18 Mart 2023 02:03
2200
SİYASƏT
A- A+

Qardaşlığın Ankara Zirvəsi

 

İlham Əliyevin təşəbbüsü türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz təcəssümü kimi qiymətləndirildi

 

Dostluq, qardaşlıq münasibətləri getdikcə daha da güclənən, mövcud əlaqələri və qarşılıqlı əməkdaşlıqları şaxələnən türkdilli dövlətlər martın 16-da dünyaya daha bir mesaj ünvanlayaraq sarsılmaz münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu bəyan etdilər. 
İmzalanan Ankara Bəyannaməsində əksini tapan ifadələr və Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma isə bir daha təsdiq etdi ki, dost və qardaş ölkələr çətin gündə dərhal bir-birinə lazımi dəstək verəcək və bu istiqamətdə əlindən gələni əsirgəməyəcək. 

 

Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib

 

Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Zirvə görüşünün mədəniyyətimizin paytaxtı Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Prezident İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etmişdi. 
Azərbaycan Prezidentinin bu xoşməramlı təklifindən sonra digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunmuş və İlham Əliyevin təklifi dəstəklənmişdi. 
Əlbəttə ki, bu, ilk növbədə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.
"Fəlakət-Fövqəladə halların idarə edilməsi və humanitar yardım" mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platforma oldu. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkərək, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar.
İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bəyan edib. Ötən ilin noyabrında Türkdilli Dövlətlər Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə görüşündə dövlət başçısı vurğulayıb ki, Azərbaycan həmişə türkdilli dövlətlərin sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.
Hər zaman olduğu kimi, bu məsələdə də İlham Əliyevin sözü ilə əməli üst-üstə düşdü. Belə ki, ötən ilin dekabrında Buxarestdə imzalanmış müqaviləyə əsasən, Azərbaycan Avropaya, o cümlədən Türk Dövlətləri Təşkilatında müşahidəçi statusa malik Macarıstana "yaşıl enerji" ötürəcək. Bundan başqa, Azərbaycan Prezidentinin yanvarda Macarıstana səfəri və səfər zamanı imzalanmış sənədlər ölkəmizin təşkilatın genişləndirilməsi işinə töhfələrindən biri kimi qiymətləndirilməlidir.

 

Azərbaycanla Türkiyə istər xoş, istərsə də çətin günlərdə bir-birinin yanındadır

 

Bu bir həqiqətdir ki, Azərbaycanın türk dünyası ilə əlaqələri kontekstində qardaş Türkiyə ilə münasibətlər xüsusi yer tutur. Azərbaycan və Türkiyə strateji müttəfiq ölkələr kimi bütün platformalarda bir-birini dəstəkləyir, istər xoş, istərsə də çətin günlərdə bir-birinin yanındadır. 
İki ölkənin qardaşlıq nümunəsini İkinci Qarabağ müharibəsində, azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərində Türkiyənin ölkəmizə dəstəyində, eyni zamanda Azərbaycanın qardaş ölkədə baş vermiş meşə yanğınlarının söndürülməsi və zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində göstərilən "qardaş köməyi"ndə gördük. İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderlikləri ilə ölkələrimiz arasında formalaşan sıx münasibətlər digər türk dövlətləri arasındakı əlaqələrə də sirayət etməkdədir.
Ankarada keçirilən görüşdə çıxış edən Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələdən sonra Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını da ifadə etdi. 

 

Türk İnvestisiya Fondunun yaradılması əməkdaşlığın inkişafına mühüm töhfə verəcək

 

Ankara Sammitində türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarların qəbul olunduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan bu baxımdan, Türk İnvestisiya Fondunun yaradılmasına dair qərarı xüsusi qeyd edib. Dövlət başçısı bu fondun üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyini bildirib. Dövlət başçısı qeyd edib ki, Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma Zirvə görüşünün konkret nailiyyətlərindən biridir. Bu fond qardaş ölkələrin iqtisadi birliyinin möhkəmlənməsinə töhfə verəcək.
Mövcud və gələcəkdə yaşana biləcək çətinliklərin dəf edilməsi üçün üzv ölkələrin həmrəyliyinin gücləndirilməsinin önəmini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, bunun üçün Türk Dövlətləri Təşkilatının imkanları artırılmalıdır. Tarixi, mədəni və humanitar dəyərlərə söykənməyən qurumların yerində saydığı bir dövrdə Türk Dövlətləri Təşkilatı yeni güc mərkəzinə çevrilməkdədir.
Qeyd edək ki, son illərdə Xəzər hövzəsində türk dünyası ölkələri neft, təbii qaz və elektrik enerjisi sahələrində irimiqyaslı layihələri birlikdə uğurla həyata keçirirlər. Bunun bariz nümunsi kimi Bakı-Tbilisi-Ceyhan boru kəmərinin 16 ildir Azərbaycan, Türkmənistan və Qazaxıstan neftinin dünya bazarlarına fasiləsiz çatdırıldığını göstərmək olar. "Cənub qaz dəhlizi" sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.

 

Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub

 

Zirvə görüşündə çıxış edən İlham Əliyev bildirib ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olublar. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndəriliblər. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.
Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesablarına köçürülüb. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılıb.
İlham Əliyev Azərbaycan və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanında olduğunu və bundan sonra da belə olacağını vurğulayaraq əminliklə qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaq.
Prezident 44 günlük Vətən müharibəsində qardaş ölkənin Azərbaycana dəstəyindən də söz açaraq Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyinin bizə əlavə güc verdiyini deyib. 
2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi isə əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qaldırılıb.
İlham Əliyev şanlı zəfərimizdən sonra regionda yaranmış reallıqdan, Böyük qayıdış proqramının icrasına balanmasından, Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələrdən söz açıb və qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işlərində Türkiyə şirkətləri uğurlu işlər həyata keçirirlər: "Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla gedib".
Prezident işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirib, eyni zamanda qeyd edib ki, bu yaxınlarda Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılıb.  
Zirvə görüşündə Qazaxıstan TDT-nin X Zirvə görüşünə 2023-cü ilin oktyabr ayında bu ölkənin Türkistan şəhərində evsahibliyi etməyə hazır olduğunu təsdiq edib.
Budur qardaş dayağı, budur çətin günün sınağından çıxmaq. Düzdür, bu gün Türkiyə kimi güclü dövlətin Azərbacanla bir olması bəzi dövlətlərin qısqanclığına səbəb olsa da, bir şeyi anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə qardaşlığı illərin sınağından çıxaraq daha da möhkəmlənmişdir. Heç bir qüvvə bu birliyə xələl gətirə bilməz.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video