Qarabağın tarixini yazan Mirzə Adıgözəl bəy öz həyat tarixçəsi barədə dolğun məlumat verməyib. "Qarabağnamə"sinin son səhifələrində öz tərcümeyi-halından çox qısa bəhs edib, hansı ildə anadan olduğunu belə yazmayıb. Odur ki, Mirzə Adıgözəl bəyin dünyaya gəldiyi ili araşdırıcılar onun tərcümeyi-halında işarə etdiyi faktlara diqqət yetirməklə təxmin ediblər. Onlar Mirzə Adıgözəl bəyin XVIII əsrin səksəninci illərinin əvvəllərində anadan olduğu qənaətinə gəliblər.
Mirzə Adıgözəl bəy Şuşa şəhərində məktəbdə oxuyarkən Ağa Məhəmməd şah öz qoşunları ilə Qarabağa daxil olduğunu, Şuşa qalasını mühasirəyə aldığını, ancaq şəhəri ələ keçirə bilməyərək Gürcüstana tərəf yollandığını, Tiflis şəhərini tutduğunu yazıb. Tarixdən məlumdur ki, Ağa Məhəmməd şah tərəfindən Şuşanın birinci dəfə mühasirəyə alınması 1795-ci ilin yayında baş verib.
Onun doğma şəhərinin - Şuşanın başının üstünü qara buludlar alanda Mirzə Adıgözəl bəyin atası da ailəsi ilə Qarabağı tərk edərək Gürcüstana qaçmaq məcburiyyətində qalıb. Tədqiqatçı V.N.Leviatov "Qarabağnamə" kitabına müqəddiməsində qeyd edib ki, Ağa Məhəmməd şahın basqınından qaçan qaçqınlar yollarda ağır vəziyyətlə üz-üzə gəlirdilər: "Qarabağdan qaçarkən Adıgözəl bəygilin ailəsinin çəkdiyi bütün əziyyətlər başqa qaçqınların da başına gəldi".
Tədqiqatçı onu da qeyd edib ki, 1796-cı ilin yayında Adıgözəl bəy artıq Gürcüstanda idi. 1797-ci ilin yazında Ağa Məhəmməd şah qoşunları ilə yenidən Qarabağa hücum edib. Şuşanı ikinci dəfə müdafiə etmək üçün hərbi qüvvəyə və vəsaitə malik olmayan Qarabağ xanı İbrahim xan Şuşa qalasını tərk edib. Ağa Məhəmməd şahın öz qoşunları ilə heç bir maneəyə rast gəlmədən Şuşanı zəbt etdiyini diqqətə çatdıran Leviatov Mirzə Adıgözəl bəy və ailəsinin həmin vaxtlardakı vəziyyətini belə təsvir edib: "Bütün bu müddət ərzində Adıgözəl bəygilin ailəsi ona tabe olan köçərilərlə Gürcüstanda qalmaqda idilər. Şübhəsiz ki, bütün bu hadisələr Adıgözəl bəyə məlum idi. Yəqin ki, o, bu hadisələrin şahidi və iştirakçısı olmuş, müxtəlif adamlarla görüşmüşdü. Doğma vətəninin talan edilməsi, aclıq, əhali kütlələrinin iztirabı, İran hakimiyyəti tərəfindən törədilən fəlakətlər, yəqin ki, Adıgözəl bəyin şüurunda dərin iz buraxmışdı".
Mirzə Adıgözəl bəy öz tərcümeyi-halında bildirib ki, Gürcüstan Rusiya ilə birləşdikdən sonra nazir Kovalenski XII Georginin diplomatik məktublarını yazan katiblərinə inanmadığı üçün, osmanlı dilini bilən bir adam axtarırdı. Kovalenskiyə Mirzə Adıgözəl bəyi tanıdıblar. Nazir onu gizli məktublar ilə əlaqədar olan işlər üçün öz yanına xidmətə qəbul edib. Tədqiqatçı Leviatovun qənaətincə, Mirzə Adıgözəl bəy bu məxfi vəzifədə, 1799-cu ilin axırlarında və 1800-cü illərdə xidmət edə bilərdi. Sonrakı illəri barədə isə Mirzə Adıgözəl bəy öz tərcümeyi-halında yazıb: "Mən rus komandanlığının rütbəli şəxsləri yanında xidmətdə idim".
Mənbələrdə göstərilir ki, Mirzə Adıgözəl bəy general-mayor Lisaneviçin yanına xidmətə təyin edilib və xeyli müddət bu vəzifədə qalıb: "On birinci ilə qədər onun yanında katiblik etdim. Bu ildə mənə podporuçik rütbəsi verildi. Nəhayət, on altıncı ildə sərdar Yermolovdan izn alıb, Qarabağın keçmiş hakimi general-mayor Mehdiqulu xanın qulluğuna gəldim", - özü tərcümeyi halında bu barədə belə yazıb.
Araşdırmalarda 1816-cı ilin oktyabrında Gürcüstanın əlahiddə korpus komandiri vəzifəsinə təyin olunaraq Tiflisə gələn general A.P.Yermolovun Mirzə Adıgözəl bəyi qarabağlı olduğu üçün Mehdiqulu xanın yanına göndərdiyi bildirilib. Mirzə Adıgözəl bəy tərcümeyi-halında qarabağlı Mehdiqulu xan ona ailəsinin əvvəllər də sahib olduğu torpaqları qaytardığını, yeni malikanələr bağışladığını və onu "İyirmi dörd" mahalına naib təyin etdiyini yazıb. Leviatov qeyd edib ki, "İyirmi dörd" mahalı Qarabağ xanlığının iyirmi iki mahalından biri idi. Mirzə Adıgözəl bəy Mehdiqulu xanın ən yaxın və inanılmış adamlarından biri sayılıb. Mehdiqulu xan xaricə qaçdığı günədək onun yanında olub.
Haqqında yazılanlara görə, 1828-ci ildən sonra o, mahal ərazisində xeyli mülkə sahib idi.
Mirzə Adıgözəl bəyin 1830-1840-cı illərdəki həyat və fəaliyyəti haqqında dəqiq məlumat qalmayıb. Yalnız 1834-cü ilin əvvəllərinə aid tapılmış arxiv sənədlərindən məlum olur ki, o, məhkəmədə şahid sifətilə çıxış edib.
Mirzə Adıgözəl bəy Azərbaycan dilindən savayı fars, rus, gürcü və erməni dillərini bilib. O, Şərq poeziyasını çox sevib. Mirzə Adıgözəl bəy şeiriyyatının vurğunu olduğu Nizami Gəncəvinin 1826-cı ildə Gəncə döyüşü zamanı dağıdılmış sərdabəsini öz vəsaiti hesabına bərpa etdirib.
Özü də şeirlər yazıb. Ancaq tariximizdə daha çox "Qarabağnamə" ilə qalıb. Tədqiqatçıların fikrincə, Mirzə Adıgözəl bəy "Qarabağnamə"ni 1845-ci ildə, təxmin edildiyi üzrə altmış beş yaşında görmə qabiliyyətinin zəiflədiyindən, diktə edərək yazdırıb. Müəllif 1736-cı ildən 1828-ci ilədək Qarabağın siyasi tarixini şərh edib.
Mirzə Adıgözəl bəy 1848-ci il sentyabrın 9-da dünyadan köçüb. Mülkü olan Rəhimlidə (Goranboy rayonunun Rəhimli kəndi) dəfn edilib.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"