19 Aprel 2024 08:50
690
SİYASƏT
A- A+

Mənalı ömür yolu ilə daim işıq saçan dahi

 

Tarixi şəxsiyyət hüququ qazanmış hər bir lider zamanın və insanların yaddaşında öz yaratdıqları ilə əbədi yaşayır. Heydər Əliyev də belə şəxsiyyətlərdəndir. Heydər Əliyev mənalı bir ömür sürüb. 
Qısa zaman kəsiyində o, xalqını əsrlərboyu yolunda çarpışdığı arzusuna, ali məqama, müstəqilliyə qovuşdurdu. Dünya xalqlarına millətimizin layiqli mövqeyini qətiyyətlə nümayiş etdirdi. Heydər Əliyev xəyalları gerçəkləşdirmək qüdrətinə malik bir siyasətçi idi və bunu dəyərli layihələri ilə dəfələrlə sübut etdi. Heydər Əliyev planetin əlçatmaz mərtəbəsinə yüksələn tək-tək şəxsiyyətlərdən biri oldu.  
Tarixşünaslıq Ulu Öndər Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bu gününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini tədqiq edir. Məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdi: "Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir". Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb yüksək nailiyyətlərə imza atdı. Dahi lider haqqında Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer yazırdı: "Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər..." 
Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, diqqət və başqa cəhətlər Ulu Öndər Heydər Əliyevin fərdi keyfiyyətləri idi. Dahi lider böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətlə sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişini öncədən görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi. 
1993-cü il iyunun 9-da xalqın təkidi ilə Bakıya qayıdan Ulu Öndər fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək ölkəni vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. İyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı. Məhz bu xilaskarlıq missiyasının nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçdi, bununla da ölkəmiz davamlı və dönməz inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində "Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm" deyərək, müstəqil Azərbaycanın milli inkişaf strategiyasını irəli sürərək onun həyata keçirilməsinə başladı. 
Ümummilli Lider Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, sosialyönümlü mahiyyət daşıyan siyasət, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu önə çəkən Heydər Əliyev xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına strateji məsələ kimi yanaşmışdır. XX əsrin qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən "Əsrin müqaviləsi" Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir. 
Ömrünün böyük və mənalı hissəsini milli-mənəvi dəyərlərimizin qorunmasına, dövlətçiliyimizin inkişafına həsr edən Ulu Öndər Heydər Əliyev mənəvi dəyərlərimizə əsaslanan azərbaycançılıq məfkurəsini ən ümdə vəzifə kimi müəyyən etmişdir. "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" fikirlərini söyləyən Ulu Öndər Heydər Əliyev xalqını, vətənini sevən xilaskar liderdir və o, bunu öz əməli fəaliyyəti ilə sübut etdi. 
Məhz Ulu Öndərin gərgin səyi nəticəsində müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyuldu, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirildi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarına əsaslı təminat yaratdı.  
Ümummilli Liderin siyasəti milli maraqlar üzərində qurulmuşdu. Onun mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi. 
Heydər Əliyev apardığı siyasət və gördüyü işlərlə yeni inkişaf modeli - Yeni Azərbaycan modeli yaratmışdır. Bu inkişaf özünü hər sahədə göstərirdi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, magistralları, bank sahəsini, vergi sahəsini, nəqliyyatı və başqa sahələri daxil etmək olar. Bu sahələrin inkişafı artdıqca onların başqa xarici dövlətlərlə iqtisadi münasibətləri güclənirdi. Bu, Azərbaycanın get-gedə güclənməsinə gətirib çıxardı. Heydər Əliyev həmişə deyirdi: "Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını inkişaf etdirə bilməz". Buna görə də Heydər Əliyev çalışırdı ki, Azərbaycan başqa dövlətlərlə iqtisadi əlaqələri qurmaq üçün müəyyən inkişaf sahəsinə malik olsun. Heydər Əliyevin yaratdığı yeni model 1996-cı ildən Azərbaycanın inkişafını sürətləndirdi. Bu dövrdə bir çox irimiqyaslı müqavilə bağlanmış, mühüm əhəmiyyət kəsb edən sənədlər və aktlar imzalanmışdır. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və artırılması üçün dövlət tərəfindən müxtəlif dövrlərdə qəbul olunmuş "Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" Azərbaycanda sahibkarlığın inkişafına təkan verdi. 1996-cı il iyulun 16-da "Torpaq islahatı haqqında" mühüm qanunlar qəbul edildi. Ümumiyyətlə, 1995-2004-cü illərdə aqrar sahə ilə bağlı 100-dən çox normativ-hüquqi akt qəbul olunmuşdur. "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-ci illər)"nın həyata keçirilməsi aqrar sahədə uğurlar qazanılmasına imkan yaratmışdır. 
Bu gün əminliklə demək olar ki, müstəqil Azərbaycanın hazırkı böyük uğurları Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni-yeni zirvələrə doğru irəliləyir. 2003-cü ildən ölkəyə inamla rəhbərlik edən cənab İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə məhz bu istiqamət əsas götürülmüş və Azərbaycan vətəndaşının sosial rifahı və iqtisadiyyatın dinamik inkişafı həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. 
Əbədiyaşar liderin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi, bütün ömrü boyu sədaqətlə xidmət etdiyi doğma Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: "Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun".
Belə də oldu. Tarixi zaman baxımından çox qısa dövr keçdi, işğal altındakı torpaqlarımız azad olundu. Dahi şəxsiyyətin bu arzusunu, vəsiyyətini onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və müdrikliyi ilə rəşadətli Azərbaycan Ordusu yerinə yetirdi.  
Tarixi qələbəyə gedən yol da Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından başlayıb. Ümummilli Lider adını tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı kimi, cənab İlham Əliyev isə  Ulu Öndər siyasətinin layiqli davamçısı, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan və torpaqlarımızın Xilaskarı kimi yazdı.  Ulu Öndər  Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 21 ildə Prezident İlham Əliyev tərəfindən uğurlu davamının nəticələri göz önündədir. Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün artırılması, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, torpaq, Vətən sevgisinin böyüklüyü fonunda 44 günlük İkinci Qarabağ savaşında qalib olduq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu tarix yazaraq 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüzü təmin etdi. Azərbaycan xalqı bir daha yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi.     
Ölkəmizin həyatında yeni mərhələ başlayıb. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri geniş vüsət alıb. 30 il torpaq həsrəti ilə yaşayan soydaşlarımızın Böyük qayıdışı sürətlə davam edir.  
Nə qədər ki, Azərbaycan var, Ulu Öndərin adı, əməlləri və siyasi kursu yaşayacaq, Azərbaycanın inkişafına yeni-yeni çalarlar bəxş edəcəkdir. Zəmanəmizin dahi şəxsiyyəti adını qazanmış Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsi bütün zamanlarda Azərbaycan xalqının mübarizə yoluna nur saçacaqdır.

Natiq QULUZADƏ,
YAP Zəngilan rayon təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video