Bəstəkar,
dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin yaradıcılarından
biri, Azərbaycan musiqisində Avropa stilində ilk operanın ("Nərgiz”) müəllifi, Əməkdar
incəsənət xadimi... Əlli iki illə müqayisədə çox böyük işlər, nailiyyətlərdir bunlar...
Yaxşı ki,
əməlləri, qazandıqları və qazandırdıqları insan ömrünün uzunluğuna və ya qısalığına
görə bəlirlənmir. Müslüm Maqomayev də qismətinə
düşən əlli iki illik ömrü istedadının və zəhmətinin gücü ilə əbədiyyət mənzilinə
yetirə bildi...
Musiqi sənəti yollarında
Əsl adı Əbdülmüslümdür.
Tariximizdə Müslüm Maqomayev kimi xatırlanan
sənətkar əslən Qax rayonunun İlisu kəndindəndir. İlisu kəndində dəmirçilik edən
atası Məhəmməd Vladiqafqaz şəhərinə köçüb. Orada yaşayıb və çeçen qızı ilə evlənib.
Əbdülmüslüm
adını verdikləri oğulları 1885-ci il sentyabrın 18-də Qroznı şəhərində dünyaya gəlib.
Ailədə ondan
başqa iki oğlan və üç qız da olub.
Balaca Əbdülmüslüm
uşaqlıq illərindən ailədə musiqiyə sevgi görüb. Bu sevgi onun həyatına təsir göstərib.
İlk musiqi müəllimi böyük qardaşı olub.
Qroznı şəhər
məktəbində təhsil aldığı illərdə musiqiyə marağı daha da artıb. Musiqi dərnəklərinə
gedib. Məktəb orkestrinin başçısı olub, rəqs dərsləri keçib. Bacarığı və marağı
yalnız musiqi ilə məhdudlaşmayıb. Məktəbin rəhbərliyi rəsmdə uğur qazanması üçün
onun Sankt-Peterburqdakı incəsənət məktəbinə göndərilməsini təklif edib. Amma Müslümün
ailəsinin maddi vəziyyəti buna imkan verməyib.
Qroznı şəhər
məktəbini bitirdikdən sonra təhsil yoluna davam edib. Qori müəllimlər seminariyasına
daxil olub. Üzeyir Hacıbəyli ilə də həmin illərdə, seminariyada tanış olub. Bu tanışlıq
dostluğa, sonralar həm də qohumluğa çevrilib...
Tezliklə tələbə
Müslüm Maqomayevin skripka və qaboyda gözəl ifa etdiyini seminariyada hər kəs bilib.
Qori müəllimlər seminariyasında tələbələrin iştirakı ilə təşkil olunan simfonik
və nəfəsli orkestrin konsertlərində o da iştirak etməyə başlayıb. Simfonik orkestrin
baş ifaçısı olan gənc Müslüm Maqomayev bu konsertlərdə dəfələrlə dirijoru əvəz edib.
Tələbəlik
illərində maraq dairəsi genişlənib. O, Qafqaz xalqlarının yaradıcılığı ilə maraqlanıb.
Azərbaycan musiqisini öyrənərək xalq mahnılarını nota köçürüb xor üçün tərtib edib.
Onun topladığı əsərlər Parisdə keçirilən Dünya Sərgisində təqdim olunub.
1904-cü ildə
seminariyada təhsilini uğurla başa vurduğu üçün skripka və pulla mükafatlandırılıb.
Təyinatı Şimalı Qafqazın Bekoviç kəndinə verilib. 1905-ci ildə isə o, Azərbaycanda
çalışmaq arzusu ilə Lənkəran şəhərinə gəlib. Orada müəllim işləyib. Gənc pedaqoq
bu şəhərdə həm də mədəniyyətin inkişafı üçün bacarığını və əməyini əsirgəməyib.
Nəfəsli alətlər orkestri, xor, balalayka çalanlar ansamblı yaradıb. Lənkəran teatr
qrupunun çıxışları "Bakı” qəzetinin "Müsəlman həyatı” məqaləsində əks etdirilib.
Üzeyir Hacıbəyli onun xidmətləri barədə yazıb: "Gənc müəllim böyük təşəbbüs göstərərək
müxtəlif özfəaliyyət dərnəkləri yaradır, bütün vaxtını sevimli sənəti olan musiqinin
təbliğinə verir”.
Həmin illərdə Üzeyir bəy öz məktublarında dostuna Bakıya gəlməyi
məsləhət görüb. Bakıda milli musiqimizin təbliği və inkişafı istiqamətində görülən
işlər, Üzeyir bəyin xidmətləri Müslüm Maqomayevin diqqətini cəlb edib.
Bakıya
1911-ci ildə köçüb. Burada şəhər kollecində işə başlayıb. Müəllimliklə yanaşı, yerli
işçilərin savadlanması üçün axşam kursları açıb.
O, Bakıda
da müəllimliklə kifayətlənməyib. Üzeyir Hacıbəylinin rəhbərlik etdiyi Müsəlman opera truppası ilə əməkdaşlığa başlayıb.
Əvvəl musiqiçi kimi fəaliyyət göstərib. Müsəlman opera truppasının yaratdığı Azərbaycan
musiqili teatrının orkestrində skripkada çalmağa başlayıb. Üzeyir bəyin "Leyli və
Məcnun”, "Əsli və Kərəm”, "Şeyx Sənan” operalarına, "O olmasın, bu olsun”, "Arşın
mal alan” musiqili komediyalarına dirijorluq edib. Sonralar həmin teatrın rəhbəri
və baş dirijoru olub.
