08 Dekabr 2023 09:11
18489
SİYASƏT
A- A+

Zəfər mandatı

 

Prezidenti bu dəfə ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən bütün Azərbaycan seçəcək

 

Azərbaycan vətəndaşları 60 gün sonra müstəqillik dövrünün 9-cu prezident seçkisində liderini müəyyənləşdirəcək.
Bu, yeni tariximizin dördüncü növbədənkənar prezident seçkiləridir. Amma budəfəki mahiyyət ilk iki seçkidən tam fərqlidir, yəni 1992 və 1993-cü illərin məlum situasiyalarının əksidir. Həmin dövrlərin növbədənkənar seçkiləri hərbi tənəzzülün, iqtisadi böhranın, siyasi təlatümlərin nəticəsi olaraq meydana çıxmış, ən əsası, ölkə rəhbərlərinin öz ali postlarından qaçmaları səbəbindən zərurətə çevrilmişdi.
2018-ci ilin aprel növbədənkənar seçkiləri isə Azərbaycana tarixinin ən qüdrətli dövrünü, ən möhtəşəm inkişafını yaşadan, ümummilli etimad qazanan Prezidentin siyasi qərarı ilə gerçəkləşmişdi.
2024-cü ilin 7 fevral növbədənkənar seçkilərinə isə tariximizin ən möhtəşəm Zəfərinin yaratdığı reallıqlar fonunda ortaya çıxan siyasi, iqtisadi, hüquqi, ən əsası, qlobal zərurətlər kontekstində gedirik…
Bu dəfə Prezidentə ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən bütün Azərbaycan səs verəcək!.. 
Prezident indi həm də savaşda qazandığı Zəfər mandatını ümummilli etimadla möhkəmləndirəcək!..

 

Yeni dövrün başlanğıcı

 

Seçkilərin növbədənkənar keçirilməsini şərtləndirən amillər sırasında post-qələbə dövrünün gerçəklikləri xüsusi yer tutur. Vətən Savaşındakı qələbə və antiterror tədbirlərinin nəticəsi Azərbaycanın bütövlüyünü və konstitusiya quruluşunun birmənalı təsbitini yekunlaşdırmaqla yanaşı, yeni dövrün başlanğıcı oldu.
Bu hansı dövrdür?
İlham Əliyev və onun şəxsində Azərbaycan: 
- Qafqazın birmənalı siyasi, iqtisadi, hərbi qüdrətini təmin edir; 
- Qafqazın sülh və təhlükəsizliyinin zəmanətverici amili olmaqla yanaşı, Yaxın Şərqdən Avropayadək geniş arealın ehtiyac duyduğu davamlı sabitliyə töhfə verir; 
- Avropanın neft, qaz, "yaşıl enerji", ən nəhayət, hidrogen təminatında etibarlı tərəfdaşa çevrilir;
- Avrasiyanın yeni geosiyasi və geoiqtisadi "oyun qaydalarını" korrektə edir; 
- Avrasiyada fövqəlqüvvələrə qarşı effektiv mübarizənin əsasını qoyaraq, sıralarını daim genişləndirən hərbi-siyasi faktor kimi tanınır;
- Qoşulmama Hərəkatındakı uğurlu təcrübəsi əsasında yeni siyasi-iqtisadi güc plaftorması yaradır; 
- qlobal nüfuz sahibi olaraq, qlobal gücləri özü ilə hesablaşmağa məcbur edir; 
- coğrafi xəritənin kiçik nöqtəsi, ancaq siyasi-iqtisadi xəritənin nəhəng ərazisidir;
- Avropa ilə Asiyanın böyük təhlükə və problemlə üzləşən iqtisadi-ticari əlaqələri üçün səmərəli marşrutu formalaşdırır; 
- "dünya jandarmeriyası" sayılan ABŞ və onun avropalı tərəfdaşlarının qarşısında müstəqil siyasət yürüdür, qürurlu münasibət göstərir;
- milli dövlətçilik, milli təhlükəsizlik, milli inkişaf kimi istiqamətlərdə dünyanın ən yaxşı modellərindən birini yaradır və s.

