Həm Azərbaycanın, həm də bütövlükdə dünya tarixinin ən qanlı hadisələrindən biri olan Xocalı soyqırımının 32-ci ildönümü tamam olur. Erməni silahlılarının və keçmiş ittifaqın o zamanlar Xankəndidə yerləşən 366-cı alayının zabit və əsgərlərinin Xocalıda törətdikləri soyqırımı zamanı yüzlərlə soydaşımız vəhşicəsinə qətlə yetirildi, böyük qırğınlar törədildi.
Hər il olduğu kimi, fevralın 26-da - faciənin ildönümü ilə bağlı ölkəmizdə də, onun hüdudlarından kənarda da Xocalı şəhidlərinin anım mərasimləri keçirilir. O qanlı, dəhşətli faciədə öldürülənlərin xatirəsi böyük ehtiramla yad edilir. Əvvəlki illərdə olduğu kimi, bu il də dünyanın nüfuzlu mətbu orqanları faciə ərəfəsində çoxsaylı xəbərlər, məqalələr, reportajlar hazırlayır, erməni cəlladları tərəfindən həyata keçirilən soyqırımı haqqında sujetlər göstərir, yazıllar dərc edirlər. Dərc olunan bu yazılarda, göstərilən sujetlərdə faciədə həlak olanların xatirəsi hörmətlə anılır və günahkarların məsuliyyətə cəlb olunması tələb olunur.
"Ana fəryadı" abidəsinin önünə sanki çiçək yağışı yağıb
Artıq xalqımız Bakıdakı Xocalı soyqırımı abidəsini - "Ana fəryadı" abidəsini alnıaçıq, başıuca ziyarət edir. Çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımının qurbanlarının da qisası alınıb.
Fevralın 26-dır. Yenə də Azərbaycan xalqı Xocalı şəhidlərinin xatirəsini anmaq üçün Bakı şəhəri Xocalı prospektində ucaldılmış "Ana fəryadı" abidəsini ziyarət etməyə gəlir. Ziyarətə gələnlərin ardı-arası kəsilmir. Əllərində gül dəstələri tutmuş insanlar kövrək addımlarla, üz-gözlərindən kədər süzülərək abidəyə yaxınlaşırlar. Abidənin qarşısında bir anlıq ayaq saxlayır, şəhidlərə ehtiramlarını bildirmək üçün baş əyirlər. Əllərindəki gül dəstələrini, əklilləri abidənin qarşısına qoyurlar. Ziyarətə gələnlərin arasında yaşlılar da, gənclər də, məktəblilər də var. Yaşından, vəzifəsindən asılı olmayaraq, bu gün insanlar Xocalı şəhidlərini anmaq, düşmənə etirazlarını bildirmək üçün "Ana fəryadı" abidəsini ziyarət edirlər. Abidənin önünə sanki gül yağışı, çiçək yaşığı yağıb. Bu çiçəklər Azərbaycan xalqının Xocalı şəhidlərinə ehtiramının ifadəsidir.
Ziyarətə gələnlərlə görüşüb söhbət etdik. Onların ürək sözlərini dinlədik. İlk həmsöhbətimiz olan Sahabxanım Yolçuyeva dedi ki, Xocalı soyqırımı tariximizin qanlı faciəsidir. Qanla yazılmış tarix isə heç vaxt unudulmur, daim anılır, xatırlanır. Azərbaycan xalqı ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanları heç vaxt unutmur. Bugünkü ziyarətə gələn izdiham dediklərimizi bir daha təsdiq edir. Xocalı faciəsini törədən erməni faşistlərinə nifrətim sonsuzdur. Qardaşım Tağı Mikayılov Birinci Qarabağ müharibəsində iştirak edib, erməni qəsbkarlarına qarşı vuruşub. Təəssüflər olsun ki, 10 iyul 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə itkin düşüb. İllərdən bəridir ki, qardaş sorağı ilə gəzirəm. Xocalı faciəsində şəhid olanları heç vaxt unutmuruq. Mən hər il "Ana fəryadı" abidəsini siyarət etməyi vətəndaşlıq borcum hesab edirəm.
