1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan böyük şəxsiyyət Heydər Əliyev ölkədəki xaosu sabitliyə çevirəndən sonra tezliklə idmanı da diqqət mərkəzinə gətirdi. Bununla da idmana münasibət kökündən dəyişdi. İdmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.
Müxtəlif sahələri təmsil edən bir qrup gənci qəbul edərək, onların arzu və istəklərini dinləyən, gəncliyin və idmanın dövlətin qayğısına ehtiyacının olduğunu deyən Heydər Əliyev bədən tərbiyəsi və idmanın geniş vüsətlə inkişafı üçün şəraitin yaradılacağını bildirmişdi.
Məhz bu baxımdan, sözügedən sahənin bir mərkəzdən idarə olunması, dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Heydər Əliyevin 26 iyul 1994-cü ildə imzaladığı fərmanın böyük tarixi əhəmiyyəti var idi. Bu fərmanla respublikamızda Gənclər və İdman Nazirliyi yaradıldı. 1994-cü il ölkəmizin idman həyatında dönüş ili oldu. Həmin ildən müstəqil Azərbaycan dövləti idmana və bədən tərbiyəsinə sahib çıxdığını, bu sahənin dövlət siyasətində önəmli yer tutduğunu rəsmən bəyan etdi.
Nazirliyin yaradılması ilə bərabər, idmançıları sevindirən digər məqam Ulu Öndərin "İdmana xüsusi qayğını öz üzərimə götürürəm. Əmin olun ki, siz bu qayğını daim hiss edəcəksiniz" deməsi oldu. Doğrudan da, o gündən sonra idmançılarımız bu qayğını həmişə öz üzərilərində hiss etdilər. Vətənin bayrağını, şərəfini hər şeydən üstün tutaraq, beynəlxalq arenada bir-birindən möhtəşəm qələbələrə yol açdılar. Təkcə idmançılar deyil, bütün idman ictimaiyyəti bu qayğı və diqqəti hiss etdi və bunu heç vaxt unutmadı.
Heydər Əliyev idman potensialını üzə çıxarmaq, bundan səmərəli istifadəni təmin etmək məqsədilə bu sahəyə xüsusi diqqətlə yanaşırdı. O, vaxtaşırı idmançılarla görüşür, onlarla səmimi ünsiyyətdə olur və qayğıları ilə maraqlanırdı. Hələ ötən əsrin 70-ci illərində Azərbaycanın adlı-sanlı idmançılarını dəfələrlə qəbul edərək onların problemləri ilə birbaşa məşğul olması yaddaşlara əbədi həkk olundu. Müstəqillik illərində də, yenidən hakimiyyətə qayıtdıqdan sonra da bu ənənəni davam etdirən Ulu Öndər Heydər Əliyev ölkə həyatının o vaxt üçün daha önəmli olan taleyüklü məsələləri ilə gecə-gündüz məşğul olmasına baxmayaraq, vaxt tapıb idman və bədən tərbiyəsi sahəsinin inkişafını da diqqətdən kənarda qoymurdu.
Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək və dünyaşöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında bir sıra məsələlərin reallaşdırılması vəzifəsini qoymuşdu. Bunlar mövcud idman bazalarının, stadionların, idman qurğularının qorunması, bərpa edilməsi və çağdaş dünya tələblərinə cavab verən yenilərinin inşası, onların idman avadanlıq və ləvazimatları ilə təchiz edilməsi, idman məktəblərində, klublarında yeni bölmələrin açılması və fəaliyyətinin genişləndirilməsi, Azərbaycan çempionatlarının keçirilməsi, idmançıların beynəlxalq yarışlara hazırlığının və bunlarda iştirakının təmin edilməsi, yüksək nəticələr əldə etmiş idmançıların mükafatlandırılması, digər ölkələrlə idman əlaqələrinin və əməkdaşlığın gücləndirilməsi, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi və yeniləşdirilməsi, məşqçi və müəllimlərin peşəkar səviyyələrinin artırılmasından ibarət idi.
