Prezident İlham Əliyevin liderlərlə görüşləri Azərbaycana olan böyük marağı nümayiş etdirir
Prezident İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın dəvəti ilə Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirakı rəsmi Bakının çoxqütblü xarici siyasətinin daha bir təzahürüdür.
Bu siyasətin əsasında Azərbaycan dövlətinin və xalqının milli mənafelərini əks etdirən və fundamental maraqlarımıza əsaslanan hərtərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi konsepsiyası dayanır. Azərbaycan Avropanın bir neçə dövləti ilə strateji səviyyəyə yüksələn möhkəm əlaqələrə malikdir. Bu dövlətlərin içində Avropa İttifaqının təmsilçiləri də var. "Avropa Siyasi Birliyi" bu kimi çoxtərəfli və ikitərəfli əlaqələrin əsasının qoyulması və inkişaf etdirilməsi yönündə olduqca əlverişli və aktiv siyasi platformadır. Əbəs deyil ki, Azərbaycan lideri mütəmadi olaraq, ardıcıl şəkildə bu tədbirə dəvət olunur və qitəni narahat edən mövzular ətrafında diskussiyalarda yaxından iştirak edir.
Qlobal Cənubun yeni aktoru
Dünyada mövcud olan mürəkkəb geosiyasi və iqtisadi durum bir daha göstərir ki, rəsmi Bakının Prezident İlham Əliyevin rəhbərliyi ilə sərgilədiyi çoxvektorlu xarici siyasət özünü doğrultmaqdadır. Azərbaycanın geosiyasi qütblər, yaxud güc mərkəzləri ilə faydalı əməkdaşlığa əsaslanan balanslı münasibətləri dövlət maraqlarımızın ana xəttini təşkil edir. Rəsmi Bakı dünyada iqtisadi çəkisi və siyasi proseslərə təsir gücü getdikcə artan Qlobal Cənubla münasibətlərini dərinləşdirməkdədir. Prezident İlham Əliyevin ardıcıl xarici siyasət addımları nəticəsində dövlətimizin inkişaf etməkdə olan ölkələrin bir araya gəldikləri Qoşulmama Hərəkatının liderinə çevrilməsi, habelə Çinlə imzalanmış strateji əməkdaşlığa dair birgə bəyanat Bakının xarici siyasətinin bu istiqamətinin başlıca təzahürləridir.
Çin Qlobal Cənub şərti adını almış dövlətlər birliyinin liderinə çevrilməkdədir. Bu dövlətlərin böyük əksəriyyəti Şanxay Əməkdaşlıq Təşkilatında cəmləşiblər ki, Azərbaycan həm bu qurumda, həm də onların təmsilçiləri ilə ayrı-ayrılıqda sıx münasibətlərə malikdir. Bu təşkilata üzv olan dövlətlərin iqtisadi çəkiləri və siyasi təsir imkanları getdikcə artmaqdadır. Bu kimi birliklərin ərsəyə gəlməsinin əsas səbəbi onların mövcud geosiyasi konyunkturun yaratdığı maneələri aşıb inkişaf və tərəqqiyə nailolma istəklərinə əsaslanır.
Son bir neçə il ərzində daha da artan siyasi reputasiyası və iqtisadi qüdrəti hesabına yeni orta güc statusuna yiyələnən Azərbaycanın həm bu təşkilatlar daxilində, həm də ikitərəfli formatlarda sözügedən ölkələrlə əməkdaşlıq etməsi formalaşan yeni dünya nizamı fonunda rəsmi Bakının tutduğu mövqeyin təzahürüdür. Bu ilin əvvəlində yerli telekanallara müsahibəsində yeni dünya nizamının formalaşması prosesində Azərbaycanın da fəal iştirak edəcəyinin anonsunu verən dövlətimizin başçısı atdığı xarici siyasət addımları ilə rəsmi Bakının yeni statusundan irəli gələn maraqlarının reallığa çevrilməsini təmin edir.
Azərbaycanın Qlobal Cənubla sıx və faydalı əməkdaşlığa söykənən münasibətlərinin əsası ölkəmizin Qoşulmama Hərəkatına üzv olması və tezliklə dünyanın BMT-dən sonra ən iri beynəlxalq təşkilatının liderinə çevrilməsi ilə qoyulub. Dövlətimizin bu platformada fəal iştirakı iri potensiala malik təşkilatın bir növ süstlük dövrünə son qoymuşdur. Belə ki, Azərbaycanın Prezident İlham Əliyevin liderliyi ilə təşkilatın bir sıra önəmli təşəbbüs və layihələrlə çıxış etməsi Qoşulmama Hərəkatının fəaliyyətində yeni tarixi mərhələnin əsasını qoyub. Məsələn, təşkilatın parlamentlərarası şəbəkəsi Azərbaycan liderinin təşəbbüsü ilə təsis edilib və cəmi bir neçə illik fəaliyyəti ilə üzv dövlətlərin parlamentar müstəvidə daha sıx təmaslarına yol açıb. Qoşulmama Hərəkatının gənclər təşkilatları səviyyəsində əməkdaşlıqları da Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüsün nəticəsidir.
