20 Mart 2024 08:35
44454
Mədəniyyət
A- A+

Xoş niyyətlər bayramı

 

Builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Əminəm ki, azadlığına qovuşmuş əzəli torpaqlarımıza əbədi qayıdışımızı qalibiyyət duyğusundan aldığımız böyük ruh yüksəkliyi ilə ən qısa zamanda uğurla gerçəkləşdirəcəyik.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram milli kimliyimizin nişanəsidir. O, Azərbaycan xalqı olaraq bizim nə qədər sağlam təfəkkürə, mənəvi-əxlaqi baxışlara malik olduğumuzu, tarixin bütün dövrlərində yeniliklərə, inkişafa açıqlığımızı, keçmişimizi, bu günümüzü və gələcəyimizi göstərir. Bu mənada Novruz sadəcə bir el bayramı deyil, minilliklər ərzində cilalanmış, ulularımızın düşüncələrindən, dünyagörüşündən süzülüb gələn, milli varlığımızın bir çox cəhətini özündə ehtiva edən bütöv bir dəyərlər sistemidir. 
Xalqımızın idealları, ümid və arzuları, dünyagörüşü, yaradıcılıq potensialı bu bayramda öz əksini tapıb. Təkcə Novruzu, onun təlqin etdiyi mənəvi keyfiyyətləri nəzərdən keçirməklə Azərbaycan xalqının milli xarakterini, ideallarını tam təsəvvür etmək olar. Novruzda qədimliyimizin bütün çalarları var. Tarixi keçmişimizlə bağlı xeyli suallara bu bayramın adət-ənənələrində, dəyişməz atributlarında cavablar tapılıb. Ona görə də Azərbaycan xalqı bu el bayramını, hətta qadağan olunduğu vaxtlarda belə müxtəlif formalarda keçirib. 
Novruz kimi mənəvi dəyərlərimizin gücü ilə xalqın milli yaddaşı itməyib. Təzyiqlər qarşısında aşınması mümkün olmayıb. Əksinə, daha da güclənib, möhkəmlənib, nəsillərdən-nəsillərə ötürülüb. Elmi cəhətdən öyrənilib. Bu bayrama aid folklor nümunələri sənədləşdirilib. Novruzun bir çox simvolu mədəniyyət və incəsənətimizin qiymətli incilərinə çevrilib. Bizi bütün dünyada tanıdan atributlar sırasında qərarlaşdırıb.

 

Min illərdən gələn dəyərimiz

 

Novruz bayramı haqqında böyük şəxsiyyətlərimiz öz düşüncələrini bölüşmüşlər. Xalqların qərinələr boyu formalaşmış yüksək mənəvi-əxlaqi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya fenomenal insanların üzərinə düşmüşdür.
Bu baxımdan xalqımızın bütün milli-mənəvi dəyərlərini daim uca tutan Ümummilli Lider Heydər Əliyevin fikirləri indiyə qədər Novruz bayramı haqqında yazılan, deyilən kəlmələrin ümumiləşmiş ifadəsi kimi tarixə əbədi həkk olunub: "Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir".
Ümummilli Lider Heydər Əliyev Novruza milli ideologiyamızın təməl sütunlarından biri kimi yanaşırdı. Bu bayram müəyyən dövrlərdə qadağalara, təzyiqlərə məruz qalmışdır. Əvvəlcə imperiya ideoloqları müxtəlif yollarla Novruzu milli yaddaşımızdan silib ilhaq etdikləri ərazilərdə yeni bayramları dəbə gətirməklə onu gözdən salmağa, xalq içərisində unutdurmağa böyük cidd-cəhd göstərmişlər. Bu ənənə sovetlər dönəmində daha ağrılı şəkildə davam etdirilmişdir. Novruzun milli bayram kimi keçirilməsinə böyük qadağalar qoyulmuş, o, dini bayram hesab edilərək sovet dövləti tərəfindən unutdurulmağa çalışılmışdır. Ötən əsrin 60-cı illərinin sonlarında ölkədə milli özünüdərkə böyük qayıdış başladığı zaman bu qadağalar da tədricən səngimişdir. 
Ötən əsrin 70-ci illərində isə Novruz bayramı ilk dəfə olaraq məhz Ulu Öndərin xeyir-duası ilə qeyd olunmuşdur. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəltmiş, milli irsə, tarixə böyük məhəbbət yaratmışdır. Novruz adət-ənənələri o dövrdə çəkilmiş filmlərdə də özünə yer tapmışdır. Hər dəfə "Dəli Kür" filminə baxarkən Novruzun necə təbliğ olunduğunu əyani şəkildə görürük. Məhz müdrik rəhbərin qayğısı ilə həmin illərdə qorunub saxlanılan milli-mənəvi dəyərlər sonralar Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasında müstəsna rol oynamışdır.
"Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir" deyən Ulu Öndər bu bayramı milli ruhumuzu yaşadan, xalqın genetik yaddaşını qoruyan əsas amil kimi dəyərləndirmiş və onu əbədiləşdirmişdir. Bu, əslində, Ümummilli Lider tərəfindən atılan möhtəşəm bir addım idi.