 

Seçkilər niyə önə çəkilir

 

Göründüyü kimi, bütün sahələrdə İlham Əliyevin və Azərbaycanın həyata keçirdikləri siyasət, təşəbbüslər məhz qlobal səciyyə daşıyır, məmləkət miqyasından beynəlxalq səviyyəyə qədər əhəmiyyətliliyini qoruyur.
Dünyanın gözü indi Azərbaycanda və onun Liderindədir. Dostlarımız kimi düşmənlərimizin də sayı artıb. 
Azərbaycan və onun Prezidenti ərazi bütövlüyünü heç bir kənar qüvvənin yardımı olmadan təmin edən və son onilliklərdə heç bir dövlətə qismət olmayan tarixi nailiyyətin müəllifidir. 
İlham Əliyevin və onun dövlətinin qalib, məğrur, müstəqil duruşunu nümunə-tək qəbul edənlər kimi, bundan rahatsız olub, yeni savaş üçün bəhanə axtaranlar da var. 
Azərbaycan ətrafında yeni əməkdaşlıq platforması yaranır. Bura qeyri-rəsmi müstəmləçilikdən hələ də əziyyət çəkən, fövqəlgüclərin təsir dairəsindən çıxmağa çalışan, öz təbii sərvətlərini xaricilərin inhisarından çıxarıb millətinə qaytarmaq istəyən dövlətlər, həmçinin hətta müstəqil olsalar da, Avrasiyada sabitlik və təhlükəsizlik şəraitində iqtisadi-sosial inkişafa çalışan ölkələr aiddir. İlham Əliyev və Azərbaycanın davamlı dəstəyi bu ölkələrdə öz haqlı mübarizələrinə inam, motivasiya yaradır, onları dövlətçilik amalları ətrafında daha sıx səfərbər edir. Həm də qarşılıqlı etimad mühitində əməkdaşlığın səmərəli nəticə verəcəyi reallığını təşviq edir.
Eyni zamanda dövlətimizin və Prezidentin qarşısında daha geniş rəqib, əslində, düşmən dövlətlər şəbəkəsi formalaşıb. Dünyanı dəfələrlə bölüşdürüb, indi yeni paylar həvəsinə düşən fövqəlgüclər həm öz maraqlarının Azərbaycan tərəfindən davamlı tapdalanmasının, həm də dünya erməniliyinin qisasını ölkəmizdən, xalqımızdan və Prezidentdən almağa cəhdlər edirlər.
Bütün bunlar nəticə etibarilə dövlətin və hakimiyyətin qarşısındakı çoxvektorlu hədəfləri iki istiqamətdə müəyyənləşdirir: 
- Nailiyyətlərin kəmiyyət və keyfiyyət göstəriciləri artırılmalı, inkişafın miqyası genişləndirilməli, Azərbaycanın regional liderliyinin qlobal liderliyə transformasiyası uğurla aparılmalıdır;
 - yeni dövrün bu taleyüklü vəzifə və proseslərinin icrasında bütün təhlükələri zərərsizləşdirmək, yarana biləcək maneələrin qarışısını ilk həmlədə məhv edəcək dövlətçilik mexanizmi daha da təkmilləşdirilməlidir.

Davamlı inkişaf və möhkəm təhlükəsizlik!
Yəni Zəfərin reallıqlarının yeni tarixi dövrdə bütün risklərdən qorunması və uğurlu gedişinin təmini!
Beləliklə, İlham Əliyev bu tarixi missiyasını həyata keçirmək üçün xalqdan yeni etimad mandatı almağa qərar verib. 

