16 May 2024 08:00
1662
SİYASƏT
A- A+
Qüdrət rəmzi

Qüdrət rəmzi

 

Şuşa milli varlığımızın ifadəsi, qəlbimizdə xüsusi yeri olan müqəddəs və əziz məkandır. Şuşa sevgisi bu illər ərzində hər bir dünya azərbaycanlısının mənəvi varlığının ayrılmaz parçasına çevrilib. Bu, həm də tarixi yurdumuzun qələbə rəmzimiz olması ilə bağlıdır. Şuşa şəhəri bu torpaqların əzəli sakinləri olan azərbaycanlıların Qarabağın mərkəzindəki möhtəşəm imzasıdır. Keçmişlə bağlı saxta miflər uydurmaqda, gözlərinə görünən, qulaqları eşidən nə varsa öz adlarına çıxmaqda "mahir" olan ermənilər neyləsələr də, azərbaycanlıların Şuşadakı tarixi izlərini silməkdə həmişə aciz qalıblar. Bu mənada Şuşa bizim özünütəsdiqimizdir. Bu şəhəri biz adlandırmışıq, biz qurub yaratmışıq. 
Bir faktı xatırlatmaq yerinə düşər ki, ötən əsrin 70-ci illərində Şuşa şəhəri ilə bağlı verilən quruculuq qərarları bu unikal məkanın inkişafına ikinci nəfəs vermişdi. O illərdə Azərbaycana rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevin Şuşa sevgisi tükənməz idi. 1970-ci illərdə bu yurdun abadlıq işlərinə, inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq-bərpa tədbirləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bütün bunlar bir tərəfdən Şuşanın unikallığından, füsunkar gözəlliyindən, Ümummilli Lider Heydər Əliyevin bu şəhərin tarixi keçmişinə ruhən bağlılığından, orada yaşayıb-yaratmış şəxsiyyətlərimizin mənəvi irsinə ehtiramından irəli gəlirdi, digər tərəfdən isə Ulu Öndər Şuşanı müxtəlif vaxtlarda baş qaldıran əsassız erməni iddialarına qarşı alınmaz mənəvi qala kimi görürdü. Əsrlər əvvəl güclü sərkərdələr belə, Şuşanı ala bilməyiblər. Bu, tarix, bu, reallıqdır!
Qələbəmizdən sonra azad yurdlarımızda geniş quruculuq işləri başlandı. Azərbaycan bununla göstərdi ki, erməni vandallarından fərqli olaraq bu yerlər bizə dağıntı, xarabalıq kimi deyil, məhz inkişaf məkanı kimi lazımdır. Ermənilərin 30 ilə yaxın müddətdə daşını daş üstə qoymadıqları yurdlarımıza yenidən həyat qayıdır. Dövlətimiz torpaqlarımızı işğaldan azad etdiyi kimi qısa zamanda dirçəltmək əzmini də sübuta yetirir. Bərpa-quruculuq prosesi mədəniyyət paytaxtımız olan Şuşa şəhərində xüsusilə sürətli şəkildə aparılır.
Bu il mayın 8-də həyatımızda daha bir mühüm tarixi hadisə baş verdi. Mədəniyyət paytaxtımız olan Şuşa şəhərinin ilk sakinləri 32 illik ayrılıqdan sonra doğma yurdlarına köçüb yeni mənzillərində yerləşdilər. Qısa müddətdə Şuşada sakinlər üçün tikilmiş, görkəmi, şəhərin tarixi irsinə uyğun memarlıq üslubu ilə gözoxşayan yaşayış kompleksi dövlətimizin daha bir uğur rəmzinə çevrildi. Ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad etmiş, Azərbaycan dövlətinin ərazi bütövlüyünə, suverenliyinə nail olmuş Müzəffər Ali Baş Komandan İlham Əliyev azad yurdlarımızın dirçəldiləcəyi ilə bağlı verdiyi sözləri də tutdu və bunun üçün böyük imkanlar da yaratdı. Ordumuzun irəlilədiyi şəhərlərimizdə, kəndlərimizdə indi də iqtisadiyyatımız irəliləyir. Ermənilərin 30 il ərzində vandalcasına dağıdıb viranə qoyduqları əzəli məskənlərimizə yenidən həyat qayıdır. Bu torpaqlar addım-addım inkişaf etdirilir, canlandırılır. Azərbaycan Prezidentinin gələcəyə strateji baxışında bölgənin sabahı tam aydın şəkildə təsəvvür edilir.     
Prezident İlham Əliyevin mayın 10-da Şuşa şəhərinin ilk sakinləri ilə görüşü, onlara yeni mənzillərinin açarlarını təqdim etməsi bu baxımdan tarixi hadisə idi.

