18 Avqust 2022 02:10
557
İQTİSADİYYAT
A- A+

Qlobal taxıl qıtlığı dünyanı silkələyir

 

BMT-nin etirafı: "Ərzaq təhlükəsizliyi konsepsiyası yoxdur" 

 

Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün bütün vacıb addımları ardıcıllıqla həyata keçirsə də, qlobal bazarlarda buğdanın qiymətində baş verən silkələnmələr daha sürətlə mənfi  təsirini büruzə verir. 
Azərbaycan Prezidentinn uzun illər ərzində reallaşdırdığı taleyüklü islahatlar bizə həmişə qlobal təhlükələrdən sığortalanmağa imkan vermişdir. Lakin son hadisələr onu göstərir ki, ərzaqla bağlı böyük təhlükələrlə üzləşə bilərik. Taxılın qiymətlərinin artması fonunda dünyanın ərzaq bazarlarında baş verən qiymət sıçramaları və gözlənilməz qıtlığın tədricən gündəmi zəbt etməsi ciddi narahatlıqlar doğurur. Azərbaycan Prezidenti bir neçə dəfə bu məsələyə münasibətini bildirmişdir. 
Avropa əmindir ki, taxıl qıtlığından yaranan mövcud  defisiti Ukrayna ərazisində saxlanılan böyük miqdarda taxıl ehtiyatlarının çıxarılması ilə aradan qaldıra bilər. Amma beynəlxalq ekspertlər bildirirlər ki, belə imkanların reallaşdırılması  qlobal bazarda vəziyyəti yaxşılaşdırmaq  gücündə olmayacaq. Günümüzün reallığı ondan ibarətdir ki, dünyada ərzaqla bağlı vəziyyət pisləşməkdədir. TASS-ın verdiyi məlumata görə, analitiklər bildirirlər ki, buğda ehtiyatları 10 həftədən sonra tükənəcək. Bu, çox güman istehsalçıların yox, istehlakçıların anbarlarındakı ehtiyatlara aiddir. 
Rusiya kütləvi informasiya vasitələri yazır ki, dünyada artan aclığın və ərzaq qıtlığnın baiskarı sanksiyalardır. Bu sanksiyaların əks-sədası bütün dünya iqtisadiyyatına qasırğa və ya da sunami kimi çırpılaraq onu çökdürür. Bütün ölkələr, o cümlədən Qərb dövlətləri də təhlükələrlə üzləşməkdədirlər. Qlobal ərzaq təhlükəsizliyi ilə bağlı diskussiyalara həsr olunan Valday klubunda bu məsələ ətraflı müzakirə edilib. Onlar BMT-yə istinadən yazırlar ki, 2 milyard insan yer üzündə acından ölə bilər. Taxılın və yağın qiymətinin dünyada 30 faiz artmasının arxasınca, ərzaq banklarının böhrana düşməsi gözləniləndir. 
Artıq məsələ qəlizləşdikcə, dünya bazarlarında qiymətlər artdıqca baş verənlərin səbəbini  yalnız Ukrayna-Rusiya toqquşması  və  Qərbin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi  genişmiqyaslı sanksiyalarla yox, həm də pandemiya, təchizat zəncirindəki pozulmalar və hətta təbii fəlakətlərin artması ilə də izah edirlər. 
Azərbaycan dövləti daxili bazarda qiymətlərin stabilliyini qorumaq üçün gərgin səylər göstərir, subsidiyaların hesabına  qiymət artımının qarşısını almağa çalışır. Lakin problemin qəlizliyi ondan ibarətdir ki, qiymətlər bizdə yox, dünya bazarında qeyd etdiyimiz səbəblərin üzündən kəskin surətdə artmaqdadır. Bilməyimiz vacibdir ki, ölkə daxilində  qiymətlərin qalxması tarif şurasının qərarı və ambisiyaları hesabına deyil. Bu, qlobal ərzaq bazarlarındakı böhranın, tələblə təklif arasındakı yaranan ağlasığmaz fərqlərin təsiri altında yaranır. Qiymət artımını tarif şurası yox, dünya bazarının tələbləri diktə edir. Azərbaycan Prezidenti işğal edilmiş ərazilərdə buğda əkininin 100 min hektara çatdırılması və məhsuldarlığın qaldırılması tələbini irəli sürmüşdür: "Eyni zamanda biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək". 
