19 Aprel 2024 09:40
708
SİYASƏT
A- A+

Vətən sevgisi və müqəddəs amal

 

Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, təhsili, istedadlarının inkişaf etdirilməsi cəmiyyət üçün əsas vəzifələrdəndir. Onlar hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı qüvvədir. Təsadüfi deyil ki, müasir dövrdə gənclər sahəsində qazanılan uğurlar dövlətlərin ümumi inkişaf səviyyəsini, potensialını müəyyənləşdirən vacib meyarlardan sayılır. Dünyanın bütün sivil cəmiyyətlərində onların hərbi-vətənpərvərlik, mənəvi-ideoloji tərbiyəsinə, sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Gənclər bizim sabahımızdır. Bir neçə ildən sonrakı dövrün ictimai mənzərəsi indi böyüməkdə olan nəslə yaradılmış şəraitdən, inkişaf mühitindən asılı olacaq. Bu baxımdan sağlam düşüncəli, savadlı nəslin yetişdirilməsi cəmiyyət üçün mühüm məsələdir.

 

İntellektual potensial yüksəlişin əsas təminatıdır 

 

Bu gün ictimai mühitdə elmin və ziyalılığın, qabaqcıl texnologiyaların böyük əhəmiyyəti təbliğ edilir, milli modernləşmə hamı tərəfindən dərk olunan hədəfə çevrilir. Eyni zamanda cəmiyyətimizdə innovativ və texnoloji yeniləşmə zərurətinin irəli sürülməsi, peşəkar kadr ehtiyatının formalaşması dövlət rəhbərinin bu istiqamətdəki ardıcıl və qətiyyətli siyasi xəttidir. Azərbaycan Prezidentinin sərəncamı ilə 2019-cu ildən reallaşdırılan "Yüksəliş" müsabiqəsi cəmiyyətdə böyük maraq doğurmuşdur. Məqsəd intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. 
Kadr ehtiyatı sisteminin yaradılması dünyanın müxtəlif ölkələrində tətbiq olunan müsbət təcrübədir. Azərbaycan belə bir təcrübəni formalaşdırmaq üçün demək olar ki, ideal yol seçib. Bu sahədə mütərəqqi ənənələri və xarici təcrübədə özünü doğrultmuş ən yaxşı nümunələri götürərək milli sistemini yaradır. Şəffaflıq, ədalətlilik, obyektivlik, hər kəsə bərabər imkanlar mühitinin yaradılması burada əsas prinsiplərdir. "Yüksəliş" müsabiqəsi də eyni prinsiplərə xidmət edir.
Son illərdə bir çox uğura imza atmış, böyük qələbələr qazanmış Azərbaycanın  mühüm nailiyyəti "qara qızılı", yəni ölkəmizin əsas təbii sərvətlərindən olan nefti insan kapitalına çevirməyi bacarmasıdır. Müasir dünyada rəqabətə tab gətirmək üçün ilk növbədə zəngin biliklərə, bacarıqlara, səriştə və vərdişlərə, informasiya texnologiyalarına, innovasiya iqtisadiyyatına arxalanmaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev məhz bu reallıqdan çıxış edir və böyük yüksəlişin təmin olunmasına çalışır.
 Bu il keçirilən növbəti "Yüksəliş" müsabiqəsi sayca dördüncü müsabiqədir. Qeyd edək ki, 2019-2021-ci illərdə keçirilən ilk müsabiqənin 27, 2022-ci ildə keçirilən ikinci müsabiqənin 22 və 2023-cü ildə keçirilən müsabiqənin 22 qalibi olub. Qaliblərin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf 
planı və hər biri 20 min AZN məbləğində özünüinkişaf mükafatı əldə ediblər. "Yüksəliş" müsabiqəsini kadr islahatlarında yeni bir mərhələnin başlanğıcı saymaq olar.

 

Yüksək vətənpərvərlik ruhu

 