 

İslahatların yaratdığı zərurət

 

Növbədənkənar prezident seçkilərinin bir səbəbi də ölkədə aparılan genişmiqyaslı islahatların yaratdığı hüquqi, siyasi, iqtisadi tələblərlə bağlıdır.\ 
Prezident İlham Əliyev strateji düşünərək mövcud maliyyə-iqtisadi duruma adekvat olan və qlobal çağırışlara cavab verən yeni islahatlar kursuna başlayıb.. Son illər ərzində bu yönümdə aparılan islahatlar ilkin uğurlu nəticələrini verdi, ölkə iqtisadiyyatının bütün sahələrində, xüsusən də qeyri-neft sektorunda əsaslı canlanma yarandı və bu proseslər beynəlxalq ekspertlər tərəfindən "böhran şəraitində inkişaf" kimi dəyərləndirildi.
İlham Əliyevin yeni islahatlar kursu ölkədə köklü yeniliklərə, müasir inkişaf tendensiyalarına təkan oldu, dövlətin mövcudluq və müstəqilliyin davamlılıq şərtlərini təmin edən amilləri gücləndirdi. Prezidentin müəllifi olduğu islahatlar təkmilləşmə, modernləşmə, demokratikləşmə və davamlı inkişaf prosesinin etibarlı təminatı, həmçinin daha geniş miqyasda tətbiqinin zəmininə çevrildi. 
İlham Əliyev çevik idarəçilik metoduna yiyələnmiş rəhbərdir. Yeni situasiya ondan islahatları daha geniş miqyasda aparmağı və vacib qərarların operativ qəbulunu tələb edir. Nəzərə alaq ki, bu gün üzərində işlənən layihələr, proqramlar böyük strateji dövr üçün nəzərdə tutulur və onların əksəriyyəti 2030-cu ilədək olan mərhələni əhatə edir.
Bu şərait Prezidentdən təxirəsalınmaz vacib qərarların qəbulunu tələb edir. Seçkilərin önə çəkilməsi də yeni islahatlar kursunun vacib proqramlarının icrasını tez bir zamanda başlamaq üçün İlham Əliyevin xalqından yeni etimad mandatı almasına hesablanıb.

 

İlham Əliyevin yolu

 

Prezident seçkilərinin əsas məğzi vətəndaşların siyasi alternativlər sırasında inam bəslədikləri namizədə səs verməsi və ən üstün etimadı qazananın qalib elan olunmasıdır. Bu, həm də bir yarışdır.
Və bu yarışın son üç onillikdə qalibləri məhz müstəqilliyin, dövlətçiliyin, inkişafın alternativsiz təminatçısı olan siyasi kursunun təmsilçiləridir...
Prezidentə olan etimad ümummilli məna kəsb edir. İlham Əliyev qarşıdakı prezident seçkilərinə də bu misilsiz güc və yüksək siyasi potensialla - xalqın yeganə namizədi olaraq gedir.
Azərbaycan vətəndaşları, əslində, iki ay sonra baş tutacaq səsverməyə prezident seçkilərindən daha çox, Heydər Əliyev siyasi kursuna və İlham Əliyevin fəaliyyətinə ümumxalq etimad referendumu kimi yanaşır. Seçicilər bu aksiyada yalnız ictimai mövqelərini bildirməyəcəklər, həm də tarixin arxivindən hələ də baş qaldırmağa çalışan məlum qüvvələrə birdəfəlik yox deyəcək, Ulu Öndərin siyasi xəttinin alternativsizliyini növbəti dəfə təsdiqləyəcəklər.
Xalq geriyə - xaosa, böhrana, fəlakətə deyil, sabaha - davamlı tərəqqiyə, yüksələn rifaha, qüdrətli dövlətə səs verəcək...
Xalq Zəfərə səs verəcək…
Yolumuz tarixin ən qüdrətli Azərbaycanını yaradan Liderlədir...
Yolumuz İlham Əliyevlədir...
Yolunuz, yolumuz daim aydın olsun, cənab PREZİDENT!..

İxtiyar HÜSEYNLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video