Hörmətli redaksiya!
Tələbəyəm. Əyani təhsil alıram. Valideynlərim çətinə düşməsin deyə təhsil xərclərimi ödəmək üçün dərslərdən sonra - günün ikinci yarısı, bəzən isə gecələr müxtəlif işlərdə çalışıram. Evimizdə günün birinci yarısı yalnız şənbə və bazar günləri oluram. Televiziya verilişlərini izləmək və bir növ, mədəni istirahət etmək imkanım da məhz bu zaman yaranır. Amma hər şənbə, demək olar ki, bütün kanallarda gündüz, əsasən, Hindistan filmləri nümayiş edilir. Hind kinoları ölkəmizdə sevilsə də, düşünmürəm ki, bu mövzuya istirahət günlərindən birinin az qala bütünlüklə həsr edilməsinə ciddi ehtiyac var. Yalnız şənbə günləri televizora baxdığım üçün, mənə elə gəlir ki, bizim telekanallarda yalnız Hindistan filmləri göstərilir. Bu filmlər də reklam və anonslarla birlikdə ən azı 4 saat sürdüyündən istirahət günü istədiyim verilişə, filmə baxmaqdan məni məhrum edir. Bundan başqa, kanaldan-kanala keçdikcə seçim imkanı və tematik rəngarənglik, janr müxtəlifliyi əvəzinə yeknəsəq və bezdirici mövzularla üz-üzə qalıram. Nə üçün istirahət günləri, əsasən, melodram və ya döyüş janrlarında çəkilmiş kinofilmlərə üstünlük verilir? Məgər elmi-fantastik, komediya, dram, vestern, tarixi, bioqrafik, detektiv, hərbi, idman, əyləncə, mistika janrlarının həvəskarı yoxdur? Görünür, özəl kanallarda ekran siyasətini müəyyənləşdirən şəxslər bezdirici yeknəsəqlikdən zövq alırlar. Belə hallarda çoxu bildiyi dildəki xarici telekanallara üz tutmaq məcburiyyətində qalır. Mən isə, başqalarından fərqli olaraq, öz ölkəmdə, öz dilimdə yerli mətbuat və teleşirkətlərin yüksək səviyyədə hazırladığı verilişlərə, filmlərə baxmaq istəyirəm. Güman edirəm, mənim kimi minlərlə tamaşaçı da dünyanın fərqli kinematoqraflarının müxtəlif janrlarda çəkilmiş filmlərinin ən keyfiyyətli, uğurlu nümunələrinə öz dilimizdə, öz televiziya kanallarımızın ekranlarında baxmağı arzulayır.
Vüsal ƏLİYEV,
Azərbaycan Neft Akademiyasının III kurs tələbəsi