Qazaxıstanın paytaxtı Astana şəhərində regionun ilk Regional Ekoloji Sammiti (RES) öz işinə başlayıb. Cümə gününə qədər davam edəcək sammitin əsas məqsədi Mərkəzi Asiya ölkələrinin iqlim dəyişikliyinə qarşı birgə mübarizəsini təmin etməkdir.
“Euronews” telekanalı xəbər verir ki, sammitin gündəmində duran ən vacib məsələ regiondakı ciddi su çatışmazlığıdır. Xüsusilə, Aral dənizinin quruması və Xəzər dənizində suyun səviyyəsinin hər il təxminən 10 santimetr azalması böyük narahatlıq doğurur.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev beynəlxalq səviyyədə yeni bir addım ataraq, BMT çərçivəsində xüsusi bir “Beynəlxalq Su Təşkilatının” yaradılmasını təklif edib. O bildirib ki, hazırda dünyada su məsələləri ilə məşğul olan ixtisaslaşmış bir BMT agentliyi yoxdur.
Qeyd edək ki, Mərkəzi Asiyada temperatur qlobal ortalamadan daha sürətli yüksəlir. Bu da bir çox fəsadlara yol açır. Belə ki, son 70 ildə Qırğızıstanda buzlaqlar 16 faiz azalıb, Tacikistanda isə minlərlə buzlaq tamamilə yox olub. Regiondakı torpaqların 20 faizdən çoxu (təxminən 80 milyon hektar) yararsız hala düşüb ki, bu da qida təhlükəsizliyinə risk yaradır.
Sammit ekoloji problemləri müzakirə etməklə yanaşı, həm də iqtisadi həll yolları axtarır. Tədbir çərçivəsində region ölkələrinə “yaşıl texnologiyalar” və iqlimə uyğunlaşma layihələri üçün böyük investisiyaların cəlb edilməsi nəzərdə tutulur. Təkcə Qazaxıstan bu sahədə 1,5 milyard avrodan çox investisiya müqaviləsinin imzalanacağını gözləyir.
Sammitin sonunda region liderlərinin birgə bəyannamə qəbul edəcəyi gözlənilir. Bu sənəd Mərkəzi Asiya ölkələrinin ətraf mühiti qorumaq üçün gələcək fəaliyyət planını müəyyən edəcək.
Təhminə VERDİYEVA,
“Azərbaycan”