08 Mart 2023 01:46
2604
SİYASƏT
A- A+

Prezident İlham Əliyev qadın siyasətinin mükəmməl nümunəsini yaradıb

 

Bu siyasətin müəllifi isə Ümummilli Lider Heydər Əliyevdir

 

Zəriflik və gözəllik rəmzi sayılırlar. Ancaq onlar həm də sarsılmaz iradə, mətanət, əzmkarlıq nümunəsidirlər. İstedad, zəka və zəhmətin birlikdə necə xariqələr yaratdığını fəaliyyətlərində təcəssüm etdirirlər. 
Müasir olduqları qədər də keçmişə bağlıdırlar. Ona görə də milli-mənəvi dəyərlərin qorunub saxlanmasında, yaşadılmasında və inkişaf etdirilməsində müstəsna xidmətlər göstərirlər.
Sanki səliqə-sahmanları, mehribanlıqları, səmimiyyətləri, nəvazişləri ilə həyatın özünə sığal çəkir, nizam-intizam yaradır, ilin bütün günlərini mənalandıra bilirlər. Amma ilin tək bir günü - martın 8-i onların bayramıdır. Bu gün bəşəriyyət tarixində ən əlamətdar günlərdən biridir. 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi ilk dəfə Romada keçirilib. Artıq uzun illərdir ki, hər il dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da təntənəli şəkildə qeyd edilir.

 

Taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən layiqincə gələn Azərbaycan qadınları

 

Bu bayram əvvəllər yalnız qadınlar günü kimi tanınırdı. Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1975-ci ildən Beynəlxalq Qadınlar Günü olaraq qeyd olunur.
Ölkəmizdə qadına böyük ehtiram, hörmət bütün dövrlərdə olub. Tariximizin neçə-neçə parlaq, şanlı səhifəsi onun adı ilə bağlıdır. Azərbaycan qadını bütün dövrlərdə öz üzərinə böyük məsuliyyət götürüb. Uşaqlarına yaxşı ana olmazdan öncə o, özü valideynlərinə xeyirli övlad olmağı bacarıb.
Odur ki, məsləhətlər, nəsihətlər verməklə deyil, nümunə olmaqla balalarına yol göstərib. Böyük-kiçik yeri bilməsi, əlindən gələn qədər qohum-qonşuya kömək etməsi də sözdən daha təsirli tərbiyə üsulu olub. Azərbaycan qadını ailəsinin dayağı hesab edilib. Yalnız evdə bütün günü çalışmaqla, yemək bişirmək, təmizlik, uşağa baxmaq və başqa məişət işlərini üzərinə götürməyib. Zaman gəlib ki, qadın həyat yoldaşı, qardaşları, hətta övladları ilə birlikdə düşmənə qarşı savaşa qalxıb. Dövrünün silahlarından məharətlə istifadə etməyi öyrənib. At minib, ox atıb, qılınc çalıb, silah tutub, güllə yağdırıb... 
Müxtəlif dövrlərdə ağlı, dərrakəsi, düşüncəsi, siyasi bacarığı ilə dövlət quruculuğunda böyük rol oynamış qadınlarımız olub. Elə qadınlarımız da olub ki, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlərlə yalnız öz adını deyil, mənsub olduğu Azərbaycan xalqının adını tanıdıblar, ucaldıblar. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair, yazıçı, rəssam, bacarıqlı elm xadimi olan qadınlarımızın adları tariximizin səhifələrinə əbədi yazılıb. Prezident İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində vurğuladığı kimi, xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir: "Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır".

 

Cəmiyyətin inkişafında qadınların rolu artır

 