Bir çox təşkilatda, xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatı kimi qurumlarda təmsil olunan dövlətlərin bir qismi həm də Qoşulmama Hərəkatının üzvləri olduğu üçün Azərbaycanın Qlobal Cənubla qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurması prosesi daha sürətlə həyata keçir. Prezident İlham Əliyevin bu ilin aprel ayında Çinə etdiyi tarixi əhəmiyyətli dövlət səfəri bu prosesin uğurunun bariz nümunəsidir.
Türk və müsəlman dünyası ilə fəal kooperasiya
Azərbaycanın formalaşan yeni dünyadakı yeri və rolunu müəyyən edən addımlardan biri də tarixən aid olduğumuz türk və islam dünyagörüşü və mədəniyyətini əks etdirən geosiyasi məkanlarla intensiv əlaqələrin qurulmasıdır. Rəsmi Bakı bu coğrafiyalarda hər zaman fəal olub. Ancaq bu bir tarixi faktdır ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi ilə regionumuz üçün açılan siyasi sabitlik və iqtisadi tərəqqi pəncərəsi iri geosiyasi əməkdaşlıq formatlarının ideya şəklində olan layihə və təşəbbüslərinə praktiki məzmun verib. Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgələrinin erməni işğalından azad edilməsi buradan keçəcək və tikilməkdə olan beynəlxalq logistik marşrutların daha real və konkret görüntü almalarına səbəb olub. Halbuki 10-15 il öncə buna inanmaq mümkün deyildi. Vaxtilə Ulu Öndər Heydər Əliyevin enerji daşıyıcıları kəmərləri və transmilli nəqliyyat xətlərinin bu ərazidən keçməsi, bunun nəticəsində bölgə dövlətlərinin iqtisadi fayda götürmələri təşəbbüsü dünya tərəfindən nəzərə alınmamışdır. Ancaq bugünkü hadisələr və cərəyan edən proseslər Ümummilli Liderin nə qədər uzaqgörən dünyagörüşünə malik olduğunu göstərir. Bölgəmiz dünya üçün əlahiddə vacib logistika arteriyasına çevrilir.
Türk dünyası üzvləri olan qardaş dövlətlər və müsəlman aləmi coğrafiyasının bir sıra təmsilçiləri bu kimi qlobal layihələrdən ciddi iqtisadi faydalar götürəcəklər. Çünki Şərqlə Qərbi, Şimalla Cənubu bir araya gətirən Azərbaycan geosiyasi qovşağa çevrilməklə bu böyük məkanın iqtisadi tərəqqisinə öz töhfəsini vermiş olacaq. Bu baxımdan Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı rolunun və çəkisinin artması, eyni zamanda islam dünyasında getdikcə daha fəal rol oynaması, məsələn, D-8 kimi mötəbər quruma üzv olması təsadüfi deyil. Xatırladaq ki, bu təşkilat iqtisadi cəhətdən ən güclü müsəlman dövlətlərini bir araya gətirən bir növ elitar beynəlxalq qurumdur.
Bu kontekstdə iki məqamı xüsusilə vurğulamaq lazımdır. Birincisi, Azərbaycanın yeni Suriyanın inşasına dəvət edilməsi və bu prosesə aktiv qoşulmasıdır. Bu, Azərbaycan dövlətinin müstəqil geosiyasi aktor və ciddi iqtisadi fərd kimi qəbul edilməsinin təzahürüdür. Yaxın Şərq kimi mürəkkəb bölgənin illərdir siyasi diktatura, xaos və vətəndaş qarşıdurmasından əziyyət çəkən, daxili rifah yollarını arayan bir dövlətinin qurulması prosesinə dəvət edilməsi Azərbaycanın beynəlxalq nüfuzunun yüksək olmasından xəbər verir.
