27 Sentyabr 2023 09:30
943
SİYASƏT
A- A+
Qəhrəmanlıq salnaməsini yazanlar

Qəhrəmanlıq salnaməsini yazanlar

 

Qələbəni bizə bəxş edən igidlərimizə ömür boyu borcluyuq

 

Azərbaycanın şanlı qələbəsindən, zəfər tarixinin başlanğıcından üç il ötür. 2020-ci il sentyabrın 27-də başlayıb 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq düşmən tapdağı altında olan torpaqlarını azad etdi. 
Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, sarsılmaz qətiyyəti ilə Azərbaycanın rəşadətli, qüdrətli ordusu dünya hərb tarixinin ən müasir müharibəsini apardı və qalib olaraq Azərbaycanın adını ucaltdı.
27 Sentyabr canını, qanını Vətən uğrunda qurban verənlərin, bizi zəfərə qovuşduran igidlərimizin qəhrəmanlıq salnaməsinin yazıldığı gün - Anım Günüdür. 

 

XXI əsrin müharibəsi

 

Ziyafət ƏSGƏROV,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri:
- Bu gün Azərbaycanda Anım Günüdür. Torpaqlarımızın işğaldan azad  edilməsi uğrunda canını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can-sağlığı arzulayıram. 
Anım Günü eyni zamanda bizim böyük zəfərimizin başlanğıcı oldu. Ermənistan otuz ilə yaxın torpaqlarımızı işğal altında saxladı. Bu dövrdə müxtəlif səviyyələrdə danışıqların getməsinə baxmayaraq, Hayastan öz xoşuna torpaqlarımızı tərk etmək istəmədi. Dövlət başçımızın dəfələrlə müraciətlərinə baxmayaraq, erməni silahlıları ərazilərimizdən çıxmadı. Belə bir vəziyyətdə bu məsələnin hərbi yolla həllinin vacib olduğunu bir daha anladıq. Artıq 2020-ci il sentyabrın 27-də növbəti erməni təxribatlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçdilər və 44 günlük müharibə ərzində torpaqlarımızı işğaldan azad etdilər. 
Bu savaşda ermənilərin orduları haqqında yaydığı fikirlərin puç olduğu aydınlaşdı. Qısa müddətdə Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi. Müharibə ərzində Ermənistan tərəfindən  döyüşdən yayınan on mindən çox fərari müəyyən olundu. 
27 Sentyabr Azərbaycanın zəfərinin başlanğıcı olmaqla yanaşı, insanlarımıza yeni ruh yüksəkliyi verdi. Xalqımız əmin oldu ki, çox güclü Prezidenti, Ali Baş Komandanı, qüdrətli ordusu var. Müharibədən əvvəl həm beynəlxalq müstəvidə, həm beynəlxalq münasibətlər, həm də hüquq çərçivəsində və ordumuzun daha da gücləndirilməsi istiqamətində məsələlər öz həllini tapmışdı. Əlbəttə ki, burada xalq-iqtidar, xalq-ordu birliyi əsas faktorlardan biri idi.  
Otuz ilə yaxın müddətdə BMT-dən tutmuş bütün platformalarda həm Prezident İlham Əliyev, həm digər dövlət rəsmiləri, həm də deputatlar tərəfindən lazım olan işlər görüldü. Beynəlxalq müstəvidə və hüquq çərçivəsində dünyaya sübut edə bildik ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir, hər kəs bunu qəbul etməlidir və qəbul etdilər də. 
Digər tərəfdən güclü ordumuz daha da möhkəmləndirildi. Artıq tam əmin idik ki, torpaqlarımızı Ermənistanın işğalından azad edə bilərik. Belə də oldu. Xalq öz Komandanı, Prezidenti ətrafında sıx birləşdi və qısa müddətdə ordumuz torpaqlarımızı düşməndən azad etdi.  
Bu müharibə təkcə torpaqlarımızın işğaldan azad edilməsi ilə deyil, həm də XXI əsrin müharibəsi kimi yadda qaldı. Silahlı Qüvvələrimizə daxil olan bütün strukturlar arasında birliyin olması və onların görəcəyi işlərin əlaqələndirilməsi həm də legitimlik baxımından bir nümunə oldu. Müasir hərbin tələblərinə uyğun müharibə apardıq. Zabit, əsgər heyətimiz sübut etdi ki, Azərbaycanın Silahlı Qüvvələri hərb elminin ən yüksək texniki, texnoloji nailiyyətlərini yüksək səviyyədə mənimsəyib və ən müasir müharibə aparmaq qabiliyyətinə malikdir. 
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında bəyanat imzalandı. Həmin bəyanatın, demək olar ki, bəndlərində göstərilən bütün öhdəliklər Azərbaycan tərəfindən yerinə yetirilsə  də, Ermənistan üzərinə düşən öhdəlikləri icra etmədi. Zəngəzur  dəhlizi  ilə bağlı Ermənistan bəyanat versə də, bu günə qədər o yol çəkilməyb. Ermənistanın qanunsuz  silahlı birləşmələrinin Qarabağdan çıxarılması məsələsi 4-cü maddədə yer alsa da, üç il ərzində bu da yerinə yetirilmədi. Sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri ilə Ermənistanın bu öhdəliyi yenə də güc yolu ilə yerinə yetirildi. Qarabağda qalan erməni silahlı birləşmələri darmadağın edildilər. 
Aprelin 23-də Dövlət Sərhəd Xidməti tərəfindən Laçında sərhəd keçid məntəqəsi qurmaqla ərazilərimizə tam nəzarət edə bildik, yəni Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Amma  Qarabağda qalan erməni silahlı tör-töküntülərinə silahı yerə qoyub təslim olmaları ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə, hətta bununla bağlı Xocalıda bir dəfə görüş keçirilməsinə baxmayaraq, yalnız antiterror tədbirlərindən sonra bu, baş tutdu. Bununla da Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi. 
Sentyabrın 21-də Qarabağın erməni nümayəndələri ilə görüşdə humanitar yardımla bağlı xahişə əsasən, Azərbaycan tərəfindən onların bütün ehtiyacları qarşılanır və bundan sonra da qarşılanacaq. Eyni zamanda Ermənistanın silahlı dəstələri antiterror tədbirləri zamanı məhv edildikdən sonra qalan silah-sursatın təhvil verilməsi prosesi gedir. Qarabağda yaşamaq istəməyən ermənilər üçün də hər cür şərait yaradılır. Azərbaycanın Konstitusiyası və qanunlarına müvafiq olaraq ərazilərimizdə qalıb yaşamaq istəyən erməni vətəndaşlarımıza isə hər cür təminat verilir. Dünya növbəti dəfə Azərbaycanın humanizm prinsiplərinə sadiqliyinə şahidlik edir.

