02 Sentyabr 2023 09:00
25461
SİYASƏT
A- A+

Şərtləri diktə edən İlham Əliyevdir

 

Azərbaycan suveren ərazilərində "boz" nəzarətsiz bölgənin olmasına imkan verməyəcək

 

Ermənistan xeyli vaxtdır ki, Qarabağ və Şərqi Zəngəzurda vəziyyəti gərginləşdirmək üçün bütün çirkinliklərə əl atır. Rəsmi İrəvan siyasi manipulyasiyasının, şantaj və böhtanlarının iflasa uğradığını görən kimi isə hərbi təxribatlar törətməklə beynəlxalq ictimaiyyətdə yanlış fikirlər formalaşdırmağa çalışır. 
Azərbaycanın Qarabağın erməni sakinlərinə yardımından imtina edilməsi, "humanitar fəlakət" şousu yaradılması, Ağdamda nəzərdə tutulan görüşdən yenə də son anda imtina olunması və dünən Kəlbəcər istiqamətində hərbi təxribatın törədilməsi deyilənlərin əyani təsdiqidir. Bu, bir daha onu göstərir ki, Hayastanın siyasi-hərbi rəhbərliyi sülh sazişinin imzalanmaması üçün bütün imkanlarını səfərbər edir. Digər tərəfdən, siyasi manipulyasiyaların nəticə vermədiyini görən separatçılar hərbi təxribatlara əl atmaqla, guya Azərbaycanın Ermənistana qarşı yeni ərazi iddiasında olduğunu nümayiş etdirməyə can atırlar. Keçmiş "vasitəçi", hər zaman ermənipərəstliyini gizlətməyən Fransa da bu işdə canfəşanlıq edərək çirkin oyunlar oynayır. 
Ermənistan siyasi rəhbərliyi hər zamankı kimi açıq-aşkar təxribatları ilə verdiyi sözə xilaf çıxdığını nümayiş etdirir. Maraqlıdır, görəsən, sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığnı bəyan edən Nikol Paşinyan bundan sonra Rusiya və ya Avropa İttifaqı Şurasının vasitəçiliyi ilə keçirilən görüşlərə hansı üzlə gedəcək?!  
İkinci Qarabağ müharibəsindən əvvəl də, sonra da dünya qəbul edir ki, Qarabağ Azərbaycanın suveren ərazisidir. Azərbaycanın öz suveren ərazisində beynəlxalq hüquqa uyğun bütün addımları atmağa əsası var. 
Ermənilər də Azərbaycandan torpaq qoparmağın, Qarabağın ətrafında mübahisəli vəziyyətin ömrünü uzatmağın artıq uğursuz taktika olduğunu başa düşürlər. Buna görə də Qarabağın erməni əhalisini əllərində "girov" saxlamaqla onların reinteqrasiya prosesinin qarşısını almağa can atırlar.
Proseslər göstərir ki, Qarabağ iqtisadi rayonunun erməni əhalisinin yaşadığı ərazidə baş verənlər məsələyə təcili müdaxilə etməyə zərurət yaradır. Çünki separatçı rejim Vətən müharibəsindən sonra Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının vasitəçiliyi ilə revanşistlərə silah-sursat daşıyıb, eyni zamanda bölgədə faktiki olaraq "boz zona" yaradıblar. Bütün bunlar isə 10 noyabr Bəyannaməsinin müddəalarına ziddir. Üçtərəfli razılaşmaya əsasən, erməni silahlı dəstələri bölgədən çıxarılmalı, burada təhlükəsizliyin təmin edilməsini Rusiya sülhməramlıları həyata keçirməli idi. Müharibədən ötən üç il ərzində isə bunların heç birinə əməl edilməyib. Əvəzində separatçılar hələ də gizləndikləri əraziləri "boz zona"ya çevrməyə cəhd göstərirlər. Lakin Azərbaycan öz ərazisində buna imkan verə bilməz. Elə avqustun 31-də Qarabağa səfər edən Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu məsələyə toxunaraq birmənalı şəkildə bəyan etdi ki, Azərbaycan öz ərazisində "boz" nəzarətsiz bölgənin olmasına dözmək niyyətində deyil. Qeyri-qanuni rejim buraxılmalı və tərk-silah olunmalıdır. Bu, tam olaraq beynəlxalq hüquqa əsaslanır. Azərbaycan öz suveren ərazisində sabitliyi, təhlükəsizliyi təmin etmək üçün istənilən addımı ata bilər. 