Müslüm Maqomayevin
həm pedaqoq, həm də bir musiqiçi kimi Azərbaycan milli teatrının inkişafı istiqamətində
gördüyü işlər onu Üzeyir bəylə daha da yaxınlaşdırıb. Bir də hər ikisi eyni ailə
ilə qohum olublar. Terequlovların qızı Məleykə xanımla Üzeyir bəy, Badigülcəmal
xanımla isə Müslüm Maqomayev ailə qurub.
Yeni əsərlər, yeni arzular
O illərdə
Müslüm Maqomayev bəstəkarlıq sahəsində də
fəaliyyət göstərib. İlk səhnə əsərini -
"Şah İsmayıl” operasını 1916-cı ildə tamamlayıb. Bəstəkar xalq əfsanəsinə əsaslanan
bu əsərində milli folklor nümunələrindən bacarıqla istifadə edib. Müəllif tərəfindən
opera bir neçə dəfə redaktə olunub, xorlar, ariyalar, rəqslər əlavə edilib. Müslüm
Maqomayev operanı redaktə edərkən Azərbaycan xalq musiqisini toplayıb, ilk dəfə
nota salıb.
Əsərin premyerası
1916-cı ilə nəzərdə tutulub. Ancaq tamaşa gününə az qalmış Tağıyevin Dram Teatrının
binası yandırılıb. "Şah İsmayıl” operasının ilk tamaşası 1919-cu il martın 20-də
baş tutub.
1920-ci ildə
o, Azərbaycan SSR Təhsil İşçiləri Birliyinin sədri seçilib. 1921-ci ildə Müslüm
Maqomayev Azərbaycan Xalq Təhsili Komissarlığının İncəsənət şöbəsinin müdiri vəzifəsinə
təyin olunub. Sonralar o, Azərbaycan Dram Teatrının bədii rəhbəri, Azərbaycan Dövlət
Opera və Balet Teatrının baş dirijoru olub. 1929-cu ildən Azərbaycan Radio Komitəsində
musiqi şöbəsinin rəhbəri kimi çalışıb. 1931-ci ilədək həmin vəzifədə işləyib.
1927-ci ildə
o, Üzeyir Hacıbəyli və Zülfüqar Hacıbəyovla bir sıra Azərbaycan xalq mahnılarını
nota köçürüb.
1920-1930-cu
illərdə Müslüm Maqomayev "Azərbaycan incəsənəti”, "Raport veririk” kinofilmlərinə,
Cəlil Məmmədquluzadənin "Ölülər”, Cəfər Cabbarlının "1905-ci ildə” dram tamaşalarına
və digər əsərlərə musiqi bəstələyib. Simfonik orkestr üçün "Azərbaycan çöllərində”,
"Ceyran”, "Turacı”, "Şüştər dəramədi”, "Çeçen rəqsi” və başqa əsərlərini yazıb.
Vokal musiqisi sahəsində də fəaliyyətini davam etdirib. Milli koloriti ilə diqqəti
cəlb edən "Bahar”, "Tarla”, "Bizim kənd” mahnılarını yazıb.
"Koroğlu”
dastanı əsasında 1932-ci ildə opera yazmağa başlayan Müslüm Maqomayev Üzeyir Hacıbəylinin
eyni mövzuda əsər yazdığını öyrənib. Dostunun daha yaxşı opera yazacağı düşüncəsi
ilə fikrindən daşınıb.
Müslüm Maqomayev yaradıcılığının zirvəsi
Mütəxəssislər
Azərbaycan musiqisinin inkişafı tarixində mühüm yer tutan "Nərgiz” operasını Müslüm
Maqomayev yaradıcılığının zirvəsi sayırlar. Bəstəkar opera üzərində 1932-1935-ci
illərdə çalışıb. Əsəri tamamlayan bəstəkar Azərbaycan SSR "Əməkdar incəsənət xadimi”
fəxri adına layiq görülüb.
Müslüm Maqomayev
zəngin yaradıcılıq yolu keçib. O həm də 300-ə yaxın Azərbaycan xalq rəqsinin, mahnılarının
və digər melodiyalarının simfonik şərhinin müəllifidir. Əsərlərində Azərbaycanın
milli incəsənətinin təsiri hər zaman qeyd olunur.
Uzun sürən
xəstəlik onu həyatdan vaxtsız ayırıb. Müslüm Maqomayev 1937-ci il iyulun 28-də Nalçikdə
vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan
xalqı Müslüm Maqomayevin xatirəsini hər zaman əziz tutub. Azərbaycan Filarmoniyasının
onun adını daşıması buna bir nümunədir.
Müslüm Maqomayevin
iki oğlu olub. Oğlanlarından biri - Cəmaləddin Maqomayev Azərbaycan SSR Nazirlər
Sovetinin sədr müavini, Azərbaycan KP Bakı vilayət komitəsinin ikinci katibi vəzifələrində
çalışıb. 1953-1957-ci illərdə isə o, Azərbaycan SSR Sənaye naziri olub.
Oğlu Məhəmməd
Maqomayev isə teatr rəssamı, multiplikator olub. İkinci Dünya müharibəsi onu gənc
yaşda həyatdan qoparıb. Gənc Məhəmməd Maqomayev cəbhəyə gedib. 1945-ci il aprelin
24-də Berlin yaxınlığında qəhrəmancasına həlak olub.
Məhəmməd Maqomayevin
oğlu Müslüm Maqomayev nəinki atasına, adını
daşıdığı babasına layiq övlad olub, Azərbaycan xalqının fəxrinə çevrilib. Azərbaycan
musiqi sənəti növbəti dəfə nəvə Müslüm Maqomayevin adı ilə yüksəlib..
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”