 

Qəhrəmanlarımız qürur mənbəyimizdir

 

Sevinc FƏTƏLİYEVA,
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini:
- Üç il əvvəl sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən  müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti, ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan qələbə qazandı və tarixi ədalət bərpa olundu. 
Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı artıq dastana çevrilib. 27 Sentyabr - Anım Günündə də xalqımız şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir. 
1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə problemin həllinə yox, yalnız dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Minsk qrupu həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslədi. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək, münaqişənin danışıqlar yolu ilə həllinə çalışmışdı. Bu dövrdə dünyanın mötəbər beynəlxalq təşkilatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. Dörd qətnamə 27 il kağız üzərində qaldı. Bu illər ərzində Ermənistan işğal siyasətini davam etdirib, ərazilərimizdə təxribatlar törədib, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açaraq onların rahat yaşamasına imkan vermədi. 2016-cı il Aprel və 2020-ci il Tovuz döyüşləri zamanı Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq ona öz gücünü göstərdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı. 
2020-ci il 27 sentyabr tarixdə Ermənistan tərəfindən növbəti hərbi təxribat törədildi, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. 
Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu zəfər sayəsində "Ermənistanın güclü ordusu var", "erməni xalqı döyüşkən xalqdır", "Azərbaycan xalqı döyüşə bilmir" kimi miflərə birdəfəlik son qoyuldu. 
Müharibədə qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaratdı. Azərbaycan dövləti, Prezident İlham Əliyev regionun inkişafı ilə bağlı önəmli təşəbbüslərlə çıxış etdi. Əgər Ermənistan bu təşəbbüslərə qoşularsa, inkişaf edə bilər, əks halda bu ölkənin heç bir perspektivi yoxdur. Ermənistan revanşist əməllərə əl atmağa cəhd göstərərsə, bilməlidir ki, "dəmir yumruq" yerindədir. 
Azərbaycanın tarixinə qələbə səhifəsi yazmış İlham Əliyevə xalqın inam və etimadı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Bu il 19-20 sentyabrda şanlı ordumuzun Qarabağ ərazisində qanunsuz erməni hərbi birləşmələrinə qarşı keçirdiyi antiterror tədbirləri də dövlətimizin gücünü göstərdi. Artıq Azərbaycanın suverenliyi tam təmin olunub. Bu yolda canını qurban vermiş bütün şəhidlərimizin ruhu şaddır.

