Dünya dəyişib. Ölkələr arasında siyasi, iqtisadi, mədəni münasibətlər sistemində köklü dəyişikliklərin baş verdiyini və bunun zəruri, labüd olduğunu görməmək mümkünsüzdür.
Peşə borclarını "unudanlar"
Əlbəttə, tarixi unutmaq olmaz. Azərbaycan xalqı da öz tarixinə həssaslıqla yanaşır. Bəşəriyyətin ilk sivilizasiya məkanlarından biri olan ölkəmiz zaman-zaman çox sınaqlardan keçib. Torpaqları dönə-dönə işğala məruz qalıb.
XX əsrin sonuncu onilliyində iyirmi faiz ərazisi Ermənistan tərəfindən qəsb olundu. Bütün dünya gördü ki, qəsbkarlar Azərbaycanın həmin ərazilərini - Qarabağı və Şərqi Zəngəzuru işğal altında saxladıqları otuz ilə yaxın müddətdə yalnız uçurub dağıtmaqla, xarabalığa çevirməklə məşğul oldular. 2020-ci ilin payızında Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində baş verən Vətən müharibəsində Azərbaycan bu ədalətsizliyə son qoydu. Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi. İndi Azərbacan dövləti çox böyük vəsait və gərgin əmək sayəsində həmin ərazilərdə tikinti, bərpa, quruculuq işləri həyata keçirir. Artıq keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdırlar.
Azərbaycan dövləti dünyada sülhsevər mövqedə dayanması ilə tanınır. Bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır. Həmsərhəd olduğu dövlətlərlə mehriban qonşuluq münasibətini qoruyub saxlamağa, siyasi, iqtisadi və mədəni əlaqələrini uğurla davam etdirməyə səy göstərir.
Bütün bunları nəzərə almadan Rusiyanın Azərbaycana qarşı son dövrlər xoşagəlməz münasibət nümayiş etdirməsi təəssüf doğurur. Məsələnin təəssüfləndirici tərəflərindən biri də Rusiyanın media və digər platformalarının Azərbaycana qarşı davam etdirməkdə olduğu təxribat xarakterli kampaniyalarda canfəşanlıq göstərməsidir. Və əfsus ki, gün keçdikcə onların sayı azalmaq əvəzinə artır. Rusiyanın dövlət xəbər agentliyi TASS-ın, əsas təbliğat ruporu olan "Moskovskiy komsomolets" qəzetinin ardınca anti-Azərbaycan kampaniyasına dövlət televiziyası da fəal şəkildə qoşulub. Görünən odur ki, sözügedən KİV-in əməkdaşları bir məsələni araşdıraraq düzgün nəticə çıxarmağın, sözün doğrusunu söyləməyin peşə borcları olduğunu "unudublar". Belə olmasaydı, ölkəmizə qarşı təxribat xarakterli materiallar yayımlamaqdan çəkinərdilər.
Əslində, Rusiya mediası öz "mövqeyini", kimlərin diktəsi ilə fəaliyyət göstərdiyini, hansı məqsədlərə xidmət etdiyini ilk dəfə nümayiş etdirmir. Ötən il dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan AZAL sərnişin təyyarəsi Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulduqdan sonra Aktau yaxınlığında qəzaya uğrayanda da Rusiyanın KİV-ində hadisə ya az işıqlandırıldı, ya da hadisənin əsl mahiyyəti gizlədildi. Halbuki faktlar ortadaydı. Elə ilkin hesabatlarda da təyyarənin yerə çırpılmazdan əvvəl xarici təsirə məruz qaldığı, füzelyajda çoxsaylı zədələr aşkar olundugu qeyd edilmişdi.
Son zamanlar baş verənlər bir daha bu məqama - Rusiya mediasının azad olmadığına diqqəti çəkir. İstər-istəməz keçmiş SSRİ dövründə KİV-ə qarşı həyata keçirilən tədbirləri, sərt qadağaları xatırlamalı oluruq. Bəlli olur ki, Rusiyada hələ də keçmiş imperiyanın ab-havasını başından çıxara bilməyənlər var.
Yalan ayaq tutsa da, yeriməz
Keçmiş imperiya çoxdan tarixə gömülüb və müstəqilliyi əlindən alındığı respublikalar azadlığa çıxıblar. Öz sərhədləri daxilində qərarlarını özləri verir, eyni zamanda da müstəqil xarici siyasət yürüdürlər. Azərbaycan dövləti də öz ərazilərində nəyin harada olmasına, ya da olmamasına özü qərar verir. Həm də bütün reallıqları nəzərə alaraq, hüquq çərçivəsində.
Xankəndidə erməniəsilli rəssam İvan Ayvazovskinin heykəlinin sökülməsi də tamamilə qanunidir. Bunu rus mədəniyyətinə qarşı hörmətsizlik, yaxud millətçilik aktı kimi izah etməyə çalışmağın özü, yumşaq desək, gülüncdür. Sözügedən heykəl separatçılar və Rusiya hərbi kontingentinin himayəsi ilə qanunsuz şəkildə respublikamızın beynəlxalq səviyyədə tanınmış ərazisində Azərbaycanın razılığı olmadan ucaldılmışdı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli Bəyanatda da Qarabağ Azərbaycanın ərazisi kimi tanınıb. Azərbaycanın öz ərazisində qanunsuz ucaldılmış bir abidəni sökməkdə tam haqlı olduğunu bilə-bilə məsələyə başqa don geyindirməyə, manipulyasiya və siyasi təzyiqlər üçün vasitəyə çevrməyə cəhdlər yolverilməzdir.
Rusiyanın dövlət media agentliyinin - TASS-ın "Stepanakertdə Ayvazovskinin abidəsi söküldü" sərlövhəli xəbəri yayması, Xankəndi şəhərini "Stepanakert" adı ilə təqdim etməsi nə sadəcə olaraq, terminoloji yanlışlığın, nə də qeyri-peşakarlığın təzahürü idi. Xəbərin bu cür verilməsi məqsədli və qərəzli idi. Doğrudur, Azərbaycanın haqlı narazılığından, sərt diplomatik reaksiyalarından sonra Rusiyanın dövlət agentliyi - TASS düzəlişlər etməyə məcbur oldu. Xankəndini əvvəlcə, qərəzli davranaraq "Stepanakert", daha sonra "Dağlıq Qarabağ" kimi təqdim edən agentlik, nəhayət, beynəlxalq hüquqa uyğun olaraq şəhərin əsl adını - Xankəndini qeyd etdi.
Bu, Rusiya mediasının axırıncı "yanlışlığı" olmadı. Rusiya dövlət televiziyalarında son günlər yayımlanan bəzi süjetlər və verilişlərdə Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirilir, hətta respublikamızın suveren ərazisi olan Qarabağ uydurma "Artsax" adı ilə təqdim olunur. Özləri də yaxşı bilirlər ki, tarixdə heç zaman "Artsax" adlı respublika olmayıb. Həmin ərazi - Qarabağ Azərbaycanın tərkib hissəsidir. Qondarma "Artsax" yaradanlar onu terror yuvasına çevirməkdən başqa bir iş görə bilmədilər. Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağı seperatçılardan xilas edərək, suverenliyinə tam nail oldu. Qarabağda yaşayan ermənilər o vaxt ərazimizi könüllü şəkildə tərk etdilər. Yaxın tarixdə baş vermiş bu hadisələr hər kəsin bildiyi həqiqətlərdir. Yalan ayaq tutsa da, yeriməz. Tarixi faktları Rusiya mediasının danmaq cəhdləri mənasızdır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"