18 Oktyabr 2023 09:00
15064
SİYASƏT
A- A+

Müstəqilliyimizin Xankəndi zirvəsi

 

İstiqlaliyyətimizin bərpasının ildönümünü xalqımız bütöv Azərbaycanın qüruru ilə qeyd edir

 

"...Biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. 
...Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin oktyabrın 15-də, müstəqilliyimizin bərpasının 32-ci ildönümü ərəfəsində Xankəndidən xalqımıza müraciətində qürurla vurğuladığı kimi, Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi müstəqillik aktımızın qızıl möhürü, tarix salnamələrimizə silinməz hərflərlə yazılan və min illər sonra belə fəxrlə anılacaq böyük qələbədir. 

 

Bayram bayrama qarışıb 

 

Azərbaycan adına ard-arda qazanılan tarixi nailiyyətlər, uğurlar, qələbələr, zəfərlər sayəsində bayramlarımızın bayramlarımıza qarışdığı, təqvim günlərimizin bir-bir al qırmızı rəngə boyandığı fəxrli, qürurlu, təntənəli günlər yaşayırıq...
Biz müstəqilliyimizin bərpası gününü Xankəndidə Dövlət bayrağımızın ucaldılmasının misilsiz coşqusu, Bayraq günümüzü Şuşa Zəfərinin təsvirəgəlməz təntənəsi ilə ikiqat bayram kimi qeyd edirik...
İllərdir həsrəti ilə qovrulduğumuz torpaqlarımızın azadlıq günlərini elə həmin yurdlarda sevinclə, xoşbəxtliklə keçirir, hər gün bir elin - cəbrayıllıların, füzulililərin, zəngilanlıların, qubadlılıların, ağdamlıların, kəlbəcərlilərin, laçınlıların, şuşalıların qonağı oluruq...
Ağdərədə, Əsgəranda, Xocalıda, Xankəndidə məğrur-məğrur dalğalanan üçrəngli, ay-ulduzlu müqəddəs bayrağımıza baxdıqca fərəhdən köksümüzün qabardığı, sevincdən göz yaşlarına boğulduğumuz, İlahi xoşbəxtlik duyduğumuz tarixi anlar, günlər, aylar, illər yaşayırıq...
Azərbaycanlı olmağımızla fəxr edirik!
Müasir müstəqil Azərbaycanın bünövrəsini qoyan və onu inkişaf etdirən Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhları qarşısında baş əyirik! 
20 illik qısa zaman diliminə əsrlərin fövqündə olan zəfərlər sığdıraraq Azərbaycan xalqını başıuca, qürurlu, bəxtəvər edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə tükənməz minnətdarlıq duyuruq!

 

Bütöv Azərbaycan naminə

 

Son 35 ildə ağır məhrumiyyətlərdən, çətinliklərdən, sınaqlardan çıxaraq addım-addım əbədi bərqərar olduğumuz qələbə zirvəsinə yetmişik. 
1988-ci ildən başlayaraq xalqımıza zülmlər, ağrı-acılar yaşadan erməni faşizmindən, terrorundan, separatizmindən qurtulmuşuq. Sərsəm "miatsum" ideyasının arxasınca düşərək millətimizin qatilinə çevrilən erməni canilərini haqq-ədalət qarşısında cavab verməyə məcbur etmişik. 
Torpaqlarımızın bir qərinəlik işğalına son qoyaraq yüz minlərlə keçmiş məcburi köçkünü vətəndə qəribçilik yükündən azad edərək Qarabağ və Şərqi Zəngəzura yeni həyat qaytarmışıq. 
Ən ümdəsi müstəqil ölkəmizin bütün ərazilərində bayrağımızı dalğalandırmışıq, Qarabağda suverenliyimizi tam bərpa edərək bütöv Azərbaycan olmuşuq. 
Amma hər biri barəsində cild-cild kitablar yazılacaq bu şanlı və şərəfli qələbələri əldə edənə qədər xeyli ağır, çətin, mürəkkəb, məsuliyyətli və mübarizələrlə dolu bir yol qət etmişik.  
1993-cü ildə Ulu Öndər Heydər Əliyevlə birgə qarşılaşdığımız təhlükədən xilas yoluna qədəm qoyan Azərbaycan Prezident İlham Əliyevin 20 illik yorulmaz fəaliyyəti, şəxsi əzmi və qətiyyəti sayəsində milli maraqlarını təmin edərək tarixindəki ən böyük qələbələrə yetişib. 