 

Xoşbəxtlik anı

 

Dörd ildir ki, başqa el bayramlarımız kimi, Novruzun da tamam yeni bir hüsnü var. Xalqın son dörd ilə qədər hər Novruz bayramında dilə gətirdiyi, müqəddəs dua kimi zikr etdiyi arzular çin çıxdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun gücü ilə torpaqlarımız işğaldan azad edildi. Artıq dörd ildir ki, azad yurdlarımızda Novruz tonqalları qalanır, bu torpaqlar da bayram ab-havasına bürünür. Ötən il ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra  Novruz bayramında ilk dəfə olaraq Xankəndidə, Xocalıda və Qarabağdakı digər əzəli-əbədi yurdlarımızda da bayram ocaqları çatılır. El dillərdə dastan olan Zəfərini, bu torpaqlarda başlanmış yeni həyatını, ən böyük niyyətinə çatmasını bayram edir. Dünyanın dörd bir yanında dostlar baxıb bizimlə birgə şadlanır, düşmənlər, bizi istəməyənlər xar olur.  
Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızı illərdən bəri arzusunda olduğu Zəfərə qovuşdurmaqla Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Bu qələbəmizlə, vahid amal uğrunda illərdir mübarizə aparan insanlarımızın milli birliyinin, bütövlüyünün, vəhdətinin nə qədər böyük dəyər olduğunu göstərdi. Azərbaycan Prezidentinin Vətən müharibəsindəki qələbəmizdən sonrakı ilk Novruz bayramında - 2021-ci ilin 20 martında Şuşada, Cıdır düzündə xalqımıza bayram müjdəsi kimi dilə gətirdiyi kəlmələr yüzlərlə ailəyə sevinc bəxş etdi: "Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, inşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik. ...Bu gün Novruz bayramını ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Biz Şuşa və  azad edilmiş bütün torpaqları bərpa edəcəyik". 

 

Yeni həyatın başlanğıcı

 

Bu gün Azərbaycan dövləti yeni strateji mərhələnin məqsədlərinə doğru inamla irəliləyir. Bu məqsədlər ermənilərin illərlə vandalcasına dağıdıb tar-mar etdikləri yurdlarımızı yenidən qurmaq, bu torpaqları dirçəltmək, inkişaf axarına qovuşdurmaqdır. Dövlətimiz heç bir ölkənin maddi dəstəyinə, maliyyə yardımına ehtiyac duymadan yalnız öz resursları hesabına bu işi yüksək səviyyədə yerinə yetirir. Şəhərlərimiz, kənd və qəsəbələrimiz genişmiqyaslı quruculuq-abadlıq tədbirləri ilə yenidən həyata qaytarılır. Qarabağ, Şərqi Zəngəzur əvvəlkindən də gözəl qurulur. Çünki  hər daşına, kərpicinə bu yurdun insanlarının sevgisi qoyulur. Xalqın qələbə əzminin, bu torpaqlarda rifah, əbədi sülh və xoşbəxtlik arzusunun simvolu kimi yanaşılır.
İllərdir Vətənin müxtəlif məkanlarında yurd həsrəti ilə yaşayan, təxminən 30 ilə yaxın müddətdə çox böyük əziyyətlər çəkən məcburi köçkünlərimiz qrup-qrup öz doğma ocaqlarına qayıdırlar. Onlar da dövlətimizin qurucu əllərinin tikib-abadlaşdırdığı gözəl, müasir mənzillərdə yeni həyatlarına başlayırlar. Evlərdə, ocaqlarda Azərbaycan ailələrinin çırağı yanır, analarımızın duaları eşidilir, abad, işıqlı məktəblərdən gülüzlü balalarımızın avazı gəlir, ocağımız alovlanır, suyumuz axır, otumuz göyərir. Bu, Novruz arzularımızın təzahürüdür, hər il bayram tonqalı ətrafında ürəyimizdə böyütdüyümüz saf niyyətlərin həyata keçməsidir. 