Xocalı şəhidlərinin qanı yerdə qalmadı
- Mən ehtiyatda olan zabitəm, - deyə Ramil İsmayılov söhbətimizə qoşuldu. - Aprel döyüşlərində də iştirak etmişəm. Hazırda 329 nömrəli orta məktəbdə hərbi rəhbər vəzifəsində çalışıram. Ad günüm 26 fevrala təsadüf edir. Həmin gün ermənilər Xocalı faciəsini törətdiklərinə, günahsız insanların qanlarını axıtdıqlarına görə 11 yaşımdan özümə ad günü keçirmirəm. Amma çox şükürlər olsun ki, bu gün Xocalı azaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazandı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəmizi təmin etdi. Otuz illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Hazırda Azərbaycanın üçrəngli Dövlət bayrağı işğaldan azad edilən bütün torpaqlarımızda - Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada və Xocalıda dalğalanır. Bütün bunlar çox qürurvericidir. Tariximizin şərəfli və şanlı səhifəsidir.
Azərbaycan Texniki Universitetinin tələbəsi İlkin Balakişiyev dedi ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq. Bir daha 32 il əvvələ qayıdırıq, o amansız soyqırımını, onun günahsız qurbanlarının xatirəsini yenidən yad edirik. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları Xocalıda dəhşətli soyqırımı törətdi. Ümumiyyətlə, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar. Xocalı soyqırımı erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Dünyanın gözü qarşısında baş vermiş, qəddarlığı və amansızlığı ilə fərqlənən bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın üzərinə düşür.
291 nömrəli uşaq bağçasının müəllimi Nərmin Əzizova dedi ki, bu gün bir gözümüz ağlayırsa, bir gözümü də gülür. Çünki gözüyaşlı, qəlbi yaralı Xocalı şəhəri erməni işğalçılarından azad olunub. 2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başladı. Uğurla başa çatan döyüşlər nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Azərbaycan Ordusunun zabit və əsgərlərinin qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin də qanı yerdə qalmadı. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də uğurla həyat keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ separatçılardan tamam təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 26 fevral 1992-ci ildə ermənilərin silah gücünə qovduqları Xocalı sakinlərinin doğma ocaqlarına qayıdacaqları günə az qalıb.
Xocalıya qayıdırıq
Daha sonra həmsöhbəti olduğum Bakı şəhər sakinləri Aynurə Əliyeva, Yaşar Əzimov, Elmir Vəliyev və başqaları Xocalıda baş vermiş qanlı hadisələrdən ürək ağrısı ilə danışdılar. Bildirdilər k, bu cinayət erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bu qanlı faciə gələcək nəsillərin də qəlbində əbədi yaşayacaq. Xocalı soyqırımını törədən erməni işğalçılarının məqsədi Azərbaycan xalqını qorxutmaq, mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək idi. Amma hiyləgər və amansız düşmənin çirkin niyyəti baş tutmadı. Azərbaycanda torpaqlarımızın müdafiəsi uğrunda hər an şəhid olmağa hazır olan vətənpərvər nəsil yetişdi və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəmanlıqla vuruşaraq 30 illik işğala son qoydu. Bu uğurlu döyüşlərdə düşmənlərdən Xocalı soyqırımı qurbanlarının da qisası alındı.
Ziyarətə gələnlərlə söhbətimizi yekunlaşdıranda məktəblilərin də "Ana fəryadı" abidəsinə yaxınlaşdıqlarını gördük. Onların əllərindəki plakatda yazılmış "Xocalıya qayıdırıq" sözlərini oxuyanda ürəyimiz dağa döndü. Bəli, biz artıq ürəyimizdə böyük arzularla Xocalıya qayıdırıq.
Vahid MƏHƏRRƏMOV,
İlham BABAYEV (foto),
"Azərbaycan"