 

Əyilməz ruhumuzun rəmzi

 

Azərbaycan Prezidenti görüşdəki çıxışında qürur mənbəyimiz olan Şuşanı canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələrinin igidliklərindən danışdı. Xüsusi vurğulandı ki, 44 günlük Vətən müharibəsinin ən ağır yükü cəbhədə misilsiz qəhrəmanlıqlar göstərən, ərazi bütövlüyümüz naminə şəhid olan, yaralanan, hər yüksəkliyin, kəndin, qəsəbənin, şəhərin azadlığı üçün silah yoldaşları ilə birgə böyük fədakarlıqlar göstərən gənc əsgər və zabitlərimizin üzərinə düşdü. Qarabağın tacı, ruhumuzun şəhəri olan Şuşanın azad edilməsi üçün sərt qayalardan dırmanaraq yüngül silahlarla - bıçaqla, avtomatla tankın, topun üzərinə atılan, bu igidliyi dünyanın hərb tarixinə düşən Azərbaycan gəncliyinin qəhrəmanlığını unutmaq olarmı?!
Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, öz coşqusu ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi. Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc qətiyyətlə cavab verdi. Hamı  döyüşə getmək üçün könüllü yazılırdı.
Bu müharibə təbii ki, dünyanın hərb tarixində əbəqi qalacaq və Vətənə sevgi nümunəsi kimi daim xatırlanacaq. Hazırda dünya mediası, beynəlxalq təşkilatlar əsgər və zabitlərimizin qəhrəmanlıqlarından böyük heyrətlə söz açırlar. Azərbaycanın igid oğulları bu qəhrəmanlıqları real həyatda yaratdılar. Canları-qanları ilə tarix yazdılar. Göstərdilər ki, belə övladları olan, belə cəsur, mərd qəhrəmanlar yetişdirən Vətən heç vaxt yenilməz. Azərbaycan bundan sonra hər birimiz üçün həm də o igidlərimizin fədakarlığına görə dəyərlidir. Ölümsüz qəhrəmanlarımızın Vətənin daşında, qayasında qalmış silinməz izləri ilə müqəddəsdir. Azərbaycan Prezidenti dedi: "Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər... Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər". 
Vətən müharibəsindəki qələbəmizlə dünya bizi yenidən kəşf etdi, Azərbaycan xalqının misilsiz qəhrəmanlığına heyran oldu. Tarixi ədaləti öz gücümüzlə bərpa etdik. Haqqımız olanı, dövlət rəhbərimizin də bəyan etdiyi kimi, danışıqlar yolu ilə, kiminsə güzəşti hesabına yox, döyüş meydanında aldıq, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün bunlar 44 günlük Vətən müharibəsində yumruq kimi birləşmiş Azərbaycan xalqının birliyinin gücü idi. 
Xəstə zəkası, yalanlardan tor bağlamış gözləri ilə uzağı görməyi bacarmayan mənfur düşmən hesablamalarını düzgün apara bilməmişdi. Ermənilər özlərini saxta miflərinə o qədər inandırmışdılar ki, torpaqlarımızı əbədi olaraq işğal altında saxlaya biləcəklərini düşünürdülər. Azərbaycan dövləti onların əsrlər boyu uydurduqları mifləri məhv etdi. Böyük dövlətlərin regionda öz oyunlarını qurmaqdan ötrü ortaya atdıqları bir neçə əsrlik erməni layihəsini ortadan götürdü. Əsrlərdir başqalarının əlində iyrənc vasitəyə çevrilmiş bu mənfurlara da, onların havadarlarına da tarixi bir dərs verdi.  
Dünyanın müxtəlif ölkələrində xeyli sayda münaqişə ocaqları var. Bu ocaqların olması kimlərəsə sərf edir. Hansısa xarici qüvvələr müəyyən maraqlarını təmin etməkdən ötrü bu münaqişə ocaqlarını yaradır və idarə edirlər. Bütün bunlar bəşəriyyətin əsrlərcə görə-görə gəldiyi acı reallıqdır. Dünyanın böyük güc mərkəzləri üçün kifayət qədər əhəmiyyətli bölgə olan Cənubi Qafqaz da bu bəladan xali deyil. İmperiyalar dağılanda, əfsus ki, onların ağır miraslarından biri məhz bu cür münaqişə ocaqları oldu. Keçmiş SSRİ imperiyasının belə "qalıqları" ilə Azərbaycan da üzləşdi. On illər boyu danışıqlar aparılır, guya həll yolları axtarılırdı. Amma bütün bunların sadəcə baş qatmaqdan başqa bir şey olmadığını zaman sübuta yetirdi. İtirilən illərin əziyyətini isə sadə insanlar çəkdi. Təxminən 30 il sürən, sülh danışıqları ilə bu qədər müddətdə həll olunmayan münaqişəyə 44 günlük Vətən müharibəsi ilə yekun vuruldu. Bütün dünya gördü ki, qələbə arzusuna çatmaq üçün həm də güclü, qüdrətli olmalısan. Yeri gələndə, vuran əlinin zorunu da göstərməlisən. Düşmən "dəmir yumruğ"un gücünü duymalıdır. Anlamalıdır ki, rəqibi ondan daha güclüdür. Havadarlarının köməyi, güvəndiyi lobbi alverçilərinin dəstəyi onu bu zərbədən xilas etməyəcək.
Azərbaycan xalqı hər zaman 44 günlük Vətən müharibəsi ilə, bu şanlı tariximizlə qürur duyacaq. Bizim buna haqqımız çatır. Kimin kim olduğu bu müharibədə göründü. 44 gün ərzində daim irəiləyən, bir qarış da geri addım atmayan, bir hərbçisi də döyüş meydanını tərk etməyən Azərbaycandan fərqli olaraq Ermənistan ordusunda fərarilərin sayı on minlərlə idi. Müharibənin birinci günündə bir neçə kəndin azad edilməsi ilə qazanılmış qələbə sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə düşmən faktiki kapitulyasiya aktına imza atmağa məcbur qaldı. 
"Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi" - bu şəhərin sakinləri ilə görüşdə Azərbaycan Prezidenti qeyd etdi. 
Azərbaycan uzun illərin mübarizəsindən sonra ərazi bütövlüyünü bərpa etməyə nail olmuş ölkə kimi adını tarixə yazdı. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Qarabağ separatçılardan tam təmizləndi. Azərbaycan heç kiminlə hesablaşmadan, heç kimin təzyiq və təhdidlərindən qorxub geri addım atmadan lazımi əməliyyatı böyük peşəkarlıqla, məharətlə, əsgər və zabitlərimizin misilsiz fədakarlığı ilə həyata keçirdi. Separatçıların əsas "rəhbərləri" törətdikləri cinayət əməllərinə görə ədalət mühakiməsi qarşısında cavab vermək üçün qandallanaraq Bakıya gətirildilər. Azərbaycan tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etməyə müvəffəq oldu. Bununla dövlətimiz öz gücünü, siyasi iradəsini göstərdi. 