 

Mənəvi dəyərlərə sadiqlik

 

Novruz bayramı əsrlərboyu milli mədəniyyətimizdə sülhün, mehriban qonşuluğun, tolerantlığın, ümumbəşəri dəyərlərə sadiqliyin tarixi təcəssümü olub. Azərbaycan xalqının çoxəsrlik tolerantlıq ənənələri, fərqli mədəniyyətlərə hörmət duyğusu, miltikulturallıq prinsiplərinə ehtiramı bu bayramda yaşayır. Tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaratmış Azərbaycan xalqı bu dəyərlərə hər zaman sadiqdir. Yaşadığımız coğrafiyanın sülh və əməkdaşlıq, dayanıqlı inkişaf, sosial rifah məkanına çevrilməsindən ötrü Azərbaycan Vətən müharibəsindəki qələbəmizdən sonra da yenə təşəbbüsü üzərinə götürüb. Ermənistanla sülh danışıqlarının məntiqi nəticəsinə çatması, ermənilərin türklərə qarşı bəslədikləri kini, nifrəti unudub regional inkişaf proseslərinin bir parçasına çevrilmələri üçün bütün imkanları dəyərləndirməyə çalışır. O cümlədən ermənilərdən yenə maşa kimi istifadə edib Cənubi Qafqazda vəziyyəti qarışdırmaq, regionu həmişə qan çanağı kimi saxlayıb burada öz geostrateji maraqlarını yeritmək istəyənlərin bu məkrli niyyətlərinin qarşısını alır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm torpaqlarımızın azadlığına uzunmüddətli hazırlıq dövründə, həm hərbi əməliyyatların gedişində, həm də müharibədən sonrakı dövrdə olduğu kimi, bu məsələlərdə də sarsılmaz qətiyyət nümayiş etdirir. Bölgədə çirkli oyunlar oynamaq istəyən xarici güclərə sözünü açıq deyir. Onları belə əməllərindən əl çəkməyə, başqa xalqların işinə qarışıb sülh proseslərinə mane olmamağa çağırır. Bu məkrli oyunların heç bir nəticə verməyəcəyini, regionda əsas reallıqları diktə edən Azərbaycanın iradəsi xaricində bu torpaqlarda hər hansı bədxah planın reallaşmayacağını onlara anladır.
Dövlət rəhbərimiz regionda həqiqətən dayanıqlı sülh və təhlükəsizlik arzulayan bütün maraqlı tərəflərə əməkdaşlıq təklif edir. Bölgənin iqtisadi imkanlarını, kommunikasiya infrastrukturunu bu imkanlardan faydalanmaq niyyətində olan hər kəsin üzünə açır. Bu, ulularımızdan gələn yanaşmadır. Milli-mənəvi dəyərlərimizin təlqin etdiyi prinsiplərdir. Bunlar o dəyərlər, prinsiplərdir ki, əsrlərlə özünü doğruldub. Dünyanın ən müxtəlif məkanlarında dəfələrlə sübuta yetirib ki, sülhün, mehriban münasibətlərin, qarşılıqlı əməkdaşlığın, müştərək faydalar yaratmağın alternativi, müharibəninsə axırı yoxdur. Kin-küdurət, əbədi nifrət duyğusu fərdi də, bütövlükdə toplumu da kiçildir, cılızlaşdırır, insanlıq normalarından uzaqlaşdırır.
İnsanın xoşbəxtliyi, rifahı, çin olan arzuları barışdadır, qarşılıqlı hörmətdədir, keçmişin qaranlıq səhifələrini qapadıb gələcəyə yönəlməkdədir. Yeni sabahları yeni niyyətlərlə, işıqlı amallarla qarşılamaqdadır. Bu gün Azərbaycan sülh proseslərinə sadiqliklə, Ermənistanla sülhün əldə olunması üçün üzərinə düşənləri ən yüksək səviyyədə yerinə yetirməklə bütün dünyaya öz dəyərlərinə, prinsiplərinə nə qədər bağlı olduğunu göstərir.
Novruz bayramı Azərbaycan cəmiyyətində də faydalı adət-ənənələri yaşadır. Bu bayram ərəfəsində insanlar evlərində, təsərrüfatlarında abadlıq işləri aparır, baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır. Novruz həm də milli birliyimizə xidmət göstərir. Xalqımızın milli adət-ənənələrinə görə, Novruz bayramında küsülülər barışır, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açır. İnsanları bir-birindən uzaq salan vasitələrin əhəmiyyətli şəkildə həyatımıza daxil olduğu müasir texnologiyalar və qloballaşma dövründə bütün bunlar son dərəcə önəmlidir. 
Novruz ölkəmizdə siyasi mədəniyyətin inkişafı üçün də müsbət təsirlər yaradır. Siyasi partiyaların rəhbərləri arasında qarşılıqlı bayramlaşma ənənələri ölkəmizdə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.

