Azərbaycanın təşəbbüsləri sayəsində hazırda Cənubi Qafqazda formalaşdırılan sülh mühitinin fonunda Avropa İttifaqının (Aİ) Azərbaycana qarşı qərəzli addımları xüsusi diqqət çəkir. Hələ Vətən müharibəsinə qədərki dövrdə ölkəmizə yanaşmada ikili standartlar sərgiləyən Aİ-nin 44 günlük savaş boyunca və post-münaqişə dövründə də respublikamızı hədəf alan kampaniya aparmasının şahidi olmuşduq.
Bu istiqamətdə Avropa Parlamentinin (AP) xüsusi canfəşanlıq sərgiləməsi isə xüsusilə qabarıq özünü göstərirdi. Vaxtaşırı ölkəmizə qarşı qətnamə adı altında kağız parçaları qəbul edən AP-nin yalnız bir məqsədi olub: Cənubi Qafqazda münaqişə səhifəsi bitməsin. Buna görə də ölkəmizə qarşı yalan və böhtanlardan ibarət qətnamələr qəbul etməkdən, necə deyərlər, doymaq bilməyib.
"Bizə qarşı ittihamlar, təhqirlər səsləndirildi və yalan məlumatlar yayıldı. Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam", - deyə hələ üç il əvvəl Prezident İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman Aİ-nin bu qurumunun ölkəmizə qərəzini belə bildirmişdi və vurğulamışdı ki, bəzən elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir.
Postmünaqişə dövrünün reallıqları təhrif edilib
Ancaq bütün bu qərəz kampaniyası Azərbaycanın qətiyyətli siyasəti və sülh səyləri ilə darmadağın edildi və heç bir işə yaramadı. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək bölgədə separatizmə şərait yaradan xarici qüvvələrin əl-qollarını bağladı. Aİ-nin Ermənistan üzərindən gətirib sərhədlərimizə yığdığı dırnaqarası "müşahidə missiyası" da bölgədə sülhə yox, qarşıdurmaya xidmət edən missiya kimi fəaliyyət göstərir. Binokl diplomatiyası həyata keçirən bu missiyanın sülhün de-fakto təmin edildiyi, tərəflərin etimad quruculuğu istiqamətində müsbət addımlar atdığı, kommunikasiyaların açıldığı, bu yerdə Azərbaycanın Ermənistana tranzit məhdudiyyətini artıq aradan qaldırdığını da xüsusi vurğulamalıyıq, yəni məsələlərin silahlarla deyil, dialoq vasitəsilə həll edildiyi bir dövrdə Cənubi Qafqazda hələ də israrla varlığını sürdürməsi heç cür başa düşülən deyildir.
Dekabrın 2-də Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəd də göstərir ki, adıçəkilən qurum hazırda bölgədə normallaşma istiqamətində gedən proseslərlə razı deyil. Eyni zamanda dildə barış tərəfdarı olduğunu deyən Ermənistan havadarlarının dəstəyilə bu prosesə mane olmağa çalışır.
Adıçəkilən sənəddə postmünaqişə dövrünün reallıqlarının təhrif edildiyi və burada sülh gündəliyinə zidd olan məsələlərin öz əksini tapdığı açıq şəkildə görünür.
Qarabağda həyata keçirilən antiterror tədbirlərindən sonra bu ərazidə yaşayan erməniəsilli əhaliyə Azərbaycan bayrağı altında yaşamaq təklif olundu, onlara hər cür şərait və təhlükəsizlik zəmanəti verildi. Onu da qeyd etməliyik ki, antiterror tədbirləri aparılanda da mülki əhaliyə zərər verilməməsi üçün lazım olan bütün tədbirlər görüldü və sözün həqiqi mənasında bu sayədə bir erməninin belə burnu qanamadı. Lakin erməniəsilli əhali könüllü şəkildə ölkəmizi tərk etməyi seçdi və gedərkən də onlara hər cür şərait yaradıldı, hətta qida ilə də təmin edildilər.
O da gün kimi aydın idi ki, qərəzli dairələr Qarabağdan gedən erməniəsilli şəxslərdən öz çirkin məqsədləri üçün istifadə edəcəklər.
Dekabrın 2-də qəbul edilən sənədin həm giriş hissəsində, həm də bəzi bölmələrində Qarabağdan könüllü şəkildə Ermənistana miqrasiya edən sakinlərə istinadən "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri ifadəsi işlədilib", - deyə yazılanlar bunun təsdiqidir.
Ancaq bir dəfə də olsun Aİ-dən indiki Ermənistan ərazisindən deportasiya edilən yüz minlərlə qərbi azərbaycanlının qayıdış hüququnu dəstəkləyən hansısa açıqlama, qəbul edilən hansısa sənəd görməmişik.
Həmin sənəddə insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər törətməkdə ittiham olunan və məhkum edilmiş erməniəsilli şəxslərin "əsir" statusunda qeyd edilməsi də Aİ-nin anti-Azərbaycan ritorikasından xəbər verir.
Sülh prosesi baxımından narahatlıq doğuran məqamlar
Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə dair şərhində bildirilir ki, 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Ermənistanın regional konsensusdan məhrum olan "sülh kəsişməsi" təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəaların əks olunmasına baxmayaraq, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət kəsb edən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi ciddi narahatlıq doğurur.
O da vurğulanır ki, Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik nəzərə alındıqda, Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunan Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə xitam vermək əvəzinə, EUMA-nın mövcudluğunun qorunmasının və missiyanın tam operativliyinin təmin olunmasının prioritetləşdirilməsi digər narahatlıq mənbəyidir.
Dekabrın 17-də Milli Məclisin Sədri Sahibə Qafarova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç ilə görüşüb.
Milli Məclisin Sədri görüşdə diplomata Azərbaycan və Ermənistan sülh prosesi, o cümlədən parlamentlər arasında etimad quruculuğu tədbirləri haqqında məlumat verib.
Spiker Sahibə Qafarova bu kontekstdə "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik"də Azərbaycan-Ermənistan sülh prosesi baxımından narahatlıq doğuran məqamlara toxunub.
Həmçinin Sahibə Qafarova Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamələrinə toxunaraq, bu gün regionda mövcud olan reallıqların, Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətlərin bu qətnamələrin nə dərəcədə qərəzli olmasını bir daha sübut etdiyini deyib.
Aİ-nin Azərbaycanı hədəf alan fəaliyyətinin səngiməməsi təəssüf doğurur və heç şübhəsiz bu addımlar Azərbaycan-Aİ münasibətlərinə zərbə vurur. Buna görə də yaxşı olar ki, bu qurum sülh prosesinə zərbə vurmaq əvəzinə, bölgədə məhz Azərbaycanın təşəbbüs və səyləri ilə formalaşdırılan sabitlik və əməkdaşlıq mühitinə töhfə versin.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"