 

Dirçələn Şuşa

 

2020-ci ilin 8 noyabr günü Şuşanın azadlığı müjdəsini xalqımıza yetirərkən, "Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik" - deyə sevincini, ümidlərini, gələcəyə strateji baxışını bölüşən Azərbaycan Prezidentinin quruculuq siyasəti bu gün o ümidi də reallığa çevirir. Şuşada genişmiqyaslı quruculuq işləri davam edir. Bunun daha bir nümunəsi kimi, elə bu ilin 10 mayında Ümummilli Lider Heydər Əliyevin doğum günündə Şuşada üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Xatırladaq ki, 2023-cü ilin 10 mayında ikinci yaşayış kompleksinin təməli qoyulmuşdu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Yaşayış komplekslərinin inşasına paralel olaraq mədəniyyət paytaxtımızda genişmiqyaslı infrastruktur layihələri də reallaşdırılmaqdadır. Qələbəmizdən dərhal sonra çox qısa müddətə Füzuli şəhərindən Şuşaya Zəfər yolu çəkildi. İndi isə yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı daha geniş magistral avtomobil yolu çəkilməkdədir. 
Zəfərimizdən dərhal sonra Şuşanın tarixi abidələrinin bərpasına başlanıb və qısa müddətdə bu istiqamətdə ciddi nəticələr əldə olunub. Vaqifin məqbərəsi yenidən qurularaq, ermənilərin abidəyə qarşı vandalizm əməllərindən əvvəlki  görkəminə qaytarılıb. Yuxarı Gövhər ağa məscidi, Saatlı məscidi bərpa edilib. Mamayı məscidinin bərpadan sonra açılışı olub. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidinin və Mehmandarovların evinin bərpası həyata keçirilib. "Şirinsu" hamamının əsaslı təmirdən sonra açılışı olub. Aşağı Gövhər ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir bəy Hacıbəylinin erməni vandalları tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyulub. Dahi bəstəkarımızın dağıdılmış evi də yenidən qurulmaqdadır. Bu gün Şuşada artıq dörd mehmanxana şəhərin qonaqlarının xidmətindədir. 