Azərbaycan gəncliyi ən yüksək münasibətə layiqliyini, doğma torpaq, yurd sevgisini, cəsarət və fədakarlığını Vətən müharibəsində sübuta yetirdi. Bu müharibə  böyük milli potensialımızı üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz, haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Canı-qanı bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edər.
Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edən rəşadətli ordumuzun sıralarında minlərlə gəncimiz mətanətlə vuruşaraq qəhrəmanlıq salnaməsi yazdı. Məhz onların igidliyi, haqq yolundan dönməzliyi sayəsində ərazi bütövlüyümüz bərpa edildi, otuzillik həsrətdən sonra əzəli-tarixi yurd yerlərimizə qovuşduq. Budur, vətənpərvərlik əzmi, ümidi doğrultmaq, azərbaycançılıq ruhunu qorumaq!
Azərbaycan gəncliyi hazırda Vətən naminə səylə çalışır, azad edilmiş torpaqlarımızı qarlı-şaxtalı səngərlərdə göz bəbəyi kimi qoruyur. Azərbaycan dövləti ən müasir standartlara uyğun və ən güvənli sərhəd infrastrukturunun qurulması istiqamətində  ardıcıl işlər aparır. Sərhədlərimizin möhkəmliyi, onun etibarlı şəkildə qorunması bizi xarici risklərdən mühafizə edir. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Ona görə də təhlükəsizlik tədbirlərinin bundan sonra da davam etdirilməsi vacib vəzifə kimi müəyyənləşdirilir. Bu da, təbii ki, səbəbsiz deyil. Azərbaycan dövləti təxminən 200 illik erməni layihəsinin ömrünə son qoyaraq ərazi bütövlüyünə nail olmaqla, elə planları puça çıxarıb ki, ölkəmizə qarşı ideoloji təxribatlar bundan sonra da tez-tez gözləniləndir. Azərbaycan dövlətinin haqq işinə kölgə salınması meyillərini, bizə qarşı ayrı-seçkilik təzahürlərini, ölkəmiz haqqında əsassız və yalançı, mənfi imic yaradılması cəhdlərini gündəlik həyatımızda hamımız görürük. 
Bu cəhdlərdən doğan ciddi bir risk də var ki, bunun hədəfi adətən gənc nəslin təmsilçiləri olurlar. Bu, ideoloji risklərdir. İdeoloji risklər isə xüsusilə indiki mürəkkəb şəraitdə heç bir sərhəd tanımır. Ona görə də burada ən böyük öhdəlik yenə də vətəndaş məsuliyyətinin üzərinə düşür. Vətəndaş olaraq hər birimizdən tələb edilən məsuliyyət gənclərimizin vətənpərvərlik, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. 
Gənclərimiz dövlət rəhbərimizin yürütdüyü siyasətə dəstəyi, gələcək qarşısında məsuliyyət hissi, öyrənməyə, müasir dövrümüzün çağırışlarına uyğun yeni bilik və bacarıqlar əldə etməyə böyük meyli ilə inkişaf proseslərinin önündə addımlayırlar. Bu, qalib Azərbaycan gəncliyidir!

 

Böyük hədəflərə doğru

 

Azərbaycan dövləti gənclərin beynəlxalq dialoquna, bəşəriyyəti narahat edən qlobal problemlərin birgə həllərinin axtarılmasına hər zaman xüsusi önəm verir. Bu,  Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılmasında, həmin şəbəkənin Bakı konfransının keçirilməsində, paytaxtımızda Hərəkata üzv olan 60-dan çox ölkənin təmsilçilərinin iştirakı ilə Gənclər sammitinin təşkilində bir daha öz ifadəsini tapmışdı.    
Prezident İlham Əliyevin sammit iştirakçılarına ünvanladığı təbrik müraciətindəki fikirlər Azərbaycan gəncliyinə və onların timsalında müasir dünyamızda bu fəal təbəqənin yerinə və roluna münasibətin göstəricisi kimi böyük maraq doğurur. "Çağırışlarla dolu müasir dünyada fəal və yaradıcı gənclər arasında dialoq bəşəriyyətin üzləşdiyi problemlərin müzakirəsinin, onların həllinə dair ideya və baxışların bölüşməsində vacib rol oynayır" deyən dövlət rəhbərimiz müraciətində bildirirdi: "Milli dəyərlərə hörmət ruhunda böyümüş gənclərimiz 30 il işğal altında olmuş torpaqlarımızın azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində əvəzsiz xidmətlər göstəriblər. Biz belə gənclərimizlə fəxr edirik".
Bu fikirlərdə həm də gənc nəslə qayğının zəruriliyi, onlara öz potensiallarını reallaşdıra bilmələri üçün şəraitin yaradılması məsələləri aktuallaşdırılır. Eyni zamanda bəşəri problemlərin həllində müxtəlif ölkələrdən olan gənclər arasında dialoqun təmin edilməsinin əhəmiyyətinə diqqət yönəldilir. Həmçinin Ali Baş Komandanın əmri ilə 44 günlük Vətən savaşında torpaqlarımızı işğaldan azad edən, bizi böyük qələbəyə qovuşduran və bu gün də dövlət sərhədlərimizin keşiyində dayanan Azərbaycan gəncliyinin misilsiz qəhrəmanlığı, Vətən sevgisi qiymətləndirilir. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video