Xoş müjdən, yeni missiyan mübarək, əziz Şuşa!
Sentyabrın 25-i və 26-da Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın qədim söz-sənət beşiyi olan Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun "İslam dünyasının mədəniyyət paytaxtı" proqramı üzrə namizədliyi irəli sürülüb.
Konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri "2024-cü il üzrə islam dünyasının mədəniyyət paytaxtı" adına layiq görülüb.
Bu şad xəbər hamıda xoş ovqat yaradıb. Nəinki Azərbaycanda, bütün müsəlman aləmində hansı evə çatıbsa, hansı tədbirdə səslənibsə, insanlar məmnunluq və qürur hissi keçiriblər.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev "Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir" deyiminin uzaqgörənliyində, Şuşa Ulu Öndər üçün təkcə yaşayış məkanı yox, azərbaycanlıların milli rəmzi, mədəniyyətimizin, tariximizin simvolu idi. Buna görə də Şuşanın azadlığı hər zaman Ulu Öndərin ən müqəddəs arzularından biri olub.
Hələ sovetlər dönəmində, Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu illərdə Ümummilli Lider Şuşada, Qarabağda milli ruhun yüksəlməsi üçün mühüm addımlar atıb, erməni millətçilərinə qarşı qətiyyətli mübarizə aparıb.
Qarabağın tarixinə, mədəniyyətinə, incəsənətinə, iqtisadiyyatına mükəmməl şəkildə bələd olan Heydər Əliyev bu bölgəni hərtərəfli inkişaf etdirməyə çalışırdı və buna nail də olurdu. Dahi siyasətçi o zaman məqsədyönlü şəkildə Qarabağın inkişafına mane olan xain düşmənin məkrli planlarını alt-üst edirdi.
Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşaya zəngin tarixi abidə, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq qalası kimi baxan Ulu Öndər bu şəhərdə müstəsna işlər gerçəkləşdirirdi.
Şuşa Heydər Əliyev üçün azərbaycançılığın, milli ruhun, tarixi, mənəvi dəyərlərin birləşdiyi müqəddəs məkan idi. Ulu Öndər deyirdi ki, Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir: "Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir".
1970-ci illərdə Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə xüsusi qərarlar qəbul edilmişdi. Bu qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri, məscidləri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana, ayrı-ayrı inzibati binalar tikilmişdi. Həmçinin Qarabağın incisi olan Şuşa çox mötəbər bir statusa qaldırılmış, ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdi.
Dünyaşöhrətli siyasətçi müstəqillik dövründə Qarabağın görən gözü, vuran ürəyi olan qədim Şuşanın ermənilərin tapdağı altında qalması ilə heç cür razılaşa bilmirdi və hər vəchlə qürur qalamızın, eləcə də işğal altında olan digər torpaqlarımızın azadlığına çalışırdı. Heydər Əliyev qəti əmin idi ki, ya sülh, ya da hərb yolu ilə bir gün Şuşa və Qarabağın işğal altında olan digər rayonları mütləq azad ediləcək. Ulu Öndər hər çıxışında, nitqində bu inamını ifadə edirdi, "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur" deyirdi.
Nəhayət, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən böyük qəhrəmanlıqla erməni işğalından azad olunan qala-şəhərimizin tarixi kimliyi özünə qaytarıldı. Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində müxtəlif yönlü layihələr həyata keçirilir.
Şuşanın "İslam dünyasının mədəniyyət paytaxtı" adına namizədliyinin irəli sürülməsi məqsədilə ICESCO-nun müvafiq missiyası burada olub, şəhərdə aparılan quruculuq işləri yüksək qiymətləndirilib.
Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşanın mədəni irsinin, tarixi və dini abidələrinin bərpa etdirilməsini diqqətə alan islam dövlətləri, yekdil qərarla Şuşa şəhərini növbəti il üçün islam dünyasının mədəniyyət paytaxtı elan edib. Şuşanın namizədliyinin irəli sürülməsi prosesinə ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva mühüm dəstək göstərib.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il Azərbaycanda "Şuşa ili", 2023-cü ildə isə Şuşa "Türk dünyasının mədəniyyət paytaxtı" olub. 2024-cü ildən isə Şuşa "İslam dünyasının mədəniyyət paytaxtı" kimi şərəfli missiyanı daşıyacaq.
İndi Şuşa şəhəri beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə evsahibliyi edir. Bu qədim şəhərimizdən dünyaya sülh, birlik və humanizm mesajları verilir. Şuşanın tarixi əzəməti özünə qaytarılır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 2020-ci il noyabrın 8-də qazandığı Şuşa qələbəsi həm də Ulu Öndər Heydər Əliyevin müqəddəs vəsiyyətinin həyata keçməsi idi.
Bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev Şuşanı tarixi əzəmətinə qovuşdurur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin amallarını layiqincə yaşadan Heydər Əliyev Fondu tərəfindən Şuşadakı tarixi irsimiz müvəffəqiyyətlə bərpa olunur. Eləcə də mədəni ənənələri özünə qaytarılır. Son üç ildə Şuşada baş tutan beynəlxalq tədbirlər, simpoziumlar, "Xarıbülbül" Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər görüşlər bunun əyani təcəssümüdür.
Şərqi Zəngəzuru, Qarabağı, onun tacı olan qədim Şuşanı azad və firavan günlərə qovuşduran qalib lider İlham Əliyevin qətiyyətlə təmin etdiyi bütün bu müstəsna uğurlar isə Ulu Öndərin vaxtilə yürütdüyü uğurlu siyasətin bünövrəsi üzərində ucalıb. Bu ucalıq heç şübhəsiz 100 illik yubileyini böyük coşqu ilə qeyd etdiyimiz xalqımızın Ümummilli Lideri, dünyaşöhrətli siyasətçi "Heydər Əliyev İli"nə çox dəyərli töhfədir.
Əminliklə deyə bilərik ki, Şuşa 2024-cü ildə "İslam dünyasının mədəniyyət paytaxtı" kimi şərəfli missiyanı ləyaqətlə yerinə yetirəcək.
Xoş müjdən, yeni missiyan mübarək, əziz Şuşa!
Rəhman SALMANLI,
"Azərbaycan"