15 Oktyabr 2024 09:00
616
SİYASƏT
A- A+
Tarixin ən qüdrətli Azərbaycanının müəllifi

Tarixin ən qüdrətli Azərbaycanının müəllifi


15 oktyabr milli dövlətçilik tariximizdə xüsusi əlamətdarlığa malik günlərdəndir. Bu tarix cənab İlham Əliyevin vətəndaşlarımızın mütləq etimadı ilə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür. 2003-cü ilin 15 oktyabrından ötən müddət ərzində dövlətimizin başçısının rəhbərliyi ilə müstəqil respublikamız möhtəşəm uğurlara nail oldu, Azərbaycan tarixinin ən qüdrətli mərhələsinə gəlib çatdı. Bu uğurların miqyası o qədər geniş və çoxşaxəlidir ki, dünyanın əksər dövlətlərinin təcrübəsinə nəzər saldıqda cəmi 21 il ərzində bu qədər böyük nailiyyətlər qazanmış başqa bir ölkə təsəvvür etmək mümkün deyildir. 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü, dövlət suverenliyi tam təmin olundu, torpaqlarımız təxminən 30 illik işğaldan azad edildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində, ardınca 2023-cü ildə həyata keçirilən qısamüddətli lokal xarakterli antiterror tədbirləri ilə əsrlərin problemi yoluna qoyuldu. Böyük güclərin bölgəmizdə müxtəlif təxribatlar törətmək üçün istifadə etdikləri "erməni projesi" dəftəri birdəfəlik qapandı. Əsrlərlə Qarabağda yuva qurub Azərbaycanın bağrında sağalmaz yaraya çevrilən, saysız-hesabsız faciələrimizə səbəb olan erməni separatizmi məhv edildi. Bununla Cənubi Qafqazda əbədi sülh, təhlükəsizlik, dayanıqlı inkişaf üçün indiyə qədər heç zaman olmamış yeni tarixi reallıqlar yarandı. Son 5 əsrdə dövlətçilik tariximizdə bundan böyük zəfərə imza atılmamışdır.              

Müasir dünyamızın ən parlaq dövlət adamlarından olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi bu məqsədyönlü siyasətin, verdiyi qərarların məzmununu təhlil etdikdə dövlət rəhbərimizin bütün qüdrətli liderlərə xas cəhətləri necə uğurla öz şəxsiyyətində birləşdiyini görə bilərik. Bu ilin fevralında xalqımızın yekdil dəstəyi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyevin Milli Məclisdəki andçmə mərasimi isə milli dövlətçilik ənənələrimizin yaddaqalan anlarından biri kimi tarixə yazıldı. Cənab İlham Əliyev mərasimdəki çıxışında da qeyd etdiyi kimi, Azərbaycan bununla yeni bir dövrə daxil oldu.

Bu çıxış həm Prezident İlham Əliyevin 2003-cü ildən bəri ölkəmizə rəhbərlik etdiyi tarixi dövrə ümumi baxış, həm mövcud reallıqların dəyərləndirilməsi, həm də gələcəyin proqnozlaşdırılması etibarilə böyük maraq kəsb etdi. Bu, əslində 21 illik yüksəliş və inkişaf mərhələsinin əsl mahiyyətini, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın şərəf salnaməsini gözlərimiz önündə bir daha canlandırdı.  Dövlət başçısı dedi: "İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi".

Əgər Azərbaycan Prezidentinin 2003-cü ilin oktyabrında keçirilmiş inaqurasiya mərasimindəki çıxışına nəzər yetirib sonrakı iki onillik ərzində yaradılmış tarixi reallıqlar arasında müqayisələr aparsaq, görərik ki, cənab İlham Əliyevin artıq 21 il əvvəl xalqımız qarşısında verdiyi bütün vədlər yerinə yetirilib. Azərbaycan vətəndaşlarının istəyinə uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin davam etdirilməsi, o cümlədən bu siyasətin əsas prioriteti olan ölkəmizin ərazi bütövlüyü, suverenliyi məsələsinin təmin olunması - Ata vəsiyyətinin yerinə yetirilməsi həmin vədlər sırasında birinci gəlir. Azərbaycan Prezidenti 2003-cü ildə də, ondan sonrakı andiçmə mərasimlərində də bəyan etmişdi ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Xalqımız heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Nəyin bahasına olursa-olsun, doğma torpaqlarımız azad ediləcək. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız yumruq kimi birləşərək torpaqlarımızın azadlığına, ərazi bütövlüyümüzə, dövlət suverenliyimizə nail oldu.

"Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz, doğrudan da, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik" - cənab İlham Əliyev andiçmə mərasimindəki çıxışında dedi.


Böyük yolun davamçısı


Dövlət başçısı və onun şəxsində ümumilikdə ölkəmizi, vətəndaşlarımızı bu möhtəşəm uğura yetirən ən mühüm amil Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəttinin ardıcıllığını ilk günlərdən təmin etməsi, hansısa kənar müdaxilələrin Azərbaycanı öz dayanıqlı inkişaf yolundan sapındırmasına imkan verməməsi oldu. 

Ölkəmiz indi dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bu inkişafın əsasında reallaşdırılan müstəqil daxili və xarici siyasət kursu dayanır. Belə bir müstəqil strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına müvafiq surətdə qətiyyətlə davam etdirilməsi hazırkı milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi, sosial-siyasi, iqtisadi, humanitaryönümlü islahatların  həyata keçirilməsi, sabitliyin qorunması, beynəlxalq münasibətlər sistemində artan nüfuzumuz qlobal məsələlərdə ölkəmizin ciddi təsir gücünə malik olduğunu göstərir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır.  

Özünü doğruldan yanaşmaları, uğurlu təşəbbüsləri, ən mühümü isə başqalarında yaratdığı yüksək inam hissi Prezident İlham Əliyevi müasir dünyamızın ən önəmli siyasi liderlərindən biri mövqeyində qərarlaşdırıb. Beynəlxalq siyasi arenada ona böyük rəğbət bəsləyir, irəli sürdüyü rəylərlə hesablaşır, təşəbbüslərini dəstəkləyirlər. Çünki ölkəmizin rəhbəri hər zaman doğrunun yanındadır. Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflərin nə qədər yerində, məqsədyönlü olduğunu, real nəticələrə hesablandığını tarix dəfələrlə sübuta yetirib. Ona görə dünya liderləri dövlət başçımızın baxışlarına böyük önəm verirlər.

Hakimiyyətə gələndən böyük Zəfər Gününə kimi Qarabağ məsələsində düşmən tərəfə, onun havadarlarına qarşı qətiyyətli mübarizəsi sonda onu hədəfinə çatdırdı,  ölkəmiz üçün yeni bir gələcək formalaşdırmağa başladı. 


Qlobal proseslərə təsir imkanlarına malik dövlət


Azərbaycan Prezidenti çox böyük çətinliklər hesabına başa gəlmiş ictimai-siyasi sabitliyi qoruyaraq daha da möhkəmləndirdi. Cəmiyyətdə inkişaf mühitini təmin etdi. Dövlətimizin başçısı Ümummilli Liderin strateji inkişaf xəttini sadəcə davam etdirmədi, bu xətt üzrə daha böyük hədəflər müəyyənləşdirib, ölkəmizi, cəmiyyətimizi addım-addım onlara yetirdi. Bu dövrdə respublikada islahatlar davamlı xarakter aldı, ölkə və cəmiyyət həyatının ən müxtəlif sferalarında dəyişiklik və inkişaf meylləri baş verdi. 

Azərbaycan sosial-iqtisadi inkişaf göstəricilərinə görə dünyanın ən öndə irəliləyən ölkələrindən birinə çevrildi. Ümummilli Lider Heydər Əliyevin ideya müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan əsas-ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri uğurla reallaşdı. Bu uğurun davamı kimi sonrakı illərdə "Cənub qaz dəhlizi" kimi qlobal bir layihə həyata keçirildi, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısı statusunu qazandı.  

