Regionlardakı sənaye zonalarına maraq göstərən investorların sayı artır
Ölkəmizdə qeyri-neft sənayesinin inkişafı istiqamətində mühüm işlər görülür. İlk növbədə sənaye parklarının yaradılması üçün yerli və xarici investorlara münbit şərait yaradılır, sənaye zonalarında işləmək üçün sərmayədarlara müxtəlif güzəştlər edilir.
Bundan əlavə, sənaye zonalarında bütün infrastruktur da dövlət vəsaiti hesabına yaradılır. Yəni investorların ərazilərə su, işıq, qaz və yol çəkmək problemləri olmur. Bu o deməkdir ki, investorun iş görmək üçün çəkəcəyi xərclər yarıbayarı azalır. O, yalnız istehsal və xidmət sahəsinin tikilməsinə xərc çəkir. Dövlətin atdığı bu addımlar səmərəsiz qalmır. Sənaye zonalarına yerli sahibkarlarla yanaşı, dünyanın müxtəlif ölkələrindən çoxsaylı iş adamları da maraq göstərirlər.
Bütün bunlar ixracın strukturuna da təsirsiz ötüşmür. Belə ki, sənaye zonalarının inkişafı ixracın artmasına və idxalın azalmasına səbəb olur. Hər iki faktor isə ölkənin maliyyə dayanıqlılığını təmin edir, üstəlik, əhalinin məşğulluq perspektivlərini artırır.
İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən verilən son məlumata görə, Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında ümumilikdə 8,8 milyard manatlıqdan çox məhsul istehsal edilib və həmin məhsulların 2,9 milyard manatlığı ixrac olunub. 2022-ci ildə isə sənaye zonalarının rezidentləri tərəfindən 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, onun da 1,1 milyard manatlığı ixracın payına düşüb. 2021-ci illə müqayisədə ötən il satış 22,7, ixrac 13 faiz artıb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,7, ixracında 29,5 faiz təşkil edib. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac olunub.
Məlumatda o da bildirilib ki, indiyədək sahibkarlar tərəfindən sənaye zonalarına 6,47 milyard manatdan çox investisiya yatırılıb, 10300-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qazanılan uğurları qeyri-neft sənayesində önəmli yer tutan Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azertexnolayn" MMC-nin timsalında da aydın görmək mümkündür. Bu müəssisə öz ixrac coğrafiyasını genişləndirir. Belə ki, şirkət ilk dəfə olaraq ABŞ-yə (Miçiqan ştatına) aqrotexnikalar üçün ehtiyat hissələr (yedək parça) ixrac edib. Həmin ölkəyə ilkin mərhələdə 36,3 ton məhsul göndərilib.
Qeyd edək ki, "Azertexnolayn" Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi 2013-cü ildə qeydiyyata alınıb və parkın ərazisində müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı polietilen borular istehsal edir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur. Müəssisənin məhsulları daxili bazara satılmaqla yanaşı, dünyanın 20-dən çox ölkəsinə ixrac edilir.
Qeyri-neft sənayesinin inkişafında texnoparklarla yanaşı, sənaye məhəllələri də önəmli rol oynayır. Belə müəssisələrdə əsasən yerli tələbatı ödəmək üçün məhsul istehsal olunur. Bununla belə, həmin müəssisələrdə ixracyönümlü məhsulların istehsalı da həyata keçirilir. Hacıqabul Sənaye Məhəlləsinin rezidenti "Elberg" MMC ilk dəfə olaraq Özbəkistana metal konstruksiya və tikinti materialları istehsalında istifadə olunan avadanlıqlar ixrac edəcək. İmzalanmış müqaviləyə əsasən, şirkət Özbəkistana 1,5 milyon dollar dəyərində məhsul göndərəcək. Bu Hacıqabul Sənaye Məhəlləsində həyata keçiriləcək ilk ixrac əməliyyatı olacaq. Şirkət Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə də ixracla bağlı danışıqlar aparır.
Məlumdur ki, hazırda işğaldan azad edilən ərazilərin potensialından səmərəli istifadə və doğma yurdlarına qayıdan insanların işlə təminatı vacib məsələlərdəndir. Bu tələbatı ödəmək üçün həmin ərazilərdə də yeni sənaye məhəllələrinin fəaliyyətə başlaması zəruri idi. Artıq Ağdam Sənaye Parkında işlər getdikcə sürətlənir. Parkda yeni qeydiyyata alınmış rezidentlərin ümumi investisiya həcmi 36 milyon manata yaxın olan layihələrinin reallaşması nəticəsində 130-dan çox daimi iş yeri yaradılacaq. Rezident statusu almaq istəyən sahibkarların sayı isə artmaqda davam edir. Son vaxtlar Ağdam Sənaye Parkında daha 2 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bununla rezidentlərin sayı 14-ə çatıb.
Yeni rezident - "Qarabağ Steel" MMC sənaye parkının 5 hektar ərazisində investisiya dəyəri 32,4 milyon manat olan boru və qutu profillərin istehsalı zavodunu inşa edəcək. 94 nəfərin daimi işlə təmin ediləcəyi müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, xaricə ixracı da nəzərdə tutulur. Ağdam Sənaye Parkının digər yeni rezidenti - "Thermo Natural Azerbaijan" MMC isə alçı, eksteryer suvaq, dolğu və izolyasiya materiallarının istehsalı zavodunu tikəcək. İnvestisiya dəyəri 3,5 milyon manat olan və 37 nəfərin işləyəcəyi müəssisədə istehsal olunacaq məhsullar əsasən daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.
Rüstəm KAMAL,
"Azərbaycan"