Qadınlarımız müasir dövrdə müstəqil Azərbaycanın inkişafına dəyərli töhfələr verirlər. Hələ 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə qadınların mövqeyini möhkəmləndirmək üçün "Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərman imzaladı. Həmin il - 1998-ci il sentyabrın 14-də, 26 illik fasilədən sonra Azərbaycan Qadınlarının I Qurultayı keçirildi. Ulu Öndər Heydər Əliyev qurultayda çıxışında dedi: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir. Tarixi keçmişimizdə Azərbaycan qadınının görkəmli nümayəndələri olmuşdur. Onların adları dünən də, bu gün də burada çəkilibdir. Ancaq bununla yanaşı, Azərbaycan qadını əsrlər boyu bir çox hüquqlardan məhrum olmuşdur". Heydər Əliyev o zaman başa çatmaqda olan XX əsrin Azərbaycan qadını üçün böyük nailiyyətlər, hadisələr, böyük dəyişikliklər əsri olduğunu diqqətə çatdırdı: "Ən böyük nailiyyət ondan ibarətdir ki, Azərbaycan qadını azadlığa çıxmışdır. Azərbaycan qadınının emansipasiyası tarixi bir hadisə, böyük inqilabdır. İndi qadınlar da bugünkü vəziyyətlərinə öyrəşiblər, biz hamımız da öyrəşmişik. Bəzən keçmişi unudarkən elə gəlir ki, həmişə belə olubdur və belə də olmalı idi. Həqiqətən belə olmalı idi, Azərbaycan qadını buna layiqdir".
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan qadın siyasətinin mükəmməl nümunəsini isə Prezident İlham Əliyev yaratmışdır. Bu gün cəmiyyətimizdə qadınların rolunun daha da artdığını görürük. Ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında qadınlarımız fəal iştirak edirlər. Hansı sahəyə nəzər salsaq, onları orada öz peşəsini, ixtisasını dərindən bilən kadrlar arasında görürük. İstedadlı şair, yazıçı, rəssam, bəstəkar, bacarıqlı həkim, müəllim, mühəndis, alimdirlər. Respublikamızda həm kənd təsərrüfatının, həm də sənayenin inkişafında qadınlarımızın əməyi böyük və təqdirəlayiqdir.
Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda - Amerikada, Avropanın bir çox ölkəsində, Müstəqil Dövlətlər Birliyi ölkələrində, müsəlman ölkələrində bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilir.
Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında rolu danılmazdır. 

 

Bayramlar içində ən gözəl bayram

 

Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyib: "Bu bayram, doğrudan da, bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar..."
Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmandan irəli gələn məsələlərin həlli istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Prezident İlham Əliyevin 6 fevral 2006-cı il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri daha da genişləndirilib, komitə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi statusunu alıb. Bu qurum həyata keçirilən sosialyönümlü dövlət siyasətinə uyğun olaraq qadınların işlə təmin olunması, məşğulluq strategiyasının həyata keçirilməsi, gender bərabərliyinin qorunması, uşaq hüquqlarının müdafiəsi və digər istiqamətlərdə mühüm işlər görür.
Sürətlə dəyişən, qloballaşan dünyada milli-mənəvi  zənginliklərimizin, əxlaqi-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında qadınlarımızın rolu əvəzsizdir.  Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ədəbi-ictimai və mədəni-elmi fikir tariximizdə iz buraxmış maarifpərvər sələflərinin adlarını uca tutan və nəsillərin varisliyi prinsipinə sadiq qalaraq onların açdıqları yolda inamla irəliləyən Azərbaycan xanımları bu gün də dolğun sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətimizin inkişafına xüsusi dinamizm və ahəngdarlıq qatırlar.
Otuz ilə yaxın davam edən Ermənistanın işğalına 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində son qoyan, düşməni ağır məğlubiyyətə uğradaraq Vətən torpaqlarını əsarətdən xilas edən Azərbaycan oğullarının anaları da övladları kimi qəhrəmandırlar. Ona görə ki, zamanı gələndə Vətən üçün sinəsini düşmən güllələrinə sipər etməyi bacaran, dövlətinə dayaq, xalqına arxa olan  oğullar böyüdüb, tərbiyə ediblər. Övladları dəhşətli müharibədə şəhid olan, yaxud sağlamlığını itirən və ən böyük təsəllini Vətən torpaqlarının erməni vandallarından xilas edilməsində görən mərd, mətin, ləyaqətli analarımızın hər biri ən böyük sevgiyə, alqışa layiqdirlər. Dövlət başçısı İlham Əliyev təbrikində vurğuladı: "Fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər əziz və müqəddəs bilən, qəlbləri doğma yurda sevgi ilə dolu, ənənələrimizə sadiq, saf əqidəli övladlar yetişdirirlər. Haqq işi uğrunda apardığımız Vətən müharibəsində xalqımıza parlaq qələbə sevinci yaşadan gənclərimizin unudulmaz rəşadəti bunun aydın təzahürüdür".

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video