21 Noyabr 2023 10:35
648
SİYASƏT
A- A+

Ümumxalq partiyası

 

Azərbaycanın milli dövlətçilik tarixində mühüm yeri və rolu olan Yeni Azərbaycan Partiyası yarandığı 30 ildən çox bir müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı kimi çıxış etmiş, hər bir ölkə vətəndaşının maraqlarını uca tutmaqla xalqın dərin etimadını qazanmışdır. 
Bu il anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı olan, onun ideyaları işığında təşəkkül taparaq formalaşmış bu güclü siyasi təşkilat dövlətimizlə birgə güclənmiş, boy atıb inkişaf etmişdir. Müstəqillik illərində Azərbaycanın qazandığı nailiyyətlərin hər birində bu partiyanın böyük rolu var. 
Ulu Öndərin müəyyən etdiyi milli inkişaf strategiyası üzərində qurulan partiyada xalqımızın tarixi dəyərlərini qoruyan, müasir inkişafına və gələcək taleyinə görə vətəndaşlıq məsuliyyətini dərk edən insanlar bir araya gəlib. Bu güclü təşkilat cəmiyyətin sağlam qüvvələrini ətrafında toplayaraq Azərbaycanı vətəndaş qarşıdurmalarından, qandan-qadadan, xaosdan-anarxiyadan xilas edib, qanunlara, bəşəri dəyərlərə söykənən inkişafın tərəfdarı olan, bu yola dəstək verən vətəndaşları birləşdirib. Dünənin, bu günün və gələcəyin partiyası hər zaman yüksək siyasi mədəniyyətin daşıyıcısı olub, ölkədə sağlam mühit yaradıb. Bütün keyfiyyətləri ilə zəngin ənənələrə, təşkilati dəyərlərə malik olan bu partiya hazırda üzvlərinin sayına, ölkənin ictimai-siyasi həyatında fəal iştirak və təsir imkanlarına görə Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. 

 

Xalqın istəyini əks etdirən müraciət

 