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda infrastrukturun inkişafı sahəsində bir sıra mühüm layihələr həyata keçirildi. Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə salındı. Bu beynəlxalq nəqliyyat layihəsi Azərbaycanı Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən strateji marşruta çevirdi. Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzit və ticarət əlaqələrini gücləndirərək ölkənin beynəlxalq yük daşımalarında əhəmiyyətli rol oynamasına imkan yaratdı.

Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkədə müasir yol infrastrukturu quruldu. Qlobal əhəmiyyətli magistral yollar yeniləndi, bu da daxili nəqliyyatın və yük daşımalarının effektivliyini artırdı. Bütün bunlara paralel olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verildi. Xəzər dənizinin ən böyük limanı beynəlxalq yüklərin  daşınmasında mühüm rol oynamaqla Azərbaycanın tranzit imkanlarını genişləndirdi. 

Son onilliklərdə Azərbaycanda yeni beynəlxalq hava limanları da tikilərək istifadəyə verildi, mövcud hava limanları yeniləndi. Bu da turizm və ticarətin inkişafına böyük təkan oldu. Bu layihələr iqtisadiyyatın davamlı inkişafını təmin etməklə yanaşı, ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsinə və insanlarımızın həyat səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfələrdir. Azərbaycan bu layihələrin uğurları sayəsində son onilliklərdə qlobal enerji-logistika mərkəzinə çevrildi. Ölkəmizin beynəlxalq əhəmiyyəti daha da gücləndi, Azərbaycan geostrateji mövqelərini möhkəmləndirərək illər əvvəl müstəqillik yollarında ilk kövrək addımlarını atan ölkədən qlobal proseslərə təsir imkanlarına malik həlledici dövlət mövqeyində qərarlaşdı. Enerji resurslarının ixracından əldə edilən gəlirlər sayəsində dövlət büdcəsi əhəmiyyətli dərəcədə artdı və bu, ölkə həyatının ən müxtəlif sahələrində sürətli inkişafa mühüm təsir göstərdi. 


Milli ideologiyamızın mühüm prioriteti


Bu gün müstəqil siyasət Azərbaycan üçün sadəcə inkişaf yolu deyil, eyni zamanda milli ideologiyamızın mühüm prioritetidir. Son illərdə ölkəmizdə cəmiyyət həyatının bütün önəmli sahələri üzrə aparılan dinamik islahatlar da bunun təzahürüdür. Xalqın böyük dəstəyi ilə müşayiət olunan bu islahatlar ölkəmizin daxili siyasi uğurlarına yol açır, cəmiyyətimizi daha da səfərbər edir, vətəndaş həmrəyliyini, xalq-hakimiyyət birliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitini möhkəmləndirir. Nəticədə daxili siyasətin davamı kimi xarici  siyasət istiqamətində də Azərbaycanın addımları daha dayanıqlı və ardıcıl xarakter daşıyır. 

Azərbaycan Prezidentinin "Bizim sözümüz də imzamız qədər dəyərlidir" fikri sadəcə söz deyil, ölkəmizlə hansısa məqamlarda tərəfdaşlıq etmiş hər kəsin əmin olduğu həqiqətdir. Ölkələrə də, dünya liderlərinə də, beynəlxalq təşkilatlara da bəllidir ki, Azərbaycan öz milli  maraqlarını nəzərə almaqla verdiyi istənilən sözü tutacaq, bütün vədlərə, üzərinə götürdüyü bütün öhdəliklərə sadiq qalacaq. Xalqımızın maraqlarına zidd olan hər hansı anlaşmalara isə Azərbaycanı razı salmaq qətiyyən mümkün deyil. Bu iradə xalqın öz Liderinə olan dəstəyindən irəli gəlir. 

Prezident İlham Əliyev bütün çıxışlarında ideoloji təhlükəsizliyin qorunmasını ön plana çəkir. İdeoloji təhlükəsizlik dövlət və cəmiyyətin əsas dəyərlərinə qarşı yönəlmiş təhdidlərin qarşısının alınması, mənəvi dəyərlərin, aparıcı amillərin qorunması və gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir.

