01 Oktyabr 2023 10:25
293
İQTİSADİYYAT
A- A+

Qeyri-neft sənayesində artım dinamikası davam edir

 

Kompüter, optik və elektron məhsullar istehsalında 80 faizdən çox artım var

 

Sirr deyil ki, dünyada baş verən siyasi qarşıdurmalar qlobal iqtisadiyyatda müəyyən qədər geriləməyə səbəb olub. Dünya iqtisadiyyatında aparıcı rola malik Çində məhsul istehsalında azalma, ABŞ-də maliyyə problemləri yaranıb. Qlobal ticarətdə də aktivlik müşahidə olunmur.
Bütün bunlara rəğmən ölkəmizdə iqtisadi dinamikanın səviyyəsi yüksək olaraq qalır. Bunun səbəbi iqtisadiyyatın kapitallaşmasında dövlətin fəal iştirakı və qeyri-neft-qaz sənayesinin inkişaf etdirilməsidir. Açıqlanan statistik rəqəmlər də məhz ölkə iqtisadiyyatının sabit inkişafını özündə əks etdirir. Belə ki, cari ilin 8 ayında qeyri-neft sektorunda 2,6, qeyri-neft sənayesində 6 faiz artım qeydə alınıb.
Qeyri-neft-qaz sənayesinin inkişafı ölkədə aparılan islahatların birbaşa məntiqi nəticəsidir. Təxminən 10-15 il əvvəl idxal olunan bir çox sənaye məhsulları indi ölkəmizdə istehsal edilir, üstəlik, xarici bazarlara da çıxarılır. Bu sahə üzrə məhsul istehsalında özəl sektorun öndə olması isə icra edilən islahatlar sayəsində sahibkarlığın inkişafının göstəricisidir.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə,  cari ilin yanvar-avqust aylarında sənayedə qeyri-dövlət sektorunun payı 85,2 faiz olmuşdur. Ümumi istehsalın 91,6 faizi sənaye məhsullarının istehsalı, 8,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaranmışdır.
Hesabat dövründə mədənçıxarma sənayesinin əsas məhsulu olan əmtəəlik neft hasilatı 20,1 milyon ton, əmtəəlik təbii qaz hasilatı 24,1 milyard kubmetr təşkil etmişdir. Təbii qaz hasilatının artması ölkəmizin strateji hədəfidir. Bunun üçün yeni qaz yataqları istismara verilir. Qaz istehsalının artırılmasında məqsəd ixracı çoxaltmaqdır. Bu gün Azərbaycan qaz ixrac etməklə Avropanın enerji təhlükəsizliyində özünə önəmli yer alıb. Bir çox ölkə qaz almaq barədə bizə müraciət edərək müqavilələr bağlayıb. Bu səbəbdən  təbii qaz üçün Azərbaycana müraciət edən ölkələrin sayı ildən-ilə artır.
Emal sənayesi öz tutumuna görə ölkəmizdə öndə gedən sənaye sahələrindəndir. Hesabat dövründə emal sənayesində 11 milyard 785,3 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu sahədə ötən ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 26,7, qida məhsullarının istehsalında 11,2, tütün məmulatlarının istehsalında 6 faiz artım müşahidə edilmişdir.
Cari ilin 8 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən hazırlanan məmulatların, ayaqqabıların istehsalı sahələrində 301,6 milyon manat dəyərində məhsul istehsal edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 23,5 faiz artım qeydə alınmışdır. Bu, toxuculuq məhsullarına tələbatın artması ilə izah oluna bilər. Məsələn, Elm və Təhsil Nazirliyi tərəfindən məktəblərdə xüsusi geyim formasının istifadəsi barədə verilən qərar belə məhsullara tələbata təsir edib və bu da istehsalın artmasına səbəb olub.
Qeyri neft-qaz sektorunda kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastik kütlə məmulatlarının istehsalı sahəsi xüsusi çəkiyə malikdir. Bu sahələrdə istehsalla yanaşı, ixracın həcmi də artır. Hesabat dövründə bu sahə üzrə 1 milyard 453,3 milyon manatlıq məhsul istehsal olunmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 20,9, kimya sənayesi məhsullarının istehsalı 6, əczaçılıq məhsullarının istehsalı isə 2,8 faiz artmışdır. Bununla yanaşı, kimya sənayesinin əsas məhsullarından olan polietilen istehsalı 34, etilen istehsalı 33,1, propen (propilen) istehsalı 28,6 faiz, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 2,3 dəfə, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlaqların istehsalı 31,3, plastmas çubuqlar, millər və protillərin istehsalı isə 11,2 faiz artmışdır.
Son dövrlər tikinti materiallarının istehsalı sahəsində də dinamik artım müşahidə edilir. Bu da həmin sahənin məhsullarına tələbatın yüksək artması ilə bağlıdır. Belə ki, işğaldan azad olunmuş ərazilərdə nəhəng tikinti-quruculuq layihələri icra edilir və bu səbəbdən tikinti materiallarına olan sifarişlər artır. 
Müasir dövrdə dünyada ən çox istehsal edilən və gəlir gətirən sahələrdən biri də  kompüter, elektron və optik məhsullardır. Bu sahə ölkəmizdə yeni yaransa da, müəyyən uğurlar qazanılıb. Həmin məhsulların istehsalının ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,4 faiz artması da bunu göstərir. 

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video