Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində canını vətənə fəda edən şəhidlərimizin ailə üzvlərinin, bu haqq savaşında yaralanaraq sağlamlıqlarını itirən qəhrəman oğullarımızın sosial təminatı, eləcə də məşğulluq məsələlərinin həlli istiqamətində xüsusi proqram həyata keçirir.
Görülən işlərin mənzərəsini yaratmaq üçün bircə faktı qeyd etmək kifayətdir: bu kateqoriyalardan olan 26,2 min şəxsin məşğulluğuna dəstək göstərilib. Nazirlik sistemində şəhidlərin ailə üzvlərinin, qazilərin işlə təmin olunmasına xüsusi diqqət göstərilir.
Həmsöhbətimiz Elvin Ruslan oğlu Vəliyev də hərb tariximizin şanlı səhifəsini qanı ilə yazan qəhrəman oğullarımızdandır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan Elvin Vəliyev 1986-cı ildə Qərbi Azərbaycanda, Karvansaray rayonunda dünyaya göz açıb. Elvin deyir ki, doğma yurd-yuvalarından didərgin düşəndə cəmi iki yaşı olub: "Uşaqlığım Birinci Qarabağ müharibəsi dövrünə təsadüf edib. Erməni quldurlarının yurdumuza təcavüzü, törətdiyi vəhşiliklər, soyqırımlar və xüsusilə də əmilərimin şəhid olması hələ uşaqlığımdan içimdə bir qəzəb hissi yaratmışdı. Böyüyəndə hərbçi olacağımı, Vətənə xidmət edəcəyimi, bu yolla övladlıq borcumu yerinə yetirəcəyim barədə düşünürdüm".
2004-cü ildə hərbi xidmətə yola düşən Elvin Vəliyev komandanlığa xüsusi təyinatlı qüvvələrdə xidmət etmək arzusunu bildirir. Komandanlıq Elvinə "yox" demir. Gənc əsgər kursu uğurla başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələr mənsubu kimi xidmətə davam edir.
44 günlük Vətən müharibəsi başlayanda ön cəbhədə iştirak edən Elvin Vəliyev Cəbrayıldan Şuşaya qədər şərəfli döyüş yolu keçib. Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa istiqamətində aparılan hərbi əməliyyatlarda əsl qəhrəmanlıq göstərib.
Elnur deyir ki, heç vaxt unudulmayan, hafizəmizə əbədi həkk olunan o günləri xatırlayanda yenidən həmin ağrını, acını yaşayıram. Döyüş yoldaşlarımı itirdiyim səhnələr gözlərim önünə gəlir. Qisas hissi ilə hər addımda düşmənə vurduğumuz zərbələr, torpaqlarımızı daha tez azad etmək üçün əzmlə irəlilədiyimiz anlar kino lenti kimi gözlərim önündən keçir. Qırmızı Bazar istiqamətində döyüşlərdə düşmənin minaatandan atdığı mərmidən ağır yaralansam da, döyüş meydanını 18 saat tərk etmədim. Döyüş yoldaşlarımın əksəriyyəti yaralı olduqları halda döyüşə davam edərək şəhid olurdular... Biz məqsədimizə nail olacağımıza inanırdıq. O zaman canımızı yox, verilən tapşırıqları yüksək peşəkarlıqla və dəqiqliklə yerinə yetirmək, düşmənə ağır zərbələr endirmək haqqında düşünürdük. İrəliyə atdığımız hər addım işğalda olan ərazinin azad olunması demək idi. Vətən uğrunda döyüşürdük! Torpaqlarımızın azad olunma sevincini ilk olaraq biz yaşayırdıq. Çox şükür ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşmən üzərində Zəfər çaldı.
İgid döyüşçü Elvin Vəliyev Prezident İlham Əliyevin sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Elnur Vəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə də təmin edilib. O deyir ki, mənə və bütün müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm.
Elşən QƏNİYEV,
"Azərbaycan"