Dövlət başçısı VII çağırış Milli Məclisin ilk iclasındakı proqram xarakterli nitqində yeni tarixi reallıqlar dövrü ilə bağlı bir sıra aktual məsələlərlə yanaşı, ideoloji təhlükəsizlik mövzusuna da xüsusi yer ayırmışdı. Bununla bağlı müasir çağırışları, qarşıda duran vəzifələri diqqətə çatdırmışdır. İdeoloji işğal cəhdlərinin qarşısını ala biləcək ən güclü vasitənin xalqın öz milli ideologiyasına malik olmasını söyləmişdir.

Bu baxımdan azərbaycançılıq ideologiyası xalqımızın milli kimliyini və dəyərlərini əks etdirən, ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını önə çəkən düşüncə sistemidir. Bu ideologiya tariximiz, mədəniyyətimiz, dilimiz və siyasi maraqlarımız ətrafında formalaşmış bir dünyagörüşünü əks etdirir və həmrəyliyi, vətənpərvərliyi, tarixi Vətənə sevgini gücləndirir. Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışındakı çıxışında bu məsələyə daha geniş yer verərək bildirmişdi: "Mən Azərbaycan xalqına həmişə həqiqətləri demişəm, bütün dövrlərdə və bu gün də həqiqət bundan ibarətdir. Ancaq biz öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq. Xüsusilə mən gənc nəsli nəzərdə tuturam. Çünki bu gün anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydururlar, tirajlayırlar, öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında. Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürləri bu günə qədər də maliyyələşdirirlər Azərbaycanda, müxtəlif QHT-lər adı altında, hansısa ictimai qurumlar adı altında. Yəni gənc nəslin şüuruna təsir etsələr, demək olar ki, Azərbaycanın gələcəyinə təsir edəcəklər, heç vaxt gənclər unutmasınlar". 

Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə yüzlərlə yeni məktəb, universitet binaları tikilib. Minlərlə istedadlı gəncimizə dünyanın ən nüfuzlu təhsil ocaqlarında Azərbaycan üçün xüsusilə gərəkli ixtisaslar üzrə dövlət hesabına oxumaq imkanı yaradılıb. Ölkəmizdə yaradıcı fəaliyyətin dəstəklənməsinə genişmiqyaslı layihələr reallaşdırılıb. Modernləşdirmə konsepsiyasının təşəbbüskarı olan Prezident İlham Əliyev innovasion, idarəçilik səviyyəsi yüksək olan kadr potensialı yaradılması üçün xüsusi proqramların, layihələrin həyata keçirilməsi məqsədilə dövlət əhəmiyyətli sənədlər imzalayıb. Bunlar ölkəni modernləşdirməyə, insan kapitalını inkişaf etdirməyə, istedadlılara qayğı göstərməyə və onları himayə etməyə, potensialının üzə çıxarılmasına yönəlmiş rəhbər sənədlərdir.


Milli ruhun verdiyi güc: mədəniyyət


Mədəniyyət diplomatiyası da Azərbaycanın xarici siyasət kursunun mühüm istiqamətlərindəndir. Bu, dövlətlər və xalqlar arasında müxtəlif mədəniyyətlərin mübadiləsini təmin edir, qarşılıqlı dözümlülük üzərindən dostluq körpüləri salır, mehriban qonşuluq əlaqələrinin qurulmasına geniş imkanlar yaradır. Müasir beynəlxalq münasibətlərdə mədəniyyət diplomatiyası hər bir dövlət üçün çox səmərəli siyasi strategiya alətidir. Müasir dövrdə heç bir dövlət bu gücdən faydalanmadan beynəlxalq aləmdə inkişaf və inteqrasiya edə bilməz. 

Dövlət rəhbərimizin həyata keçirdiyi müstəqil siyasətin nailiyyətləri sayəsində bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan dövləti mədəniyyət sahəsində həyata keçirdiyi düşünülmüş siyasətlə də beynəlxalq aləmdə zəngin potensiala və yüksək mədəniyyətə malik ölkə kimi nüfuz qazanıb. Respublikamız qısa müddətdə ümumdünya mədəniyyət diplomatiyası cərəyanına fəal şəkildə qoşularaq, özünü mədəni mübadiləyə, xalqların mənəvi yaxınlığına açıq, ümumbəşəri irsin zənginləşdirilməsinə və qorunmasına qadir dövlət kimi tanıtmağı bacarıb, bu istiqamətdə ciddi nəticələr qazanıb. 