Deyirlər ki, tarixi dəyərlər o zaman əbədiyyət qazanır ki, onları dövrün, zəmanənin özü yaratmış olsun, mühitin ortaya çıxardığı zərurət formalaşdırsın. Yeni Azərbaycan Partiyasının yaranmasının elan edildiyi 1992-ci ilin 21 noyabrında Azərbaycan dövlət müstəqilliyinin bərpasının 2-ci ilinə yenicə daxil olmuşdu. Bu elə bir vaxt idi ki, təxminən 70 il davam edən təkpartiyalı sistemdən sonra cəmiyyətdə partiya bumu yaşanırdı. Çoxları yaranmış şəraitdən istifadə edib müxtəlif təşkilatlar, partiyalar yaratmağa, müəyyən siyasi dividendlər əldə etməyə çalışırdılar. İllər sonra həmin partiyaların əksəriyyəti siyasi meydanı gəldikləri kimi də tərk etdi. Çoxlarından heç bir iz də qalmadı. Yeni Azərbaycan Partiyası isə müstəqillik tariximizdəki fəal rolu, xidmətləri ilə adını tarixə əbədi yazdı. Bu da təbii idi. Çünki bu partiyanı kiminsə siyasi ambisiyası, şəxsi məqsədləri yox, tarixi zərurət yaratmışdı, zəmanə, dövr özü siyasi meydana çıxarmışdı. Bu partiya Heydər Əliyev ideyaları ilə bir araya gəlmiş sağlam düşüncəli ziyalıları birləşdirən dəyər idi, qurum sağlam təməllər üzərində formalaşmışdı.  
Ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə - 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalı belə bir partiyanın yaradılması xahişi ilə Heydər Əliyevə müraciət edir. Ulu Öndər həmin müraciətin cavabında xüsusi  qeyd edir: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər". Gətirdiyimiz bu iqtibas Yeni Azərbaycan Partiyasının fəaliyyətə başlamasını şərtləndirən tarixi şəraiti də, bu siyasi qurumun missiyasına və gələcəyinə baxışı da parlaq şəkildə əks etdirir. Eyni zamanda 1992-ci ilin payızında - müstəqilliyini yenicə qazanmış ölkənin ağır, təlatümlü günlərində belə bir siyasi təsisatın qurulmasının, ölkənin, cəmiyyətin gələcəyinə görə məsuliyyət hissinə malik insanları bir araya gətirməsinin və proseslərə həlledici təsir imkanlarına malik güc mərkəzinə çevrilməsinin nə qədər doğru qərar olduğunu göstərir.
Tarixə nəzər salsaq görərik ki, Yeni Azərbaycan Partiyasının yarandığı günlər Azərbaycanın keşməkeşli dövrü idi. Siyasi qarşıdurmalar mühitində hakimiyyəti ələ keçirmiş təsadüfi insanlar naşı davranışları, qeyri-rasional qərarları ilə ölkəni fəlakətə sürükləyirdilər. Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycan ərazilərinə işğalçı hücumlarını davam etdirir, ərazilərimiz işğal olunur, ölkədə ictimai-siyasi vəziyyət getdikcə kəskinləşir, sosial-iqtisadi böhran ağırlaşır, gündəlik dolanışığını təmin etməyə çətinlik çəkən insanların təhlükəsizliyi təhdid altına düşürdü. Hakimiyyət uğrunda bir-biri ilə mübarizə aparan silahlı qruplar vətəndaş müharibəsi doğururdular. Yanlış xarici siyasət üzündən bütün qonşularla, böyük dövlətlərlə münasibətlər pisləşirdi. Azərbaycan beynəlxalq dəstəkdən məhrum durumda, Ermənistanın və havadarlarının yaratdıqları informasiya blokadasının əhatəsində qalmışdı. İşğala məruz qalmış tərəf kimi haqlı ikən haqsız duruma düşmüşdü. Heç kim səsimizi, sözümüzü eşitmir, müstəqillik yollarında ilk kövrək addımlarını atan dövlətimizə kömək göstərib, onu rəvan inkişaf yoluna çıxarmaq istəmirdi. 
Hakimiyyətdəki səriştəsiz şəxslərin milli birliyimizi pozan kobud, bacarıqsız davranışları, qərarları, yanaşmaları ucbatından ölkənin daxilində müxtəlif təxribatlara cəhd göstərilirdi. Tarixən çoxmillətli ölkə olan, müxtəlif xalqların təmsilçilərinin əsrlərboyu dinc yanaşı şəraitdə yaşayıb ortaq mədəniyyət yaratdıqları Azərbaycanda separatizm ocaqlarının alovlanmasına çalışanlar vardı. Reallıqlara əsaslanaraq deyə bilərik ki, əgər vəziyyət eyni şəkildə davam etsəydi, Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdıb Azərbaycanın gələcək taleyinə görə məsuliyyəti öz üzərinə götürməsəydi, bu təxribatları törədənlər öz məqsədinə çatacaqdı. O zaman müstəqil dövlətimizin parçalanaraq dünya xəritəsindən silinməsi ehtimalı real idi. Belə bir vaxtda 91 nəfər vətənpərvər ziyalı ölkəni böhrandan çıxara biləcək yeni bir siyasi təşkilat yaratmaq təşəbbüsü ilə çıxış etdi və bu məqsədlə xalqın sınanmış lideri və dövlət adamı, böyük siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdi. 

 

Dünənin, bu günün, sabahın partiyası

 

