27 Sentyabr 2023 10:25
802
İQTİSADİYYAT
A- A+

Türkiyə hər zaman Azərbaycanın yanında olduğunu bir daha göstərdi

 

Qardaş ölkənin lideri Ərdoğanın Azərbaycana növbəti səfəri də bir çox vacib hadisələrlə tarixə düşdü

 

Azərbaycan-Türkiyə  əlaqələri  yüksək zirvədədir və bu gün bütün istiqamətlər üzrə  ən fəal dövrünü yaşayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti rəsmi səfəri bunun daha bir bariz nümunəsi oldu.    
İki ölkə arasında əlaqələrdə bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəsinin artırılması istiqamətində önəmli addımlar atılıb. Keçən il ticarət dövriyyəsi 6 milyard dollardan çox olub. Bu ilin yeddi ayında  isə 40 faiz  artıb  və daha da artacağı gözlənilir. Hədəf  yüksək rəqəmlərlə ölçülür. Belə ki, bir müddət bundan əvvəl 15 milyard dollar ticarət dövriyyəsi hədəflənmişdi. O zaman ticarət dövriyyəsi təqribən 2 milyard dollar idi. İndi 6 milyard dolları ötdüyü halda yəqin ki, həmin hədəfə yaxın gələcəkdə  çatacağıq. 
Azərbaycan-Türkiyə əməkdaşlığının və  tərəfdaşlığının  mühüm bir qolunu  enerji sahəsi təşkil edir. İndi bu sahədə daha bir əhəmiyyətli layihə gerçəkləşməkdədir. Cari  il sentyabrın 25-də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması ilə iki qardaş ölkənin birgə həyata keçirdiyi  növbəti  dəyərli layihəyə start verildi.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təməlini qoyduqları İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi illər əvvəl  ölkələrimiz arasında başlanmış uğurlu enerji əməkdaşlığı  yolunun davamıdır. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin ən böyük hissəsi qardaş ölkənin ərazisindən keçərək 2006-cı ildən Azərbaycan neftini Ceyhana çatdırır. Buradan da neftimizin dünyaya yolları başlanır. Azərbaycan qazının ixrac marşrutları da Türkiyədən keçir. Bakı-Tbilisi-Ərzurum kəməri 2007-ci ildən fəaliyyət göstərir. Azərbaycan-Türkiyə birgə layihəsi olan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri)  isə  təkcə regionun deyil, bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinə xidmət edir. Belə ki, bu kəmər Türkiyə-Yunanıstan sərhədində qazı Avropaya daşıyan TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) qovuşur. Əməkdaşlığın bəhrəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun potensialı gələcək üçün daha  böyük  ümidlər verir.  
İğdır-Naxçıvan qaz kəmərinin də bu uğurlu layihələrdən biri olacağına şübhə yoxdur. Prezident İlham Əliyevin mətbuata bəyanatında dediyi kimi: "Bu gün təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz xətti - vaxtilə biz Sizinlə TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik - bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir. Biz bu gün Sizinlə, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq və mən Sizə məlumat verdim ki, yaxın aylarda bu yolun imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər, böyük ehtimalla, gələn ilin sonunda başa çatmalıdır. Yəni bütün bu tarixi layihələr bir daha onu göstərir ki, bizim dövlətlərimiz nə qədər bir-birinə bağlıdır, bir-birinə yaxındır. Biz bir-birimizə dəstək verməklə eyni zamanda regional məsələləri də düz istiqamətə yönəldirik. Yəni bizim müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın".
Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. Bu qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında imzalanıb. Prezident İlham Əliyevin 2022-ci il  fevralın 10-da imzaladığı   sərəncamla isə  kəmərin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasında yer alıb.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu 80 kilometrdir.  Kəmər gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq da mümkündür.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da mətbuata bəyanatında yeni layihəni yüksək dəyərləndirib: "Xəzər dənizindən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizin əhəmiyyəti koronavirus pandemiyası və bölgəmizdə yaşanan müharibələr nəticəsində daha yaxşı dərk edilmişdir. Bu baxımdan bir qədər əvvəl təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığımızı daha da dərinləşdirəcəyi kimi, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Qars-Naxçıvan dəmir yolu layihəsi ilə yanaşı, yaşayış binaları və elektrik enerjisi ilə bağlı müqavilələr bir az əvvəl imzalandı. Beləliklə, nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələrimizi inkişaf etdirməklə bağlı iradəmizi bir daha ortaya qoyduq".
Qarşıda isə daha yeni layihələr dayanır. Bir neçə gündən sonra  Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcək. Burada  təbii ki, Naxçıvanın "yaşıl enerji"si haqqında da söhbət gedəcək. "Naxçıvanda günəş-elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan "yaşıl enerji" zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su-elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində "yaşıl enerji" ixracı da mümkün olacaqdır." Dövlətimizin başçısı mətbuata bəyanatında bunu da diqqətə çatdırmışdır.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video