15 Mart 2024 08:15
1208
SİYASƏT
A- A+

Qardaşlıq və səmimi dostluq

 

Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin bünövrəsidir

 

Azərbaycan getdikcə dünyanın diqqət mərkəzində olan dövlətlərdən birinə çevrilir və bu səbəbdən bizimlə əməkdaşlığa meyil göstərən ölkələrin sayı sürətlə artmaqdadır. Amma belə ölkələrin sırasında türk dövlətlərinin, o cümlədən Qazaxıstanın xüsusi yeri və çəkisi var.
Xəbər verildiyi kimi, Qazaxıstanın dövlət başçısının ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti bəyanatında Qazaxıstanın Azərbaycan üçün qardaş ölkə olmaqla yanaşı, həm də  strateji tərəfdaş və müttəfiq olduğunu bildirmişdir. Səfər zamanı həmçinin Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri ətraflı müzakirə olunmuş, qarşılıqlı iqtisadi-ticari fəaliyyətin böyük inkişaf potensialı və nəqliyyat-tranzit məsələlərinin perspektivlərindən danışılmışdır. 
Azərbaycan Prezidenti İlham Əliyev belə hesab edir ki, iki ölkənin qarşılıqlı fəaliyyəti neft-qaz sahəsində əməkdaşlığa ciddi təsir göstərir. Artıq yeni konkret layihələr müəyyənləşdirilmişdir: "Biz paralel istiqamətlər üzrə irəliləyirik. Bu gün diskussiyalar çərçivəsində qeyd edildi ki, Trans-Xəzər nəqliyyat marşrutunu meydana, deyərdim ki, dünya nəqliyyat-logistika spektrinə çıxaran indiki geosiyasi şərait möhkəm bazaya malikdir". 
Hər iki ölkədə dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla irimiqyaslı nəqliyyat layihələri həyata keçirilir. Artıq Qazaxıstan beynəlxalq arenada müdrik siyasətə, düzgün seçilmiş strategiyaya və dövlətin inkişafına yönəlmiş çox böyük nüfuza malikdir. Bütün bunların fonunda Qazaxıstan Prezidentinin İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın misilsiz tarixi Qələbə əldə etməsini dövlət suverenliyinin bərpa olunması kimi qiymətləndirməsi xüsusi vurğulanmalıdır: "Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirib. Biz bu mövzuda danışmışıq. Mən Sizə təbrik məktubu ünvanlamışam. Zənnimcə, bu, uzun illər ərzində Sizin dövlət suverenliyinin bərpasına yönəlmiş və son nəticədə tarixi həqiqətin bərpası ilə nəticələnən səylərinizin qanunauyğun yekunudur".
Qazaxıstan Prezidenti Ali Dövlətlərarası Şuranın birinci iclasında mühüm məsələlərin müzakirə olunduğunu diqqətə çatdıraraq bildirmişdir ki, hazırda dünyada nəqliyyat-logistika imkanlarına çıxış uğrunda mübarizə kəskinləşir. Bu, strateji sahədir. Sevindirici haldır ki, həm Qazaxıstan, həm də Azərbaycan təbii tərəfdaşlar kimi bu sahədə sıx qarşılıqlı fəaliyyət göstərirlər. Rəqəmsallaşma, süni intellektin yaradılması, Xəzərin dibi ilə optik-lif rabitə xəttinin qurulması kimi unikal mövzular da müzakirə mövzularıdır. 
Qazaxıstanla Azərbaycan arasındakı iqtisadi əlaqələr dərinləşdikcə ikitərəfli mədəni əlaqələr də genişlənir. İki qardaş ölkənin prezidentlərinin Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etmələri buna əyani misaldır. Cənab Tokayev belə hesab edir ki, biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq: "Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram".
Ümumiyyətlə, hər iki dövlət arasında mədəni-humanitar sahədə əlaqələrin inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri böyük uğurla keçib. Qazaxıstanda da Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi gözlənilir. Astanada Heydər Əliyevin və  Sumqayıtda Qazaxıstanın məşhur maarifçisi Axmet Baytursınovun adlarının küçələrə verilməsi qürurlu faktlardır. Qazaxıstanın Füzulidə inşa etdiyi mərkəz isə qazax xalqı adından Azərbaycana möhtəşəm hədiyyədir. Azərbaycan Prezidenti azad olunmuş Füzuli şəhərində Uşaq Yaradıcılıq Mərkəzinin yaradılmasını cənab Tokayevin şəxsi təşəbbüsü olduğunu bildirmiş, onu Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi kimi dəyərləndirmişdir. 
İki dövlət başçısının Şuşaya səfərini isə Qarabağa şahanə səyahət kimi qəbul etmək olar. Prezidentlər burada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir bəy Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxmışlar. Dövlət başçıları daha sonra Bülbülün ev-muzeyində, Cıdır düzündə və XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş üç yaşayış binasından ibarət "Yasəmən" hotelində olmuşlar. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə tanışlıq ali qonaqda dərin təəssüratlar  doğurmuşdur. 

Bahadur İMANQULİYEV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video