Bu günlərdə 28 May - Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir. Nəzər yetirdikdə görürük ki, qlobal siyasətdə aparıcı rol oynayan bütün dövlətlərin rəhbərləri, hökumət başçıları Azərbaycan Prezidentini təbrik edirlər. Bu təbriklərin hər biri ilk növbədə nüfuzlu siyasi liderlərin İlham Əliyevə və Azərbaycana olan ehtiram və rəğbətinin təcəssümüdür.
Regionun iqtisadi gücü
Bir neçə gün əvvəl isə Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edib. Azərbaycan 2014-cü ildə yaradılmış bu təşkilatın üzvü deyil. Amma Ermənistan istisna olmaqla, Azərbaycanın bu təşkilatın digər üzv dövlətləri ilə sıx iqtisadi və siyasi münasibətləri var.
İclasda çıxışında bu barədə danışan Prezident İlham Əliyev ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsinin 31 faiz artdığını və 4,7 milyard dollar təşkil etdiyini bildirdi. Bu ilin yanvar-aprel aylarında isə qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. İlham Əliyev həmçinin əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu diqqətə çatdırıb.
İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmiz Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Respublikamızda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu isə Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Respublikamızın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması isə Azərbaycanın nəqliyyat-logistik imkanlarını daha da artıracaq. Bütün bunlar onu göstərir ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə iqtisadi dövriyyəsinin daha da artırılması üçün geniş imkanlar var.
Təbii ki, ayrı-ayrılıqda götürdükdə təşkilata üzv dövlətlərlə Azərbaycanın iqtisadi əməkdaşlığında ildən-ilə artan dinamizmi görmək mümkündür. Ermənistan isə bu təşkilatın üzvü olsa da, onun təşkilatda təmsil olunan dövlətlərlə iqtisadi-ticari dövriyyəsi bu rəqəmdən qat-qat azdır. Bu da öz növbəsində Azərbaycanın regionun iqtisadi gücü olduğunu, Avrasiya İqtisadi Birliyi üzvlərinin Azərbaycanla sıx iqtisadi əməkdaşlığını təsdiq edən mühüm faktordur. Elə Rusiya Prezidenti Vladimir Putin də Azərbaycanın ikitərəfli formatda təşkilata üzv ölkələrlə iqtisadi əməkdaşlığının müntəzəm artdığını qeyd edərək, bunun həm Azərbaycan üçün, həm də təşkilatın hər bir iştirakçı ölkəsi üçün əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.
Rəğbətlə qarşılanan siyasət
Dövlətimizin başçısı bu təşkilatın iclasında Rusiya Prezidentinin dəvəti əsasında qonaq qismində iştirak edirdi. Bu dəvətin özü ilk növbədə Prezident İlham Əliyevin yüksək siyasi nüfuzunü təsdiq edən mühüm siyasi amildir.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il Azərbaycanın üzv olmadığı Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmişdi. Prezident İlham Əliyevin "dəmir yumruğu"nun növbəti zəfəri olan 2022-ci ilin sentyabr döyüşlərindən sonraya təsadüf edən bu sammitə dəvət alması və bu çərçivədə keçirdiyi görüşlər dövlətimizin başçısına və Azərbaycana göstərilən qlobal ehtiramın və dəstəyin növbəti nümunəsi olmuşdu. Bu təşkilata üzv dövlətlərin də əksəriyyəti ilə Azərbaycanı yaxın dostluq, bir qismi ilə müttəfiqlik və strateji tərəfdaşlıq münasibətləri birləşdirir.
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin hadisələrə və proseslərə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır. Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası da bu baxımdan xüsusi qeyd edilməlidir. Təbii ki, bunun əsas səbəbləri ilk növbədə Prezident İlham Əliyevin özünün yüksək siyasi nüfuzu və həyata keçirdiyi siyasətin məzmunudur. Azərbaycan Prezidentinin qətiyyətli və müstəqil siyasəti, qlobal və regional əməkdaşlıqda konkret, aydın və dəqiq mövqe ortaya qoyması bütün siyasi müstəvilərdə təqdir olunur, rəğbətlə qarşılanır.
Bütövlükdə, Prezident İlham Əliyevin Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirakı Azərbaycanın güclü qlobal mövqelərinin növbəti təsdiqi oldu. Eyni zamanda bu iclas Ermənistanın diplomatik müstəvidə növbəti dəfə fiaskoya uğradılması ilə yadda qalan mühüm siyasi hadisə oldu.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"