09 Avqust 2025 14:22
548
SİYASƏT
A- A+
Qlobal media Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan arasında görüşü diqqət mərkəzində saxlayır 

Qlobal media Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan arasında görüşü diqqət mərkəzində saxlayır 

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın Bakı ilə İrəvan arasında sülh sazişi ilə bağlı Vaşinqtonda keçirilən görüş, liderlərin imzaladığı Birgə Bəyannamə və onların bəyanatları dünyanın nüfuzlu media orqanlarının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin dərc etdiyi geniş məqalədə qeyd olunur ki, Azərbaycan və Ermənistan cümə günü ABŞ prezidenti Donald Trampla görüş zamanı ABŞ-ın vasitəçiliyi ilə onilliklər davam edən münaqişədən sonra ikitərəfli iqtisadi əlaqələri gücləndirəcək və münasibətlərin tam normallaşmasına doğru hərəkət edəcək sülh sazişinin layihəsini imzalayıblar.

Cənubi Qafqazdakı rəqiblər arasında razılaşmanın Tramp administrasiyası üçün mühüm nailiyyət olduğunu qeyd edən agentlik yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ evdə keçirilən imzalanma mərasimində salamlayan Tramp deyib: “Uzun müddətdir, 35 ildir ki, onlar döyüşüblər, indi də dostdurlar və onlar uzun müddət dost olacaqlar”.

“Reuters” qeyd edir ki, razılaşmaya ABŞ-ın Cənubi Qafqazdan keçən strateji tranzit dəhlizinə eksklüziv inkişaf hüquqları daxildir ki, bu da Ağ evin qənaətinə görə, enerji və digər resursların ixracını asanlaşdıracaq. Tramp bildirib ki, ABŞ enerji, ticarət və texnologiya, o cümlədən süni intellekt sahələrində əməkdaşlığı genişləndirmək üçün hər bir ölkə ilə ayrı-ayrı müqavilələr imzalayıb. O, Azərbaycan ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığa qoyulan məhdudiyyətlərin də aradan qaldırıldığını deyib. Hər iki lider Trampı münaqişənin sona çatmasına kömək etdiyinə görə tərifləyib və onu Nobel Sülh mükafatına namizəd göstərəcəklərini bildirib.

“New York Post” qəzetinin dərc etdiyi “Ermənistan və Azərbaycan çoxdan gözlənilən sülhə imza atdı və Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürdülər” sərlövhəli məqaləsində qeyd olunur ki, Prezident Tramp regionda yeni dəmir yolu ətrafında tikilən sülh sazişini imzalamaq üçün cümə günü Ağ evdə çoxdandır ki, münaqişə vəziyyətində olan Ermənistan və Azərbaycanın liderlərini qəbul etdi, Görüş zamanı liderlər ABŞ Prezidentini Nobel Sülh mükafatına birgə tövsiyə etməyə söz verdilər.

Qəzet qeyd edib: “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” adlandırılan ABŞ-ın inkişaf etdirdiyi tranzit təşəbbüsü Ermənistanın seyrək məskunlaşmış cənubunu keçməklə yanaşı, Azərbaycanın paytaxtı Bakını Naxçıvan anklavı ilə Türkiyəyə birləşdirəcək. “Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev sənədləri imzaladıqları zaman rahat görünüblər, Tramp keçmiş sovet respublikaları arasında gələcək məsələlərdə vasitəçilik etmək üçün könüllü olduğunu bildirib və hər iki lideri tərifləyib”, -deyə məqalədə vurğulanıb.

“Euronews” telekanalının saytında dərc olunan “İnanılmaz sülh: Ermənistan və Azərbaycan onilliklər ərzində dvam edən münaqişədən sonra sülhə gəlir” sərlövhəli məqalədə qeyd olunur ki, təxminən dörd onillik davam edən və son vaxtlara qədər sonu görünməyən qanlı münaqişədən sonra bu iki ölkə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişi imzaladılar. İndi Cənubi Qafqazda mərkəzi rol oynamayan Rusiya bu tarixi məqamda nəzərə çarpmır.

Məqalədə deyilir: “Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev 40 ildir davam edən qanlı Qarabağ münaqişəsindən sonra cümə günü ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda sülh sazişi imzalayıblar. “Biz bu gün Cənubi Qafqazda sülh bərqərar edirik”, - deyən Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki,, “bu gün biz böyük bir yeni tarix yazırıq”. Ermənistanın Baş naziri Paşinyan əlavə edib ki, bu razılaşma “sülh fəslinin açılmasını” təmsil edir. Tramp isə bildirib: “Ermənistan və Azərbaycan bütün döyüşləri əbədi olaraq bitirmək öhdəliyi götürür”.