Bu bölgə ilə münasibətlər baxımından qeyd edilməsi vacib olan digər məqam Azərbaycanın İsrail dövləti ilə strateji səviyyəyə malik əlaqələrinin olmasıdır. Azərbaycanın bir müsəlman dövləti olaraq İsraillə sıx əməkdaşlığı dünyaya nümayiş etdirilən parlaq nümunədir. Təsadüfi deyildir ki, Bakı hazırda Ankara ilə Təl-Əviv arasındakı münasibətlərin bərpası prosesində aktiv moderator rolunda çıxış edir. Bunun nəticəsidir ki, Bakının bu potensialını nəzərə alan dünya yəhudi icması Azərbaycanın da tarixə Avraam anlaşması kimi daxil olan geosiyasi prosesə qoşulması təşəbbüsü ilə çıxış edir. Bir neçə gün öncə bu təşəbbüsün müsbət nəticələrə səbəb ola biləcəyini hətta ABŞ Prezidentinin şəxsi nümayəndəsi Stiv Uitkoff da öz bəyanatı ilə təsdiqləyib. Xatırladaq ki, bu anlaşmanın əsasında ərəb dövlətlərinin İsraillə diplomatik münasibətlər qurması, bununla da Fələstin dövlətinin yaradılmasına və tanınmasına yolların açılması ideyası durur. Azərbaycana belə bir mötəbər prosesdə ehtiyacın duyulması dövlətimizin bir sıra kritik geosiyasi hadisələrdə vacib iştirakçı kimi nəzərdən keçirilməsinin daha bir praktiki göstəricisidir.
Qərblə münasibətlərdə yeni impuls
Rəsmi Bakının xarici siyasətinin əsasını geosiyasi qütblərlə bərabərhüquqlu və ilk növbədə Azərbaycan dövlətinin maraqlarına cavab verən münasibətlərin qurulması yanaşması təşkil edir. Bu xəttin daha bir vacib və ayrılmaz hissəsi Qərb dünyası ilə siyasi və iqtisadi əlaqələri inkişaf etdirməkdir. Siyasi Qərblə, yaxud Şimal Qütblə münasibətlərin əsasında ABŞ və Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdirilməsi konsepsiyası durur. ABŞ-də hakimiyyətə yenidən Prezident Donald Trampın gəlməsi ikitərəfli münasibətlərimizə yeni impulsun verilməsinə yol açıb. Əvvəlki Bayden administrasiyasının dövründə Azərbaycana qarşı ədalətsiz və qərəzli yanaşma, Ermənistan-Azərbaycan nizamlama prosesində tərəfkeşlik və ikili standartlar siyasətinin yürüdülməsi, Qərbi Avropanın bir sıra dövlətləri ilə 2020-ci ilin Vətən müharibəsi nəticəsində yaranmış yeni regional və geosiyasi reallığı israrla qəbul etməmə kursu artıq tarixə qovuşub. Vaşinqtondakı yeni hökumətin həm bölgəmizlə bağlı, həm də Azərbaycana dair yürütdüyü siyasət rəsmi Bakının gözləntilərinə cavab verir və dövlətlərimiz arasındakı münasibətlərin daha da inkişafı üçün stimul rolunda çıxış edir.
Rəsmi Bakının xarici siyasətində Qərb istiqamətinin daha bir mühüm xəttini Avropa İttifaqı ilə münasibətlər təşkil edir. Hazırda Azərbaycan "qoca qitə"nin 10 dövlətini mavi yanacaqla təmin edir. Davam edən Rusiya-Ukrayna müharibəsi fonunda bu proses xüsusilə əlahiddə əhəmiyyət kəsb edir, çünki Azərbaycan Avropanın əsas qaz tədarükçülərindən olmaqla qitənin enerji təhlükəsizliyinin aparıcı aktorlarından birinə çevrilir. Bu proses yaxın gələcəkdə davam edəcək və dərinləşəcək, Avropanın Azərbaycana ehtiyacı daha da artacaq. Bunu Almaniyanın Prezidenti Frank Valter-Ştaynmayerin, az sonra isə Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfərləri də sübut edir. Hər iki səfər ərzində enerji təminatı və logistik marşrutlar mövzularının mərkəzi müzakirə obyekti olmaları Azərbaycanın Avropa qitəsi üçün əhəmiyyətini göstərir.
Yuxarıda qeyd olunanlar baxımından Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirakının dövlətimizin geosiyasi proseslərdəki iştirakı nöqteyi-nəzərindən ciddi əhəmiyyəti var. Bu kimi tədbirlər bir diskussiya və humanitar fikir mübadiləsi üçün platforma rolunu oynayırlar. Ciddi siyasi münasibətlər və iqtisadi əlaqələrin əsası da məhz belə formatlarda qoyulur.
İradə ƏLİYEVA,
"Azərbaycan"