Bunu İkinci Qarabağ müharibəsinin qalib sərkərdəsi İlham Əliyev dəfələrlə Ermənistanın həm siyasi rəhbərliyinin, həm də onun havadarlarının diqqətinə çatdırıb. Amma Azərbaycan Prezidenti ilk növbədə hər zaman sülh müqaviləsinin bağlanmasının tərəfdarı olduğunu və yalnız bu halda bölgədə sabitliyin təmin edilə biləcəyini vurğulayıb. 
Görünən odur ki, Nikol Paşinyan və onun "böyük" havadarı Emmanuel Makronun arzusu regionda təhlükəsizliyin, sabitliyin təmin olunmamasıdır. Afrikada ciddi problemlərlə üzləşən və ağır duruma düşən Fransa Cənubi Qafqazda da pozucu fəaliyyətindən əl çəkmir və burada vəziyyəti gərginləşdirmək istiqamətində işini davam etdirir. "Humanitar böhran" iddiasının boş yerə şişirdilməsi də bu prosesin tərkib hissəsidir. Paşinyana elə gəlir ki, Fransa hansısa formada ölkəmizə təzyiq göstərməklə Azərbaycanı nəyəsə məcbur edə bilər. 
Bu, qətiyyən mümkün deyil. Çünki indi diktəni İlham Əliyev edir. Bu məqamda Makronun İlham Əliyevə sonuncu zəngini xatırlamaq yerinə düşər. Qalib sərkərdə telefon danışığı zamanı Fransa Prezidentinə bir daha reallıqları çatdıraraq dedi ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır, həmçinin bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir. Reallıq budur ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada da məqsəd siyasi möhtəkirlikdir.
İlham Əliyev mövqeyini konkret olaraq açıqlayıb. Verilən qərar budur ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər. 
Bu, bir daha Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin əyani göstəricisidir. Sözü imzası qədər keçərli olan İlham Əliyevin verdiyi bütün qərarlar Azərbaycan xalqının mövqeyini əks etdirir. Bunu ermənilər də yaxşı anlayırlar və dəqiq bilirlər ki, İlham Əliyev nə deyirsə onu da reallaşdırır. Başqa hansısa yollara, vasitələrə əl atmağın mənası yoxdur. 
Ermənistanın bəzi dairələri başa düşürlər ki, vaxtilə "Miatsum" layihəsi, yəni Qarabağı Ermənistana birləşdirmək ideyası iflasa uğrayıb. Onun hansısa formada davam etdirilməsi mümkün deyil. Hətta erməni siyasi ekspert Vahe Ovannisyan da xalqına müraciət edərək deyib ki, bu gün Azərbaycan heç nədən qorxmur, üstəgəl, Türkiyənin dəstəyinə malikdir. Görünən odur ki, Azərbaycan bütün dünyaya meydan oxuyur. Düşmənin etirafı Azərbaycanın bu gün hansı gücə sahib olduğunu bir daha təsdiqləyir. 
İlham Əliyev də Ermənistana və onun havadarlarına mesaj ünvanlayaraq deyir ki,  kimsə bizimlə təzyiq, təhdid dili ilə danışa bilməz. İndi regiondakı yeni reallıqları Azərbaycan müəyyənləşdirir. Beynəlxalq birlik də yaxşı görür ki, Cənubi Qafqazda sülhün qarantı Azərbaycandır. Ermənistanın regiona yeni "oyunçular" gətirmək "niyyəti" heç bir nəticə verməyəcək.   

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video