Yazıda diqqətə çatdırılıb ki, Ermənistan və Azərbaycan “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” adlanan böyük tranzit dəhlizinin yaradılması barədə razılığa gəliblər. O, materik Azərbaycanı və onun müttəfiqi Türkiyə ilə həmsərhəd olan Naxçıvan bölgəsini Ermənistan ərazisi ilə birləşdirəcək. Ağ evin sözçüsü bildirib ki, yeni tranzit dəhlizi “Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və xalqına hörmət etməklə iki ölkə arasında maneəsiz əlaqə yaratmağa imkan verəcək”. Bakı üçün bu dəhliz Naxçıvanla birbaşa quru əlaqəni təmin edir, Türkiyə ilə əlaqələri gücləndirir və infrastruktur diplomatiyası vasitəsilə müharibədən sonrakı qazancları möhkəmləndirir. Bu, həmçinin Azərbaycanın qlobal miqyasda mühüm nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirir. İrəvan üçün nəqliyyat marşrutu daha geniş ticarət şəbəkələrinə daha da inteqrasiya etmək, onun çökmüş iqtisadiyyatını şaxələndirmək və xarici investisiyaları cəlb etmək imkanı verir. Bu, geosiyasi baxımdan da Ermənistana qonşuları ilə münasibətləri normallaşdırmağa kömək edərdi.

“USA Today” qəzetinin “Tramp Ermənistan və Azərbaycan liderləri ilə sülh yolunda mühüm addım atdı” sərlövhəli məqaləsində bildirilir ki, Prezident Donald Tramp Ermənistan və Azərbaycan liderləri ilə Ağ evdə iki keçmiş sovet respublikası arasında onilliklərlə davam edən müharibəyə son qoyan və regionda kritik nəqliyyat vasitələrini yenidən açan Birgə Bəyannamə imzalayıb. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iki dəfə Respublikaçı prezident olan Prezidenti tərifləyiblər və bir məqamda Trampın səylərinə görə Nobel Sülh mükafatına layiq olduğunu bildiriblər. Onların Birgə Bəyannaməsi iki ölkəni birləşdirən Cənubi Qafqazdan keçən 20 millik multimodal tranzit dəhlizi olan “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu”nu müəyyən edir. Birləşmiş Ştatlar bununla bağlı müstəsna inkişaf hüquqlarına sahib olacaq.

Avropa Şurasının rəsmi xəbər saytında isə “Ermənistan-Azərbaycan: Möhkəm sülhə zəmin yaradan təməl daşı” sərlövhəli material dərc olunub. Diqqətə çatdırılıb ki, Avropa Şurasının Baş katibi Alen Berse aşağıdakı bəyanatla çıxış edib: “Mən 2001-ci ildən Şuranın hər iki üzvü olan ölkələr arasında uzun müddətdir davam edən münaqişənin yekun həllinə yol açan Ermənistan-Azərbaycan sülh sazişinin Vaşinqtonda bu gün paraflanmasını səmimiyyətlə alqışlayıram. Bu inkişaf Cənubi Qafqazda - bütün xalqların rifahı və təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən regionda davamlı sülh yolunda tarixi bir mərhələdir. Avropa Şurası Ermənistan və Azərbaycan öz ortaq tarixlərinin bu səhifəsini açarkən, onları dəstəkləməyə hazırdır. Mart ayında iki ölkə Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların yekunlaşdığını elan edəndə, bu, məni xüsusilə ruhlandırdı. Sülh səyləri hər iki lider üçün daimi müzakirə mövzusu olaraq qalırdı. Mən bu məsələni ilk dəfə keçən il ÇOP münasibətilə Bakıda Prezident Əliyevə ünvanlamışdım və aprel ayında Antalyada keçirilən ikitərəfli görüşdə də davam etdirdim. Hər iki xalqın liderlərini və vətəndaşlarını ədalətli və davamlı sülh yolunda göstərdikləri siyasi iradə, əzm və cəsarətə görə alqışlayıram. Onilliklər boyu davam edən etimadsızlıq, ərazi mübahisələri və humanitar problemlərin aradan qaldırılması hər tərəfdən çətin, lakin zəruri kompromislər tələb edir. Biz hər iki ölkəni təkcə sülhə deyil, həm də etimadın bərpası istiqamətində əllərindən gələni etməyə çağırırıq”.

