Yaxud ziyanın yarısından qayıtmaq da xeyirdir
Dünya ötən ilin payızında ABŞ-də keçirilən prezident seçkilərini diqqətlə izləyirdi. Co Baydenin, sonra onu əvəzləyən Kamala Harrisin ABŞ-yə və dünyaya nə vəd verəcəyi məlum idi, əsas diqqətçəkən Donald Trampın vədləri idi.
D.Trampa marağın yüksək olması səbəbsiz deyildi. Çünki Co Bayden administrasiyasının apardığı siyasət qlobal iqtisadiyyata ciddi ziyan vurmuş, İkinci Dünya müharibəsindən sonra beynəlxalq müstəvidə formalaşmış bütün hüquqi dəyərləri dağıtmışdır. Demokratların apardığı siyasət rəqiblərini deyil, müttəfiqlərini də narazı salmışdır. Xüsusilə Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına, o cümlədən ABŞ-nin Avropadakı müttəfiqlərinə zərbə vurmaqla davam edirdi. Əminliklə demək olar ki, müharibədən Rusiya qədər ABŞ-nin Avropadakı müttəfiqləri də ziyan çəkirdi. Təsadüfi deyil ki, Avropada qitənin indiyədək belə çətin sosial-iqtisadi duruma düşmədiyini dilə gətirirlər. Ona görə də hamı D.Trampın gəlişi ilə bu gərginliyin azalacağını düşünürdü.
D.Tramp da seçkiöncəsi bütün görüşlərində seçicilərə səslənirdi ki, sizin yoxsul yaşamağınızın əsas səbəbi vergi şəklində ödədiyiniz vəsaitin Amerika xalqının ehtiyaclarına xərclənməməsidir. Ən çox vurğuladığı məsələ isə dövlət idarəetməsində olan korrupsiya idi. Onun məşhur iş adamı, həm də dünyanın ən varlı şəxsi olan İlon Maskı ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbər təyin etməsi də bununla bağlıdır.
İndi Amerikada kartlar yenidən dağıdılır. Bu ölkədəki siyasi təhlilçilərin fikrincə, indiyədək hakimiyyətdə kök salmış bir çox korrupsiya cinayətlərinin üstü açıla bilər. Onlar qeyd edirlər ki, bu təkcə USAID-lə bitməyəcək. Hərbi sənaye kompleksi ilə Pentaqon arasında da bir çox şübhəli məqamlar var. Bununla belə, USAID-in dünyada həyata keçirdiyi pozucu əməlləri, korrupsiya və suveren dövlətlərin daxili işlərinə kobud şəkildə müdaxilə etməsi beynəlxalq aləmdə müzakirə olunan əsas məsələlərdir. Əvvəllər də USAID-in qanunsuz əməllərlə məşğul olması bəlli idi. Hətta bu barədə mətbuatda vaxtaşırı yazılar da dərc olunurdu. İndi isə bu işlə birbaşa Amerika dövləti məşğul olur və dəhşətli faktların üstü açılır.
İlon Maskın rəhbərlik etdiyi DOGE USAID-in məxfi sənədlərinə çıxış əldə edib. Maskın köməkçilərindən ibarət kiçik qrup Ronald Reyqan binasına gələrək agentliyin ofislərinə, o cümlədən məxfi məlumatların saxlanıldığı otağa girişin təmin edilməsini tələb edib. Yayılan məlumata görə, agentliyin ofisində qrupla binanın mühafizəçiləri arasında münaqişə yaranıb, onlar məxfi sənədlərin saxlanıldığı otağa girişə icazə vermək istəməyiblər. Ammas qrup binanın bir neçə mərtəbəsini gəzərək bəzi kabinetləri yoxlaya bilib. "Blomberg" Agentliyin məlumatına görə, gənclərdən biri Maska zəng edib və o, köməkçilərinin məxfi sənədlərə çıxış əldə etməyəcəyi halda binanın təhlükəsizlik işçilərini ABŞ marşal xidmətini cəlb etməklə hədələyib. Nəticədə departament əməkdaşları "axtardıqları bəzi şeylərə" çıxış əldə ediblər.
Hazırda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesi gedir. Bu barədə İlon Mask "X" sosial şəbəkəsində paylaşım edib. "Biz USAID-in ləğvi prosesindəyik", - deyərək bildirib. O həmçinin vurğulayıb ki, USAID bərpa oluna bilməz: "Bu qurdlu alma deyil, sadəcə qurd topasıdır... Alma yoxdur, ona görə də hər şeydən xilas olmaq lazımdır". Prezident Donald Tramp isə USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib və onların təşəbbüslərinin 90 gün ərzində dondurulması barədə qərar qəbul edib.
Bu təşkilatın nə qədər qərəzli olmasını bizə münasibətindən də aydın görmək mümkündür. Hələ Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal ediləndə və ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkün olanda USAID işğalçı dövlətə yardım göstərirdi. Konkret fakt: ötən dövr ərzində USAID Ermənistana yarım milyard dollara yaxın yardım edib. Halbuki özünü "demokratiya və insan haqlarının müdafiəçisi" kimi təqdim edən təşkilat işğalçıya yardım göstərməməli idi.
Prezident İlham Əliyev dəfələrlə Qərbin bəzi strukturlarının başqa dövlətlərin daxili işlərinə müdaxilə etmələri hallarını pisləmişdir. Dövlət başçısı "Rossiya seqodnaya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində bu barədə demişdir: "Bəli, təbii ki. İkincisi, yardım asılılıq yaratmamalıdır. Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil". Prezident həmçinin uzaqgörənlik nümayiş etdirərək bildirmişdir ki, Tramp onu qadağan edə bilər.
Artıq dövlətimizin başçısının dediyi baş verdi - ABŞ-nin və dünyanın başına bəla olan bu üzdəniraq təşkilat ləğv edilir.
Rüstəm KAMAL,
"Azərbaycan"