İyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkiləri ölkənin daxili siyasi gündəmi ilə yanaşı, regionda formalaşmaqda olan yeni geosiyasi reallıqlar baxımından da diqqətlə izlənildi. Seçkilər 44 günlük Vətən müharibəsindən, Azərbaycanın 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirlərindən sonra və Bakı ilə İrəvan arasında normallaşma prosesinin yeni mərhələyə qədəm qoyduğu bir dövrdə baş tutdu.
Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, səsvermənin nəticələri Ermənistan cəmiyyətində mövcud siyasi meyillərin və ölkənin gələcək inkişaf istiqamətləri ilə bağlı gözləntilərin müəyyən mənzərəsini ortaya qoyub: "Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının yenidən parlament çoxluğunu əldə etməsi onun hökumətinə siyasi legitimlik qazandırsa da, seçkilərin nəticələri qarşıdakı dövrdə Ermənistan rəhbərliyinin üzərinə götürdüyü öhdəlikləri hansı səviyyədə reallaşdıra biləcəyi ilə bağlı sualları tam aradan qaldırmır. Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, "Vətəndaş Müqaviləsi" partiyası səslərin təxminən yarısını toplayaraq, parlamentdə çoxluğu qoruyub saxlayıb. Bununla yanaşı, müxalif qüvvələrin də parlamentdə təmsil olunması ölkədaxili siyasi balansın qorunduğunu göstərir. Ekspertlərin fikrincə, seçkilərin əsas nəticələrindən biri Ermənistan cəmiyyətində təhlükəsizlik, iqtisadi inkişaf və regional sabitlik məsələlərinin əvvəlki illərlə müqayisədə daha çox ön plana çıxmasıdır".
Deputat qeyd edib ki, seçki kampaniyası dövründə Azərbaycanla münasibətlər, sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya layihələri və sülh prosesi əsas müzakirə mövzuları sırasında yer alıb. Seçkilərdən sonra diqqət mərkəzində olan əsas məsələlərdən biri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh müqaviləsinin yekunlaşdırılması perspektividir. Azərbaycanın mövqeyinə görə, dayanıqlı və hüquqi baxımdan etibarlı sülhün təmin olunması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəaların aradan qaldırılması vacib şərtlərdən biridir. 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sənədi tərəflərin qarşılıqlı olaraq bir-birinin suverenliyi və ərazi bütövlüyünü tanıdıqlarını təsdiqləsə də, yekun hüquqi nəticənin əldə olunması üçün Ermənistanın daxili hüquqi bazasında müvafiq dəyişikliklərin həyata keçirilməsi aktual olaraq qalır. "Məhz bu məqam seçkilərdən sonra Paşinyan hökumətinin qarşısında duran əsas siyasi və institusional çağırışlardan biri kimi qiymətləndirilir. Mövcud parlament tərkibi hökumətə siyasi idarəetmə imkanı versə də, konstitusiya dəyişikliklərinin həyata keçirilməsi üçün daha geniş siyasi və ictimai konsensusun formalaşdırılması zərurəti qalır. Bu isə prosesin sürətinə və nəticələrinə birbaşa təsir göstərə biləcək amildir", - deyə S.Fətəliyeva əlavə edib.
Sevinc Fətəliyevanın sözlərinə görə, seçki kampaniyası dövründə Ermənistan rəhbərliyi bir neçə strateji istiqamət üzrə fəaliyyətini davam etdirəcəyini bəyan edib: "Bunlara Azərbaycanla sülh müqaviləsinin imzalanması, yeni konstitusiya layihəsinin hazırlanması, regional nəqliyyat-kommunikasiya layihələrinin inkişafı və Türkiyə ilə normallaşma prosesinin irəlilədilməsi daxildir. Bu istiqamətlərin hər biri Ermənistanın həm xarici siyasəti, həm də iqtisadi inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, daxili siyasi mühit, müxalifətin mövqeyi və ictimai rəydə mövcud olan fərqli yanaşmalar bu proseslərin sürətinə təsir göstərə bilər. Müşahidəçilər hesab edirlər ki, yaxın dövrdə Ermənistan rəhbərliyi ilk növbədə konstitusiya islahatları ilə bağlı hazırlıq mərhələsini davam etdirəcək, delimitasiya prosesində iştirakını qoruyacaq və regional kommunikasiyaların açılması ilə bağlı müzakirələri davam etdirəcək. Bununla yanaşı, daxili siyasi mübarizənin kəskinləşməsi və ya islahatların yubadılması halında proseslərin uzanması ehtimalı da istisna edilmir. Bu halda normallaşma gündəliyinin həyata keçirilməsi daha uzun zaman tələb edə bilər".
Deputatın fikrincə, son seçkilərin nəticələri Ermənistan cəmiyyətində təhlükəsizlik, iqtisadi inkişaf və regional inteqrasiya məsələlərinə marağın artdığını göstərir: "Bu tendensiya İrəvanın xarici siyasət kursunda daha praqmatik yanaşmaların güclənməsi üçün əlavə stimul yarada bilər. Lakin siyasi bəyanatların real nəticələrə çevrilməsi yalnız konkret addımların atılması ilə mümkün olacaq. Bu baxımdan yaxın perspektivdə Ermənistan tərəfindən real addımların atılıb-atılmayacağı ilk növbədə Paşinyan hökumətinin siyasi iradəsindən, konstitusiya islahatlarının hansı tempdə həyata keçiriləcəyindən və ölkə daxilində bu proseslərə veriləcək ictimai-siyasi dəstəkdən asılı olacaq. Eyni zamanda beynəlxalq vasitəçilərin və regionda maraqları olan əsas aktorların mövqeyi də prosesin inkişafına təsir göstərən amillər sırasındadır. Azərbaycanın mövqeyi isə dəyişməz olaraq qalır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, regionda dayanıqlı sülh yalnız qarşılıqlı suverenliyin tanınması, ərazi iddialarının tam aradan qaldırılması və əldə olunmuş razılaşmaların hüquqi təminat altına alınması əsasında mümkündür. Bu baxımdan rəsmi İrəvanın qarşıdakı dövrdə atacağı addımlar Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amil olacaq".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"