“Global News” nəşrində dərc olunan “Azərbaycan-Ermənistan sülh sazişi ABŞ-a nəqliyyat dəhlizi hüququ verir” sərlövhəli məqalədə qeyd olunur ki, Cənubi Qafqazın iki ölkəsinin liderləri Ağ evdə keçirilən sülh sammitində onilliklərlə davam edən münaqişəyə son qoymağa yönəlmiş saziş imzalamazdan əvvəl əl sıxıblar. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı bir araya gətirən ABŞ Prezidenti Donald Tramp, öz növbəsində, onların əllərini sıxıb.

Məqalədə diqqətə çatdırılır ki, Cənubi Qafqazın iki ölkəsi bir-biri ilə və ABŞ ilə əsas nəqliyyat marşrutlarını açacaq sənədlər imzalayıb. Razılaşmaya “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” adlandırılacaq böyük tranzit dəhlizi yaradacaq saziş də daxildir. Tramp cümə günü Ağ evdə deyib ki, marşruta onun adının verilməsi onun üçün böyük şərəfdir, lakin bunu onun özü istəməyib. Administrasiyanın yüksək rütbəli rəsmisi tədbirdən əvvəl jurnalistlərə zəng edərək deyib ki, bu adı ermənilər təklif ediblər.

“ABC News” telekanalının saytında dərc olunan məqalədə qeyd edilir ki, Ağ evdə Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin sülh barədə razılığa gəlməsi tarixi və böyük əhəmiyyət daşıyan hadisədir. ABŞ Prezidenti bildirib ki, liderlər Oval Ofisdə döyüşləri dayandırmaq, ticarəti açmaq və bir-birlərinin suverenliyinə hörmət etmək öhdəliyi götürən sənədlər imzalayıblar. O əlavə edib ki, ABŞ hər iki ölkə ilə enerji, ticarət və texnologiya, o cümlədən süni intellekt sahələrində əməkdaşlığı genişləndirmək üçün ikitərəfli saziş imzalayır.

Məqalədə Trampın sözləri sitat gətirilir: “Bu bəyannamədə mənim adıma tranzit marşrutunun verilməsi şəxsim üçün böyük şərəfdir, Mən bunu istəməmişəm - xüsusi tranzit zonası olan “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” Ermənistanın suverenliyinə tam hörmətlə yanaşaraq Azərbaycana özünün Naxçıvan ərazisinə tam giriş əldə etməyə imkan verəcək. Beləliklə, onlar həqiqətən birlikdə yaşaya və işləyə biləcəklər".

Yazıda vurğulanıb ki, hər iki lider Prezident Trampın Nobel Sülh mükafatına layiq olduğuna inandıqlarını bildiriblər.

“The Washington Post” qəzetinin dərc etdiyi məqalədə qeyd olunur ki, Ermənistan və Azərbaycan rəsmilərinin Ağ evdə ABŞ-a strateji tranzit dəhlizinə müstəsna inkişaf hüququ verən sülh sazişi imzalaması mühüm qlobal hadisədir. “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” adlanan pakt Azərbaycanı Ermənistan vasitəsilə Azərbaycanın eksklavı olan Naxçıvanla birləşdirəcək və ABŞ-a inkişaf hüququ verən sənəd olacaq. Eyni zamanda, Asiyadan Avropaya quru marşrutunu qısaldan dəhlizdə ABŞ həmin torpaqları infrastruktur və idarəetmə üçün konsorsiuma subicarəyə verəcək. Ümid edilir ki, bu tranzit dəhlizi gələcəkdə döyüşləri dayandıracaq və regionda kommunikasiyaları açacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moskvada Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

23:27
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:26
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  

22:22
08 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

22:20
08 Dekabr

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib  

22:09
08 Dekabr

Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib  

21:54
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar YENİLƏNİB  

21:53
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər  

21:41
08 Dekabr

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib  

21:19
08 Dekabr

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

21:06
08 Dekabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

20:49
08 Dekabr

Macarıstan Türkiyəyə 600 at satıb

20:29
08 Dekabr

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

20:29
08 Dekabr

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

20:23
08 Dekabr

Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

20:11
08 Dekabr

Ekspert: Orta Dəhliz son illər ərzində heyrətamiz artım nümayiş etdirir  

19:58
08 Dekabr

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

19:39
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

Prezident: Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir

19:20
08 Dekabr

Azərbaycan Prezidenti: Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək

19:18
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!