əliyev də dedi ki, mən də "kommunist" damğasını atmışam. Sabah burada Milli Məclisdə çıxış etməliyəm. Bizim burada 3 evimiz var idi. Atam deyirdi ki, o evləri aldılar. Atam Heydər Əliyevdən soruşdu ki, düzünü deyin, mən Bakıya gəlsəydim, siz mənə ev verərdiniz? Heydər Əliyev də atama dedi ki, əlbəttə, sizə ev verərdim, niyə vermirdim". 
R.Rəsulzadə həmçinin vurğulayıb ki, atasının nəşini Bakıya Ümummilli Lider gətirdib. R.Rəsulzadə Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bildirib ki, atasına qarşı dəfələrlə təxribat törədiblər. Hətta Məhəmməd Əmin Rəsulzadənin vəfatından istifadə etmək istəyənlər də olub. 
M.Ə.Rəsulzadənin yadigarı atasının son arzusunu açıqlayıb: "Atam vəsiyyət eləmişdi ki, vətəndə dəfn olunsun. Kimsə gəlib Heydər Əliyevə Rəsulzadənin oğlunun vəfat etdiyini deyəndə, soruşmuşdu ki, siz hələ onu gətirməmisiniz? Ondan sonra xəbər aldıq ki, təyyarə gəlir. Gecə ilə gəldilər, apardıq, Novxanıda babasının yanında dəfn elədik".
Bütün bu faktları nəzərə alsaq, deyə bilərik ki, Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, onun ictimai-siyasi həyatdakı bənzərsiz əməli siyasətçiliyi və təşkilatçılığı, müdrikliyi, filosofluğu ilə vəhdət təşkil edir. Təsadüfi deyil ki, dahi şəxsiyyətin fəaliyyətini tədqiq edən alimlər Heydər Əliyevin siyasət məktəbini "siyasi tərbiyə institutu" kimi dəyərləndirərək onun insan və cəmiyyətin kamilləşməsində əsas amil olduğunu göstərirlər. Qeyd etmək istəyirəm ki, Heydər Əliyev şəxsiyyəti, fəaliyyəti və onun yaratdığı siyasət məktəbi əməli-siyasi idarəçilik sahəsində çalışan hər bir şəxs üçün yüksək ictimai tərbiyə və siyasi kamillik məktəbi nümunəsi ola bilər və olmalıdır.
Heydər Əliyevin Azərbaycan ziyalılarını necə qorumasının az bir hissəsini əhatə edən bu yazı əliyevşünaslıq üçün kiçik bir töhfədir.
Ruhu şad olsun!    

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video