30 Mart 2023 22:01
575
PARLAMENT
A- A+

Milli Məclisdə dövlət-din münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub

 

Martın 30-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, komitənin sədri Fəzail İbrahimli iclasın “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” mövzusuna həsr olunduğunu bildirib.

Qeyd edib ki, sovet dövründə dinə qarşı böyük təzyiqlər olduğunu, lakin müstəqillik əldə ediləndən sonra bütün çətinliklərin aradan qaldırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda digər sahələrdə olduğu kimi, dini sahədə də xeyli dəyişikliklər baş verib, əhəmiyyətli addımlar atılıb, böyük uğurlar əldə edilib. O diqqətə çatdırıb ki, müstəqillik illərində ölkəmizdə dövlət-din münasibətlərini tənzimləyən qanunlar qəbul olunub, Konstitusiyamızda dini etiqad azadlığı ilə bağlı məsələlər müvafiq maddələrdə öz əksini tapıb. Eyni zamanda, cəmiyyətdə fərdlərlə, dini icmalarla dövlət arasındakı münasibətləri tənzimləyən “Dini etiqad azadlığı” haqqında qanun qəbul edilib. Sənəddə ölkəmizdə bütün dini icmaların bərabər hüquqlu fəaliyyət göstərməsi ilə bağlı məsələlər təsbit olunur.

Komitə sədri bildirib ki, Azərbaycan tolerantlıq baxımından dünyanın qabaqcıl ölkələri sırasındadır. Ölkəmizdə dini icmaların azad fəaliyyətinə lazımi şərait yaradılıb. Müxtəlif xalqların və dinlərin nümayəndələri mehriban dostluq şəraitində yaşayır.

Azərbaycanda dini plüralizm mühitinin mövcud olduğunu deyən Fəzail İbrahimli ölkəmizin İslam həmrəyliyinə öz layiqli töhfəsini verdiyini, milli-mənəvi dəyərlərə sadiq olduğunu söyləyib. Vurğulayıb ki, artıq Azərbaycan iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilib və dünyada, həmçinin regionda öz mövqeyini möhkəmləndirərək etibarlı tərəfdaşa çevrilib.

Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu söyləyib və bunun dövlət-din münasibətlərinin formalaşmasında rolundan danışıb, dövlət-din münasibətlərinin uğurla tənzimlənməsi sahəsində ölkəmizdə təqdirəlayiq işlərin görüldüyünü bildirib. Komitə sədri qeyd edib ki, Azərbaycan dövləti bütün etnik qrupların, dini konfessiya nümayəndələrinin öz dillərini, dinlərini, mədəniyyət və adət-ənənələrini qoruyub saxlaması üçün hərtərəfli qayğı göstərir.

Komitə sədri müstəqillik əldə edildikdən sonra ölkədə məscidlərin, kilsələrin, sinaqoqların, digər dini məbədlərin inşası və bərpası istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini deyib. O, həmçinin dini kadrların yetişdirilməsi məsələsinə toxunaraq, vətəndaşlarımızın dini təhsil alması üçün ölkəmizdə bu sahəni tədris edən təhsil ocaqlarının fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

Mübariz Qurbanlı rəhbərlik etdiyi komitənin Azərbaycanda tarixi-mənəvi irsin və ənənəvi dəyərlərin qorunub saxlanılması, tolerantlıq, multikulturalizm ideyalarının təbliği istiqamətində fəaliyyəti barədə danışıb. O, bu qurumun dövlət-din münasibətləri, habelə dini icmaların fəaliyyətinin tənzimlənməsi istiqamətində məqsədəmüvafiq işlər gördüyünü söyləyib və komitənin digər qurumlarla qarşılıqlı əməkdaşlıq etdiyini deyib.

Komitə sədri Azərbaycanda İslam mədəniyyətinin, habelə dinlərarası münasibətlərdə tolerantlıq və multikultural dəyərlərin qorunub saxlanılmasının vacibliyini qeyd edərək, bu sahədə maarifləndirmə işinin əhəmiyyətindən, o cümlədən dini ictimaiyyətin, ziyalıların, medianın rolundan danışıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, müstəqillik əldə etdikdən sonra ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlıqları təmin olundu, bu sahədə qoyulan qadağalar aradan qaldırıldı. Xalqımız öz milli və dini bayramlarını sərbəst şəkildə qeyd etmək hüququ əldə etdi.

Deputat qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qurulduqdan sonra ölkəmizdə dövlət-din münasibətləri sahəsində yeni mərhələ başladı. Dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi, dini icmaların qeydiyyata alınması, qeydiyyatının ləğvi, dini qurumların fəaliyyətinin tənzimlənməsi səlahiyyəti dövlət komitəsinə həvalə olundu.

Xalqımızın tarixən digər din və mədəniyyətlərə qarşı tolerant münasibətilə seçildiyini vurğulayan C.Məmmədov ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin öz etnik xüsusiyyətlərini, adət-ənənələrini qoruyub saxlamaqla, həmişə qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını, ictimai-siyasi və iqtisadi həyatda fəal iştirak etdiklərini söyləyib. Qeyd edib ki, müasir dövrdə də ölkəmizdə müxtəlif dinlərin tarixinin, mədəni abidələrinin, mənəvi irsinin dövlət tərəfindən qorunur, bu gün Azərbaycanın öz tolerantlığı, dini plüralizmi qoruyub saxlaması ilə yanaşı, İslam həmrəyliyinə də layiqli töhfələr verir. Bildirib ki, ölkəmizdə dini dəyərlərə, ibadət yerlərinə və din xadimlərinə xüsusi qayğı ilə yanaşılır. Dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlıq daha da güclənir.

İclasda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumunun katibi-arximandrit Aleksi Nikonorov, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası yepiskopunun birinci müavini Yozef Marek, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov, “Vineyard Azərbaycan” xristian dini icmasının sədri Emil Pənahov, Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli, Bakı Krişna Şüuru dini icmasının sədri Mahir Əhmədov, Bakı şəhəri “Yevangelist Xristian Baptislərinin kilsəsi” dini icmasının sədri İlya Zençenko, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, üzvləri Azər Badamov, Cavanşir Paşazadə çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, dünyəvi dövlət olan Azərbaycanda, həmçinin mükəmməl dövlət-din münasibətləri də formalaşıb. Dövlət və dini icmalar arasında münasibətlər yüksək səviyyədə qurulub, müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətləri mövcuddur. Çıxışlarda ölkəmizdə dövlətin dini icmalara göstərdiyi qayğı yüksək qiymətləndirilib. Qeyd olunub ki, tarixi məbədlərin təmir və bərpası bu gün də davam etdirilir, dini ayinlərin icrası üçün lazımi şərait yaradılır. Bildirilib ki, ölkə rəhbərliyinin din sahəsində yeritdiyi uğurlu siyasət nəticəsində dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, dini etiqad azadlığı təmin edilir, ölkədəki tolerantlıq mühiti qorunub saxlanılır.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Amil Cavadov, Komitənin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video