 

Xilas günü 

 

Qarabağda erməni separatizminin baş qaldırdığı və xalqımızın təhlükə ilə üzləşdiyi məşum bir zamanda - 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanaraq "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etmişdi. 
Amma gənc respublika həmin dövrdə ağır sınaqlarla, faktiki olaraq müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Daxili çəkişmələrin hökm sürdüyü, hakimiyyət davasının aparıldığı həmin hərc-mərclik dövründə ölkəmiz vətəndaş müharibəsinin astanasında, ağır siyasi, iqtisadi böhranların məngənəsində çırpınırdı. Digər yandan da torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən bir-bir işğala məruz qalır, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşərək ağır məhrumiyyətlər içərisində ölkəmizin digər rayonlarında yaşamağa məcbur olurdular. 
Hakimiyyət kürsüsünə zorla yiyələnərək xalqı istibdada, zülm-zillətə düçar etməkdən, vətəni iştahlarının qurbanına çevirməkdən başqa məziyyətləri olmayan antimilli qüvvələr müstəqilliyini yenicə qazanmış Azərbaycanı bir ölkə olaraq dünya xəritəsindən silinmək kimi dəhşətli sona yaxınlaşdırırdı. Erməni qatilləri tərəfindən soyqırımları ilə üzləşən, yurdlarından didərgin salınan, ölkədəki iqtisadi böhran sayəsində yeməyə quruca çörək tapmayan xalq çox çarəsiz, çıxılmaz vəziyyətdə idi. 
Məhz bu cür çətin, çoxsaylı təhlükələrlə baş-başa olduğumuz bir zamanda, 1993-cü ilin iyununda Tanrı Ulu Öndər Heydər Əliyevi Azərbaycan xalqına xilaskar kimi yetirdi. 
Tarixinin ağır sınaqlı dönəmində müdrik xalqımız təkidli tələbi ilə Heydər Əliyevi hakimiyyətə qaytarmaqla Azərbaycanı XX əsrdə yenidən müstəqilliyini itirmək təhlükəsindən qurtardı. Azərbaycanlı olması ilə daim fəxr edən Ulu Öndər apardığı məqsədyönlü daxili və xarici siyasət sayəsində qısa müddətdə ölkəmizi böhrandan azad edərək xilas yoluna çıxardı. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs sazişinin imzalanmasına nail olan Heydər Əliyev bundan sonrakı mərhələdə siyasi, diplomatik müstəvidə torpaqlarımızın işğaldan azad edilməsi üçün uzaqgörən siyasət yürütməyə başladı. "Əsrin müqavilə"si ilə Azərbaycan tarixində yeni və parlaq bir səhifə açaraq ölkənin iqtisadi inkişafına, əhalinin rifah halının günbəgün yaxşılaşmasına təkan verən Ulu Öndər ordu quruculuğu prosesinə də uğurlu start verdi. 
Bir sözlə, cəmi 10 il ərzində Ümummilli Lider Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə olan ölkədən, dünyada tanınan, azad siyasət yeridən, rifah və tərəqqi ölkəsinə çevirdi. 
 