Ulu Öndərin bütün sahələrlə bərabər bədən tərbiyəsi və idmanın qayğıları ilə gündəlik maraqlanması idmançılarımıza yüksək əhvali-ruhiyyə bəxş edir, bu istiqamətdə həyata keçirilən tədbirlər onları daha böyük səylə mübarizə aparmağa ruhlandırırdı. Elə bunun nəticəsi idi ki, idman nailiyyətlərinin qazanılması istiqamətində yaranmış müəyyən boşluqdan sonra 1994-cü ildə Azərbaycan idmançıları rəsmi beynəlxalq yarışlarda 12 qızıl, 15 gümüş və 22 bürünc medal qazandılar.
Heydər Əliyev yuxarıda qeyd edilən bütün bu tədbirlərin həyata keçirilməsini təmin etmək, sürətləndirmək məqsədilə 1995-ci il martın 5-də verdiyi fərmanla Azərbaycanda idman fondu yaratdı. İdman fondunun olması ölkəmizdə sağlam həyat tərzinin təbliğ edilməsinə, uşaq və yeniyetmələrin idmana kütləvi surətdə cəlb edilməsinə, bu sahəyə marağın artmasına, maddi-texniki bazanın möhkəmləndirilməsinə, Azərbaycan idmanının beynəlxalq idman ailəsinə inteqrasiya olunmasına təminat verdi. İdmanın inkişafı üçün prezident fondundan əsaslı vəsait ayrıldı.
Heydər Əliyev əldə edilmiş nəticələrlə vaxtaşırı ciddi maraqlanır, idmançı və məşqçilərin əməyini yüksək dəyərləndirirdi. Əldə edilmiş nailiyyətləri təhlil edən və bu uğurların qazanılmasında əzmlə, bacarıqla çalışmış idmançı və məşqçilərin zəhmətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev, elə həmin ilin mart ayında fərman imzalayaraq bir qrup idmançı və mütəxəssisi "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif etdi. Həmin gün, yəni 1995-ci il martın 5-də Bakı Əl Oyunları Sarayında ölkəmizin milli yığma komandalarının XXVI Yay Olimpiya Oyunlarına hazırlığını nümayiş etdirmək məqsədilə keçirilən idman baxışında iştirak edən Ulu Öndər yüksək nailiyyətlər əldə etmiş idmançıların və onların məşqçilərinin, eləcə də idman xadimlərinin işinə yüksək qiymət verərək respublikada bədən tərbiyəsi və idmanın bütün qayğılarını öz üzərinə götürdüyünü bir daha bəyan etdi.
Heydər Əliyev Bakı Əl Oyunları Sarayındakı çıxışı ilə bütün idmançılara yeni mübarizlik, iradə və qətiyyət aşıladı. İdmançı və mütəxəssislərə təqdim etdiyi dövlət mükafatları ilə Heydər Əliyev həm də müstəqil, gənc Azərbaycan dövlətində yeni bir ənənənin əsasını qoydu.
Normal şərait yaradılması ilə bərabər, idmançılara maddi və mənəvi dəstəyin də mühüm rol oynadığını gözəl bilən Ümummilli Lider onların sosial problemlərinin həllini həmişə diqqət mərkəzində saxlayırdı. İdmançı və mütəxəssisləri, idman xadimlərini yüksək dövlət mükafatlarına, prezident təqaüdünə layiq görməsi, Atlanta və Sidney olimpiadalarının qalibləri ilə hərarətli görüşü və onları səmimi təbrik etməsi, hər il Avropa və dünya çempionatlarından, Yay Olimpiya Oyunlarından uğurla dönən idmançıların dövlət tərəfindən mükafatlandırılması barədə tapşırığı idman ailəsinin bütün üzvlərini bu böyük şəxsiyyətin, doğma vətən və xalq üçün alovlu ürək sahibinin gördüyü işlər onları qarşıdakı illərdə öz əməlləri ilə cavab verməyə səsləyirdi.
Elçin CƏFƏROV,
"Azərbaycan"