 

Qələbənin təməlinin qoyulduğu gün

 

Arzu NAĞIYEV,
Milli Məclisin deputatı:
- Azərbaycan xalqı 27 Sentyabrı Ermənistanın işğalçılıq siyasətinə qarşı əks-hərbi əməliyyatların başlandığı gün kimi qeyd edir. Bu gün Azərbaycan Ali Baş Komandanının qətiyyətinin, rəşadətli Azərbaycan Ordusunun gücünün və şəhidliyi şərəf sayan Azərbaycan hərbçisinin anasının vəhdətinin bariz nümunəsi olan 44 günlük Vətən müharibəsinin Anım Günüdür. Anım Günündə şəhidlərimizi bir daha anır, qazilərimizi yada salırıq. Həm şəhid ailələrinin, həm də qazilərimizin qayğı ilə əhatə olunması Azərbaycan dövləti tərəfindən həyata keçirilir, onlara xüsusi diqqət göstərilir.  
Azərbaycanın 27 Sentyabr haqq müharibəsinin üçüncü ili lokal antiterror tədbirlərinin həyata keçirilməsi ilə yadda qaldı. Bütün Azərbaycan ərazisində suverenlik tam bərpa olundu. Bu, Ali Baş Komandanın, Azərbaycan Ordusunun qətiyyətidir. Hər bir ananın şərəf saydığı şəhidliyin qətiyyətidir. Buna görə düşünürəm ki, qazandığımız qələbə bütün dövlətlərə - həm dostlarımıza, həm düşmənlərimizə mesajdır. Təbii ki, dostlar bundan sevinir, düşmənlər isə kədərlənsələr də başa düşürlər ki, Azərbaycan xalqı öz müstəqilliyi, suverenliyi uğrunda əlindən gələni edir. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə aparılan dinc quruculuq işləri dünyaya göstərdi ki, biz vuruşduğumuz kimi, eyni zamanda quruculuq işləri ilə məşğul ola bilirik. Bu, əsas məqamlardan biridir. Azərbaycanın gözü heç vaxt heç kimin torpağında olmayıb, heç bir dövlətlə problem yaşamaq istəməyib.
Bütün bunlar təsdiq edir ki, indi Azərbaycan xalqı birmənalı şəkildə vətəni, torpağı qorumaq üçün istənilən addımı atmağa hazırdır. Bu gün Azərbaycan xalqının illərlə gözlədiyi qələbənin təməli qoyulmuş gündür.

 

Tarixi zəfər xalqımıza davamlı olaraq qələbələr gətirir

 

