05 Mart 2024 08:50
280
SİYASƏT
A- A+

Qərəzli Qərbin əsl həqiqətləri qəbul etməkdən başqa yolu yoxdur

 

Avropa Parlamenti bu ilin fevralında Azərbaycana qarşı qəbul etdiyi növbəti bədnam qətnaməsi ilə qərəz, məkr ünvanı olduğunu bir daha sərgilədi. Avropa İttifaqının bu riyakar qurumu həm də onu göstərdi ki, nə ölkəmizə qarşı böhtan və ittihamlarla dolu qətnamələr qəbul etmək kimi yaramaz vərdişindən, nə ikiüzlülüyündən, nə də rüşvətxorluğundan əl çəkib. 
Hələ 2022-ci ildə Prezident İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman AP-nin ölkəmizə qarşı qərəzini belə dilə gətirmişdi: "Bizə qarşı ittihamlar, təhqirlər səsləndirildi və yalan məlumatlar yayıldı. Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir".
Dövlət başçısı onu da vurğulamışdı ki, bəzən elə təsəvvür yaranır ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var: "Əks halda, bunu başa düşmək çox çətindir".
Bəli, çox təəssüf ki, Avropa Parlamenti Avropada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud şəkildə pozulması və sair kimi problemlərlə məşğul olmaq əvəzinə, müasir "səlib yürüşü"nün təşkilatlandığı mərkəz kimi fəaliyyət göstərir. Qurumun erməni lobbisinin oyuncağı olan bəzi rüşvətxor deputatları vasitəsilə vaxtaşırı  Azərbaycana qarşı çağırışlar etməsi,  sanksiyaların tətbiq olunmasından dəm vurması, qətnamə adı ilə "kağız parçaları" qəbul etməsi də buna sübutlardır.  

 

Makronun insinuasiyaları

 

Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Avropa İttifaqının Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi qurumları ölkəmizə diplomatik hücuma keçiblər, xüsusilə suverenliyimizin bərpasından sonra bu hücumlar daha da intensivləşib. 
2024-cü ilin ilk iki ayı ərzində Azərbaycanın bu təsisatlar tərəfindən yalan və böhtanlardan ibarət iddialarla üz-üzə qalması da buna bariz nümunədir. Belə ki, bu il yanvarın 22-də qış yarımsessiyasının açılış günündə AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilmədi. Ardınca Avropa Parlamenti Azərbaycana qarşı sanksiyalara çağırışların yer aldığı bədnam qətnamə qəbul etdi. Ancaq gün kimi aydındır ki, bu qətnamənin gerçəkliklərlə heç bir əlaqəsi yoxdur və tamamilə yalan iddialar və ehtimallar üzərində qurulub. Onlardan biri də guya Azərbaycanın Ermənistana hücum edəcəyi kimi absurd iddiadır. 
Yeri gəlmişkən, bir müddət əvvəl Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozep Borel də Azərbaycanın Ermənistana hücum edəcəyi barədə yanlış iddialar irəli sürüb və eyni iftiranı Fransa prezidenti E.Makron da səsləndirib.  Fevralın 28-də Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bu məsələ ilə bağlı bildirdi ki, bizdə belə planlar yoxdur: "Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir".

 

Bu işdən rüşvət qoxusu gəlir

 

Azərbaycana qarşı "səlib yürüşü"nün arxasında XXI əsrdə də neokoloniolist siyasət yürüdən Makron, eləcə də Avropa Parlamentində oturan islamofob, türkofob təfəkkürlü rüşvətxor deputatlar dayanırlar.  
Rüşvət demişkən, bir məsələni də qeyd edək ki, AP yeni seçkilərə hazırlaşır və Azərbaycana qarşı çağırışları da erməni lobbisinin pulu ilə işləyən deputatlar səsləndirirlər. Qurumun Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanan və faktların tamamilə təhrif olunduğu  "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı"nın başdan-başa böhtan, yalan və iftiralarla dolu olması da əslində mətləbin nə yerdə olduğundan açıq xəbər verir. 
Rüşvətxor avroparlamentarilərin maliyyələşməsinin arxasında Brüsseldə yaşayan  Kaspar Karapetyan dayanır. Adı maliyyə fırıldaqlarında və çirkli pulların yuyulmasında hallanan bu erməninin AP və Aİ-dəki bəzi rəsmiləri maliyyələşdirməsi, onların əli ilə Aİ-nin Rusiyaya qarşı almaz biznesinə sanksiya tətbiqinə mane olması da hər kəs tərəfindən bilinən gerçəkdir. Belə ki, bu fırıldaqçı sayəsində  almazlar Rusiyadan Belçikaya gətirilir və orada cilalanaraq satılır. Yəni qaçaqmalçı Karapetyanın  qanunsuz almaz biznesi AP deputatlarına verilən rüşvətin mənbəyidir.
O da gözdən qaçmayan digər bir məqamdır ki, AP-də Azərbaycana qarşı çıxan avroparlamentarilər bundan əvvəl də qurumda eyni mövqedə dayanan, əsasən Fransanı təmsil edən və erməni lobbisinə işləyən deputatlardır.  

 

Qərbin çarəsiz çırpınışları

 

Ancaq korrupsioner deputatların indiyə qədərki kimi, bu ilin fevralında qəbul etdikləri qərəzli qətnamə də Azərbaycan üçün heç bir siyasi, hüquqi qiymətə malik deyil. Çünki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. 
Məlumdur ki, Qərb dünyadakı mövqeyini itirir. Fransa, AŞPA, AP kimi qərəzli ölkə və qurumların riyakar davranışları isə qoca Qərbin siyasi çöküşünü daha da sürətləndirir. 
Hər zaman başqa ölkələrə müstəmləkələri gözü ilə baxan Qərbin özü də hazırda əvvəlki hegomonluğa malik olmadığının fərqindədir. Bu mənada AŞPA, AP vasitəsilə Azərbaycana qarşı təzyiq göstərmək kimi əbəs cəhdlərini də onun çarəsiz çırpınışları kimi dəyərləndirsək, bu heç də yanlış olmaz. 
Azərbaycan istər iqtisadiyyatı, ordusu, istərsə də beynəlxalq əlaqələri baxımından Cənubi Qafqazın lider ölkəsidir. Buna görə də dünyanın istənilən gücü, o cümlədən də qərəzli Qərb Azərbaycanın yaratdığı reallıqlarla hesablaşmaq məcburiyyətindədir...
 
Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video