Əslində, 91 rəqəmi burada şərti səciyyə daşıyır. Azərbaycanın ən yeni tarixinə "91-lər"in Heydər Əliyevə müraciəti kimi daxil olmuş sənəd ümumilikdə bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Həmin ziyalılar isə xalqın istəklərini nəzərə alaraq ozamankı hakimiyyət rəhbərlərinin təzyiq və təhdidlərinə rəğmən cəsarət göstərib bu istəyi rəsmi şəkildə Ulu Öndərə çatdırmışdılar. "91-lər"in bu addımı Ümummilli Liderin həmin ziyalıların şəxsində xalqın səsinə səs verməsi nəticəsində dağıdıcı proseslərin qarşısını aldı. Heydər Əliyev Azərbaycanın tanınmış insanlarının və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətə müsbət cavab verərək yeni yaradılacaq siyasi partiyaya rəhbərlik missiyasını öz üzərinə götürməyə razılıq verdi. 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda ölkəmizin bütün regionlarını təmsil edən 550 nəfərlik təşəbbüs qrupu iştirak etdi.
Yeni Azərbaycan Partiyasının Nizamnaməsinin və Proqramının qəbul edildiyi konfransda Ulu Öndər Heydər Əliyevin yekdilliklə partiyanın Sədri seçilməsi qısa müddətdən sonra Azərbaycan dövlətinin taleyinə təsir göstərən tarixi bir qərar idi. Partiyaların həyatında lider amilinin rolu müstəsnadır. Bu, Yeni Azərbaycan Partiyasında da özünü göstərdi. Cəmiyyətdə Heydər Əliyevin partiyası kimi tanınması YAP-ın böyük uğuruna yol açdı. Azərbaycanın bütün bölgələrindən on minlərlə insan qısa zamanda bu partiya ətrafında bir araya gəldi, qaragüruh düşüncədən kənar sağlam insanların həmfikirlilik mərkəzi kimi bu qurum qısa zamanda cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Zamanla inkişaf etdi, nüfuzu ölkə hüdudlarını aşdı, ictimai-siyasi proseslərə təsir imkanları artdı, 1993-cü ildən sonra ölkəmizdə keçirilən seçkilərin əsas qalibi kimi həqiqətən "dünənin, bu günün və sabahın partiyası" oldu. 
Yeni Azərbaycan Partiyası ümumxalq partiyası kimi meydana gəlmiş və 31 il ərzində bu statusu qorumuşdur. Partiyanın bu mövqeyi onun illər ərzində Azərbaycan xalqının milli vəhdət mərkəzi kimi çıxış etməsi, ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təmin olunmasındakı müstəsna rolu, xalqımızın dəstəyi ilə keçdiyi şərəfli və uğurlu yolla bağlıdır. Demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiya kimi Vətənə sadiqlik, ümummilli maraqlara sədaqət bu partiyanın üzvlərini səciyyələndirən əsas xüsusiyyətdir. Uzun illər ərzində partiya dövlət idarəetməsi üçün yüksək səriştəli, siyasi hazırlıqlı, səbatlı kadrlar yetişdirmişdir. 
Müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri Yeni Azərbaycan Partiyasının məfkurəsinin əsasını təşkil edir. Bütün bunlar partiyanın yarandığı 31 il əvvəl də Azərbaycanın gələcəyinin təminatı idi, bu gün də belədir. Bütün bunlar partiyanın qarşısında duran taleyüklü vəzifələr kimi ideoloji birliyi təmin edir. 

 

İdeyanın gücü

 

Yeni Azərbaycan Partiyasının ən böyük uğuru onun Lider ətrafında və Liderin ideyası işığında yaranması, onlara sadiqliyidir. İnsanları bu partiya ətrafında bir araya gətirən əsas amil Heydər Əliyev şəxsiyyəti, onun Azərbaycanla bağlı amalları, nurlu ideyaları idi. Ulu Öndərin strateji inkişaf kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün Yeni Azərbaycan Partiyasının malik olduğu yüksək nüfuz, dövlətimizin nailiyyətlərinə bu partiyanın verdiyi töhfələr siyasi irsə sadiqliyin istənilən siyasi təşkilat üçün nə qədər mühüm önəm daşıdığını göstərir. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixdə keçirilmiş III Qurultayında partiyanın yeni Sədri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçilmişdir. Ötən illər ərzində regionun lider dövlətinə çevrilən ölkəmizdə Yeni Azərbaycan Partiyası da Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyası səviyyəsinə qədər inkişaf edib. Onun 2021-ci ilin 5 mart tarixdə keçirilən VII Qurultayı zamanı Azərbaycan Prezidenti partiyanın bu gün ölkəmizin və ümumilikdə regionumuzun siyasi həyatındakı nüfuzunu düzgün qiymətləndirərək bildirirdi: "Partiyamızın VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq".
Cəmiyyətimiz indiyə qədər Azərbaycan Prezidentinin müxtəlif məsələlərə həsr olunmuş çox çıxışı ilə tanış olub. Dövlət başçısının çıxışlarında ayrı-ayrı strateji istiqamətlərdə əldə edilmiş nəticələrə verilən ədalətli qiyməti, bu günün reallıqlarının düzgün təhlilini və gələcəklə bağlı aydın planları, qarşıya qoyulmuş konkret vəzifələri görürük. Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı nitqi zamanı isə Prezident İlham Əliyev "müasir dünyamızda inkişaf məramlı güclü siyasi təşkilat necə olmalıdır, öz fəaliyyətini necə qurmalıdır" suallarını cavablandıraraq, bunun fikir mənzərəsini yaratdı. Partiyanın özünü müasir dünyamızın çağırışlarına uyğunlaşdırması üçün dəqiq vəzifələr müəyyənləşdirdi. Aydın tövsiyələr verdi. Eyni zamanda elə qurultay zamanı bu vəzifələrin yerinə yetirilməsi istiqamətində əsaslı addımlar atıldı. Bir sıra mühüm dəyişikliklər edildi. 
Azərbaycan Prezidenti partiyanı yeniləşmiş formatda daha fəal olmağa, ölkəmiz qarşısında duran problemlərin həllində daha yaxından iştiraka çağırdı. Məlumdur ki, son illər ölkəmizdə köklü islahatlar aparılır. Cəmiyyət həyatının müxtəlif sahələrində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan özünü qlobal inkişaf trendlərinə uyğunlaşdırır. Dünyada baş verən ardıcıl dəyişikliklərə həmahəng addımlar atır. Bir sıra mütərəqqi dəyişiklikləri tətbiq edir. Hər birimiz onların səmərəsini gündəlik həyatımızda hiss edirik. Prezident İlham Əliyev bütün bu yenilikləri siyasi islahatlar sahəsində də zəruri sayır: "Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm".