Elşad MİRBƏŞİROĞLU,
Milli Məclisin deputatı:
- Azərbaycan keçmiş münaqişə vəziyyətində humanizm prinsipini üstün tutaraq məsələnin dinc vasitələrlə həllinin tərəfdarı olub və öz davranışlarında səmimi şəkildə bunu nümayiş etdirib. Lakin Ermənistan tərəfi hər zaman Azərbaycana qarşı təxribatlarını davam etdirib, danışıqlarda sadəcə olaraq imitasiyalarla məşğul olub. 
Əslində, Ermənistan danışıqlarda deklorativ iştirak etməklə, sadəcə vaxt udmağa çalışırdı ki, işğal altında saxladığı Azərbaycan ərazilərinin zamanla statusunu dəyişdirə bilsin. Azərbaycan isə hər zaman qeyd edirdi ki, nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirməyəcək və Azərbaycan Ordusu hərbi yolla torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Lakin Ermənistan və havadarları Azərbaycanın bu mövqeyini düzgün qiymətləndirməyi bacarmadılar və ölkəmizə qarşı təxribatlarını davam etdirdilər. 
2020-ci ilin yayında isə xüsusi azğınlıqla genişmiqyaslı təxribatlar törədirdilər. Sərhəd boyunca bu təxribatları genişləndirməklə, yeni ərazilərimizi işğal etməyə çalışdılar. Buna nümunə kimi həmin dövrdə Ermənistanın müdafiə naziri olan Tonayanın fikirlərini xatırlamaq kifayətdir. O, ABŞ-də erməni icması ilə görüşü zamanı "yeni torpaqlar naminə yeni müharibə" ifadəsini işlətmişdi. Yəni ermənilər Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətini güdürdülər. Təbii ki, belə olan halda biz artıq düşmənə, işğalçı Ermənistana öz yerini göstərməli idik.
2020-ci ilin sentyabrında Azərbaycan Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla bərabər, torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarını da uğurla həyata keçirməyə başladı. Qısa zaman kəsiyində haqqında miflər uydurulmuş təcavüzkar, işğalçı Ermənistan ordusu Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. 44 günlük müharibənin elə ilk günlərində erməni silahlılarının 20-25 faizi məhv edildi, eyni zamanda müharibə vaxtı Ermənistan ordusunda 10 mindən artıq fərari oldu.
Silahlı Qüvvələrimiz 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Bununla da İkinci Dünya müharibəsindən sonra Azərbaycan torpaqlarını öz gücünə, iradəsinə əsasən işğaldan azad etməyi bacaran tək dövlət oldu. 
Savaşdan sonra da Azərbaycan imzasını qoyduğu sənəddə ifadə olunan şərtlərə uyğun tam səmimi davranış nümayiş etdirdi, Ermənistan isə əksinə, yenə təcavüzkar, təxribatçı mövqeyindən bir addım da geri çəkilmədi, ölkəmizə qarşı mina terrorunu davam etdirdi. Yalnız son üç ildə ermənilərin mina terrorunun qurbanlarının sayı 300 nəfəri ötüb. Bu da onu göstərir ki, Ermənistanla həmişə güc dilində danışmaq lazımdır.
2020-ci il 10 noyabr Bəyanatının 4-cü maddəsinə əsasən, Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etməli idi, amma sözügedən maddə də Ermənistan tərəfindən icra olunmadı. Necə ki, ölkəmiz 2020-ci ildə BMT TŞ-nin 4 qətnaməsini özü həyata keçirmişdi, bu ilin sentyabrında da birgə bəyanatın 4-cü maddəsinin şərtlərini özü təmin etdi. Qeyri-qanuni silahlı birləşmələri torpaqlarımızı tərk etməyə məcbur etdi. 
2020-ci ildən sonra Azərbaycan Ordusu sıralarında çox ciddi islahatlar keçirildi, Komando hərbi birləşmələri yaradıldı. Lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi zamanı Komando hərbi birləşmələrinin təsirli rolu özünü aydın göstərdi. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, biz şahidi olduq ki, indiki Azərbaycan Ordusu 2020-ci ildə torpaqlarımızı işğaldan azad edərək tarixi şanlı qələbə qazanmış müzəffər ordumuzdan qat-qat güclüdür. Ordumuzun maddi-texniki təchizatı istiqamətində də çox təsirli addımların atılması müsbət nəticələrini bu ilin sentyabrında göstərdi.
2020-ci il sentyabrın 27-si Azərbaycan xalqının, dövlətinin, hərb tarixinin qızıl səhifəsinin yazıldığı gündür. Bu zəfər digər bütün istiqamətlərdə də xalqımıza davamlı olaraq qələbələr gətirməkdədir və bundan sonra da gətirəcək.

 

Zəfərə aparan siyasi iradə, vətən sevgisi və hərbçilərimizin peşəkarlığı

 