Qələbəyə inamla 

 

2003-cü il oktyabrın 15-də Qurani-Kərimə əl basaraq Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edəcəyinə and içən Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı Prezident İlham Əliyev ötən 20 il ərzində verdiyi bütün vədləri layiqincə yerinə yetirərək Azərbaycanı tarixində ən qürurlu məqama yetirdi.  
Xalqın yekdil qərarı ilə 2003-cü ildə prezident seçilən İlham Əliyevin siyasi, iqtisadi, sosial, hərbi, ümumiyyətlə, bütün sahələrdə həyata keçirdiyi mükəmməl siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilib. Beynəlxalq təşəbbüsləri, qlobal təhlükəsizliyə verdiyi töhfələri ilə Azərbaycanı dünyanın sayılıb-seçilən ölkəsinə çevirən İlham Əliyevin heç şübhəsiz qarşısına qoyduğu bir nömrəli vəzifə milli maraqlarımızın təmini olub. Onun qəti mövqeyi bu idi: istər sülh, istərsə də müharibə yolu ilə olsun, torpaqlarımız işğaldan azad edilməli, ərazi bütövlüyümüz, suverenliyimiz təmin olunmalıdır. 
Əzmkar lider İlham Əliyev hakimiyyətdə olduğu 20 il ərzində müəyyənləşdirdiyi milli məqsədlərinə doğru qətiyyətlə və inamla irəlilədi və müqəddəs hədəflərinə bir-bir nail oldu, Azərbaycan xalqını pillə-pillə qələbəyə yüksəltdi. 
Aprel qələbəsi, Günnüt əməliyyatı ilə düşmənlərimizin bağrına qorxu atəşi salındı. 2020-ci ildə cəmi 44 gün ərzində torpaqlarımız işğaldan azad edilərək xalqımıza illərdən sonra böyük Şuşa zəfəri yaşadıldı.  
Hakimiyyətə gəlməsinin 20-ci ildönümü günündə - 2023-cü il oktyabrın 15-də  Xankəndidə Azərbaycan bayrağını ucaldan qalib lider İlham Əliyev özü bu barədə deyirdi: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik".

 

Qarabağ Azərbaycandır!

 

Düz 100 il əvvəl, 1923-cü ildə Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Xalqımızın başına olmazın müsibətlər açılan bu məşum yüz ilə də son nöqtəni müzəffər lider İlham Əliyev qoydu. Sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində Qarabağdakı quldur yuvası dağıdıldı, erməni separatizmi məhv edildi. Azərbaycanlılara qarşı soyqırımları həyata keçirən, qətliamlar törədən separatçı canilər isə əlləri qandallı, başları aşağı halda Bakıya ədalət mühakiməsinə gətirildilər. İndi onlar Azərbaycan qanunları qarşısında törətdikləri cinayət əməllərinin haqq-hesabını verirlər. 
Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Əsgəranda, Xocalıda, Ağdərədə bayrağımızı ucaltması Azərbaycan xalqının illərdir qəlbində dövr edən sağalmaz vətən yarasına məlhəm çəkdi. Bayrağımızın ana yurdun hər yerində dalğalanmasından böyük qürur hissi keçirdik, torpaqlarımız uğrunda canını qurban verən bütün şəhidlərimizin ruhunun şad olmasına görə ürəyimiz dinclik tapdı. 
"Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu qələbəyə layiqik. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" deyə fəxarət hissini Xankəndidən bütün dünyaya bəyan edən Prezident İlham Əliyevin vurğuladığı kimi, ana yurdumuz Azərbaycana hər zaman qələbələr yaraşır! 

 

Dövlət müstəqilliyimiz toxunulmaz və əbədidir

 

Bu gün - 18 Oktyabr Müstəqilliyimizin Bərpası Gününü Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi bütün qələbələrin ab-havasında qeyd edirik. 
Ən əsası müstəqilliyimizin bərpası tarixindən - 1991-ci ildən sonra ilk dəfədir ki, bu bayramı Azərbaycanın suverenliyinin tam təmin olunmasının yaratdığı milli qürur hissi, dövlət müstəqilliyimizin əbədiliyinin sarsılmaz inamı ilə keçiririk. 
Zəfərlərin, bayramların mübarək, Azərbaycan! 
Yaşa, qoy üçrəngli bayrağın torpaqlarımızın hər yerində əbədiyyətədək məğrur-məğrur dalğalansın, vüqarlı ölkəm!

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video