24 May 2024 09:20
1113
SİYASƏT
A- A+

Yeni tarixi dövrün strateji mərhələsi

 

İlham Əliyevin prezidentliyinin ilk 100 günündə dövlətin və xalqın mühüm tarixi hədəfləri reallaşdı

 

7 fevral 2024-cü ildə keçirilmiş prezident seçkiləri ölkəmizin müstəqillik tarixinə Zəfər seçkisi kimi daxil oldu. Prezident İlham Əliyevin böyük səs çoxluğu ilə qazandığı parlaq Qələbə iyirmiillik prezidentlik fəaliyyətinin dövlət və xalq qarşısında mükəmməl hesabatına, yeni tarixi dövrün başlanğıcına çevrildi.

 

Böyük siyasi iradənin təcəssümü 

 

Məhz bu müddət ərzində Azərbaycanda bütün sahələrdə dayanıqlı və davamlı inkişafa nail olunmuş, xalqımızın rifah halı yaxşılaşmış, ölkəmizin beynəlxalq arenada nüfuzu və mövqeyi yüksəlmişdir. Bu səbəbdəndir ki, müdrik Azərbaycan xalqı böyük qürur və qətiyyətlə Prezident İlham Əliyevə səs verməklə, yeni zəfərlərə doğru gələcəyinə, tərəqqi və rifah dolu parlaq sabahlarına yol açmış oldu. Məhz bunun real göstəricisidir ki, böyük siyasi-tarixi önəmə sahib 
7 fevral 2024-cü il tarixli prezident seçkisi ölkəmizdə yeni dövrün, yeni inkişaf mərhələsinin başlanğıcı olmaqla yanaşı, ilk dəfə idi ki, suveren Azərbaycan Respublikasının bütün ərazisində keçirilirdi.
Boş vədlərə deyil, real siyasətə, əmələ inanan müdrik xalqımız güclü birlik nümayiş etdirərək, sevinc əhvali-ruhiyyəsi ilə seçkidə aktiv iştirak edib layiqli namizədə səs verməklə ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən, demokratiya pərdəsi altında öz çirkin niyyətlərini yürütməyə çalışan bütün mənfi qüvvələrə əsl demokratiya və bərabərlik dərsi keçdi. Bir sözlə, sonuncu prezident seçkisi 20 illik müqəddəs missiyanın yekunu, ölkəmizdə inkişafdan intibaha yol açan yeni ideallar və milli hədəflərə söykənən böyük səadət dövrünün carçısı oldu. 
Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidir. Tarixi Zəfərimizdən sonra milli-strateji vəzifə kimi qarşımızda duran ən mühüm məsələlərdən biri xalqımızın üzün illərdir gözlədiyi Böyük qayıdışın reallaşdırılmasıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrası uğurla həyata keçirilir. Azərbaycan işğaldan azad edilmiş ərazilərə üç onillik ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın Böyük qayıdışını yüksək səviyyədə təmin etməkdədir. 
Zəngilanın Ağalı kəndi Böyük qayıdışın ilk müjdəsi idisə, bu ilin 10 may - əlamətdar tarixi gündə ilk mərhələdə Şuşa şəhərinə 20 ailə - 88 nəfərin və Laçın rayonunun Sus kəndinə isə 20 ailə - 75 nəfərin köçürülməsi bu proqramın necə dəqiqliklə hazırlandığını, sürətlə və ardıcıl şəkildə gerçəkləşdiyini göstərdi. Eyni zamanda qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Müzəffər Ali Baş Komandanın böyük siyasi iradəsinin təcəssümüdür.