 

Yeni bir gələcək

 

Azərbaycan Prezidentinin də şəhər sakinləri ilə görüşündə qeyd etdiyi kimi, bu unikal məkanda hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Bu torpaqlarda hər bir iş bütün detallar nəzərə alınmaqla, sevgi ilə, yüksək məsuliyyətlə görülür. Həyata keçirilən bütün layihələr dövlət rəhbərimizin birbaşa diqqəti və nəzarətindədir. Çünki bu işlər sadəcə bərpa-quruculuq tədbirlərinin həyata keçirilməsi deyil, azad yurdlarımızda qurulan yeni bir gələcəkdir, başlanan yeni bir həyatdır, reallaşdırılan böyük məqsədlərdir. Torpaqlarımızın azadlığından sonra indi ən mühüm hədəflər sırasında Qarabağ və Şərqi Zəngəzur bölgələrini nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən birinə çevirmək var. Azərbaycan dövləti bu hədəfə də çatacaq. Həyata keçirilən quruculuq tədbirləri ilə Şuşa da, başqa şəhərlərimiz də tarixi dəyəri qədər müasir görkəmi ilə də bütün dünya azərbaycanlılarının qürur yeri, fəxarət ünvanı olacaq.
"Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə doğma şəhər sayırdılarsa, Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan bayrağı bu torpaqlarda əbədi dalğalanacaq", - Azərbaycan Prezidenti bəyan etdi.
Şuşada, həmçinin inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır.

 

Qələbədən qələbəyə

 

Bu gün Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən işlər Azərbaycan dövlətinin sülh niyyətinin, regionumuzu davamlı inkişaf, rifah və xoşbəxtlik məkanına çevirmək arzusunun ifadəsidir. Azərbaycan dövləti bu regionu yenidən qan çanağına döndərmək istəyənlərin fitnə-fəsadlarına imkan verməyəcək. Prezident İlham Əliyev Şuşa sakinləri ilə görüşündə yeni reallıqlarla bağlı qətiyyətli mövqeyini, mesajlarını bir daha lazımi ünvanlara çatdırdı: "Fransa və Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır". 
Ermənistanda revanşistlərin baş qaldırdığını, Fransanın Ermənistana öldürücü silahlar verdiyini xatırladan dövlət rəhbərimiz onu da bəyan etdi ki, Fransanın verdiyi silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin: "Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik". 
Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqlarının bir güllə belə atılmadan bizə qaytarılması, delimitasiya, demarkasiya tədbirlərinin ölkəmizin şərtləri əsasında həyata keçirilməsi tarixi qələbəmizin növbəti zəfərlərimizlə davam etdirildiyini, Azərbaycan Prezidentinin sarsılmaz qətiyyətinin xalqımızı yeni möhtəşəm uğurlara apardığını göstərir.
Bu qətiyyət Prezident İlham Əliyevin ən qüdrətli çağlarına yetirdiyi Azərbaycan dövlətinin gücünə, beynəlxalq nüfuzuna, ölkə rəhbərimizin gələcəyə strateji baxışına əsaslanır. Bu gün regionun inkişaf reallıqlarını yaradan məhz Azərbaycan dövlətidir, bölgəmizin gələcəyinin müəllifliyi də məhz ölkəmizə aid olacaq.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məşhur atlet intihar edib

16:17
14 Oktyabr

Premyer Liqa klubu sükanı kimə tapşıracağını bəlli etdi - SON DƏQİQƏ

16:16
14 Oktyabr

Emin Mahmudov niyə bu statusdan MƏHRUM EDİLDİ?

16:15
14 Oktyabr

Pezeşkian Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı hökmün icrası məsələsindən danışdı

16:13
14 Oktyabr

İqtisadiyyat sahəsində Nobel mükafatının laureatlarının adları açıqlanıb

16:12
14 Oktyabr

Prezident bir sıra məhkəmələrə sədr və sədr müavinləri təyin edib

16:10
14 Oktyabr

Növbəti 50 ildə gözlənilən 7 əsas astronomik hadisə açıqlanıb

16:09
14 Oktyabr

Əsas kapitala yönəldilmiş investisiyaların 72 faizdən çoxu tikinti işlərinə sərf olunub

16:08
14 Oktyabr

Azərbaycanlı maliyyə eksperti Qazaxıstanda bir neçə modulu özündə birləşdirən layihə təqdim edib  

16:02
14 Oktyabr

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub

15:47
14 Oktyabr

Tramp seçkilərdə ordudan istifadənin mümkünlüyünü istisna etməyib

15:37
14 Oktyabr

ANAMA: Ötən həftə 625 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:23
14 Oktyabr

Kurban Berdiyev klubun sahibindən 1 milyonluq hücumçu istədi!

15:22
14 Oktyabr

AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb

15:16
14 Oktyabr

Multikultural dəyərlərin qorunması və təbliği ilə bağlı treninq təşkil olunub

15:06
14 Oktyabr

"Neftçi"də baş məşqçi postuna yenidən Samir Abasov gəririlir

14:49
14 Oktyabr

Külli miqdarda tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

14:42
14 Oktyabr

Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri təlim-məşq uçuşları icra edib 

14:37
14 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:27
14 Oktyabr

Azərbaycandan nəql olunan neftin 12,8 faizi SOCAR-ın payına düşüb  

14:06
14 Oktyabr

Ukraynanı çətin qış gözləyir

13:52
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!