BMT-nin "Dünyada Ərzaq Təhlükəsizliyi və Qidalanmanın Vəziyyəti (SOFI) 2022" hesabatında  qlobal ərzaq təhlükəsizliyi və qidalanmanın vəziyyəti ilə bağlı ən son məlumatlar  yerləşdirilmişdir. Hesabatda dünyanın bir çox yerlərində məhdud resurslar nəzərə alınaraq, sağlam qidalanmanın dəyərini aşağı salmaq üçün hökumətlərin kənd təsərrüfatına  yardımının yeni yolları araşdırılır.
BMT-nin 6 iyul 2022-ci il tarixli məruzəsində təqdim etdiyi yeni statistik məlumatlarda bildirilir ki, dünya aclığın aradan qaldırılması missiyasından tədricən uzaqlaşır. Ərzaq təhlükəsizliyi konsepsiyasının olmaması, insanların tam qidalanmamasının  bütün formaları  aclıqdan əziyyət çəkənlərin sayını artıracaq. Belə ki, 2021-ci ildə planetdə aclıqdan əziyyət çəkənlərin sayı 828 milyona çatdı. Bu, 2020-ci ildə aclıqdan əziyyət çəkənlərin sayından 46 milyon artıqdır. 
Məruzədə gətirilən statistik rəqəmlər qətiyyən nikbin deyil. Belə ki, 2015-ci ildən aclıqdan əziyyət çəkənların sayı nisbətən sabit qalsa da, 2020-2021-ci illərdən ciddi artımlar baş verdi. 2021-ci ildə 2,3 milyard insan aclığın müxtəlif formaları ilə üzləşdi. Artıq planetdə 924 milyon insan - dünya əhalisinin 11,7 faizi  ərzaq təhlükəsizliyinin ağır forması ilə qarşılaşıb. 2020-ci ildə 3,1 milyard insan özünü sağlam qida ilə təmin edə bilməyib.  Bu gün planetimizdə beş yaşından kiçik təxminən 45 milyon uşaq qida çatışmazlığının ən təhlükəli forması olan və uşaq ölümü riskini 12 dəfə artıran qida çatışmazlığından əziyyət çəkir. Bundan əlavə, beş yaşınadək 149 milyon uşaq əsas qida maddələrində xroniki pəhriz çatışmazlığı səbəbindən inkişafdan geri qalmış, 39 milyon uşaq isə artıq çəkidən əziyyət çəkmişdir. Hətta 2030-cu ildə qlobal iqtisadiyyat  dirçəlsə belə təxminən 670 milyon insanın (dünya əhalisinin 8 faizi) yenə də aclıqla üzləşəcəyi proqnozlaşdırılır.
Həsabatda göstərilir ki, bu məruzənin hazırlandığı dövrdə dünyanın ən  nəhəng iki dənli bitkilər, yağlı toxumlar və gübrə istehsalçısının Ukraynadakı müharibəsi beynəlxalq təchizat zəncirlərini pozur və taxıl, gübrə, enerji və yeməyə hazır məhsulların qiymətlərini artırır. 
Azərbaycan dövlətinin qiymət artımının qarşısını almaq üçün həyata keçirdiyi bütün tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Uzun illər dünyanı silkələyən problemlərdən ölkəmizin yan keçməsinin sirri bu tədbirlərin hesabınadır. Bu gün yenə də Azərbaycan Prezidenti məsələnin həlli yolları üzərində çalışır. 
Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli etiraf edir: "Bu rəqəmlərin qarşıdakı aylarda daha da artmasının real təhlükəsi var. Ukrayna böhranı nəticəsində müşahidə etdiyimiz ərzaq, yanacaq və gübrə qiymətlərində sıçrayışla baş verən böyük artım  bütün dünyada  aclıq təhlükəsi yarada bilər. Bu, əvvəllər heç vaxt görünməmiş miqyasda qlobal sabitliyin pozulmasına, aclığa, insanların kütləvi ölümünə və  miqrasiyasına səbəb olacaq. Biz bu gözlənilən fəlakətin qarşısını almaq üçün bu gün hərəkətə keçməliyik.  
ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus isə nigarançılığını belə bildirir: "Hər il 11 milyon insan qeyri-sağlam qidalanma səbəbindən ölür. Ərzaq qiymətlərinin artması vəziyyətin daha da pisləşəcəyi deməkdir. ÜST zərərli qidalara vergi qoymaq və sağlam qidalara subsidiya verməklə ölkələrə qida sistemlərini yaxşılaşdırmaqda kömək edir". 

Bahadur İMANQULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video