 

Yeni geosiyasi və tarixi reallıq 

 

Cənubi Qafqazın dünya siyasi və iqtisadi məkanına inteqrasiya prosesində artıq söz Azərbaycanındır. Bu, ədalətli və qətiyyətli mövqeyi, birmənalı olaraq ölkə Prezidentinin qlobal miqyasda nüfuzlu Lider olmasının nəticəsidir. Bunu son proseslər də bir daha bütün dünyaya bəyan etdi. İstər 5 aprel 2024-cü ildə Brüssel görüşünün təşkilatçıları olan ABŞ Dövlət katibi Blinken, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen görüşdən əvvəl Prezident İlham Əliyevə zəng edərək üçtərəfli görüşün təfərrüatlarını müzakirə etməsi, istərsə də Qarabağdan vaxtından əvvəl sülhməramlıların çıxarılması, 4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən ölkəmizə qaytarılması Azərbaycanın şanlı tarixi və bu tarixin müəllifi Prezident İlham Əliyevin dünyada artan nüfuzunun və siyasi lider kimi qəbul olunmasının göstəricisidir.
Rusiya sülhməramlılarının Qarabağı vaxtından əvvəl tərk etməsi Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uzaqgörən, uğurlu xarici və daxili siyasətin nəticəsidir. Artıq Azərbaycan özünün qurduğu düzgün, şəffaf və qətiyyətli xarici siyasəti ilə bütün sahələrdə uğurlar qazanır. Məsələnin uğurlu və operativ şəkildə həlli ilk növbədə Azərbaycan diplomatiyasının uğuru və ən başlıcası isə Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Bu faktın özü bir daha sübut etdi ki, Azərbaycan liderinin "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" fikri təsadüfi deyil. Azərbaycan Prezidentinin atdığı addımlar, həyata keçirdiyi tədbirlər publikaya yox, milli və dövlət maraqlarına xidmət edir. Belə vəziyyətdə isə bəzən zamana ehtiyac duyulur. Düşünülmüş, müstəqil və uzaqgörən siyasət hər zaman uğur gətirir. Azərbaycan tərəfi dəfələrlə sülhməramlı qüvvələrin ərazidə qalma müddətini uzatmayacağını qeyd edirdi. Belə də oldu. Rusiya sülhməramlılarının ölkəmizi tərk etməyə başlaması İkinci Qarabağ müharibəsindən, o cümlədən Qarabağda separatizmə son qoyulduqdan sonra növbəti uğurumuz və qələbəmiz oldu. 
Cənab Ali Baş Komandan Yaxın Şərqin və postsovet ölkələrinin siyasi tarixində son 200 ilə yaxın bir dövrdə görünməmiş bir hadisəni reallığa çevirdi. Azərbaycan bütün dünyada ilk dəfə olaraq sülh yolu ilə sülhməramlıları öz ölkəsinə göndərdi.

 

Xalqa növbəti ərmağan

 

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair açıqlama 4 qeyri-anklav kəndin qaytarılması, 200 ildən artıq bir dövrdə itirilən Azərbaycan torpaqlarını addım-addım toplayan cənab İlham Əliyevin xalqa növbəti hədiyyəsi və ərmağanı oldu.
 Qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ilin noyabrında üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra Prezident İlham Əliyev qaldırmışdı və bu müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı, bu istiqamətdə ardıcıl iş aparıldı. Bütün ali tribunalardan ölkəmiz birmənalı şəkildə bəyan və xəbərdarlıq edirdi ki, Ermənistan davamlı sülh istəyirsə, öz gələcəyini düşünürsə, bəzi dövlətlərin köləsi olaraq yaşamaq istəmirsə, işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmalıdır, Azərbaycan torpaqlarının bir qarışının belə işğal altında qalmasına imkan verməyəcək. Və belə də oldu, ölkəmizin ermənipərəst dairələrin məkrli niyyətlərinə rəğmən həyata keçirdiyi ardıcıl və düşünülmüş siyasət əlamətdar tarixi günləri yaşamağı bizə nəsib etdi. Beləliklə, 44 günlük müharibədə qələbədən, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpasından, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra Azərbaycan Lideri bu dəfə də bir güllə belə atmadan 4 qeyri-anklav kəndi işğaldan azad etdi. Nəticədə əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addım oldu. Delimitasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə baş verdi. 
Bütün deyilənlərin fonunda belə bir həqiqət də öz təsdiqini tapır ki, güclü və müdrik lideri olan dövlət qarşısında duran bütün məqsədlərə nail ola bilir. Bu baxımdan Vətən müharibəsindən sonrakı bütün proseslərə, ən son 4 qeyri-anklav kəndin qaytarılmasına da nəzər salsaq, Prezident İlham Əliyevin siyasi-diplomatik müstəvidə birmənalı olaraq ən önəmli LİDER olduğu bir daha aydın görünür.