Bəhruz MƏHƏRRƏMOV,
Milli Məclisin deputatı:
- 27 Sentyabr Azərbaycanın dövlətçilik tarixində yeni era deməkdir. Yüz illər ərzində torpaq itirən, müharibələrdə məğlub olan Azərbaycan məhz üç il əvvəl başlanan Vətən müharibəsində cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı şanlı qələbə sayəsində qalib, itirdiyi torpaqları geri qaytaran, yalnız özünün deyil, bütövlükdə bölgəmizin taleyini dəyişən güc sahibinə çevrildi. 
27 sentyabr 2020-ci ildə hücuma keçən ermənilərin nəinki qarşısı alındı, üstəlik, 30 il ərzində möhkəmlənən mövqelərə, qurulan istehkamlara baxmayaraq, Azərbaycan erməni işğalına cəmi 44 gündə son qoydu.
Bu gün qələbəmiz barədə düşünəndə yalnız bir qənaətə gəlmək olar: bizi zəfərə aparan güclü siyasi iradə, vətən sevgisi və hərbçilərimizin peşəkarlığı oldu. 30 il ərzində Ermənistanın havadarları bütün dünyaya, eyni zamanda xalqımıza təlqin etməyə çalışırdılar ki, Azərbaycan ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Az qala bütün dünya bizi işğal faktoru ilə barışmağa vadar edirdi. Lakin cənab İlham Əliyev tam iqtisadi müstəqilliyə nail olmaqla, siyasi suverenliyimizi möhkəmləndirməklə, həmçinin ordu quruculuğu prosesini peşəkar formada həyata keçirməklə, cəmiyyətdə ideoloji işi ən yüksək səviyyədə qurmaqla hərbi və siyasi qələbə əldə edərək yeni bir Azərbaycan yaratdı. Qüdrətli "dəmir yumruq" ətrafında bir nəfər kimi cəm olan gücə çevrildik. Lakin qələbələrimiz bununla bitmədi.  
Müharibədən çıxmış bir ölkə olmağımıza baxmayaraq, dünyada hökm sürən təlatümlərə rəğmən qələbədən cəmi 8 gün sonra Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva işğaldan azad olunmuş rayonlara səfər etdilər və elə həmin tarixdən də bu ərazilərdə bərpa-quruculuq prosesinə başlanıldı. 
Cənab Prezidentin dediyi kimi, bütün bu işlərin yeganə maliyyə mənbəyi Azərbaycan büdcəsi oldu. Cəmi 8 aya Füzuli hava limanı tikildi, ilyarıma artıq Böyük qayıdışın ilk köçü başladı. Bu gün isə artıq Ağalı, Talış, Laçın, Zabux, Füzulidə hər gün sayı artmaqda olan soydaşlarımız əbədi olaraq məskunlaşırlar. 
Ordumuz regionun ən güclüsüdür. Cəmiyyətimizdə isə döyüş ruhu kifayət qədər yüksəkdir. Bir sözlə, biz hazırda tariximizin ən güclü dövrünü yaşayırıq. 
Məhz bu güc, bu qüdrət, ən əsası isə möhtərəm Prezidentin qətiyyəti ilə sentyabrın 19-da lokal antiterror xarakterli tədbirlərlə dövlətimiz nəinki bölgədə, hətta dünyada separatizmlə mübarizədə real nəticəyə nail olaraq, Qarabağda Konstitusiya quruluşunu bərpa etdi.  Müzəffər Ali Baş Komandan separatizmlə mübarizədə Azərbaycan modelini ortaya qoyaraq cəmi 23 saat ərzində 44 günlük savaşımızda yarımçıq qalmış bir prosesin nöqtəsini qoydu. Beləliklə, Azərbaycan ərazisinin hər qarışında özünün nəzarətini, yurisdiksiyasını bərpa etdi. Azərbaycan xalqı bu reallığı yaradan liderə - cənab İlham Əliyevə, onun qalib ordusuna həmişə minnətdar olacaq. Eyni zamanda şəhidlərimizi ehtiramla anacaq, onların qəhrəmanlığı ilə qürur duyacaq.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Meksikada narkokartelin 19 üzvü öldürüldü

14:40
23 Oktyabr

ABŞ və Yaponiya genişmiqyaslı təlimlərə başladı

14:39
23 Oktyabr

Qurban Qurbanov: "Ayaks"la matçda çəkinmədən mübarizə aparacağıq

14:36
23 Oktyabr

Pərviz Şahbazov çinli və iranlı həmkarları ilə enerji əməkdaşlığını müzakirə edib

14:35
23 Oktyabr

BRICS-in tərəfdaşları siyahısına 13 dövlət daxil olub

14:34
23 Oktyabr

Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün Kazana yola düşüb

14:32
23 Oktyabr

Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq

14:31
23 Oktyabr

Azərbaycan ilə Qırğızıstanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb

14:22
23 Oktyabr

Almaniya səfiri Rusiya XİN-ə çağırıldı

14:21
23 Oktyabr

Kvaratsxeliya mövsümə 6 milyon avro qazanacaq

14:13
23 Oktyabr

Ukraynanın baş prokuroru istefa verdi

14:06
23 Oktyabr

Xavi "Mançester Yunayted"də?

13:57
23 Oktyabr

Böyük Britaniya və Almaniya arasında saziş imzalanacaq

13:47
23 Oktyabr

Oktyabrın 24-də ölkə ərazisində hava əsasən yağmursuz olacaq

13:42
23 Oktyabr

Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”  

13:31
23 Oktyabr

BMT-nin baş katibi BRİCS sammitinə getdi 

13:22
23 Oktyabr

Paşinyan BRİKS sammitində iştirak edəcək

13:16
23 Oktyabr

Baydendən hərbi xərclərlə bağlı açıqlama

13:04
23 Oktyabr

Braziliyada qırıcı qəzaya uğradı

13:02
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub YENİLƏNƏCƏK

13:01
23 Oktyabr

DİN “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər üzrə vəzifələrə müsabiqə elan edir  

12:57
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!