 

Yeni Azərbaycan Partiyası zamanla birgə yenilənir

 

YAP-ın 31 il ərzində daim güclənməsini, nüfuzunu, proseslərə təsir imkanlarını artırmasını, ölkəmizin inkişafına davamlı töhfələr verməsini şərtləndirən daha bir mühüm amil var. Bu partiya zamanla birgə daim yenilənir, müasir dövrün çağırışlarına çevik cavab verməyi bacarır. Cəmiyyətdə mütərəqqi ideyaları yayan, bu ideyaların reallaşması proseslərinin önündə gedən, onları həyata keçirməyə çalışan fəal insanları bir araya gətirən Yeni Azərbaycan Partiyası illərdir ki, bu sahədə də nümunə göstərir. VII Qurultayda YAP-ın yeni Nizamnaməsi qəbul olundu. 40 nəfər tərkibdə yeni İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası seçildi. Bu qurultayda partiya daha bir mütərəqqi yeniliyə imza atdı. Yeni Azərbaycan Partiyasının 35 nəfərdən ibarət Veteranlar Şurası seçildi. Bu da örnək bir addımdır. Çünki istənilən siyasi partiyanın qurucuları təşkilatın inkişafına böyük əmək sərf etmiş insanlar olur. Onların həyat təcrübəsi, siyasi hazırlığı, ictimai nüfuzu partiyanın gələcək inkişafı üçün də lazımdır. Bu baxımdan Yeni Azərbaycan Partiyası tarixi ənənələrlə müasir inkişaf meyillərini özündə birləşdirən siyasi təsisatdır. Bu gün partiyanın 720 830 üzvü var. 
Hazırda Yeni Azərbaycan Partiyası VII Qurultayında müəyyən edilmiş vəzifələrə uyğun olaraq gələcək məqsədlərə doğru irəliləyir. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak edir, ölkəmizdə siyasi mədəniyyətin inkişafına mühüm töhfələr verir. Məlumdur ki, siyasi dialoq ideoloji fəaliyyətin önəmli istiqamətidir. YAP öz təşəbbüsləri sayəsində partiyalararası siyasi dialoqu stimullaşdırır, ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. 
Azərbaycanda qadın fəallığı ənənələrinin yüksəlişində də bu partiyanın böyük rolu var. Partiyanın Sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixdə Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilib. Bu təyinat bir tərəfdən Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətləri olan, yüksək təşkilatçılıq bacarığına malik Mehriban xanım Əliyevanın imkanlarından partiyanın inkişafında istifadə niyyəti ilə bağlıdırsa, digər tərəfdən də onun şəxsində ümumən Azərbaycan qadınına göstərilən yüksək etimadın, dövlət siyasətində qadına xüsusi diqqətin təcəssümüdür. 

 

11 strateji hədəf

 

Yeni Azərbaycan Partiyası qarşısında 11 əsas strateji hədəf var: "Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi", "Güclü iqtisadiyyat və davamlı inkişaf", "İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı", "Şəffaflığın artırılması", "Vətəndaş cəmiyyətinin inkişafı", "Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi", "Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması", "Vətəndaş həmrəyliyinin təminatı", "Milli maraqlar və xarici siyasət", "Ordu quruculuğu" və "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış". İqtidar partiyası olan Yeni Azərbaycan Partiyası bu hədəflərin hər birinə doğru ardıcıl addımlar atır, həyata keçirilən fəaliyyətlə əldə edilmiş nailiyyətlər daha da möhkəmləndirilir və gələcək inkişaf üçün güclü zəmin hazırlanır. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video