 

Nəcib əməllər carçısı

 

Novruz təlqin etdiyi mənəvi-əxlaqi prinsiplərlə təkcə Azərbaycan xalqının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəridir. Bəzən bu bayramın islamla əlaqələndirilməsi kimi yanlış yozumlar olsa da, onun dinlə birbaşa bağlılığı yoxdur. Əlbəttə, islam da bizim milli-mənəvi dəyərlərimiz sırasında xüsusi yer tutur. Amma Azərbaycanda və türk xalqlarının yaşadığı çox böyük bir coğrafiyada Novruz bayramının qeyd edilməsinin tarixi İslamın qəbulundan da əvvəlki dövrlərin faktıdır. 
Novruz bu gün türk dünyasının əsas mərkəzlərindən biri kimi çıxış edən Azərbaycanın yüksək fəallığı, ardıcıl təşəbbüsləri sayəsində mühüm qlobal güclərdən birinə çevrilməkdə olan türkdilli ölkələr arasında çox mühüm mənəvi bağdır. Müştərək dəyərimiz kimi bu bayram doğmalığımızı daha da gücləndirir, ortaq keçmişimizdən ortaq gələcəyimizə işıq saçır.  
Novruz bayramının ümumbəşəri mənəvi dəyər statusu qlobal səviyyələrdə öz rəsmi ifadəsini tapıb. Belə ki, 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü" elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. 
Novruzun beynəlxalq səviyyədə öz layiqli qiymətini almasında, bütün dünyada belə yüksək ehtiramla qəbul olunmasında ölkəmizin rolu çox böyükdür. Milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi və bütün dünyada tanıdılması istiqamətində illərdir ardıcıl iş aparan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 
Mehriban xanım Əliyevanın başqa milli-mənəvi dəyərlərimiz kimi Novruz bayramının təbliği istiqamətində apardığı işin həm önəmi, həm də uğuru bundadır ki, bu dəyərlər sadəcə söz olaraq yox, onlar nəcib əməllərlə, faydalı sosial-humanitar layihələrlə təqdim olunur. Məsələn, 2007-ci ilin Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanmış "Hərəyə bir ağac əkək" kampaniyası bu gün də davam etdirilməkdədir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulublar. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilib, yeni parklar və bağlar salınıb. Təkcə 2020-ci ildə - "Nəsimi ili"ndə Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilib. 
Novruz bayramı xalqımızın böyük bir dəyəri kimi ədəbiyyatımızın, musiqimizin, xalq sənətimizin, milli mətbəximizin mərkəzindədir. Azərbaycanda və ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız hər il bu bayramı böyük sevgi ilə qeyd edir, Novruz sevinci yeni nəsillərimizin təmsilçiləri üçün ömrün ən gözəl xatirələrindən birinə çevrilir və onların milli ruhda böyüyüb tərbiyə olunmasında, bu yurda, bu elə bağlılığında müstəsna rol oynayır. Nə qədər ki, Azərbaycan xalqı var, Novruz sevinci də həyatımızda var olacaq, aşıladığı yüksək mənəvi-əxlaqi keyfiyyətlərlə bəşəriyyətə böyük faydalar gətirəcək. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video