 

Regional güc mərkəzi

 

Bu gün Azərbaycanın yüksəksəviyyəli mötəbər tədbirlərə uğurla evsahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Azərbaycan mühüm beynəlxalq qurumlarda sadəcə üzv kimi təmsil olunmur, həm də bir çox qərarın qəbulunda və icrasında yaxından iştirak edir. 
23 aprel 2024-cü il tarixdə keçirilən "COP 29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda ölkə Prezidenti cənab İlham Əliyevin çıxışı dünya dövlətlərinə ölkəmizin nə qədər təhlükəsiz, bölgədə sülh və davamlı inkişafın təminatçısı olduğunu bir daha nümayiş etdirdi. Üçüncü Dünya müharibəsinin izlərinin göründüyü, müxtəlif qütblərdə xaos və anarxiyanın tüğyan etdiyi bir zamanda ölkəmiz sabit, təhlükəsiz bir bölgəyə çevrilib. Təbii ki, bütün bu nailiyyətlərin, uğurların müəllifi siyasi lider cənab İlham Əliyevdir. Onun yaratdığı reallıqlardır. 
"COP 29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum dünya dövlətlərinə bir daha nümayiş etdirdi ki, Azərbaycanın gücü bütün komponentlərin paralel və balanslı inkişafında, daxili sabitliyin təminatında, ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində, onun regional güc mərkəzinə çevrilməsindədir.
Dünyada qeyri-sabitlik və qarşıdurma ocaqlarının artdığı və Avrasiya miqyaslı geosiyasi dəyişikliklərin baş verdiyi bir zamanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də deyilənlərin real təsdiqidir. Qlobal əhəmiyyət kəsb edən beynəlxalq məsələlərin həlli üçün Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda keçirilən forum Azərbaycanın bəşəri problemlərə biganə olmadığını və qloballaşan dünyada həm də Cənubi Qafqazda baş verən hadisələrə yeni bir baxış bucağı sərgilədiyini nümayiş etdirdi.
2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış, mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan "Bakı Prosesi" mənəvi-mədəni dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş və qlobal hərəkata çevrilmiş "Bakı Prosesi" çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilir. Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilən bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin təbliği baxımından da son dərəcə önəmlidir.
2011-ci ildən bu günə qədər keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında aparıcı rolunun bir daha bütün dünyaya sübutu olmaqla yanaşı, həm də ciddi bir beynəlxalq platformaya çevrildiyini göstərdi. 

 

Yeni reallıq yaradan Lider

 

Cənab İlham Əliyevin prezident fəaliyyətinin ötən 100 gününün uğurları, tarixə yazdığı möhtəşəm qələbələri deməyə əsas verir ki, dövlətimizin başçısının qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə düşünülmüş və məqsədyönlü siyasəti, uzaqgörən qərarları tarixinin ən qüdrətli Azərbaycanını daha möhtəşəm gələcəyə aparır. Prezident İlham Əliyev Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, milyonların sevgisini qazanan LİDERdir.
Avropa ölkələrinin liderləri də cənab İlham Əliyevi dünyanın aparıcı siyasətçiləri sırasında öz sözü, qətiyyətli mövqeyi olan dövlət başçısı və vədinə sadiq etibarlı tərəfdaş kimi qəbul edirlər. 
Bütün deyilənlərin fonunda belə bir həqiqət də öz təsdiqini tapır ki, güclü və müdrik lideri olan dövlət qarşısında duran bütün məqsədlərə nail ola bilir. Bu baxımdan tariximizə qızıl hərflərlə həkk olunan ötən 100 gün Prezident İlham Əliyevin siyasi-diplomatik müstəvidə birmənalı olaraq ən önəmli LİDER olduğunu bir daha təsdiqləyir.

Arzu ABDULLAYEV,
Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video