Xalqımızın milli-mədəni dəyərlərinin dünyada təbliği, mədəni və humanitar əlaqələrimizin genişlənməsi, əsrlər boyu bəşər mədəniyyətinə nadir töhfələr vermiş şəxsiyyətlərimizin müasir dünyaya təqdimatı Azərbaycanın xarici siyasət kursunun mühüm istiqamətidir.

 Vətən müharibəsindəki tarixi qələbəmiz mədəniyyət sahəsində də böyük dəyişikliklərin əsasını qoydu. İşğaldan azad edilmiş Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Sonra türk dünyasının, bu il isə islam dünyasının mədəniyyət paytaxtıdır. Bülbülün, Natəvanın, Üzeyir bəy Hacıbəylinin büstləri yenidən Şuşaya qovuşdu. Bülbülün Şuşadakı ev-muzeyi bərpa edildi. 30 illik fasilədən sonra "Xarıbülbül" festivalı yenidən Vətənində keçirildi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Vaqif Poeziya Günləri yüksək  səviyyədə təşkil olundu. Şuşada aparılan quruculuq işlərinə paralel həyata keçirilən bütün layihələr şəhərin mədəni həyatını da canlandırır, vandalların vurduqları yaraları sağaldır. Bütün bunlar 30 illik işğal dövründə Qarabağda, Şərqi Zəngəzurda dəhşətli vandalizm əməlləri törətmiş, dağıntılarla, qarətçiliklə öz miskin, saxtakar mahiyyətlərini ortaya qoymuş işğalçı tərəfdən fərqli olaraq Azərbaycan xalqının nə qədər mədəni, sivil, inkişafa, quruculuğa, tarixi-mənəvi dəyərlərə önəm verən xalq olduğunu bütün dünyaya göstərir. Bu günlərdə Laçın şəhəri MDB-nin paytaxt şəhəri elan edildi. Belə bir tarixi qərar Azərbaycanın regiondakı mədəni əhəmiyyətini artırmaqla yanaşı, beynəlxalq nüfuzunu da möhkəmləndirir.  

Bütün dünya üçün bu nailiyyətləri yaradan faktlardan biri də ölkəmizdə keçirilən silsilə beynəlxalq tədbirlər - festivallar, mahnı müsabiqələri, qlobal mədəniyyətlərarası dialoq forumlarıdır. Mədəniyyət xadimləri ilə aparılan müzakirələrdir, dünyanın nüfuzlu söz sahibləri arasında gedən fikir və ideya mübadilələridir. Paytaxt Bakıdan bütün bəşəriyyətə ünvanlanan çağırışlardır. Bu gün həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt məhz milli irsin təbliği, mədəniyyət abidələrinin, genofondun qorunmasıdır.

Mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biri də Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə dövlət qayğısının həyata keçirilməsidir. Prezident İlham Əliyev  çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır - alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır: "Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar cəmiyyətin aparıcı təbəqələridir, cəmiyyətin elitasıdır". Ona görə dövlətimiz hər zaman öz yaradıcı insanlarına böyük dəyər verir, onları dəstəkləyir, sənəti ilə bəşər mədəniyyətinin inkişafına zəngin töhfələr bəxş etmiş sənətkarlarımızın xatirəsini uca tutur.

Dünyaşöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin Bakıda abidəsinin açılışı və 80 illik yubiley tədbirinin keçirilməsi buna bir nümunə oldu. Dövlət başçısının müvafiq sərəncamı ilə Bakının ən görkəmli yerlərindən birində adı hər zaman xeyirli əməlləri ilə xatırlanan Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması bir daha göstərir ki, onun vaxtilə etdiyi yaxşılıqlar heç zaman unudulmur. El sənətkarı məşhur Aşıq Ələsgərin abidəsinin açılışı dövlətimizin böyük şəxsiyyətlərimizə yüksək sevgi və ehtiramının ifadəsidir.

Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkar M.Füzulinin 530 illik yubileyinin qeyd olunması haqqında sərəncam, XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan şairləri arasında çox yüksək məqam sahibi olan Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinin keçirilməsi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır.

Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun, görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyləri dövlət səviyyəsində qeyd olunmuşdur.

Ədəbi-ictimai fikir tariximizin parlaq dühalarından olan, mütəfəkkir şair və dramaturq "Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında" Prezident sərəncamında şairin irsinə yüksək qiymət verilir və xüsusi vurğulanır ki, Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır.

Bundan başqa, Məhəmməd Əmin Rəsulzadənin 140, Nəbi Xəzrinin 100, Əhməd Cavadın 130, Ömər Faiq Nemanzadənin 150, Əhməd Bakıxanovun 130, Rauf Hacıyevin 100 illiyinin, Azərbaycanın görkəmli memarları Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması, Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması və digər böyük şəxsiyyətlərimizin yubileylərinin qeyd edilməsi, xatirələrinin əbədiləşdirilməsi haqqında sərəncamlar və bunların icrası istiqamətində görülmüş işlər, abidələrin açılışında dövlət başçısının özünün şəxsən iştirakı mədəniyyətimizə olan böyük ehtiramın təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev bu mənada milli mədəniyyətimizin ən böyük hamisi, onun inkişafının təminatçısıdır.

Ölkəmiz bu gün milli ruhun verdiyi güclə, xalqımızı tarixinin ən böyük nailiyyətlərinə yetirən qüdrətli Liderə əminliklə gələcəyə doğru inamla irəliləyir, ulularımızdan gələn tarixin yeni şanlı səhifələrini yaradır. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 qlobal iqlim konfransı ərəfəsində nümayəndə heyətləri üçün logistik brifinq təşkil edilib

23:46
10 Noyabr

Butan Krallığının Baş naziri Azərbaycana səfərə gəlib

23:12
10 Noyabr

Qana Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycandadır  

22:25
10 Noyabr

Müsəlman Ağsaqqalları Şurasının sədri Azərbaycana gəlib

22:10
10 Noyabr

Papa Fransisk: COP29 ümumi evimizin qorunmasına töhfə verəcək

22:09
10 Noyabr

Britaniya səfiri COP29 ilə bağlı paylaşım edib

22:06
10 Noyabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç və Heyətin üzvü Jelka Tsviyanoviç Azərbaycana səfərə gəliblər  

21:22
10 Noyabr

Monqolustan Prezidenti Azərbaycana səfərə gəlib  

21:21
10 Noyabr

Asiya İnkişaf Bankının prezidenti Azərbaycana səfərə gəlib

21:20
10 Noyabr

Türkiyə və Şimali Kipr mediası Azərbaycanda keçiriləcək COP29 mövzusunu geniş işıqlandırıb  

21:19
10 Noyabr

MN: Hərbi qulluqçumuz piyadaəleyhinə minaya düşərək xəsarət alıb  

21:17
10 Noyabr

Antiqua və Barbudanın Baş naziri Azərbaycana gəlib  

21:16
10 Noyabr

“Sabah” qəzeti Türkiyənin COP29 çərçivəsində prioritetləri barədə məqalə dərc edib   

21:14
10 Noyabr

Burundinin vitse-prezidenti Azərbaycanda səfərdədir  

21:10
10 Noyabr

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib  

21:08
10 Noyabr

Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb YENİLƏNİB 

20:55
10 Noyabr

Prezident İlham Əliyev Zimbabve Prezidenti ilə görüşüb YENİLƏNİB

20:46
10 Noyabr

Prezident İlham Əliyev San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri ilə görüşüb YENİLƏNİB  

20:45
10 Noyabr

COP29 “Daily Show” televiziya proqramına start verir  

20:26
10 Noyabr

Yaşıl gələcəyi birlikdə quraq: COP29 - Yaşıl sabaha doğru

20:25
10 Noyabr

Prezident İlham Əliyev Surinam Prezidenti ilə görüşüb YENİLƏNİB  

20:22
10 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!